Məhkəmə qərarları › İş №1(004)-183/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-183/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-183/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1979-cu il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 03 fevral 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu “Yasamal Bazarı” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd polietilen sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,689 qram olan ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlamaqla daşımış və 04 fevral 2021-ci il tarixdə saat 18:00-da ünvan 2 ünvanın qarşısında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu X7 binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd polietilen sellofan kəsiyi bükümündə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, 4-5 il olar ki, narkotik vasitə istifadə edir. Nartotik vasitələri tanıdığı və ya tanımadığı şəxslərdən almışdır, özü istifadə etmişdir. 03 fevral 2021-ci il tarixdə günorta saatlarında “Yasamal bazarı” adlanan yerdən üzdən tanıdığı, adını Əli kimi bildiyi, soyadını, yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istehlakı üçün 10 manata bir büküm psixotrop maddə olan “metamfetamin” almışdır. Həmin psixotrop maddəni cibinə qoyaraq özü istifadə etmək üçün saxlamışdır. 04 fevral 2021-ci il tarixdə saat 18:00-da yaşadığı Yasamal rayonu 1-ci Alatava küçəsi ev 88 V ünvanının qarşısında qardaşı Şahid3 ilə piyada şəkildə hərəkətdə olarkən bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edəndən sonra onu və qardaşını Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişdirlər. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdirlər. Polis Şöbəsində dəvət olunmuş vəkilin, polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkilişlə saat 19:50-da üstünə şəxsi axtarış keçirilərkən ona üzərində hər hansı qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. O, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd alışqan, əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd nokia markalı mobil telefon, 1 ədəd təsbeh, sağ yan cibindən 10 (on) qəpik məbləğində pulunu və bir ədəd içərisində ağ rəngli şəffaf sellefona bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sorğu zamanı həmin psixotrop maddəni Yasamal rayonu ərazisində üzdən tanıdığı, adını Əli kimi bildiyi şəxsdən 10 manata öz istehlakı üçün aldığını bildirmişdir. Heç kəsə narkotik vasitə satmamış, hədiyyə verməmişdir. Aşkar edilən psixotrop maddə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmişdir, o, vəkilin və polis əməkdaşlarının iştirakları ilə tərtib edilmiş protokolu və zərfi imzalamışdır. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, yetkinlik yaşına catmayan bir övladının olmasını, bir ayağının bud nahiyyəsindən amputasiya edildiyi üçün şikəst olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 4 fevral 2021-ci il tarixdə xidmət etdiyi BNMİ-nə Bakı şəhəri, Yasamal rayonu ərazisində Şahid3 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, 4 fevral 2021-ci il tarixdə polis əməkdaşı Şahid2la birlikdə inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin gün saat 18:00-da əməliyyat məlumatında bildirilən Şahid3 ünvan 4 ünvanının qarşısında bir nəfər şəxslə hərəkətdə olarkən müəyyən edərək dərhal yaxınlaşıb onları saxlamışlar. Həmin şəxsləri saxladıqdan sonra onların şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, onlar, xx.xx.1981-ci il təvəllüdlü Şahid3 və qardaşı xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Şahid3 və qardaşı Təqsirləndirilən şəxs onlarla razılışaraq birlikdə Yasamal RPİ-nin 29-ci PŞ-nə gəlmişdirlər. Şahid3 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onlar müdafiəçi ilə təmin edilmişdir. Şahid3 və qardaşı Təqsirləndirilən şəxs 04 fevral 2021-cu il tarixdə şübhəli şəxs qismində tutularaq, onlara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video çəkiliş aparılmaqla onlara üzərlərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etmələri təklif olunmuşdur. Şahid3 əynindəki qara rəngli gödəkcənin sol döş cibindən bir ədəd ağ rəngli şəffaf sellofon bükümü çıxardıb könüllü təqdim edərək bildirmişdir ki, həmin bükümün içindəki maddə psixotrop maddə olan metamfetamindir, həmin psixotrop maddəni tutulmamışdan bir gün əvvəl Yasamal rayonu ərazisində üzdən tanıdığı, adını Vəli kimi bildiyi şəxsdən özünün istifadəsi üçün alıb əynində olan qara rəngli gödəkcənin sol döş cibinə qoymuş və 04.02.2021-ci il tarixdə saat 18:00-da ünvan 5 ünvanın qarşısında qardaşı Təqsirləndirilən şəxsla birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli ksirtalşəkilli psixotrop maddə hesab olunan metamfetminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Şahid3 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofon bükümü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içindəki maddə psixotrop maddə olan metamfetamindir. Həmin psixotrop maddəni tutulmamışdan bir gün əvvəl Yasamal rayonu ərazisində üzdən tanıdığı, adını Əli kimi bildiyi şəxsdən özünün istifadəsi üçün alıb əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuş və 04.02.2021-ci il tarixdə saat 18:00-da ünvan 5 ünvanın qarşısında qardaşı Şahid3la birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli ksirtalşəkilli psixotrop maddə hesab olunan metamfetminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin maddə zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. Keçirilmiş tədbirlər nəticəsində Şahid3 və Təqsirləndirilən şəxs psixotrop maddəni satan şəxsi və onun narkotik vasitəni əldə edib satması müəyyən etmək mümkün olmamışdır. Həmçinin Şahid3 və qardaşı Təqsirləndirilən şəxs saxlanılarkən və ondan əvvəl də narkotik vasitə satması ilə məşğul olması müəyyən edilməmişdir. Hal-hazırda Şahid3 və qardaşı Təqsirləndirilən şəxs psixotro maddəni satan şəxsləri müəyyən etmək istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə baxışında şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili X5 eyni xususuatlar üzrə ifadə verərək Şahid1 göstərdiyi halları və faktları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X2 tərəfindən tərtib edilmiş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 və əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1 və X8 və şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid3 tərəfindən imzalanmış 04 fevral 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Şahid3 əynində qara rəngli gödəkçəsinin sol döş cibindən ağ rəngli şəffaf sellefona bükülünü könüllü təqdim edib, onun üzərindən heç bir qanunsuz əşya aşkar olunmayıb. Şahid3 təqdim etdiyi şəffaf sellofon bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilib. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd alışqan, əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd nokia markalı mobil telefon, 1 ədəd təsbeh, sağ yan cibindən 10 (on) qəpik məblğində pulunu və bir ədəd içərisində ağ rəngli şəffaf sellefona bükülünü könüllü təqdim edib. 01 ədəd alışqan, 01 ədəd nokia markalı mobil telefon, 1 ədəd təsbeh, və 10 (on)qəpik pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılıb. Onun üzərində şəxsi axtarış aparılırarkən üzərindən heç bir qanunsuz əşya aşkar olunmayıb. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofon bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilib. Aşkar edilmiş maddələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, i/v 56-58). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 04.02.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şahid3 və Təqsirləndirilən şəxs üzərlərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etmələri təklif edilmiş, Şahid3 əynində olan qara rəngli gödəkcənin sol döş cibindən bir büküm şəffaf sellefona bükülmüş psixotrop maddə olan metamfetamini təqdim edərək həmin bükülüdə psixotrop maddə metamfetamin olduğunu, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd alışqan, əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd nokia markalı mobil telefon, 1 ədəd təsbeh, sağ yan cibindən 10 (on) qəpik məblğində pulunu və bir ədəd içərisində ağ rəngli şəffaf sellefonda bükülünü təqdim edərək həmin bükülüdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şahid3 psixotrop maddə olan metamfetamini 1 gün əvvəl Yasamal rayonu ərazisində adını Vəli kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, Təqsirləndirilən şəxs isə 1 gün əvvəl Yasamal rayonu ərazisində adını Əli kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddələr sıfırlanmış elektron tərəzi ilə çəkilir, Şahid3 üzərindən götürülmüş psixotrop maddə olan metamfetamin 1,6 qram, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin isə 1,8 qram olması müəyyən edilmişdir. Sonra həmin maddələr kağız zərfə qoyularaq möhürlənir, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/511 saylı 05 fevral 2021-ci il tarixli ekspertiza rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə təmiz çəkisi 1.689 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalıq 1,639 qram çəkidə psixotrop maddə olan metamfetamin qalığı bağlamaya qoyularaq möhürlənib qaytarılmışdır (cild 1, i/v 67-70). İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2021ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 464 saylı 11 fevral 2021-ci il tarixli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 162-163). İş materiallarında olan 09 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 04.02.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materialına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 1,689 qram psixotrop maddə- metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,639 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlnaması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, i/v 180-197). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs 26 iyul 2017-ci il tarixdə Xəzər rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, i/v 174-178). İş materiallarına əlavə olunmuş 04 fevral 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 04 fevral 2021-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 46-47) İş materiallarına əlavə olunmuş 06 fevral 2021-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 fevral 2021-ci il tarixdən “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 128-129). İş materiallarında olan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sistemindən 05.02.2021-ci il tarixdə çıxarılmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, metamfetaminin külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini etiraf etməklə peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, sağ ayağının bud nahiyyəsindən amputasiya edildiyi üçün onun hərəkət imkanlarının çətin olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 109 (yüz doqquz) manat 90 qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla ona məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs oğluna məxsus, tədqiqatdan sonra qalıq qalmış 1,639 qram psixotrop maddə - metamfetamin məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına və Müdafiəçi1 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-183/2021 saylı, 30.04.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 25 iş saatı həcmində hüquqi yardımla bağlı 150 (yüz əlli) manat, məhkəmə icraatı zamanı göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04.02.2021-ci il tarixdən 06.02.2021-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat 90 qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 1,639 qram psixotrop maddəmetamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar