Məhkəmə qərarları › İş №1(004)-179/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-179/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-179/2024 13.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs X7 və onun müdafiəçisi Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 22 avqust 1962-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Dünya Kriminal” qazetinin təsisçisi və baş redaktoru işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi, ev 36/1-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivi nömrəsiz ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X16 etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə "Azərbaycan Nəşriyyatı” MMC-nin inzibati binasında müqavilə əsasında fəaliyyət göstərən “Dünya Kriminal” qazetinin təsisçisi və baş redaktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istidifadə edərək özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı digər şəxslə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X4 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 oğlu Şahid3 Dövlət Neft şirkətinə işə düzəlməsində köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs1 oğlu Şahid3 işə düzəlməsində köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus həmin pulu ələ keçirmək niyyəti ilə 2021-ci ilin oktyabr ayının sonlarında işlədiyi ünvan 2 ünvanda yerləşən Azərbaycan Nəşriyatının 4-cü mərtəbəsində yerləşən “Dünya Kriminal” qazetinin baş redaktoru otağında 1000 manat, 2021-ci ilin dekabr ayının əvvəllərində M.X15 vasitəsi ilə göndərdiyi 1700 manat pulu həmin yerdə alıb ələ keçirməklə ümumilikdə Manya Ramazanovaya məxsus 2700 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə "xxxx" MMC-nin inzibati binasında müqavilə əsasında fəaliyyət göstərən “Dünya Kriminal” qazetinin təsisçisi və baş redaktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istidifadə edərək özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı digər şəxslə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X4 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 şəxsi əlaqələrinin geniş olması barədə bılə-bılə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, R DCəfərovun Dövlət Neft şirkətinə operator işinə düzəlməsində koməklik göstərmək ücün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs2 işə düzəlməsində köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus həmin pulu ələ keçirmək niyyəti ilə 2021-ci ilin dekabr əvvəllərində işlədiyi ünvan 2 ünvanda yerləşən Azərbaycan Nəşriyyatının 4-cü mərtəbəsində yerləşən “Dünya Kriminal” qazetinin baş redaktoru otağında 5000 manat, 27 dekabr 2021-ci il tarixdə 1500 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 6500 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs X16 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Azərbaycan Nəşriyyatında “Dünya Kriminalı” qəzetinin təsisçisi və baş redaktorudur. X8 onun tanışıdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Rasim Canalıyev vasitəsilə tanımışdır. Dəqiq xatırlamadığı tarixdə Rasim ona zəng vurub 2-ci Vətən Müharibəsi iştirakçısı olan bir qonşusunun olduğunu bildirərək ondan həmin şəxsi Dövlət Neft şirkətinə işə düzəltməyin mümkün olub-olmamasını soruşmuş, o da Rasimə bu məsələdə onlara köməklik edəcəyini bildirmişdir. Onun iş yoldaşı Həsən Novruzov ona qohumunun Neft şirkətində işlədiyini və Rasimin qonşusunu Dövlət Neft şirkətinə işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Rasim, onun qonşusu Manya və manyanın oğlu Sənanla birlikdə onun iş yerinə gəlmişdirlər. Həmin vaxt Manya oğlu Sənanı işə düzəltmək məqsədilə 1000 manat pulu sayıb Rasimə vermiş, Rasim də həmin pulu Manyanın və oğlu Sənanın yanında ona vermişdir. Bundan başqa, yenə dəqiq xatırlamadığı tarixdə Rasim ona zəng vuraraq başqa bir qonşusunu da Dövlət Neft şirkətinə işinə düzəltmək lazım olduğunu bildirmişdir, o da Rasimə bu məsələdə onlara köməklik edəcəyini söyləmişdir. Daha sonra o, Manyadan oğlu Sənanı işə düzəltmək məqsədilə 1700 manat pul istəmişdir. Təxminən iki gün sonra xatırlamadığı tarixdə Rasim adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs2, onun atası Şahid1, qayınatası Şahid2 və Manyanın oğlu Şahid3lə birlikdə onun iş yerinə gəlmişdirlər. Həmin vaxt Sənanın şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün onu Nəşriyyatın binasına buraxmadıqlarından Sənan 1700 manat pulu Rasimə vermişdir ki, ona çatdırsın. Həmin vaxt Rasim Sənanın verdiyi 1700 manat pulu, Rəşadın atası Dilavər 5000 manat pulu sayıb Rasimə vermişdir. Rasim də onların yanında 5000 manatı sayıb ona vermişdir. O ümumilikdə 6700 manat pulu götürərək işi düzələcəyini bildirmişdir. Bundan sonra o, bu barədə iş yoldaşı Həsən Novruzovla danışmış və Rasimdən aldığı 6700 manat pulun 2000 manatını Həsənə vermiş və işi düzəldən sonra qalan pulları da verəcəyini bildirmişdir. Bir müddət sonra o, Rəşada zəng vurub əlavə olaraq ondan 1500 manat pul istəmiş, Rəşad da onunla razılaşaraq dəqiq xatırlamadığı tarixdə Rasimlə birlikdə onun iş yerimə gəlmişdir. Həmin vaxt Rəşad 1500 manat pulu sayıb Rasimə vermiş, Rasim də həmin pulu sayıb ona vermişdir. Bundan sonra o, mütamadi olaraq Həsənlə onların işinin düszəlməsi barədə maraqlansa da, Həsən ona müxtəlif bəhanələr gətirərək onu aldatmış, sonda isə işin alınmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 2700 manat, Zərərçəkmiş şəxs2 6500 manat olmaqla, onların hər ikisinin ümumilikdə 9200 manat pulunu ələ keçirmişdir. Əməlindən peşmandır. Yekun olaraq o, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid3 onun oğlu və Vətən müharibəsinin iştirakçısıdır. X9 isə onun qonşusudur. O, oğlu Şahid3 işə düzəltmək məqsədi ilə Rasimdən köməklik etməsini xahiş etmiş, Rasim isə ona Əjdər adlı tanışının vasitəsilə oğlunu Dövlət Neft şirkətinə işə düzəldə biləcəyini bildirmişdir. O da Rasim təklifi ilə razılaşaraq Əjdərlə danışmasını ondan xahiş etmişdir. Bundan sonra Rasim Əjdərlə danışmış, Əjdər isə onun oğlu Sənanı işə düzəltməkdə onlara köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, dəqiq xatırlmadığı tarixdə Rasim və oğlu Sənanla birlikdə Bakı şəhərinə gələrək Əjdər Mehdiyevin işlədiyi yerdə görüşmüşdür. Həmin görüşdə o, oğlu Sənanı işə düzəltmək məqsədilə 1000 manat pulu sayıb Rasimə vermiş, Rasim də onların yanında Əjdərə həmin pulu vermişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Əjdər ona zəng vuraraq oğlu Sənanı işə düzəltmək məqsədilə ondan əlavə olaraq 1700 manat pul istəmişdir. O, da Əjdərin təklifi ilə razılaşaraq həmin pulu Əjdərə çatdırmaq məqsədilə Sənanı Rasimlə birlikdə Əjdərin yanına göndərmişdir. Bakı şəhərində Sənanın şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün onu Nəşriyyatın binasına buraxmamışlar və Sənan 1700 manat pulu Rasimə vermişdir ki, həmin pulu Əjdərə çatdırsın. Rasim də Sənandan 1700 manat pulu götürüb Əjdərə vermişdir. Əjdər ondan oğlu Sənanı işə düzəltmək məqsədilə ümumilikdə 2700 manat pul almış, lakin oğlunu işə düzəltməmişdir. O, Əjdər işi düzəltmədiyini görüb Əjdərə zəng edərək verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Lakin buna baxmayaraq Əjdər müxtəlif yalan bəhanələr gətirərək onu aldatmışdır. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X8 onun qonşusudur. Dəqiq xatırlamadığı tarixdə o, Rasimdən ona Neft şirkətinə işə düzəlməkdə köməklik etməsini xahiş etmiş, Rasim də ona Əjdər adlı tanışının vasitəsilə onu işə düzəltməkdə köməklik edəcəyini bildirmişdir. O da Rasimin təklifi ilə razılaşaraq Əjdərlə danışmasını ondan xahiş etmiş və Rasim Əjdərlə danışmış, Əjdər isə onu işə düzəltməkdə köməklik edəcəyini bildirmişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə o, Rasimlə birlikdə Əjdərin iş yerinə gəlmişdir. Orada olan zaman o, 5000 manat pulu sayıb Rasimə vermiş, Rasim də onların yanında 5000 manatı sayıb Əjdərə vermişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Əjdər ona zəng vurub əlavə olaraq 1500 manat pul istəmiş, o da Əjdərin təklifi ilə razılaşaraq Rasimlə birlikdə Əjdərin iş yerində 1500 manat pulu sayıb Rasimə vermişdir. Rasim də onun yanında həmin pulu sayıb Əjdərə vermişdir. O, Əjdərə onu işə düzəltməsi üçün ümumilikdə 6500 manat pul vermiş, lakin Əjdər onu işə düzəltməmişdir. O, Əjdər işi düzəltmədiyini görüb Əjdərə zəng edərək verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Lakin buna baxmayaraq Əjdər müxtəlif yalan bəhanələr gətirərək onu aldatmışdır. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun anası, X9 isə onların qonşusudur. Dəqiq xatırlamadığı tarixdə o, anası ilə birlikdə Rasimin yaşadığı evə gedərək onu Dövlət Neft şirkətinə işə düzəlməyində köməklik etməsini ondan xahiş etmişdir. Rasim isə ona Əjdər adlı tanışının vasitəsilə onu Dövlət Neft şirkətinə işə düzəldə biləcəyini bildirmişdir. O da Rasim təklifi ilə razılaşaraq Əjdərlə danışmasını ondan xahiş etmişdir. Bundan sonra Rasim Əjdərlə danışmış, Əjdər isə onu işə düzəltməkdə köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, dəqiq xatırlmadığı tarixdə Rasim və anası ilə birlikdə Bakı şəhərinə gələrək Əjdər Mehdiyevin işlədiyi yerdə görüşmüşdür. Həmin görüşdə anası Manya onun işə düzəlməsi məqsədilə 1000 manat pulu sayıb Rasimə vermiş, Rasim də onların yanında Əjdərə həmin pulu vermişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Əjdər onun anası Manyaya zəng vuraraq onu işə düzəltmək məqsədilə əlavə olaraq 1700 manat pul istəmişdir. Anası da Əjdərin təklifi ilə razılaşaraq həmin pulu Əjdərə çatdırmaq məqsədilə onu Rasimlə birlikdə Əjdərin yanına göndərmişdir. Bakı şəhərində olan zaman onun şəxsiyyət vəsiqəsi üstündə olmaması səbəbilə onu Nəşriyyatın binasına buraxmadıqlarından o, 1700 manat pulu Rasimə vermişdir ki, həmin pulu Əjdərə çatdırsın. Rasim də ondan 1700 manat pulu götürüb Əjdərə vermişdir. Əjdər anası Zərərçəkmiş şəxs1 onu işə düzəltmək məqsədilə ümumilikdə 2700 manat pul almış, lakin onu işə düzəltməmişdir. Onlar Əjdər işi düzəltmədiyini görüb Əjdərə zəng edərək verdiyi pulu geri qaytarmasını tələb etmişdirlər, lakin Əjdər müxtəlif yalan bəhanələr gətirərək onları aldatmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 96-98-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. X18 onun oğludur və onunla bir ünvanda yaşayır. X1 onun qonşusudur və bildiyinə görə Rasim hazırda “Şirvan OC” LTD şirkətində neft çıxartma üzrə usta işləyir. 2021-ci ilin noyabr ayının ortalarında oğlu Rəşad Rasimin yaşadığı evə gedərək ondan xahiş etmişdir ki, onu Neft şirkətinə işə düzəlməkdə köməklik etsin. Rasim də Əjdər adlı tanışının vasitəsi ilə həmin işi düzəltməyə söz vermişdir. Əjdər adlı şəxs Rəşadı Neft Şirkətinə oparetor işinə düzəldəcəyini söz verərək gördüyü işin müqabilində 10.000 manat pul istəmişdir və bildirmişdir ki, ilkin olaraq 5000 manatı versin, iş düzələndən sonra da 5000 manatı verər. Onlar da Əjdər adlı şəxsin dediyi şərtlə razılaşıb 2021-ci ilin dekabr ayının əvvəllərində tarixi dəqiq yadında qalmayıb o, Rəşad, qudası Şahid2, Rasim və adını sonradan bildiyi Şahid3lə birlikdə Əjdərin iş otağına gəlmişlər. Həmin vaxt Sənanın şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün onu Nəşriyyatın binasına buraxmamışlar və Sənan 1700 manat pulu Rasimə vermişdir ki, həmin pulu Əjdərə çatdırsın. Bundan sonra onlar Əjdərin iş otağında olan zaman Rasim Sənanın verdiyi 1700 manat pulu, onun, Samitin, Rəşadın yanında Əjdərə vermiş, sonra isə o, 5000 manat pulu sayıb Rasimə vermiş, Rasimdə onların yanında 5000 manatı sayıb Əjdərə vermişdir. Əjdər də Rasimdən ümumilikdə 6700 manat pulu götürüb demişdir ki, ilin sonuna qədər çalışıb işi düsəldəcək, əgər düzəlməsə 2022-ci ilin yanvar ayının sonlarına qədər işi düzəldəcək. Onlar da Əjdərin təklifi ilə razılaşıb ondan ayrılmışlar. 2021-ci ilin dekabr ayının 25-də Əjdər Rəşada zəng vurub əlavə olaraq 1500 manat pul istəmişdir. Rəşad da Rasimə zəng vurub bu barədə məlumat vermişdir. 27 dekabr 2021-ci il tarixdə Rəşad, Rasim və Samitlə birlikdə Əjdərin iş yerinə gedərək əlavə 1500 manat pulu Əjdərə vermişdir. 2022-ci ilin yanvar ayının sonlarında Əjdər Rəşada zəng vurub əlavə 3500 manat pul istəmişdir. Həmin vaxt X3 üçün Rəşad ona zəng vurub demişdir ki, Əjdər ondan əlavə olaraq 3500 manat pul istəyir. Rasim də Rəşada demişdir ki, həmin pulu Əjdərə vermə, əgər 3500 manat pulu Əjdərə versə, o, cavabdeh deyil. Buna görə də Rəşad Əjdərə zəng vurub demişdir ki, işi düzələndən sonra pulu verəcək. Əjdər isə ona demişdir ki, işi iki və ya üç günə düzəlir. Rəşad isə Əjdərə demişdir ki, işi düzələndən sonra qalan pulu verəcək. Lakin buna baxmayaraq Əjdər nə işi düzəltmiş, nədə ki, aldığı pulu geri qaytarmamışdır. Bundan sonra o, Rasimdən verdiyi pulu istədikdə Rasim Əjdərdən 2000 manat pulu alıb ona qaytarmışdır, lakin 4500 manat pulu qaytarmamışlar. Sonra isə ona məlum olmuşdur ki, Rasim Əjdərin barəsində polisə şikayət etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 99-102-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 onun kürəkənidir və onların normal münasibətləri var. X2 qonşusudur və bildiyinə görə Rasim hazırda “Şirvan OC” LTD şirkətində neft çıxartma üzrə usta işləyir. 2021-ci ilin noyabr ayında ona məlum oldu ki, Rasimin Bakı şəhərində Əjdər adlı tanışı var və Əjdər “Dünya Kriminal” qazetinin baş redakturu işləyir. Əjdər Rəşada və Rasimə söz vermişdir ki, Neft şirkətində işləyən tanışının vasitəsi Rəşadı Neft şirkətinə operator işinə düzəldəcək və bunun müqabilində Əjdər 10.000 manat pul istəmişdir. 2021ci ilin dekabr ayının əvvəllərində tarixi dəqiq yadında qalmayıb o, qudası Şahid1, Rəşad, Rasim və adını sonradan bildiyi Şahid3lə birlikdə Əjdərin iş otağına gəlmişlər. Həmin vaxt Sənanın şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün onu Nəşriyyatın binasına buraxmamışlar və Sənan 1700 manat pulu Rasimə vermişdir ki, həmin pulu Əjdərə çatdırsın. Bundan sonra onlar Əjdərin iş otağında olan zaman Rasim Sənanın verdiyi 1700 manat pulu, onun, Rəşadın və Dilavərin yanında Əjdərə vermiş, sonra isə Dilavər 5000 manat pulu sayıb Rasimə vermiş, Rasim də onların yanında 5000 manatı sayıb Əjdərə vermişdir. Əjdər də Rasimdən ümumilikdə 6700 manat pulu götürüb demişdir ki, ilin sonuna qədər çalışıb işi düsəldəcək, əgər düzəlməsə 2022-ci ilin yanvar ayının sonlarına qədər işi düzəldəcək. Onlar da Əjdərin təklifi ilə razılaşıb ondan ayrılmışlar. 27 dekabr 2021-ci il tarixdə o, Rasim və Rəşadla birlikdə Əjdərin iş yerinə gəlmiş və Rəşad 1500 manat pulu sayıb Rasimə vermiş, Rasim də onların yanında həmin pulu sayıb Əjdərə vermişdir. Sonra isə onlar Əjdərdən ayrılıb evlərinə getmilər. 2022-ci ilin yanvar ayının sonlarında ona məlum olmuşdur ki, Əjdər Rəşada zəng vurub əlavə 3500 manat pul istəmiş, lakin Rəşad həmin pulu Əjdərə verməmişdir. Lakin buna baxmayaraq Əjdər nə işi düzəltmiş, nədə ki, aldığı pulu geri qaytarmamışdır. Dilavər Rasimdən verdiyi pulu istədikdə Rasim Əjdərdən 2000 manat pulu alıb Dilavərə qaytarmış, lakin 4500 manat pulu qaytarmamışlar. Sonra isə ona məlum olmuşdur ki, Rasim Əjdərin barəsində polisə şikayət etmişdir. İş üzrə şahid qismində göstərilmiş X10 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 91-95-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda “Şirvan OC” LTD şirkətində neft çıxartma üzrə usta işləyir. X12 o, tanışı Zərifə xanımın vasitəsi ilə tanımışdir. Belə ki, o, 2014-cü ildə Şirvan şəhərində yerləşən “Atabank Bank”dan 20.000 ABŞ dolları kreditlə götürmüşdür. O, həmin pulu götürən zaman 20.000 ABŞ dolları 15.000 manat təşkil edirmiş, lakin sonra ABŞ dollarının kursu qalxdığı üçün 20.000 ABŞ dolları 30.000 manat təşkil etmişdir. O, bankdan götürdüyü kreditin 15.000 manatını ödəsədə banka 27.000 manat borcu qalmışdır. Buna görə də o, tanışı Zərifə xanımdan xahiş etmişdir ki, ona bankın qalan borcunun silinməsində köməklik etsin. Zərifə xanımda ona demişdir ki, Azərbaycan Nəşriyatının “Dünya Kriminal” qazetinin baş redaktoru işləyən Əjdər Təzəxanoğlu onun tanışıdır və həmin şəxs ona köməklik göstərə bilər. 05 iyul 2021-ci il tarixdə o, Bakı şəhərinə gələrək Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Nəşriyyatının 4-cü mərtəbəsində “Dünya Kriminal” qazetinin baş redaktoru işləyən X16 ilə tanış olmuşdur. O, Əjdərə problemini danışmış, Əjdər də ona demişdir ki, heç bir problem yoxdur ona köməklik göstərə bilər. Əjdər görəcəyi işin müqabilində ondan 1000 manat pul istəmiş və bildirmişdir ki, ilkin olaraq 500 manat verəcək bankda olan borcu sildirəndən sonra isə 500 manat pul verər. O, da Əjdərin təklifi ilə razılaşıb 18 oktyabr 2021-ci il tarixdə Əjdərin işlədiyi redaksiyaya gedərək 500 manat pulu ona vermişdir. Əjdər də ondan 500 manat pulu götürüb bildirmişdir ki, təxminən 1-2 aya onun banka olan borcunu sildirəcək və qalan 500 manat pulu da həmin vaxt verər. X17 bildirmişdir ki, Neft şirkətində onun tanışı var və əgər kimsə neft şirkətinə işə düzəlmək istəsə köməklik göstərə bilər. O, da Əjdərdən ayrılıb yaşadığı evə getmişdir. 2021-ci ilin oktyabr ayının sonlarında qonşusu Manya xanım oğlu 2-ci Vətən müharibəsinin iştirakçısı olan Şahid3la birlikdə onun yaşadığı evə gələrək ondan xahiş etmişdir ki, Sənanın Neft şirkətinə işə düzəlməyində köməklik etsin. O, da Manya xanıma demişdir ki, onun Əjdər adlı tanışı var o, “Dünya Kriminal” qazetinin baş redaktoru işləyir və ona demişdir ki, kim istəsə Neft şirkətində işləyən tanışının vasitəsi ilə işə düzəldə bilər. Manya xanımda ondan xahiş etmişdir ki, o, Əjdərlə danışsın. O, da Manyanın və onun oğlu Sənanın yanında istifadəsində olan ***- ***-**-** telefon nömrəsindən Əjdər Mehdiyevin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurub Əjdər Mehdiyevlə danışmışdır. O, Əjdərə demişdir ki, qonşusu var 2-ci Vətən Müharibəsi iştirakçısıdır onu Neft şirkətinə işə düzəltmək olarmı, Əjdər də ona demişdir ki, heç bir problem yoxdur onu Neft şirkətində opetrator işinə düzəldə bilər. Bunun müqabilində Əjdər 1500 manat pul istəmiş və bildirmişdir ki, 1000 manatını ilkin olaraq versin, iş düzələndən sonra da 500 manat pulu verər. Manya xanım və onun oğlu Sənan Əjdərin təklifi ilə razılaşmışdır. 2021-ci ilin oktyabr ayının sonlarında tarixi dəqiq yadında qalmayıb o, qonşusu Manya və onun oğlu Sənala birlikdə Bakı şəhərinə gələrək Əjdər Mehdiyevin iş otağında görüşmüşlər. X24 və Sənanın yanında bildirmişdir ki, Neft şirkətində operator işinə düzəlmək üçün 10.000 manat verməlidir, sadəcə Sənan müharibə iştirakçısı olduğuna görə onun işini 1500 manata düzəldir. Manya da Əjdərin təklifi ilə razılaşaraq 1000 manat pulu sayıb ona vermiş, o, da həmin pulu Manyanın və oğlu Sənanın yanında Əjdərə vermişdir. Əjdər də ondan 1000 manat pulu götürüb demişdir ki, ən geci iki ay müddətinə işi düzəldəcək və qalan 500 manat pulu da onda alacaq. Onlar da Əjdərin təklifi ilə razılaşıb ondan ayrılmışlar. 2021-ci ilin noyabr ayının ortalarında qonşusu Zərərçəkmiş şəxs2 onun yaşadığı evə gələrək ondan xahiş etmişdir ki, onu da Neft şirkətinə işə düzəlməkdə köməklik etsin. O, da Rəşadın yanında Əjdərə zəng vurub bildirmişdir ki, başqa bir qonşusu da var və onu da Neft şirkətinə operator işinə düzəltmək lazımdır. Əjdər də ona demişdir ki, heç bir problem yoxdur, tanışının vasitəsi ilə düzəldə bilər və bunun müqabilində Əjdər 10.000 manat pul istəmişdir. Əjdər bildirmişdir ki, ilkin olaraq 5000 manatı versin, iş düzələndən sonra da 5000 manatı verər. O, da Əjdərin dediklərini Rəşada demiş və Rəşad da onunla razılaşmışdır. Rəşad ona demişdir ki, 5000 manat pulu düzəldən kimi ona xəbər verəcək və birlikdə pulu aparıb Əjdərə verərlər. 2021ci ilin dekabr ayının əvvəllərində Əjdər ona zəng vurub bildirmişdir ki, Manya xanıma de oğlunun işi düzəlir və təcili olaraq 1500 manat pul göndərsin. O, isə Əjdərə demişdir ki, o, Manya xanıma zəng vurub heç nə deyə bilməz, belə ki, “sən mənə demişdin ki, Sənanın işi ümumilikdə 1500 manata düzələcək, ilkin olaraq 1000 manat verəcək iş düzələndən sonra isə 500 manat verəcək. İndi isə bildirirsən ki, əlavə 1500 manat pul verilməlidir”, Əjdər də ona demişdir ki, özü zəng vurub Manya xanımla danışacaq. Bir neçə dəqiqə keçəndən sonra Manya xanım ona zəng vurub bildirmişdir ki, Əjdər ona zəng vurub əlavə olaraq 1700 manat pul istəyir. O, isə Manya xanıma demişdir ki, Əjdər ondan 1500 manat pul istəmişdir, nə üçün 1700 manat istəyir. Manya xanım isə ona demişdir ki, Əjdər ona deyib ki, əlavə xərclər yaranıb və buna görə də həmin pulu əlavə istəyir. Manya xanım bildirmişdir ki, nə vaxt Bakı şəhərinə getsə Sənan da onunla birlikdə getsin və Əjdərin istədiyi 1700 manat pulu Sənandan göndərəcək. Təxminən iki gün sonra tarixi dəqiq yadında qalmayıb o,, Zərərçəkmiş şəxs2, onun atası Şahid1, qaynatası Şahid2 və Manyanın oğlu Şahid3lə birlikdə Əjdərin iş otağına gəlmişlər. Həmin vaxt Sənanın şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün onu Nəşriyyatın binasına buraxmamışlar və Sənan 1700 manat pulu ona vermişdir ki, həmin pulu Əjdərə çatdırsın. Bundan sonra onlar Əjdərin iş otağında olan zaman o, Sənanın verdiyi 1700 manat pulu, Rəşadın, Samitin və Dilavərin yanında Əjdərə vermiş, sonra isə Dilavər 5000 manat pulu sayıb ona vermiş, o, da onların yanında 5000 manatı sayıb Əjdərə vermişdir. Əjdərdə ondan ümumilikdə 6700 manat pulu götürüb demişdir ki, ilin sonuna qədər çalışıb işi düsəldəcək, əgər düzəlməsə 2022-ci ilin yanvar ayının sonlarına qədər işi düzəldəcək. Onlar da Əjdərin təklifi ilə razılaşıb ondan ayrılmışlar. 2021-ci ilin dekabr ayının 25-də Əjdər Rəşada zəng vurub əlavə olaraq 1500 manat pul istəmişdir. Buna görə də o, 27 dekabr 2021-ci il tarixdə Rəşadla və onun qaynatası Samitlə birlikdə Əjdərin iş yerinə gəlkərək Rəşad 1500 manat pulu sayıb ona vermiş, o, da Rəşadın və Samitin yanında həmin pulu sayıb Əjdərə vermişdir. Həmin vaxt Əjdər tanışları ilə birlikdə tədbir keçirirmişlər, Əjdər mənə demişdir ki, mağazadan ərzaq malları al və həmin pulu ona verəcək. O, da 170 manat dəyərində ərzaq mallarını alıb Əjdərə vermişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində o, Rusiya federasiyasına getmişdir. 2022-ci ilin yanvar ayının sonlarında o, Rusiya Fedearasiyasında olan zaman Rəşad ona zəng vurub demişdir ki, Əjdər ondan əlavə olaraq 3500 manat pul istəyir. O, isə Rəşada demişdir ki, həmin pulu Əjdərə verməsin, əgər 3500 manat pulu Əjdərə versə o, cavbdeh deyil. Buna görə də Rəşad Əjdərə həmin pulu verməmişdir. 08 fevral 2022-ci il tarixdə o, Rusiya federasiyasından qayıdandan sonra ona məlum olmuşdur ki, Əjdər hələdə nə Rəşadın, nədə ki, Sənanın işini düzəltməyib. Buna görə də o, Əjdərə zəng vurub işin nəticəsini soruşanda Əjdər müxtəlif yalan bəhanələr gətirərək onu aldatmışdır. Həmin ərəfələrdə də həm Rəşad, həmidə ki, Manya ondan işin nəticəsini soruşurmuşlar. O, da görmüşdür ki, Əjdər heç bir iş düzəldən deyil, buna görə də o, Əjdərə verdiyi pulları geri istədikdə Əjdər yenə də müxtəlif yalanlar söyləyərək onu aldatmağa başlamışdır. Həmin vaxtlarda Rəşad və Manya ondan verdikləri pulları geri istədikdə o, da Əjdərə verdiyi pulu israrla geri istədikdə tanımadığı şəxs ona zəng vurub bildirmişdir ki, taksi vasitəsi ilə 2000 manat pul göndərir. O, da həmin 2000 manat pulu götürüb Rəşada vermişdir. Sonra isə Əjdərin pulu qaytarmadığını bilib onun barəsində Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət etmişdir. Əjdər Mehdiyev qeyd edilən işləri görmək üçün ondan ümumilikdə 9700 manat pul almış, sonra o, 170 manat dəyərində ərzaq malları almış, həmin pulun 2000 manat pulu tanımadığı şəxs ona geri qaytarmışdır. Beləliklə də Əjdər Mehdiyev ondan ümumilikdə 7870 manat pul almış, Şahid3 və Zərərçəkmiş şəxs2 Əjdər Mehdiyevlə görüşən zaman pulları onun vasitəsi ilə ona görə vermişdilər ki, həmin şəxslər onu tanıyıllar və əgər Əjdər Mehdiyev pulu qaytarmadığı halda o, cavabdeh olsun. Həmçinin R.Canalıyev əlavə ifadəsində göstərmişdir ki, Əjdər Mehdiyevə verdiyi 9700 manat pulun 5500 manatrını geri almış, lakin 4200 manatını almamışdır. Həmçinin Manyadan aldığı 2700 manat pulu və Rəşaddan aldığı pulu onlara geri qaytarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxs X16 zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. X7 həmin cinayət əməlini törətməsi zərərçəkmış şəxslərin, şahidlərin ifadələri ilə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. X7 məqsədi öz həqiqi niyyətini gizlədərək, yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirməklə, E.Bağırov öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə, təqsirləndirilən şəxs X7 törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X7 əməli CMin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sübutların qiymətləndirilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* cinayət işinin materiallarından X5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə cinayət işi ayrılmışdır. “Baxış keçirilməsi haqqında” 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən "xxxx" MMCnin inzibati binasıdır. (i.v. 11-13) “Axtarışda olan şəxsin tutulması barədə” 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, X16 həmin tarixdə saxlanılmışdır. (i.v. 113) 22 aprel 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, X8 ilkin verdiyi ifadəni X16 ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 139-143) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-310/2023 nömrəli qərarından görünür ki, X7 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o dərhal məhkəmə iclas zalından azad edilmişdir. (i.v. 165-171) “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 aprel 2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 172-173) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tərəfindən 27 aprel 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X16 əvvəllər məhkum olunmamışdır. (i.v. 176) İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs X16 ilə barışmışdır. X16 tərəfindən ona dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs X16 ilə barışmışdır. X16 tərəfindən ona dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli "xxxx" ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, X16 tərəfindən 2302 manat Maliyyə Nazirliyi – X6 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödəmişdir. X16 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsi ilə bağlı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 73-1.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxs X7 iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla X16 cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X7 CM-in 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. X7 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – X7 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X13 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. X13 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar