Məhkəmə qərarları › İş №1(004)-182/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-182/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-182/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 iyun 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən ticarət köşkünə pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olaraq həmin köşkdən 140 manat dəyərində bir ədəd ABŞ istehsalı olan “İphone S6” markalı mobil telefon, 54 manat olmaqla hər biri 4.50 manat olan 12 qutu “Sobraniye ballı qalın”, 45 manat olmaqla hər biri 4.50 manat olan 10 qutu “Sobraniye ballı nazik”, 45 manat olmaqla hər biri 4.50 manat olan 10 qutu “Sobraniye ballı kompakt”, 90 manat olmaqla hər biri 4.50 manat olan 20 qutu “Sobraniye göy nazik”, 45 manat olmaqla hər biri 4.50 manat olan 10 qutu “Sobraniye göy qalın”, 90 manat olmaqla hər biri 4.50 manat olan 20 qutu “Sobraniye ağ nazik”, 45 manat olmaqla hər biri 4.50 manat olan 10 qutu “Sonraniye ağ qalın”, 45 manat olmaqla hər biri 4.50 manat olan 10 qutu “Sobraniye qara nazik”, 45 manat olmaqla hər biri 4.50 manat olan 10 qutu “Sobraniye qara qalın” və 45 manat olmaqla hər biri 4.50 manat olan 10 qutu ”Sobraniye qara kompakt” markalı ümumilkdə 549 manat dəyərində olan tütün məmulatları və 20 manat məbləğində dəmir pulu gizli talayəb zərərçəkmiş şəxsə ümumilikdə 709 (yeddi yüz doqquz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə o, dostu ilə birlikdə ad günü mərasiminə getmiş və orada spirtlik içki qəbul etmişdir. Həmin gün saat 02:00 radələrində o, oradan qayıdan zaman alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi ilə piyada hərəkət edən zaman köşk görmüşdür. Həmin vaxt o, uzun müddətdir işsiz olduğundan köşkdən oğurluq etmək qərarına gəlmişdir. O, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra köşkün pəncərəsinin şüşəsini sındırıb içəri daxil olmuşdur. Oradan siqaretlər, qəpiklər və 01 ədəd ağ rəngli “İphone” markalı mobil telefon oğurlamışdır. Bundan sonra o, köşkdən çıxaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisinə getmiş və orada yerləşən “McDonalds” restoranın qarşısında fəaliyyət göstərən köşkə yaxınlaşaraq orada işləyən şəxsə 180 manat pul müqabilində oğurladığı siqaretləri satmışdır. Ertəsi gün isə oğurladığı telefonu mobil telefon al-satqısı və təmiri yerində işləyən şəxsə 30 manata satmışdır. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında yerləşən köşkdə satıcı işləyir. Dəqiq xatırlamadığı tarixdə o, köşkü bağlayaraq evinə getmiş, növbəti gün köşkə qayıtdıqda naməlum şəxs tərəfindən köşkdən oğurluq olunduğu ona məlum olmuşdur. Onun satıcı işlədiyi köşkdən dəmir pullar, “İphone 6s” markalı mobil telefon və tütün məlumatları oğurlanmışdır. Oğurlanan siqaretlər 12 ədəd “Sobraniye ballı qalın”, 10 ədəd “Sobraniye ballı nazik”, 10 ədəd “Sobraniye ballı kompakt”, 20 ədəd “Sobraniye göy nazik”, 10 ədəd “Sobraniye göy qalın”, 20 ədəd “Sobraniye ağ nazik”, 10 ədəd “Sonraniye ağ qalın”, 10 ədəd “Sobraniye qara nazik”, 10 ədəd “Sobraniye qara qalın” və 10 ədəd” Sobraniye qara kompkat” markalı olmuşdur. Baş vermiş hadisə zamanı ona ümumilkdə 709 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 86-88-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu, “McDonalds” restoranın qarşısında yerləşən köşkdə satıcı kimi işləyirmiş. O, həmin kökdə su və müxtəlif markalı siqaretlərin satışı ilə məşğul olurmuş. Mahiyyəti üzrə bildirmişdir ki, 08 iyun 2023-cü il tarixdə qeyd olunan köşkdə o, işləyən zaman bir nəfər tanımadığı şəxs köşkə yaxınlaşmış və bildirmişdir ki, əlində müxtəli markalı siqaretlər var. O, həmin siqaretləri hardan əldə etdiyini soruşmuşdur. Həmin şəxs ilkin olaraq adının Əli olduğunu, siqaret firmasında işlədiyini və maaş almadığı üçün həmin şirkət ona maaş əvəzi müxtəlif markalı siqaretlər veridyini bildirmişdir. O, həmin şəxsdən siqaretləri neçiyə satdığını soruşmuşdur. Həmin şəxs siqaretləri satış qiymətindən daha ucuz yəni 20-30 qəpik aşağı qiymətə verdiyini bildirmişdir. O, həmin siqaretləri ondan almış və xatırlmadığı məbləğdə pulu ona vermişdir. Daha sonra isə o, həmin şəxsi görməmişdir. O, aldığı siqaretlərin oğurluq olması barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən ticarət köşküdür. (i.v. 8-10) “İfadənin yerində yoxlanılması haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və sonuncu hadisənin necə baş verdiyini əyani olaraq təsvir edərək köşkə daxil olduğunu, oradan mobil telefon, siqaretlər və “İphone” markalı mobil telefon götürərək uzaqaşdığını daha sonra isə oğurladığı siqaretləri Nərimanov rayonunda yerləşən köşkə satdığını bildirmişdir. (i.v. 83-84) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, X1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Əli Cəbrayılova CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, X1 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 92-93) “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli qərarından görünür ki, X3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 78-79) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli ərizədən görünür ki, X3 tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs X2 qarşı hər hansı şikayət və tələbləri yoxdur. Onunla barışmışdır. Məhkəmə, X1 zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət əməlini törətməyə görə məhkum olunmasının Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları X2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən X1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli X1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. X2 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X2 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar