Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-181/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi: vəkili Nümayəndə Təqsirləndirilən şəxs: xx.xx.1977-ci tarixdə Tərtər rayonu Buruc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsili, evli, İİ qrup əlil, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 24 noyabr 2020-cı ıl tarixdə saat 13 radələrində qanunsuz himayə etməklə avtomobillərin parklanmasının həyata keçirildiyi ünvan 3 ünvanda yerləşən “Altes Plaza" yaşayış kompleksinin qarşısına həmin parklanma yerini icarə müqaviləsi əsasında işlədən “Bakı Müharibə Əlil və Veteranlar” Birliyinin nümayəndələrinin gəlməsi və onun həmin əraziya təyin etdiyi şəxsləri oradan uzaqlaşdırmalarını bildikdən sonra tanışı X2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qeyd edilən yerə gəlmiş, orada həmin ərazinin icarə müqaviləsi əsasında məxsus olduğu “Bakı Müharibə Əlil və Veteranlar” Birliyinin nümayəndələrinin onlardan həmin ərazidən uzaqlaşmaları barədə haqlı tələblərini qəbul etməyərək həmin Birliyin sədri Zərərçəkmiş şəxs1 və sədr müavini Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, qeyd olunan səbəbdən yaranmış mübahisə zamanı tanışı X2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında birləşib heç bir əsaslı səbəb olmadan ucadan səs-kuy salmaqla nalayiq ifadələr işlədib cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə edilən əşya hesab olunan əlində tutduğu dəmir çəliklə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə bir dəfə vuraraq sonuncuya təpə nahiyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsindən sonra şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər, eləcə də Məhəmmədəli Hacıyev ucadan nalayıq soyuşlər söyərək sonuncu silah qismində istifadə edilən əşya hesab olunan əlində tutduğu dəmir çəliklə Zərərçəkmiş şəxs1 vurub ona sol ləpə nahiyəsinin və sağ əlin arxa səthinin əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirərək bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq elməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Həmin əməlin törədilməsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmiş, barəsində Yasamal RPİ-nin İŞnin müstəntiqi Valeh Nəbiyev tərəfindən 17.03.2022-ci il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Yasamal rayon prokuroru tərəfindən 22.03.2022-ci il tarixdə təsdiq edilmişdir, cinayət işinin nömrəsi ********* olmuşdur. Cinayət işi məhkəməyə 29.03.2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərdi ki, hal-hazırda icraatda CM-nin 221.3-cü maddəsi il təqsirli bilinməyi ilə bağlı barəsində araşdırma aparılır. Həmin cinayət işi üzrə özünü təqsirli bilmir. Hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş kimi tanınmalı olduğu halda təqsirləndirilən şəxs kimi tanınmağı qanunsuz və əsassızdır. Bundan başqa cinayət işi materialı X9 tərəfindən məhkəmə göndərilərkən kobud prosesual pozuntularla göndərilmiş və aşağıda qeyd etdiyi pozuntular CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş pozuntulardır və onlar cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün birbaşa əsasdır. Həmin qanun pozuntuların diqqətinizə çatdırmaq istəyir. X5 müdafiə hüququnu kobud şəkildə pozaraq onu müdafiəçi ilə təmin etməyib. Cinayət işinin istintaqı zamanı guya istintaq hərəkətlərində onun müdafiəçinin iştirakı təmin edildiyi qeyd edilsədə müstəntiq tərəfindən istintaq materialları saxtalaşdırılaraq materiala əlavə edilmişdir. Bundan başqa istintaq materiallarında olan dindirmə, baxış və s digər istintq hərəkətləri protokollarını X9 ona əhəmiyyətsiz sənəd kimi imzalatdıraraq “narahat olma, sən zərərçəkənsən” deyrək cinayət işi materialına əlavə edib. O, həmin sənədlərin nə olduğunu bilməmiş, dərk etməmiş və müstəntiq bunu ona izah etməyib. Cinayət işinin materialı ilə onu tanış etməli olduğu halda cinayət işinin materialı ilə məni tanış etməmişdir. Cinayət işi üzrə müstəntiq obyektiv araşdırma aparmamış, qərəzlilik nümayiş etdirmiş, cinayət işi üzrə obyektiv ifadə verə biləcək onun yanında olan çoxsaylı hadisənin şahidi olmuş şəxsləri dindirmədən barəsində olan cinayət işi materialını məhkəməyə göndərmişdir. Yuxarıda qeyd etdiyi pozuntulara əsasən aşağıdakı CPM-nin tələbləri kobud pozulmuşdur CPM-nin 232.2. Şübhəli şəxsin tutulduğu halda o öz ifadələrini müdafiəçinin iştirakı ilə vermək hüququna malikdir. Şübhəli şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakım əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda “şübhəli şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir.” 233.5-1. Hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. 233.5. Təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. Təqsirləndirilən şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir. CPM-nin 235.1. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir. CPM-nin 287.1 Cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər müddüalannı nəzərə almadan cinayət işi materialı ilə müdafiəçini və təqsirləndirilən şəxsi tanış etmədən cinayət işi materialını prokurora göndərmişdir. CPM-nin 289.5. İttiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Azərbaycan Respublikasının CPM 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); CPM 303.3.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda ittihamın irəli sürülməsinin təsdiq edilməməsi; CPM 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; CPM 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması; Ona görə də cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-nin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Valeh Nəbiyev və Yasamal rayon Prokuroru barəsində xüsusi qərar çıxarılmalıdır. CPM-nin tələbləri ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Odur ki, qeyd olunanaları nəzərə alaraq, barəsində toplanmış cinayət işinin materialı üzrə kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işi üzrə işin yenidən obyektiv, hər tərəfli araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-nin tələblərini kobud pozuntularla yol vermiş X9 və Yasamal rayon prokuroru barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə iclasında vəsatəti müdafiə etdi və məhkəmədən xahiş etdi ki, cinayət işinin baxılmasına xitam verilməsi və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılsın. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı vəsatətin əsassız olmasını, iş materiallarında vəkilin istintaqda iştirak etdiyini, imzalarının olduğunu, ona görə də vəsatətin təmin edilməməsini, təqsirləndirilən şəxsin CM-nin 221.3-cü maddəsi ilə məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi: Nümayəndə vəsatətin əsassız olmasını, iş materiallarında vəkilin istintaqda iştirak etdiyini, imzalarının olduğunu, ona görə də vəsatətin təmin edilməməsini, təqsirləndirilən şəxsin CM-nin 221.3-cü maddəsi ilə məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edildi. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmin pozuntular aşağıdakılardan ibarətdir. Belə ki, iş üzrə aşağıdakılara əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Çünki işdən görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüququ formal olaraq təmin edilmişdir, müdafiə hüquqununun təmin edilməsi görüntüsü yaradılması üçün, sadəcə müdafiəçi təyin edilmişdir. Belə ki, cinayət işi 02.04.2021-ci il tarixdə başlanılmışdır. Bundan sonra həmin cinayət işi üzrə şahidlər dindirilmiş, ekspertizalar təyin edilmiş, bir çox istintaq hərəkətləri keçirilmişdir. Lakin ilk dəfə Təqsirləndirilən şəxs 21.12.2021-ci il tarixdə saat 14:15-də şahid kimi dindirilmişdir. (cild 2, səhifə 81-84) 21.12.2021-ci il və 22.12.2021-ci il tarixlərdə də Təqsirləndirilən şəxs şahid statusunda olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1lə üzləşdirilmişdir. Cinayət işinin 2-ci cildinin səhifə 95-dən 144-ə qədər olan hissəsi üzrə bütün istintaq hərəkətləri, prosessual qərarlar eyni gündə, 23.12.2021-ci il tarixdə qəbul edilişdir. 23.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixlə qərarla müdafi əçi dəvət edilmiş, 22 saylı Vəkil Bürosunun vəkili X10 təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir, həmin gün saat 10:40-da müdafiəçi təqsirləndirilən şəxsə təqdim edilmişdir. 23.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində dindirilmişdir. Müstəntiqin 23.12.2021-ci il tarixli qərarı ilə “vəsatətə baxılması” barədə qərar çıxarılmışdır. 23.12.2021-ci il tarixdə ekspertiza keçirilməsi barədə qərarla təqsirləndirilən şəxsin tanış edilməsinə dair 7 ədəd protokol tərtib edilmişdir. Yəni 7 dəfə ayrı-ayrı ekspertizalar keçirilməsi barədə qəbul edilmiş qərarlarla təqsirləndirilən şəxs eyni gündə həmin qərarlarla tanış etdirilmişdir. 23.12.2021-ci il tarixdə ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında 4 ədəd protokol tərtib edilmişdir. Yəni 4 dənə ayrı-ayrı ekspert rəyləri ilə təqsirləndirilən şəxs eyni gündə tanış etdirilmişdir 23.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir, qərar təqsirləndirilən şəxsə 12:30-da elan edilib. (cild 2, səhifə 138) 01.01.2022-ci il tarixdə X1 tutulması və axtarışının elan edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixli qərarla da cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (cild 2, səhifə 146) 12.03.2022-ci il tarixdə cinayət işinin icraatı təzələnmiş, həmin tarixli dəgər bir qərarla sübutların qiymətləndirilməsi barədə qərar qəbul edilmiş, həmin tarixli dəgər bir qərarla cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərar qəbul edilmiş, həmin tarixli dəgər bir qərarla Təqsirləndirilən şəxs yenidən ittiham elan edilmişdir (saat 13:10-da). Həmin tarixdə təqsirləndirilən şəxs yenidə dindirilmişdir (saat 13:15-dən 14:20-dək). Artıq 14.03.2022-ci il tarixdə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi barədə protokol tərtib edilmişdir. Həmin tarixdə də təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olması barədə protokol tərtib edilmişdir. 15.03.2022-ci il tarixli protokollarla zərərçəkmiş şəxslər cinayət işinin materialları ilə tanış olmuşlar. 17.03.2022-ci il tarixdə isə artıq ittiham aktının tərtibinə başlanılmışdır. Göründüyü kimi 02.04.2021-ci il tarixdə başlanaraq istintaqı aparılmış cinayət işi üzrə 02 cildən ibarət material toplanılmışdır. Lakin həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs kimi yalnız 23.12.2021-ci il tarixdə cəlb edilib və ona müdafiəçi həmin günü 10:40dan təqdim edilməklə 12:30-dək müdafiəçinin iştirakı ilə yuxarıda göstərildiyi kimi dindirilmiş, qərarlarla tanış edilmiş, ekspert rəyləri ona elan edilmiş. (yəni 2-ci cildinin səhifə 95-dən 144-ə qədər olan hissəsi üzrə bütün istintaq hərəkətləri, prosessual qərarlar eyni gündə, 23.12.2021-ci il tarixdə qəbul edilişdir, vəkilin bu qədərki hərəkətlərdə iştirakı cəmi 01 saat 50 dəqiqədən ibaprət olmuşdur. Bundan sonrakı təqsirləndirilən şəxsin istintaqda yalnı 12.03.2022-ci il tarixdə olmuşdur (saat 13:10-dan 14:55-ə qədər, olmaqla 01 saat 45 dəqiqə). Təqsirləndirilən şəxs kimi cəlb edildikdən sonra ümumiyyətlə heç kimlə üzləşdirilməmişdir, baxmayaraq ki o, elan edilmiş ittihamı üzrə özünü təqsirli bilməmişdir, ittihamı etiraf etməmişdir. Artıq 14.03.2022-ci il tarixdə istintaq yekunlaşmışdır. Bununla da 02.04.2021-ci ildən başlanaraq 14.03.2022-ci il tarixədək dövrü əhatə edən istintaq dövründə təqsirləndirilən şəxs kimi Ş.Musayevlə cəmisi 2 dəfə istintaqda olmuş, həmin dövrdəki müdafiəçinin cinayət işi üzrə istintaq hərəkətlərində iştirakı cəmisi 03 saat 35 dəqiqə etmişdir. 1 dəfə isə istintaq yekunlaşandan sonra istintaqın bitməsi və iş materialları ilə tanışolma üçün istintaqda olmuşdur. Beləliklə 02 cilddən ibarət olan və 01 ilə yaxın istintaqı aparılmış cinayət işi üzrə vəkilin təqsirləndirilən şəxslə birlikdə istintaqda olduğu, yəni onlarla birlikdə aparılan istintaq müddət 03 saat 35 dəqiqə olması onu göstərir ki, müdafitəçi hüququndan cəmisi 03 saat 35 dəqiqə istifadə edilib. Bu cür formada müdafiəçi hüququnun təmin edilməsinin ağlabatan olması və bu halın təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi kimi qəbul edilməsi inandırıcı deyildir. Müdafiəçi hər hansı bir şəxsə sual verməmiş, hər hansı bir vəsatəti olmamış, şəxsin müdafiə hüquqununu təmin edilməsi üçün faktiki olaraq müdafiəçiyə hər hansı bir şərait yaradılmamışdır. Müdafiəçinin istintaq hərəkətlərində iştirak etdliyi 03 saat 35 dəqiqədə müstəntiq 50 səhifəlik istintaq hərəkəti protokollarını, qərarlarını formalaşdırmışdır. Bu hal onu göstərir ki, müdafiəçinin işdə iştirakı formal təmin edilmişdir. Müdafiəçi ilə formal təmin edilmək isə təqirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs verilmiş ittihamda onun tanışı X2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında birləşib CM-nin 221.3-cü maddəsindəki əməli törətdiyi qeyd edilmişdir. Belə olduğu təqdirdə verilmiş ittiham qeyri müəyyəndir. Çünki təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında birləşib cinayət törətməkdə ittiham olunduğu üçün, həmin şəxslərin adları müəyyən olmalıdır ki, təqsirləndirilən şəxs də adları konkret məlum olan şəxslərdə birlikdə törətməkdə təqsirləndirildiyi əməl üzrə öz müdafiəsini qura bilsin. Qeyri müəyyən formada verilmiş ittiham üzrə təqsirləndirilən şəxsin müdafiə hüququnu qura bilmədiyi üçün, müdafiə hüququ pozulur. Bundan əlavə təqsirləndirilən şəxsin bir qrup şəxs halında birləşib cinayət törətməkdə təqsirləndirilsə də, ümumiyyətlə cinayətdə iştirakçılıq və onun növləri CM-də tənzimlənmişdir. CM-nin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-nin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Beləliklə də CM-də ya qabaqcadan razılaşmadan, ya da qabaqcadan razılaşmaqla bir qrup şəxs tərəfindən cinayətin törədilməsinin mümkünlüyü qeyd edilmişdir. Lakin hazırkı ittihamda göstərilən bir qurup şəxsin qabaqcadan razılaşmadan, ya da qabaqcadan razılaşmaqla cinayət törətməsi qeyri müəyyən qalmışdır. Bununla da verilmiş ittiham CPM-nin 7.0.20-ci maddəsində müəyyən edilmiş tələblərə zidd olaraq konkretləşdirilməmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəllənin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Göründüyü ki, cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Bu da müstəntiq tərəfindən cinayət qanunvericiliyi tələblərinin kobud surətdə pozulması deməkdir. Qeyd olunan hallar həm təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həm də ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Bu hal CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Belə ki, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarəmbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Cinayət qanunun müvafıq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasma səbəb olur. Belə ki, “İnsan hüquqlarının və X6 haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Bununla da cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, şəxsə verilmiş ittiham dəqiq deyildir, ittiham aktı cinayət işi üzrə toplanmış materialları əks etdirmir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. CPM 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi qiymətləndirilmişdir. CPM-nin 301.1.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, həmçinin CPM-nin 301.1.2-ci maddəsinə əsasən ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə və CPM-nin 301.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparıldıqda, məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Lakin hazır cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular olduğundan, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Çünki yuxarıda sadalanan maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntuya yol verildikdə CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs barəsində 23.12.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, həmin qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.5, 303, 306-cı maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-181/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-181/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver