Məhkəmə qərarları › İş №1(004)-180/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-180/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-180/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonu, Kubinka adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,244 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2021-ci il tarixdə saat 20:30-da Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilərək, orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,244 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, o, narkotik vasitələrin aludəçisidir, bədənində ağrılar olan zaman narkotik vasitə hesab edilən heroin istifadə edir. xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan əraziyə getmiş, orada üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 20 manat pul ödəyərək şəxsi istifadəsi üçün bir büküm heroini şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə narkotik vasitə almışdır. Həmin narkotik vasitəni bədənində ağrılar olan zaman istifadə etmək üçün əynindəki göy rəngli cinş şalvarın sağ yan cibinə qoyub üzərində saxlamışdır. xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 20:30 radələrində ünvan 3 ünvanın qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra onun narkotik vasitələrini əldə olunması və istifadəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində, dəvət olunmuş müdafiəçinin və iştirakçıların iştirakları ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Hüquqlarının müdafiə edilməsi üçün dövlət tərəfindən ona vəkil təyin edilmişdir. Həmin vaxt o gizlətməyin heç bir mənası olmadığını bilib üzərində olan əynindəki göy rəngli cinş şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə olan narkotik vasitələri könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunmuş narkotik vasitə ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, zərf və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, heç bir dispanserdə qeydiyyatda deyil, sadəcə olaraq ağ ciyərində olan xəstəliyə görə 2 dərəcəli qrup əlildir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, İİ qrup əlil olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, o, Bakı şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımırdı. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti ev 35, mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması, satışı və istifadəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna bölmənin baş əməliyyat müvəkkili Şahid1 rəhbərlik etmiş. Sonra isə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat – axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat – axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında olmasını müəyyən etdikdən sonra, ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra, onu 26-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla 26-cı PB-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə 26-cı PB-nə gəlmişlər. 26-cı PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakıyla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almış olduğu bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində narkotik vasitə olan heroini əldə edərək üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığını bildirərək, üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin şəffaf sellofan paketin içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üstündən aşkar edilmiş bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin bir ədəd bükümü xx xxxxxx 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 20 manata almasını, üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığını və gəzdirdiyini, narkotik vasitəni satış məqsədilə əldə etmədiyini, özünün istifadəsi üçün əldə etməsini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 85-87-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 88-89-cu vərəqələrində olan təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 6/363 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün N 170» dairəvi möhür əksi olan, üzərində «Bir zərf içərisində maddi sübut olan narkotik maddə, 26-cı PB-nin baş ə/m Emin Aslanov imza…» yazılan bir ədəd zərfdə təmiz çəkisi 0,244 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitədirheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqş edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik təşkil etmişdir. Cinayət işinin 119-124-cü vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,194 qram çəkidə olan narkotik vasitə heroin və CD disk sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, CD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx xxxx 2021ci il tarixli, 742 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tədbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx xxxx 2005-ci il tarixli Bakı şəhəri Səbail rayon məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli “Amnistiya” haqqında Qərarına əsasən, cəzadan azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxx 2013-cü il tarixli Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikasının CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla, 01 il 02 ay 26 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasını tam çəkmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ-ci dərəcəli əlilliyi vardır. Cinayət işinin materiallarında olan AZ-İ seriyalı, 165843 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 qızı arasında xx xxxx 2005-ci il tarixdə Yasamal rayonu VVADQ şöbəsində nikah bağlanmış, nikahdan sonra ərə Nağıyev, arvada isə Nağıyeva soyadı verilmişdir. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı, 210076 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Z.A.Nağıyevadır. Cinayət işinin materiallarında olan AZ-İ seriyalı, 870175 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Z.A.Nağıyevadır. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı, polis mayoru Ramil Qafarov xx.xx.2021-ci il tarixdə saat 21:15-də Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında xidməti otağında Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu, Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçiriləcəyini elan edir. Çəkiliş Samsung markalı mobil telefon vasitəsi ilə aparılır. Şübhəli şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını, xx.xx.1977-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti ev 35, ev 5-də yaşamasını bildirir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs onun vəkili Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikasının CPM-in 90-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunması elan edilir və bununla bağlı hər hansı bir vəsatət və şikayətinin olub-olmaması soruşulur. Şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi bununla bağlı heç bir şikayətinin olmamasını bildirir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, hal-hazırda onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsi başlayır, buna görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsində qeyd olunan hüquq və vəzifələri izah olunur: Müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Təhqiqatçı qeyd olunanların aydın olması barədə şübhəli şəxs Təqsirləndirilən şəxs soruşduqda, o, bəli deyərək təsdiq edir və bununla bağlı heç bir vəsatət və şikayətinin olmamasını bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa onu təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxararaq masanın üzərinə qoyur və bildirir ki, həmin bükümün içərisində narkotik vasitə heroindir, həmin narkotik vasitəni xx xxxxxx 2021-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu ərazisində yerləşən Kubinka adlanan ərazidə üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 20 manata almış və üzərində daşımışdır, həmin tarixdə saat 20 radələrində Yasamal rayonu M.Müşfiq küçəsi 33 saylı ünvanın qarşısında polis əməkdaşları ona yaxınlaşmış və onu polis bölməsinə dəvət etmişlər, o, onlarla birlikdə polis bölməsinə getmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin sellofan büküm bir ədəd zərfdə qablaşdırılır, zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, İİ-ci qrup əlil olmasını və himayəsində 2 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X4nın xx xxxx 2021-ci il tarixli, 742 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,194 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi və E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat, E.F.İsmayılovaya isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,194 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat, X3 isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar