Məhkəmə qərarları › İş №1(004)-182/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-182/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-182/2022 28.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2nın, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1985-ci ildə Masallı rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq elmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Vətən müharibəsində iştirak elmiş Zərərçəkmiş şəxs sosial təqaüd kartının düzəldilməsinə imkanın olmasına inandırıb aldadaraq tanışlıq münasibətlərinə görə sonuncunun inam və etibarını qazanmaqla 2022-ci ilin may ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən «Nail club by Tına» gözəllik salonunda vahid qəsdlə hissə-hissə olmaqla ilkin olaraq 1000 manat, 2022-ci ilin may ayının ortalarında həmin ünvanda 600 manat, 2022-ci ilin may ayının sonunda həmin ünvanda 500 manat pulunu alıb, vədinə əməl etməyərək cəmi 2100 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs saç ustası olduğundan onun yanına bir neçə dəfə müştəri kimi getmiş və onların dostluq münasibətləri yaranmışdır. O Mübarizə söhbət zamanı 2 nömrəli xəstəxanada həkim köməkçisi işlədiyini demişdir. Bu səbəbdən 2021-ci ilin may ayının əvvəllərində Mübarizlə onun işlədiyi “Nail” club gözəllik salonunda söhbət etdikləri zaman Mübariz ona əlillik ilə bağlı pensiya almaq istədiyini bildirmişdir. O da Mübarizə bildirmişdir ki, ona əlilliklə bağlı pensiya almasını tanışları vasitəsi ilə 2500 manat müqabilində həll edə bilər. Bundan sonra Mübariz onun bu təklifi ilə razılaşmışdır. Həmçinin o, Mübarizdən şəxsiyyət vəsiqəsinin surətini və yaşayış yeri haqqında arayışı ona verməli olduğunu bildirmişdir. Lakin onun bu işi düzəldə biləcək heç bir adamı olmamışdır. O, 2021-ci ilin may ayının əvvəllərində Mübarizin işlədiyi salonda ondan 1000 manat, ondan təxminən 1 həftə sonra 600 manat, ondan bir həftə sonra 400 manat, əlavə aldığı pulla birlikdə ümumilikdə 2500 manat almışdır. Bundan sonra o, Mübarizə yaxın müddətdə xəstəxanaya yerləşdiriləcəyini, müalicə alacağını və pensiya kartının veriləcəyini bildirmişdir. Lakin Mübariz artıq onun iş düzəldə bilməyəcəyini görüb ondan verdiyi pulları geri istəmişdir. O da həmin pulları xərclədiyindən Mübarizə geri qaytara bilməmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 01 fevral 2021-ci tarixdən 01 iyul 2021-ci il tarixədək “Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Nail” club gözəllik salonunda saç ustası kimi işləmişdir. 2021-ci ilin may ayının əvvəllərindən yanına müştəri kimi Rəmziyyə adlı qadın gəlməyə başlamışdır. O, müharibədən gəldikdən sonra sağlamlığında ciddi problemlər olduğundan Rəmziyyə yanına gəldiyi zaman özünü piss hiss edərək bir neçə dəfə ayaqyoluna gedərək qan qusmağının şahidi olmuşdur. Söhbət zamanı nə baş verməsi ilə maraqlanarkən Rəmziyyəyə müharibədən gəldiyini və sağlamlığında problemlər olduğunu demişdir. Rəmziyyə isə ona həkim olmasını və ona kömək elmək istəyini bildirmişdir. Rəmziyyə ona pulsuz müalicə kursunun təyin ediləcəyini həmçinin ona xəstəliyinə görə təqaüd düzəldəcəyini demişdir. Həmin vaxt o Rəmziyyəyə bu barədə fikirləşəcəyini bildirmişdir. Bu səbəbdən Rəmziyyə ona dəfələrlə zəng edərək və yazaraq bu prosesə nə vaxt başlayacağı ilə maraqlanmışdır. O bir neçə dəfə Rəmziyyəyə dəqiq bir söz deməsə də sonuncu dəfə ona razılıq verdikdə Rəmziyyə bu işin düzəldilməsi üçün ondan bir sıra sənədləri və 3000 manat pul verməli olduğunu bildirmişdir. O da razılaşmış və 2-3 gün sonra sənədləri və 1000 manat pulu Bakı şəhəri “Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Nail” club gözəllik salonunda ona vermiş və demişdir ki, qalan pulu verməyə imkanı yoxdur. Rəmziyyə də razılaşaraq qalan pulu hissə-hissə verə biləcəyini demişdir. Təxminən 1 həftə sonra yenə həmin salona gələrək ondan pul istəmiş və pulu vermədiyi təqdirdə ilkin verdiyi pulun da batacağını demişdir. O da bu səbəbdən Rəmziyyəyə inanıb yenə həmin ünvanda Rəmziyyəyə 600 manat pul vermişdir. Təxminən 1 həftə sonra Rəmziyyə ona telefonla zəng edərək və yazaraq bildirmişdir ki, sonuncu məbləği də ödəməlidir .O isə bildirmişdir ki, pulu yoxdur, yalnız cəmi 500 manat pul ona verə bilər. Rəmziyyə də qalan pulu özünün düzəldəcəyini bildirmiş və işlədiyi yerə sürücüsü kimi təqdim etdiyi şəxsi göndərmişdir. Həmin şəxs qırmızı rəngli maşınla işlədiyi yerin yanına gəlmiş və o, çölə çıxaraq həmin şəxsə 500 manat pulu və çatışmayan sənədi ona vermiş və həmin şəxs telefonla Rəmziyyə ilə əlaqə saxlayıb telefonu danışmaq üçün ona vermişdir. O telefonda Rəmziyyə ilə danışmış və Rəmziyyə onu əmin etmişdir ki, 3 günə o xəstəxanaya yerləşdiriləcək, müalicə alacaq və təqaüd kartı da ona veriləcəkdir. 3 gün sonra Rəmziyyəyə yazsa da cavab verməmiş və bir neçə gün sonra ona yazaraq narahat olmamağı və səbrli olmağı demişdir. O da 10 gün gözlədikdən sonra artıq Rəmziyyənin heç bir iş görmədiyini görüb Rəmziyyəyə zəng edərək və sms yazaraq pulu geri verməyi tələb etsə də Rəmziyyə hər dəfə bir bəhanə bildirərək pulunu geri qaytarmamışdır. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən “Nail” gözəllik salonudur. Vətəndaş Zərərçəkmiş şəxs deməsinə görə 2021-ci ilin may ayında ona təqaüd kartı düzəltməsi üçün həmin salonun içərisində Rəmziyyə adlı qadına hissə-hissə olmaqla 2100 manat pul vermişdir. (i.v. 14-16) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 10 fevral 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayonu Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 22 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 118-119) İş materiallarında olan ödəniş çeklərinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi ödəniş çeklərinə baxış zamanı Zərərçəkmiş şəxs məxsus 5***0760 nömrəli karta xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 50 manat xx.xx.2022-ci il tarixdə 100 manat pul ödənişinin edilməsi müəyyən edilmişdir. (i.v. 159) İş materiallarında olan “qətimkan tədbirinin seçmək barədə” 10 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 162) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 12 mart 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, üzləşmə protokolu, baxış protokolu, “whatsapp” mətnlərinə baxış protokolu, ödəniş qəbzlərinə baxış protokolu və işdə olan digər sənədlər iş üzrə sübut növü kimi qəbul olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi ödəniş çekləri maddi sübut kimi tanınmışdır. (i.v. 167-171) İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı cinayət işi üzrə ona dəymiş zərər tam ödənilmişdir. Onlar barışmışlar. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsə olan borcu tam ödəmişdir. Həmin şəxslə barışmışlar. Özünü təqsirli bilir. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73-1ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar