Məhkəmə qərarları › İş №1(004)-181/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-181/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-181/2021 09.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ «09» aprel 2021-ci il Bakı şəhəri Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X4, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və eyni zamanda vəkili Müdafiəçi1 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X1, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsindən daxil olmuş materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Həmin xüsusi ittiham qaydasında şikayətlə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-147/2021 saylı qərarı ilə həmin xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İşin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Sabunçu Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, böhtan hesab edilən məlumatlar xx.xx.2020-ci il tarixdə “Azerinfo.az” saytında və xx.xx.2020-ci il tarixdə isə “Dia.az” internet saytlarında yayılmaqla törədilmişdir. Bununla da xüsusi ittihamçının böhtan hesab etdiyi məlumatlar sonuncu dəfə xx.xx.2020-ci il tarixdə yayıldığı şikayətdə göstərildiyidən, böhtanın sonuncu dəfə yayıldığı tarix və internet saytı həmin böhtan əməlinin sonuncu dəfə törədildiyi tarix olduğu üçün, əməl həmin sonuncu tarixdə yayılan “Dia.az” internet saytının hüquqi ünvanı üzrə törədilmiş olur. Yasamal Rayon Məhkəməsinə daxil olmuş xüsusi ittiham qaydasında şikayət materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, ümumiyyətlə “www.dia.az” adlı internet saytının hüquqi ünvanının Yasamal rayonu ərazisində olmasına dair iş materiallarında heç bir mötəbər sənəd mövcud deyildir, ümumiyyətlə həmin internet saytının ünvanı müəyyən edilməmişdir, ünvanının müəyyən edilməsinə dair digər hər hansı bir tədbir görülməmişdir. Sabunçu Rayon Məhkəməsinin qərarında şikayətin Yasamal rayon Məhkəməsinə göndərilməsinin əsasları göstərilməmişdir. Qərarda ümumiyyətlə əməlin Yasamal Rayonu ərazisində törədilməsinə dair hər hansı bir sübuta istinad edilməmişdir. Qərardan görünür ki, barəsində şikayət verilmiş şəxs məhkəməyə vəsatət verib işin aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinin göndərilməsini xahiş edib, şikayətçi isə buna etiraz etmədiyini bildirib. Amma qərarda barəsində şikayət verilmiş şəxsin vəsatətinin əsasları ümumiyyətlə qeyd edilməmişdir. İş materiallarında olan E.İsmayılovun xx.xx.2021-ci il tarixli əlyazma formasındakı vəsatəndə göstərmişdir ki, o Yasamal rayonu, Mətbuat pr yerləşən Azərbaycan Nəşriyyat Evində Azərinfo.az və Dia.az internet saytlarına müsahibə vermişdir, ona görə də işin aidiyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, müsahibənin Azərbaycan Nəşriyyat Evində verilməsi özü özlüyündə əməlin törədildiyi yer deyildir. Çünki əməl müsahibə verməklə deyil, həmin musahibə yayılmaqla törədilir. Buna görə də hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ həmin internet saytının hüquqi ünvanıdır. Hüquqi ünvanı müəyyən edilmədikdə və yaxud həmin hüquqi ünvan Azərbaycan Respublikasında yerləşmədikdə isə, məlumatı yayan şəxsin yaşayış yeri üzrə ərazi aidiyyəti müəyyən edilməlidir. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Qərardan belə məlum olur ki, həmin “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” kimi göstərilmiş ünvan “www.dia.az” adlı internet saytının “hüquqi ünvan”ı kimi qəbul edilərək, iş ərazi aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilməlidir. Lakin həmin əsaslandırmaya haqq qazandıran həm qərarda göstərilən hüquqi əsasla, həm də faktiki əsasla razılaşıla bilinməz. Ona görə ki, Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Lakin Sabunçu Rayon Məhkəməsinin qərarında bu bənd Plenum qərarında olduğu kimi tətbiq edilməyib, kütləvi informasiya vasitəsinin hüquqi ünvanı əsas götürülməmişdir. Bundan əlavə xüsusi ittiham qaydasında şikayət hansı məhkəməyə daxil olmuşdursa, həmin məhkəmə ərazi aidiyyətini müəyyən etməlidir, bununla əlaqədar araşdırma aparmalıdır. Lakin hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə ərazi aidiyyətinin müəyyən edilməsinə dair hər hansı bir araşdırma aparmadan, hüquqi ünvan müəyyən edilmədən iş Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bununla belə Yasamal Rayon Məhkəməsi tərəfindən “www.dia.az” internet saytının hüquqi ünvanını müəyyən etmək üçün internetdə bunun üçün müəyyən edilmiş imkanlardan istifadə edərək müəyyən edildi ki, Azərbaycan ərazisində internet saytlarının qeydiyyatı barədə məlumatları “whois.az” saytından əldə etmək olar. Lakin həmin saytda “www.dia.az” saytının hüquqi ünvanı qeyd edilməmişdir, həmin məlumat qrafaları doldurulmamışdır, boş qalmışdır. Hazırkı şikayətdən görünür ki, şikayətçi böhtan xarakterli məlumatların X3 tərəfindən yayıldığını və əməlin onun tərəfindən törədildiyini şikayətində qeyd etmişdir. Belə olduğu təqdirdə iş materiallarına əsasən X1 qeydiyyatı və yaşayış ünvanı, şikayətdə də göstərildiyi kimi Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi, Sovx-2, Rəsulzadə küçəsi ev 1, mən 1 kimi göstərilmişdir. Beləliklə: 1) işin ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsi üçün ərazi aidiyyətinin müəyyən edəcək mötəbər sübuta istinad edilməyib, sübut əldə edilməyib; 2) Xüsusi ittiham qaydasında şikayət Sabunçu Rayon Məhkəməsinə daxil olduğundan, həmin məhkəmə də ərazi aidiyyətini müəyyən etməli olsa da, işin ərazi aidiyyətinin` müəyyən edilməli olan və Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarında müəyyən edilməsi tələb edilən məsələlər həmin məhkəmə tərəfindən müəyyən edilməmişdir; 3) əksinə işin ərazi aidiyyətinin, yəni kütləvi informasiya vasitəsinin hüquqi ünvanı müəyyən edilmədiyi üçün belə bir vəziyyətdə ərazi aidiyyətinin müəyyən edilməsinə dair Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarının 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Hazırkı vəziyyətdə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri Yasamal rayon ərazisi olmadığı üçün hazırkı şikayətə Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 77-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar