Məhkəmə qərarları › İş №1(004)-184/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-184/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-184/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 88V ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 fevral 2021-ci il tarixdə axşam radələrində Bakı şəhəri Yasamal rayonu “Yasamal Bazarı” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd polietilen sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,313 qram olan ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış və 04 fevral 2021-ci il tarixdə saat 18:00-da ünvan 1 ünvanın qarşısında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, inzibati binada onun üstündə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd polietilen sellofan kəsiyi bükümündə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iki-üç ildir ki, o, narkotik vasitə aludəçisidir. 04 fevral 2021-ci il tarixdə saat 18:00-da o, yaşadığı Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 88V ünvanının qarşısında qardaşı Şahid3 ilə birlikdə piyada yol gedərkən bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin əldə olunması və istifadəsində şübhəli olduğunu bildirərək onu və qardaşı Şahid3 Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 29-cu polis şöbəsinə gəlmişlər. Polis şöbəsində xidməti otaqların birində ona narkotik vasitə təqdim edilərək üzərinə götürməsini, əks halda təhdid edərək evinin əlindən alınacağını bildirmişlər. Buna görə də o, məcbur olub narkotik vasitəni öz üzərinə götürmüşdür. Bundan sonra hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına dəvət olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla saat 19:30 radələrində onun və qardaşının üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim edib ona məxsus olmasını bildirmiş və tərtib olunmuş protokolu bütün iştirakçılarla birlikdə imzalamışdır. Verilmiş suallar əsasında Təqsirləndirilən şəxs qardaşının təhdid edilmədiyini yalnız özünün polis əməkdaşları tərəfindən təhdid edildiyini bildirmişdir. O, əlavə olaraq bildirmişdir ki, qonşularının onlar barəsində verilmiş şikayəti əsasında qardaşı ilə birgə saxlanılmışdır. Göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs son sözündə himayəsində bir azyaşlı övladının olması nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 04 fevral 2021-ci il tarixdə onun xidmət etdiyi idarəyə etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal onun tərəfindən raport əsasında İdarənin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ona həvalə edilərək onun rəhbərliyi altında qrupun üzvü Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 olmaqla birgə əməliyyat qrupu yaradılmışdır. 04.02.2021-ci il tarixdə saat 18:00-da Şahid1la birlikdə keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında bir nəfər şəxslə birlikdə piyada hərəkətdə olarkən müəyyən edilərək saxlanılmışdır. Saxlanılanların şəxsiyyəti ilə maraqlandıqda onların xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və qardaşı xx.xx.1979-cu il təvəllüdlü Şahid3 olmaları məlum olmuşdur. Onlar həmin şəxsləri saxlayarkən özlərini onlara təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumatlarının olduğunu bildirib onlara Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmələrini təklif etmişlər. Təqsirləndirilən şəxs və Şahid3 təkliflə razılaşıb onlarla birlikdə oradan Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs və Şahid3 saxlanılaraq 29-cu PŞ-nə gətirilməsi barədə dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Vüsal Həsənquliyevə həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı Vüsal Həsənquliyev öz növbəsində Təqsirləndirilən şəxs və Şahid3 üzərlərində şəxsi axtarış keçirilməmişdən əvvəl onlara müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən, Şahid3 isə hüquqlarının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X8 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiklərindən təhqiqatçı həmin vəkilləri şöbəyə dəvət etmişdir. Daha sonra təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs və Şahid3 04.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, onlara hüquq və vəzifələri izah edilmiş, bundan sonra videoçəkiliş aparılmaqla üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onlara üzərlərində qanunsuz saxladıqları əşyalar və ya bilavasitə narkotik vasitə varsa, könüllü təqdim etmələri təklif olunmuşdur. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol döş cibindən bir ədəd ağ rəngli şəffaf sellofan bükümü təqdim edib həmin bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 03.02.2021-ci il tarixdə Yasamal rayonu ərazisində üzdən tanıdığı Vəli adlı şəxsdən özünün istifadəsi üçün alıb əynində olan qara rəngli gödəkçəsinin sol döş cibinə qoyduğunu bildirmişdir. Həmin bükülü açıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Şahid3 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofan bükümü təqdim edib həmin bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şahid3 həmin psixotrop maddəni 03.02.2021-ci il tarixdə Yasamal rayonu ərazisində üzdən tanıdığı Əli adlı şəxsdən özünün istifadəsi üçün alıb əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoyduğunu bildirmişdir. Həmin bükülü açıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən Şahid3 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs və Şahid3 üzərlərinə şəxsi axtarış keçirilməsinə dair təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən müvafiq protokol tərtib olunmaqla onlardan aşkar olunmuş həmin maddələr zərfə qoyularaq möhürlənmişdir. O, da şəxsi axtarışda iştirak edərək bütün iştirakçılar kimi həmin protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən «Sony» markalı videoçəkən aparat vasitəsilə videoçəkiliş aparılıb qeydə alınmış görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şahid2 Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatların həqiqətə uyğun olmadığını və yalnız məsuliyyətdən yayınma məqsədi daşıdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, 4-5 ildir ki, narkotik vasitələrdən istifadə edir. Nartotik vasitələri müxtəlif şəxslərdən öz istifadəsi üçün alır. 03 fevral 2021-ci il tarixdə günorta saatlarında “Yasamal bazarı” adlanan yerdən üzdən tanıdığı, adının Əli olduğunu bildiyi, lakin haqqında başqa heç bir məlumatı olmayan şəxsdən şəxsi istehlakı üçün 10 manata bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddəni cibinə qoyaraq özü istifadə etmək üçün saxlamışdır. 04 fevral 2021-ci il tarixdə saat 18:00-da yaşadığı Yasamal rayonu 1-ci Alatava küçəsi ev 88V ünvanının qarşısında qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə piyada şəkildə hərəkətdə olarkən bir neçə nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim edəndən sonra onu və qardaşı Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişlər. Polis Şöbəsində hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Dəvət olunmuş vəkilin, polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkilişlə saat 19:50-də üstünə şəxsi axtarış keçirilərkən ona üzərində hər hansı qanunsuz əşya varsa könüllü təqdim olunması təklif edilmişdir. O, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd alışqan, əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd nokia markalı mobil telefon, 1 ədəd təsbeh, sağ yan cibindən 10 (on) qəpik məblğində pulunu və bir ədəd içərisində ağ rəngli şəffaf sellefona bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin psixotrop maddəni Yasamal rayonu ərazisində üzdən tanıdığı, adını Əli kimi bildiyi şəxsdən 10 manata öz istehlakı üçün aldığını bildirmişdir. Aşkar edilən psixotrop maddə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmişdir, o, vəkilin və polis əməkdaşlarının iştirakları ilə tərtib edilmiş protokolu və zərfi imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 04 fevral 2021-ci il tarixli raportlar, əmr və qərardan müəyyən edilir ki, həmin tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 İdarənin rəisi İslam Hümbətova raportla müraciət edərək ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. İdarə rəisi İslam Hümbətov tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə idarənin əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid1 daxil edilməklə, qrupa rəhbərliyin əməliyat müvəkkili Şahid2 həvalə edilməsinə dair Ə44-008-21 nömrəli əmr verilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar idarə rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmişdir. Üzərində 04 fevral 2021-ci il tarixli 54 nömrəli daxil olma ştampı olan, əməliyyat müvəkkilli Şahid2 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə saat 18:00-da yanında olan qardaşı, xx.xx.1979-cu il təvəllüdlü Şahid3 ilə birlikdə ünvan 4 ünvanının qarşısında saxlanılaraq 29-cu PŞ-nə gətirilmişlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.: 5-22) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 04 fevral 2021ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmiş, həmin bükülü açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 7 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “Sony” markalı video aparat vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. (iş vər.: 51-53) Məhkəmə daxili inamına və iş üzrə sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərində nəinki ittihamda verildiyi 1,313 qram, ümumiyyətlə psixotrop maddənin olmamasına dair məlumatlar öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, 04 fevral 2021-ci il tarixdə şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona təklif edilir ki, üzərində hər hansı qanunsuz əşya varsa təqdim etsin. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən hər kəsin yanında həmin bükülü açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək götürülüb zərfdə qablaşdırılaraq iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Bundan başqa müəyyən edildi ki, baxış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs bir ədəd şəffaf sellofanda olan bükümü təqdim edib içərisində psixotrop maddə olan metamfetamin olmasını, həmin maddəni bir gün əvvəl Yasamal rayonu ərazisində Vəli adlı şəxsdən 10 manata öz istifadəsi üçün satın aldığını bildirmişdir. Həmçinin baxış zamanı onun müdafiəçisi Müdafiəçi1 ona sual ünvanlayaraq təqdim etdiyi psixotrop maddənin ona aid olub-olmamasını, o cümlədən saxlanılarkən ona təzyiq göstərilib-göstərilməməsini soruşmuş, Təqsirləndirilən şəxs isə həmin psixotrop maddənin ona aid olmasını və saxlanılarkən təzyiq göstərilmədiyini əminliklə təsdiq etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında 04 fevral 2021-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 5(004)-140/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Odur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən materiallar məhkəmə tərəfindən sübut kimi qəbul edilir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2021-cı il tarixli 6/511 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 7”möhür əksi olan və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” və s. yazılar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,313 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin metamfetaminin qalıq çəkisi 1,263 qramdır. (iş vər.: 62-66) İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 11 fevral 2021-ci il tarixli 465 nömrəli rəyindən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin məhz hansı müddətə təyin edilməsi Ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vər.: 156- 157) Rəyin təsviri hissəsindən həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində üzərində aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını bildirməsinə baxmayaraq 11 fevral 2021-ci il tarixdə o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyası tərəfindən müayinə olunan zaman bildirmişdir ki, təxminən 2-3 ildir ki, arabir, düşəndə narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Həmçinin qeyd edilmişdir ki, ondan aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetamini özü istifadə etmək məqsədilə əldə edib saxladığını bildirmişdir. (iş vər.: 156-157) Beləliklə məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli biləməyərək ifadəsində göstərdiyi xüsusatları özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı çahid ifadələri və işin digər halları ilə Təqsirləndirilən şəxs ifadəsindəki məlumatlar tam şəkildə təkzib edilmiş, hətta o, məhkəmə iclasında şahidlərlə üzləşmə zamanı göstərdiyi xüsusatları israrla təsdiq etməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatlar yalnız məsuliyyətdən yayınma məqsədi daşıyır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işinin materiallarından təqsirləndirilən şəxs Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin ayrılaraq yeni nömrə ilə istintaqn davam etdirilməsi qərara alınmışdır. 10 mart 2021ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması və icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. (iş vər.: 172- 189; 191-192) Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə psixotrop maddə hesab edilən metamfetamin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 1,313 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin,”eləcə də məhsul”yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən”edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda”əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya”üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə 04 fevral 2021-ci il saat 18:00-dan hesablanmışdır. (iş vər.: 22) 06 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (iş vər.: 96-97) İş materiallarında olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru Elman Süleymanovun 06 fevral 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiq Ceyhun Hüseynovun 06 fevral 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (iş vər.: 115-118) İş materiallarına əlavə edilmiş 06 fevral 2021-ci il tarixli qərardan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər.: 124-125) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən 01 sentyabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 245205 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X2 arasında həmin tarixdə nikah bağlanılmaqla 717 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 03 avqust 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 935699 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 27 iyun 2012-ci il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 15 fevral 2021-ci il və 15 aprel 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə cəzası təyin edilmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 08 mart 2021-ci il tarixli, 21-1/108449 nömrəli məktubla müəyyən olunur ki, Təqsirləndirilən şəxs “28 may- Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə ona təyin olunmuş 150 manat cərimə cəzasından azad olunmuşdur. (iş vər.: 147-149; 171) Tələbnamələrdən və iş materiallarından müəyyən edilir ki, hazırda Təqsirləndirilən şəxs oğlunun üzərində məhkumluğu yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını və himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,”azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,”islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməklə onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi” müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin”09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı,”belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata” götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,263 qram psixotrop maddə olan metamfetamin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1ədəd disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. (iş vər.: 63) Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,263 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,263 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar