Məhkəmə qərarları › İş №1(004)-184/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-184/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-184/2023 06.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi Xalıq qızının iştirakları ilə, xx.xx.1976-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, xx.xx.2018-ci il tarixli Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə hökm dəyişdirilib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış və hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,429 qram, 0,346 qram və 0,823 qram, ümumi təmiz çəkisi 1,598 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kütləsi kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci tarixdə, saat 22:30-da Yasamal Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzaibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd ağ şəffaf rəngli bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,429 qram, 0,346 qram və 0,823 qram, ümumi təmiz çəkisi 1,598 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kütləsi kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, bədənində ağrılar olan zaman psixotrop maddə hesab edilən metamfetamin qəbul edirdi. Hər dəfə psixortop maddəni ayrı-ayrı şəxslərdən alıb qəbul edir və həmin şəxsləri tanımır. xx.xx.2022-ci il tarixdə, “Kubinka” adlanan yaşayış sahəsində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi bir nəfər şəxsə 20 manat ödəyərək öz istifadəsi üçün 03 ədəd ağ şəffaf rəngli bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddəni 03 ədəd ağ şəffaf rəngli bükümdə əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 22:30-da ünvan 2 ünvanının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Yasamal Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını və psixotrop maddələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirməklə onu Yasamal RPİ-nin inzibati binasına dəvət etdilər. Daha sonra ona hüquq vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil ayrılmışdır. Onun üstündə axtarış və götürmə aparılması barədə qərarla tanış edilmiş və ona təklif etdilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, onda könüllü çıxarıb təqdim etsin. O da hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd ağ şəffaf rəngli bükümdə psixotrop maddə metamfetamini təqdim etdi. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumata əsasən əməliyyat tədbirləri keçirilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 22:30-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 2 ünvanının yaxınlığında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə o, xx.xx.1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə məlumatların olduğunu bildirərək ona Yasamal Rayon Polis İdarəsinə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Polis İdarəsinə gəlmişdir. Bölmədə ona hüquq vəv vəzifələri izah edilmişdir. Hüquqlarının müdafiəsi üçün müdafiəçi ayrılmışdır. X3 şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» mobil telefonun kamerasından istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra X3 ona hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs saxlanılarkən hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığnı və özü barədə anket məlumatlarını X3ə bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olduğu təqdirdə könüllü surətdə təqdim etməsinin təklif edilmişdir. Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli idman şalvarın sağ yan cibində 03 ədəd ağ şəffaf rəngli bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçısı Ariz Qədməliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkilləri polis serjantı Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:30-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə gətirilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs üstünə həmin gün, saat 00:20-da «İphone” markalı mobil telefon vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli, idman şalvarının sağ cibindən 03 ədəd ağ rəngli bükümlərdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddənin aşkar olunaraq götürülməsi barədə üç nəfər polis əməkdaşının, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə gürüntülər 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir (səh. 41-43). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunması, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 03 ədəd ağ şəffaf rəngli bükümü təqdim edərək masanın üzərin qoyması, bundan sonra təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparması, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmaması, daha sonra təhqiqatçısı Ariz Qədiməliyev həmin bükümlərin hər birini açaraq içərisinə keçirilən baxış zamanı bükümlərin içində ağ rəngli kristal şəkilli maddə aşkar olunması, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki maddələrin metamfetamin olduğunu, dünən gecə saatlarında Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini, satmaq niyəti olmadığını, həmin tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə gətirildiyini bildirməsi müşahidə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının xx.xx.2022ci il tarixli, 6/6349 nömrəli ekspertiza rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş üç ədəd bükümdə təmiz çəkiləri 0,429 qram, 0,346 qram və 0,823 qram ümumi təmiz çəkisi 1,598 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kütləsi kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına 0,100 qram çəkidə hissəsi sərf edilmiş, 1,498 qram çəkidə hissəsi qalıq qalmışdır (səh. 50-55). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin Ambulator X1 xx.xx.2023cü il tarixli, 75 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 126-127). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2023-cü il tarixli “Sübutlara qiymət verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən həmin elektron məlumat daşıyıcısı olan “DVD” təyinatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Bundan başqa maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,100 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 1,498 qram təşkil edən həmin psixotrop maddə metamfetaminin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir (səh. 43, 143-153). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və məhkəmə hökümundən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublika Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1. və 234.2-ci maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə, xx.xx.2018-ci ildə Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublika Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, xx.xx.2018-ci il tarixli Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə hökm dəyişdirilib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, Məhkumluğu götürülməmiş və ödənilməmişdir (səh. 116-118,128- 140). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 28-29). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 4(004)-931/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qəimkan tədbiri seçilmişdir (səh. 86-90). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə hesab edilən metamfetamini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublika Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, xx.xx.2018-ci il tarixli Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə hökm dəyişdirilib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin resedivi halını yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan 1,498 qram psixotrop maddə metamfetamin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 1(004)-184/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 1,498 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Xalıq qızının vəkil işlədiyi Bakı şəhər Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar