Məhkəmə qərarları › İş №1(004)-186/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-186/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-186/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi X7, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Xalxal ərazi dairəsi, Xalxal kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə binaya və saxlanc yerinə qanunsuz daxil olub oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 00:26:47 radələrində ünvan 2 ünvanında yerləşən “xxxxin” arxa tərəfində olan giriş qapısını özündə olan açarla açaraq marketin binasına qanunsuz daxil olduqdan sonra sındırma aləti olan dəmir lingdən istifadə etməklə marketdə quraşdırılmış Zərərçəkmiş şəxs1 MMC-yə məxsus saxlanc yeri hesab edilən “Milliön” elektron ödəmə terminalının dəmirdən olan inkasassiya qapısının daxili kilidini açıb ödəmə terminalından içərisində 8147 manat pul vəsaiti olan 300 manat dəyərində pul kasetini və bundan başqa həmin sındırma aləti olan dəmir lingdən istifadə etməklə Zərərçəkmiş şəxs2 ASC-nə məxsus saxlanc yeri hesab edilən “Expresspay” elektron ödəmə terminalının dəmirdən olan inkasassiya qapısının daxili kilidini açıb ödəmə terminalından isə içərisində 3448 manat pul vəsaiti olan pul kasetini gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 MMC-yə 8447 manat və Zərərçəkmiş şəxs2 ASC-nə 3448 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin iyul ayından ünvan 3 ünvanında aylıq 80 manat müqabilində kirayədə yaşayır.Ailəsi beş nəfərdən ibarətdir. Onun atası X14 fərdi əməklə məşğuldur, anası X15 evdar qadındır, X17 bacısı və X16 isə qardaşıdır. 2015-ci ilin mart ayının 26-dan Bakı şəhərində “xxxxin” müxtəlif filiallarında satıcı, çeşidləyici, mal qəbulu operatoru işləmişdir. 2020-ci ilin sentyabr ayının 21-dən o, “xxxxin” yəni ünvan 4 ünvanında yerləşən “İnşaatçılar” filialında müdür müavini vəzifəsində işləmişdir və aylıq əmək haqqı 620 manat olmuşdur. 2019-cu ilin fevral ayının 23-də X10 ilə nişanlanmış, lakin Azərbaycan Respublikası ərazisində “Covid 19” pandemiyası ilə əlaqədar olaraq toy məclisi təşkil edə bilməmişdir. Nərmin Məmmədova ilə ayrı yaşasa da o, Nərminlə rəsmi olaraq nikaha daxil olmuşdur. Ailə həyatı qurduqdan sonra onlara yaşamaq üçün ayrı ev almaq lazım olduğundan bu məqsədlə də onun atası X14 özünə məxsus 2 hektar 50 sot taxıl sahəsini 7000 manata, qapıda olan mal qaranı 2200 manata satmış, 2500 manat kreditə götürüb ona vermişdir. 5000 manatı isə onun qayınatası Əziz Məmmədov köməklik etməklə onun ümumilikdə 16500 manat pulu olmuşdur. 2 il ərzində isə o, 3500 manat özü maaşından yığmaqla 20000 manat pul toplamışdır ki, Bakı şəhərindən özünə ev alsın. Bu məqsədlə Abşeron rayonu, Xırdalan qəsəbəsi, X20 küçəsi 132 ünvanında yerləşən 82 kv/m mənzili 80000 manat müqabilində almaq qərarına gəlmişdir və fikirləşmişdir ki, 25 faiz ilkin ödəniş edib təmirli mənzilə aylıq 473 manat olmaqla 25 il müddətində ödəyər. Bu məqsədlə o, xx.xx.2020-ci il tarixdə 1000 manat ofis haqqı olmaqla 500 manata X4 ilə alqı satqının beh müqaviləsini 1500 manata bağlamışdır. Ondan sonra bankın sənədlərini toplamışdır. İlkin ödənişi əvvəlcə 20000 manat danışsalar da sonradan ilkin ödənişi maaşına görə 25000 manat hesablamışlar. Onun buna görə də 5000 manat pula ehtiyacım yaranmışdır. O, dəfələrlə müdiriyyətdən borca kredit istəsə də ona həmin pulu verməmişlər. xx.xx.2020-ci il tarixdə o, evin rəsmiləşməsi üçün 25000 manat pulu verməli idi, lakin 5000 manatı çatmadığından o, tam ödəniş edə bilməmişdir. Buna görə də çox sıxılmış və nə edəcəyini bilməmişdir.xx.xx.2020-ci il tarixdə saat 07:53-də işə gəlmiş və siqnalizasiyanı açmışdır. Onun işi orada mağazanın açılışına və bağlanmasına, həmçinin marketin bütün işlərinə nəzarət etməkdən ibarət olmuşdur. Həmin günü saat 17:13-də o, işdən çıxmış və “xxxxin” Yasamal filialına getmişdir ki, nişanlısı X8 işdən götürüb evə ötürsün. Evə gəlmiş və İlham adlı tanış bərbəri çağırmışdır ki, onun saçını evdə qırxsın və İlham gəldikdən sonra onun saçını düzəltdirmişdir. Daha sonra isə o, hamama girib yuyunub çıxmışdır. Gecə iş yerinə qayıtmış və marketdə axşam növbəsində olan müavin Tərlan Novruzova demişdir ki, evə getsin və sabah gəlib açılışı edər. Bundan başqa o, Tərlana sabah banka getməli olduğunu da demişdir.Bundan müdiri Fərhadlı Fərhadın xəbəri var olmuşdur. Axşam xidmətdə olarkən saat 22:39-da marketin 2-ci mərtəbəsinin siqnalizasiyasını və 3 dəqiqədən sonra isə saat 22:42-də ümümi siqnalizasiyanı qoşmuşdur.Siqnalizasiya normal işləmədiyi üçün 1-ci mərtəbədə siqnalizasiya qoşulmamışdır. Sonra o, piyada çıxıb evə getmişdir.Evə gəlmiş və evdə əynini dəyişərək qara cins şalvar, qara yay gödəkçəsi geyinmiş, üzərinə sport yazılan çantasını götürmüşdür. Çantanın içərisinə vintaçan, “rent house” yazısı olan qara paket, dəmir parçasını qoymuş və qara rəngli papağın göz hissəlini deşərək maska halına salınmış papağı götürərək evdən çıxmışdır. xx xxxxxx 2020-ci il saat isə 00:15 radələrində o, “xxxxin” arxa qapısına yaxınlaşmış, arxa qapını əlində olan çöl qapını açan açarla açıb içəri daxil olmuşdur. Həmin açar arxa qapını açan açar deyilmiş, lakin qapıya düşmüşdür. Qapını açmış və başında papaq, çiynində sport çanta ilə içəriyə daxil olub növbəti qapını açmış və qapının üstündə olan kameranın üzünü çevirmişdir ki, çəkməsin. Marketin içərisində 5-10 dəqiqə fırlanmış, mağazanın içərisini yaxşı tanıdığından elə yerlərdən keçmişdir ki, siqnalizasiya tutmasın. Mağazanın sol tərəfində olan 4 ədəd ödəniş terminallarına yaxınlaşmış.Həmin terminallardan 2 ədədi “Emanata” məxsus, biri “Milliön” aparatı, digəri isə “Easplay Express” banka aid olmuşdur. Birinci “E-manat” terminalına yaxınlaşmış və həmin aparatın açılmasının mümkün olmadığını görmüş və aparatın kənarını dəmir parçası ilə zədələsə də lakin pul çıxara bilməmişdir. Daha sonra “Milliön” aparatına keçmiş, dəmir parçasını aparatın künc hissəsindən salaraq qapağını sındırmış, içərisində olan 1 ədəd qara rəngli pul qutusunu çıxarıb yerə qoymuşdur. Daha sonra “Expresspay” ödəniş aparatına müdaxilə etmiş, həmin aparatın da dəmir parçası ilə qapağını sındırmış və içərisində olan 1 ədəd qara qutunu götürüb qara paketə qoymuşdur.Qutular idman çantasına yerləşmədiyinə görə o, həmin pul qutularını paketə qoymuş və həmin paketin üzərində “Brend house” yazısı yazılmışdır. O, eyni qaydada marketə gəldiyi arxa qapıdan çıxmış və piyada “Məhsul” stadionundan keçib yaşadığı evə getməyə çalışmışdır. Ara yollarla piyada hərəkət etmiş və Şərifzadə küçəsi 166 ünvanın qarşısında binanın tinində zirzəmi tipli yerin qarşısında qutunun birini sındırıb pulları dərhal idman çantasına qoymuşdur. Digər qara qutunu sındırmaq istəyərkən binadan kiminsə öskürdüyünü eşitmiş və bu səsdən sonra o, özünü itirmişdir. Qutuların hər ikisini ora atmış və oradan uzaqlaşaraq üzü “Günəş” petrola tərəf getmişdir.Qutunun birini heç açmamışdır, ancaq pul götürdüyü qutuda pulun bir hissəsi qalmışdır. Oradan evə gəlmiş və evə girib zibilləri götürmüşdür ki, zibilliyə atsın. Zibilləri papaqla birlikdə zibilliyə atmış, qutunun ikisini isə artıq dediyi kimi binanın tinində atmışdır. Vintaçanla, dəmir parçasını, sport yazısı olan idman çantasını, “brend house” paketini evdə saxlamışdır. Qorxu və həyacan hissindən pulu saymamış və elə bilmişdir ki, GPS-lə izlənir. Sonra evə gedib yatmışdır. Səhəri gün içi rahat olmamış və “xxxxə” getmişdir.İşdə olan zaman DİN-in 102 xidmətinə “xxxxdə” oğurluq olması barədə məlumat vermişdir.Polislər hadisə yerinə gəlmişlər və hadisəni sənədləşdirmişlər. Siqnalizasiyanın qoşulmaması səbəbindən onları polis şöbəsinə gətirmişlər. Orada o, hadisəni olduğu kimi tam səmimi danışmış və hadisəni necə törətdiyini etiraf etmişdir. Oğurlamış olduğu puldan 1857 manat pulu, dəmir parçasını, “brend house” yazılan paketi, sport idman çantasını, hadisə zamanı geyindiyi yay gödəkçəsini, qara şalvarı və ayaqqabını təhvil vermişdir. 1857 manat pul 257 ədəd 1 manatlıqdan, 90 ədəd 5 manatlıqdan, 25 ədəd 10 manatlıqdan, 45 ədəd 20 manatlıqdan ibarət olmuşdur. Zərərçəkmiş hüquqi şəxslərə dəymiş maddi ziyan onun tərəfindən tam ödənilmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş hüquqi şəxlərin ona qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, şahidin ifadələri, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi X11 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 ASC-nin Hüquq Departamentinin Mübahisəli məsələlərin hüquqi tənzimlənməsi şöbəsinin böyük hüquqşünası vəzifəsində işləyir. İbtidai isitntaqı aparılan cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ASC tərəfindən etibarnamə əsasında müvəkkil edilmiş nümayəndəsidir. xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 154 “C”, 3153-cü məhəllədə yerləşən “xxxx” MMC-nin rəhbərliyi ilə həmin ünvanda “Expresspay” ödəmə terminalının quraşdırılması məqsədi ilə müqavilə bağlanmış və marketdə ödəmə terminalı quraşdırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında naməlum şəxs ünvan 6 ünvanında yerləşən “xxxxə” quraşdırılmış “Expresspay” ödəmə terminalının içərisində olan nağd pulu oğurlamaq üçün terminalın qapısını sındırmaqla terminala qanunsuz daxil olub oradan içərisində 3448 manat pul vəsaiti olan 150 manat dəyərində pul kasetini oğurlamışdır. Bununla da Zərərçəkmiş şəxs2 ASC 3598 manat maddi ziyan dəymişdir. Daxili kilidin zədələnməsinə görə isə 25 manat, qapının kilidinə görə 50 maddi ziyan dəymişdir.Oğurluğun kim tərəfindən törədilməsi barədə heç bir məlumatı yoxdur.İlkin ərizədə 3438 manat pulun oğurlanması barədə olan qeydlər səhvən düşmüş və oğurlanmış pulun məbləği 3448 manat təşkil edir. Daha sonra zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 ASC-nin nümayəndəsi Z.M.Kazımov məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs təmsiı etdiyi hüquqi şəxsə dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddialarının olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən X12 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 MMC-nin təhlükəsizlik şöbəsinin hüquqşünası vəzifəsində işləyir. İbtidai isitntaqı aparılan cinayət işi üzrə Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsidir. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında naməlum şəxs ünvan 6 ünvanında yerləşən “xxxxə” quraşdırılmış Zərərçəkmiş şəxs1 MMC-nin mülkiyyətində olan 01306 nömrəli ödəmə terminalının içərisində olan nağd pulu oğurlamaq üçün terminalın qapısını sındırmaqla terminala qanunsuz daxil olub oradan içərisində 8147 manat pul vəsaiti olan 300 manat dəyərində pul kasetini oğurlamışdır. Bununla da MMC-yə 8447 manat maddi ziyan dəymişdir. Terminalın inkasassiya qapısının qırılmasına görə 110 manat və daxili kilidin zədələnməsinə görə isə 50 manat maddi ziyan dəymişdir. Ödəmə aparatının bərpası və təmiri xərclərinə görə isə 200 manat pul vəsaiti sərf olunacaq. Oğurluğun kim tərəfindən törədilməsi barədə onun və şirkətin heç bir məlumatı yoxdur. Məlumata görə hadisəni törədən şəxs marketin arxa qapısından qapını açaraq marketə daxil olmuş və terminaldan oğurluq etmişdir. Daha sonra zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi A.Ş.Quliyev məhkəməyə ərizə ünvanlayaraq hal-hazırda Təqsirləndirilən şəxs təmsiı etdiyi hüquqi şəxsə dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddialarının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin sentyabr ayının 21-dən “xxxxin” Yasamal rayonu üzrə bölgə müdiri vəzifəsində işləyir. “xxxxin” ünvan 4 ünvanında yerləşən “İnşaatçılar” filialı da onun nəzarətindədir. Təqsirləndirilən şəxs isə marektdə müavin vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə səhər saat 07:53-də Təqsirləndirilən şəxs marketə işə gəlmiş və siqnalizasiyanı açıb bu barədə ona zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs işi marketin açılışına və bağlanmasına, həmçinin marketin bütün işlərinə nəzarət etməkdən ibarət olmuşdur. Marketin qapıları bağlananda siqnalizasiya sisteminə bağlanır və bu barədə mühafizə polisinə məlumat ötürülür. Market mühafizəyə təhvil verildikdən sonra, həmçinin siqnalizasiya sisteminə bağlandıqdan sonra fövqaladə hallar istisna olmaqla marketə kimliyindən asılı olmayaraq heç kəsin daxil olmağa ixtiyarı yoxdur. xx xxxxxx 2020-ci il tarixdə səhər satlarında Təqsirləndirilən şəxs ona zəng edərək marketə naməlum şəxslərin daxil olaraq marketdə quraşdırılmış “Milliön” elektron ödəmə və “Expresspay” elektron ödəmə terminalından oğurluq olduğunu və barədə DİN-nin 102 ximdətinə zəng edib məlumat verdiyini dedikdə o, marketə gəlmiş və həqiqətən marketə daxil olaraq ödəmə terminallarından oğurluq edildiyini görmüşdür. Amma əvvəl oğurluğun kim tərəfindən törədilməsi barədə onlarda heç bir məlumat olmamışdır. Daha sonra məlum olduğu kimi həmin terminallardan oğurluq edən şəxsin marketin müdir müavini işləyən Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Müşfiq yalandan iz azdırmaq üçün 102 xidmətinə zəng etmiş və oğurluq barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs gecə vaxtı marketə daxil olmağa ixtiyarı olmadığı halda o, xəbərsiz marketə gəlmişdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 147-149-cu vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 150-151-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 188-190-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/99 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Zərərçəkmiş şəxs1 MMC və Zərərçəkmiş şəxs2 ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 2 vərəqdə qüsur aktlarına əsasən 3 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq dəymiş ziyanın məbləği nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Zərərçəkmiş şəxs2 ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından göründüyü kimi 3 adda mal üzrə dəymiş ziyanın məbləği 225,00 manat göstərilmişdir.O cümələdən: -1 ədəd pul kaseti-150,00 manat -1 ədəd daxili terminal kilidi-25,00 manat -1 ədəd qapı kilidi-50,00 manat

2. Zərərçəkmiş şəxs1 MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından göründüyü kimi Zərərçəkmiş şəxs1 MMC-nin mülkiyyətində olan 01306 saylı ödəmə terminalına dəymiş ziyanın məbləği 660,00 manat göstərilmişdir.O cümələdən: -1 ədəd pul kaseti-300,00 manat -1 ədəd inkasassiya qapısının daxili kilidi-50,00 manat -1 ədəd inkasassiya qapısı-110,00 manat Ödəmə aparatının təmiri və bərpası-200,00 manat Cinayət işinin 187-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 193-194-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2021-ci il tarixli, 3/34 saylı ekspert rəyindən görünür ki, tədqiqatına təqdim edilmişpredmet lingdir və sındırma alətidir. Tədqiqata təqdim edilən silindrik mexanizmin səthində və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə həmin silindrik mexanizmin ştat açarına uyğunlaşdırılmış açarla, o cümlədən hər hansı bir kənar predmetlə iz qoymadan açılması mümkündür. Tədqiqata təqdim edilmiş X6 götürülmüş üç ədəd açarların ölçülərinə, novlarına və s. əlamətlərinə görə təqdim edilmiş qıfılın açılması istisna edilir. Cinayət işinin 192-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 65 (altmış beş) manat təşkil etmişdir. Cinayət işinin 160-cı vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 200-209-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvandan götürülmüş Zərərçəkmiş şəxs2 ASC-yə məxsus “Expresspay” elektron ödəmə terminalından oğurlanmış 1857 manat pul vəsaiti, dəmir ling, “brend house” markalanma nişanı olan sellofan paket, “sport” markalanma nişanı olan idman çantası, kişi yay gödəkçəsi, qara rəngli kişi şalvarı, bir cüt qara rəngli ayaqqabı və 03 ədəd açar maddi sübut kimi tanınmış və saxlanması üçün 1857 manat pul vəsaitinin Zərərçəkmiş şəxs2 ASC-yə təhvil verilməsi nəzərə alınmış, dəmir ling, “brend house” markalanma nişanı olan sellofan paket, “sport” markalanma nişanı olan idman çantası, kişi yay gödəkçəsi, qara rəngli kişi şalvarı, bir cüt qara rəngli ayaqqabı isə saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, ünvan 2 ünvanında yerləşən “xxxxin” videomüşahidə kameraları ilə qeydə alınan hadisənin əks edildiyi video görüntülər olan “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və “DVD” disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 ASCnin və Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndələrinin ərizələrindən görünür ki, təmsil etdikləri hüquqi şəxsə vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:26:47 radələrində ünvan 2 ünvanında yerləşən “xxxxin” arxa tərəfində olan giriş qapısını açaraq marketin binasına qanunsuz daxil olduqdan sonra sındırma aləti olan dəmir lingdən istifadə etməklə marketdə quraşdırılmış “Zərərçəkmiş şəxs1-yə” məxsus saxlanc yeri hesab edilən “Milliön” elektron ödəmə terminalının dəmirdən olan inkasassiya qapısının daxili kilidini açıb ödəmə terminalından içərisində 8147 manat pul vəsaiti olan 300 manat dəyərində pul kasetini və bundan başqa həmin sındırma aləti olan dəmir lingdən istifadə etməklə Zərərçəkmiş şəxs2 ASC-nə məxsus saxlanc yeri hesab edilən “Expresspay” elektron ödəmə terminalının dəmirdən olan inkasassiya qapısının daxili kilidini açıb ödəmə terminalından isə içərisində 3448 manat pul vəsaiti olan 150 manat dəyərində pul kasetini gizli olaraq talayıb oğurluq etməsi faktı bir daha öz təsdiqini tapmışdır Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə binaya və saxlanc yerinə qanunsuz daxil olub oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, şahidin ifadələri, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talayıb zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş hüquqi şəxlərin ona qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 ASC-yə məxsus “Expresspay” elektron ödəmə terminalından oğurlanmış 1857 manat pul vəsaiti Zərərçəkmiş şəxs2 ASC-yə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə digər maddi subut olan və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan “brend house” markalanma nişanı olan sellofan paket, “sport” markalanma nişanı olan idman çantası, kişi yay gödəkçəsi, qara rəngli kişi şalvarı, bir cüt qara rəngli ayaqqabı və 03 ədəd açar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, dəmir ling isə məhv edilməli, 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalı, və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 115 (bir yüz on beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi və E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, E.F.İsmayılovaya isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 ASC-yə məxsus “Expresspay” elektron ödəmə terminalından oğurlanmış 1857 manat pul vəsaiti Zərərçəkmiş şəxs2 ASC-yə təhvil verilməsi nəzərə alınsın. Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi subut olan “brend house” markalanma nişanı olan sellofan paket, “sport” markalanma nişanı olan idman çantası, kişi yay gödəkçəsi, qara rəngli kişi şalvarı, bir cüt qara rəngli ayaqqabı və 03 ədəd açar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın, dəmir ling isə məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 115 (bir yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, X3 isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar