Məhkəmə qərarları › İş №1(004)-184/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-184/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-184/2020 08.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 50000 (əlli min) manat məbləğində borc pulu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(004)-4778/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(004)-1078/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona xx xxxxxxx 2019-cu il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(004)-4778/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 50000 manat məbləğində pulu və 24.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzini Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmədə o iştirakı etmədiyindən qətnamənin çıxarılmasından məlumatı olmamışdır. Daha sonra Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən bu barədə ona məlumat verilmişdir. 2016-cı ilin əvvəllərində Qurban adlı şəxslə oğlu Ramizin vasitəsilə tanış olmuşdur. Həmin ərəfədə oğlu Məmməd Qurban adlı şəxsin oğlu Ramizlə dostluq etmiş, onların tanışlığı dostluq münasibətinə çevrilmişdir. 2016-ci ildə Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən icarəyə verdiyi mağazada biznes fəaliyyətini genişləndirməkdən ötrü ona birlikdə işləməyi təklifi etmiş və bunun müqabilində 100000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O isə Zərərçəkmiş şəxs pulunun olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ona borca pul vermək imkanı olduğunu bildirdikdən sonra aralarında quracaqları biznes fəaliyyətinə görə onun əvəzinə qoyacaq 50000 manat məbləğində pula görə notarial qaydada müqavilə bağlamağı təklif etmişdir. xx xxxxxx 2016-cı il tarixdə Zərərçəkmiş şəxs ilə Abşeron rayonunun ərazisində yerləşən 1 saylı Notariat kontoruna gedərək sonuncudan 50000 manat məbləğində pulu borc almağına dair müqavilə bağlamışdır. Həmin vaxtdan bir müddət sonra Qurban adlı şəxs biznes fəaliyyətini qurmaqdan imtina etmiş və həmin mağazalara görə banka kredit borcu olduğu üçün həmin mağazalar bank tərəfindən 140000 manata satılmış və yerdə qalan məbləğdən yəni 22000 manat məbləğində puldan 20000 manatını Zərərçəkmiş şəxs olan borcundan vermiş, yerdə qalan məbləği yəni 30000 manatı hissə-hissə sonuncuya qaytaracağını bildirmişdir. O, Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda ümumilikdə hissə-hissə 30000 manata yaxın məbləğdə pul qaytardığını bildirmişdir. O, Zərərçəkmiş şəxs heç bir borcu olmadığı üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən bir neçə dəfə yuxarı instansiya məhkəməsinə şikayət etsə də, şikayətinə baxılmamış, bundan əlavə həmin qətnamənin hissə-hissə icra olunmasından ötrü aidiyyəti üzrə məhkəməyə ərizə ilə müraciət etmiş, lakin məhkəmə tərəfindən ərizəsi təmin olunmamışdır. Göstərilənlərə əsasən, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən Təqsirləndirilən şəxs ilə aralarında dostluq münasibətləri yaranmışdır. Onların dostluğuna səbəb Təqsirləndirilən şəxs oğlu Məmməd ilə oğlu Ramizin Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində bir binada qonşuluqda yaşamaları olmuş və bu münasibət ailəvi gediş-gəlişə çevrilmişdir. Həmin ərəfələrdə oğlu Ramiz, Təqsirləndirilən şəxs mülkiyyətində olan minik avtomobilini icarəyə götürərək işlətdiyini və bunun müqabilində sonuncuya vaxtı-vaxtında hər ay 300 manat icarə haqqı vermişdir. Həmin vaxtdan bir neçə müddət keçəndən sonra oğlu Ramiz, Təqsirləndirilən şəxs icarəyə götürdüyü minik avtomobilini iş olmadığı üçün sonuncuya geri qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək biznes fəaliyyətilə məşğul olmaqdan ötrü ondan 10000 manat məbləğində pulu yaxın müddət ərzində qaytarmaq şərti ilə borca istəmişdir. O, Təqsirləndirilən şəxs və ailəsini tanıdığına görə inandığı üçün sonuncuya istədiyi məbləği qaytarmaq şərti ilə borca vermişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonunun ərazisində bir neçə ərzaq və məişət əşyaları satılan mağazaları ona göstərərək özünə məxsus olduğunu və hal-hazırda maddi imkanı olmadığına görə mağazaları işlədə bilmədiyi üçün icarəyə verdiyi bildirmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra Təqsirləndirilən şəxs 2016-cı ilin dekabr ayında yenidən onun yaşadığı ünvana gələrək mağazaların özü tərəfindən işlədilməsindən ötrü qaytarmaq şərti ilə ondan 100000 ma- nat məbləğində borca pul istəmişdir. O, Təqsirləndirilən şəxs onda qeyd olunan məbləğdə pulun olmadığını və 50000 manat borca verə biləcəyinə bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşaraq həmin məbləği ondan istəmişdir. O, yaşadıqları evin yaxınlığında olan Notariat kontoruna gedərək aralarında borc müqaviləsi bağlayaraq 50000 manat məbləğində pulu nəğd şəkildə Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs aralarında bağlanmış müqaviləyə əsasən borca aldığı məbləği xx xxxxxx 2017-ci il tarixdə tam olaraq ona qaytarılmasını öz öhdəsinə götürmüşdür. Qeyd olunan müddət başa çatdıqdan sonra, o, həmin məbləği Təqsirləndirilən şəxs tələb etməyə başlamış, sonuncu isə müxtəlif bəhanələr gətirərək ona borclu olduğu məbləği qaytarmaq əvəzinə qaçaraq gizlənmişdir. Bundan sonra o, məcburiyyət qarşısında qalaraq 2018-ci ilin yay aylarında Təqsirləndirilən şəxs barəsində aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə tərəfindən 50000 manat məbləğində borc pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 24 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair xx xxxx 2018-ci il tarixli, 2(004)-4778/2018 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra Təqsirləndirilən şəxs qətnamədə qeyd olunan məbləğdən ona heç bir ödəniş etməmiş və qeyd olunan məbləği Təqsirləndirilən şəxs dəfələrlə tələb etməyinə baxmayaraq sonuncu borclu olduğu məbləği ödəmək əvəzinə müxtəlif bəhanələr gətirərək məhkəmə qətnaməsinin icrasından yayınmışdır. O, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsində qeyd olunan məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(004)-4778/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən 50000 manat məbləğində borc pulu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 24 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ödəməlidir. Borcluya məhkəmə qətnaməsinə dair icra tələbini könüllü olaraq qanunla müəyyən olunmuş müddət ərzində icra edilməsi üçün bildiriş göndərilmiş, lakin o heç bir üzrlü səbəb olmadan icra tələbini icra etməmiş və bunun üçün heç bir səy göstərməmişdir. İcra sənədini icra etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti, bank hesabları və digər gəlir mənbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmişdir. Bundan əlavə görülmüş tədbirlər nəticə vermədiyindən borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(004)- 1078/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə tənbeh növü təyin edilmişdir. Borclu məhkəmə qərarı ilə həbs olunduqdan sonra qanuna müvafiq olaraq ona icra sənədinin icrası üçün yeni müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada bildiriş verilmişdir. Bütün bunlara baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də, vədinə əməl etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)-4778/2018 saylı qətnaməsindən aydın olur ki, cavabdeh Təqsirləndirilən şəxs 50000 (əlli min) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2018-ci il tarixli icra vərəqəsindən və xx xxxxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)-4778/2018 saylı qətnaməsi icra olunması üçün Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli qərardan və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, xx xxxxxxxx 2018-ci il tarixdə iscra sənədi üzrə icraata başlanılmış və Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019cu il tarixli 3(004)-1078/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 8(004)-348/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 xx xxxxxxxx 2019-cu il tarixli “cinayət məsuliyyətinə cəlb olunma haqqında” təqdimatından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)-4778/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək haqqında” xx xxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti MKTB-nin 56 saylı MKİS tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində MKİS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sisteminin qohumluq məlumatları hissəsindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2009-cu il təvəllüdlü Fatimə adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məhkumluq haqqında tələbnamədəngörünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 50000 (əlli min) manat məbləğində borcu vardır. Məhkəmə aktını icra etməməyə görə müvafiq inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra da borcdan heç bir ödəniş etməmiş, zərərçəkmiş şəxslə razılıq əldə etməmişlər. Başqa sözlə, inzibati məsuliyyətə cəlb edilmə nəticəsiz qalmış, bu inzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 2 oktyabr tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin cinayət məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə tətbiq edilmiş inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə aktını icra etməməyə görə müvafiq inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra vurulmuş ziyandan heç bir ödəniş etməməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməməsini nəzərə alıb hesab edir ki, onun buna görə inzibati məsuliyyətə cəlb edilməsi nəticəsiz qalmışdır. İnzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərmədiyindən cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs həmin əmələ görə cəza çəkmədən islah olunması mümkünsüzdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları alternativ cəzalar kimi nəzərdə tutulmuşdur. Məhkəmə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və zərər çəkmiş şəxsə olan yüksək məbləğdə borcdan heç bir məbləğ ödənilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 306.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, haqqında “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X1 və Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(004)-184/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli vəkil hesabatından aydın olur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilməklə, 21 (iyirmi bir) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 21 (iyirmi bir) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 126 (bir yüz iyirmi altı) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, haqqında “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 126 (bir yüz iyirmi altı) manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar