Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-184/2022 29.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları ərazisində nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Şamaxinka" deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı rəngli kağızdan olan bükümdə olmaqla ümumi təmiz çəkisi 0,481 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üstündə saxlamaqla daşımış, 07 fevral 2022-ci il tarixdə saat 19:50 dəqiqədə Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 88 ünvanı yaxınlığında yerləşən avtobus dayanacağı qarşısında Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd qızılı rəngli kağızdan olan bükümdə təmiz çəkisi 0,481 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Əvvəllər qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur, 2020-ci ildə azadlığa buraxılmışdır. Ailəlidir, lakin himayəsində övladı yoxdur. Hazırda heç bir yerdə işləmir, arada bir avtobuslarda xırda cibgirliklə məşğul olur və bununla da dolanır, həmçinin özünə narkotik vasitə əldə edir. 07 fevral 2022-ci il tarixdə saat 11 radələrində o, Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” deyilən yerdə bir nəfər üzdən tanıdığı, lakin barəsində heç bir məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 20 manata 1 ədəd qızılı rəngli kağızdan olan bükümdə narkotik vasitə heroin əldə etmiş və əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Həmin vaxt o, əldə eldiyi narkotik vasitədən bir qismini istifadə etmiş, qalan hissəsini isə elə həmin bükümdə əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibində saxlamışdır ki, sonradan istifadə etsin. Həmin tarixdə saat 19:50-də o, Yasamal rayonu Moskva prospekti 88 ünvanı yaxınlığında yerləşən avtobus dayanacağı qarşısında dayanmışdır və sərnişin avtobusunu gözləyirmiş. Həmin zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar və özlərini təqdim edərək Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonuncular ona özünü təqdim etməyini söyləmişlər və o xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhic bağları ərazisində yaşadığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadə edilməsində, eləcə də cibgirliklə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər və onu 29-cu PŞ- nə dəvət etmişlər. O razılaşmış və həmin əməkdaşlarla birlikdə həmin polis bölməsinə getmişdir. Orada ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün ona dövlət vəsaiti hesabına vəkil ilə təmin olunacağını bildirmişlər, o etiraz etməmişdir. Bundan sonra ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim elmişlər və o həmin siyahıdan vəkil X2 dəvət edilməsini istəmişdir. Bundan sonra həmin bürodan vəkil X5 dəvət edilmiş və ona təqdim edilmişdir. Bundan sonra həmin polis bölməsinin xidməti otaqlarının birində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində qanunsuz nə varsa çıxarıb masanın üzərinə qoymağı təklif edilmişdir. Həmin vaxt həmin otaqda təhqiqatçı, onu saxlayaraq polis bölməsinə gəlirmiş həmin iki nəfər polis əməkdaşları və vəkil Nizami Canıyev var idilər. O da əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan 1 ədəd qızılı rəngli kağızdan olan bükümü cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümdə nə olduğu soruşulanda o bildirmişdir ki. həmin bükümün içərisində narkotik vasitə olan heroin var. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən açılmış və bükümə baxış keçirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa bir əşya aşkar olunmamışdır. Sonra isə onun təqdim etdiyi həmin büküm 1 ədəd zərfə qablaşdırılmış, həmin zərf möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin zərfdə olan onun üzərindən aşkar edilmiş heroin ekspertizaya göndərilmişdir. Qeyd edilən hərəkətlər zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru vəzifəsində işləyir, əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 07 fevral 2022-ci il tarixdə saat 19:50 radələrində Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Yasamal rayonu ərazisində cibgirliklə və narkotik vasitələrin qanunsuz əldə etməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 88 ünvanında yerləşən avtobus dayanacağı qarşısında olduqları zaman, orada zahiri əlamətlərinə görə F.Vcrdiyevə oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Onlar həmin şəxsdən kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olduğunu, Bakı şəhəri Sabunçu rayonu Ləhic bağları ərazisində yaşadığını demişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs cibgirliklə, eləcə də narkotik vasitələrin qanunsuz əldə etməsi və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və bununla bağlı sonuncunu Yasamal RPİ-nın 29cu PŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış və onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququ olduğunu bildirilmiş və sonuncu təqdim edilmiş siyahıdan Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X5 müdafiəçi qismində dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmiş, sonra isə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs bildirilmişdir ki, sonuncunun üzərində şəxsi axtarış keçiriləcəkdir və üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd qızılı rəngli kağızdan olan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, spesifik iyə malik kütlə aşkar olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisində olan maddə “kokos" adlanan narkotik maddə olan heroindir və həmin maddəni F.Vcrdiyev həmin gün səhər saatlarında Nəsimi rayonu “Şamaxinka” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pulun müqabilində əldə etmişdir. Bundan sonra həmin büküm bağlanaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərində başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm zərfə qoyulmuş və zərf DİN-in 169 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış 01 ədəd büküm içərisində olan maddələrin tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Bundan əlavə Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə barədə heç bir əməliyyat məlumatı əldə edilməmişdir və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində Şahid2 ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/779 saylı, 08 fevral 2022-ci il tarixli ekspertiza rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №169” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,481 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasilələr”in İ siyahısına daxildir. Ekspert tədqiqatı zamanı 0,481 qram olan ümumi çəkidən 0,05 qram çəkidə heroin sərf edilmiş, tədqiqatdan sonra 0,431 qram heroin qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 699 saylı, 14 fevral 2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.11.2013-cü il tarixli hökmü ilə CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunub, 10.07.2020-ci il tarixdə cəza müddəti başa çatıb. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 07.02.2022-ci il tarixdə tutulmuş, Yasamal Rayon prokurorunun 09.02.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 02 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin 14.04.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, 21.04.2022-ci il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 21 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,431 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-184/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-184/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver