Məhkəmə qərarları › İş №1(004)-186/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-186/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-186/2024 17.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X5 və onun qanuni nümayəndəsi X1, Müdafiəçisi Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakları ilə, xx xxx 2006-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, natamam orta təhsilli, Salyan rayonu, Qızılağac Ə/D, Qızılağac kəndində qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurub soyğunçuluq etmişdir Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 07 radələrində ünvan 1 ünvanda yerləşən “Meşə Parkı” adlanan parkın içərisində X7 yaxınlaşaraq danışmaq bəhanəsi ilə mobil telefonunu istəmiş, sonuncu buna etiraz etdikdə, Ayxan Abbaslının müqavimət göstərmək imkanını məhdudlaşdırmaq və onda qorxu yaratmaq məqsədi ilə üzərində istintaqa məlum olmayan bıçaq olması barədə görüntü yaradaraq vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə Ayxan Abbaslının əlində olan 370 manat dəyərində “Honor 8A Prime” markalı mobil telefonunu icazəsi olmadan onun əlindən alaraq açıq yolla talamış, bundan sonra cinayət əməlini davam etdirərək həmin telefonu qaytarmaq müqabilində Ayxan Abbaslıdan 5 manat pul və qolunda olan 250 manat dəyərində “HK8 Pro Max” markalı qol saatını açıq yolla alıb ələ keçirərək cinayət əməlini başa çatdırıb X7 625 manat miqdarında maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, natamam orta təhsillidir və hazırda fərdi əməklə məşğul olur. 05 noyabr 2023-cü il tarixdə o, iş vaxtından sonra axşam saatlarında dostları ilə birlikdə əyləndikdən sonra evə qayıtmaq istəmiş, lakin üzərində olan bütün pulu xərclədiyi üçün dostları ilə birlikdə ünvan 2 ünvanda yerləşən «Meşə parkı» adlanan parka gedərək orada gecələmişdir. Növbəti gün, yəni 06 noyabr 2023-cü il tarixdə səhər saatlarında o, dostları ilə birlikdə həmin parkdan keçən əvvəllər tanımadığı, sonradan adının X10 olduğunu bildiyi şəxsə yaxınlaşaraq onun mobil telefonundan internetə daxil olub, «Whatsapp» tətbiqi vasitəsilə anasına zəng etmək məqsədilə «Əncir» restoranın qarşısına getməyini bildirmiş və Ayxan ilə həmin restorana tərəf yollanmışdır. Qeyd olunan restoranın qarşısına çatdıqda o, Ayxana məxsus mobil telefonu götürmüş və anasına zəng etmədən mobil telefonu özündə saxlamışdır. Bundan sonra o, Ayxandan qolunda olan qol saaatını istəmiş və yenidən telefonu Ayxandan götürmüşdür. Bundan sonra o, Ayxandan pul istəmiş, lakin Ayxan bundan imtina edərək ona pul vermək istəməmişdir. Həmin vaxt o dostları ilə zarafatlaşmışdır ki, güya onun üzərində biçaq var və Ayxan onların zarafatlarından qorxduğu üçün üzərində olan 5 manat pulu ona vermişdir. O, evə getmək üçün üzərində pulun olmaması səbəbindən Ayxana qarşı həmin əməli törətmişdir və əməlindən peşmandır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, 06 noyabr 2023-cü il tarixdə səhər saatlarında polis əməkdaşları tərəfindən tutulmuş və 07 noyabr 2023-cü il tarixdə axşam saatlarında azad olunmuşdur. Son olaraq əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Şahid3 onun qardaşıdır. 06 noyabr 2023-cü il tarixdə, təxminən saat 07:00 radələrində o, qardaşı Aslan ilə birlikdə məktəbə getmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, 2ci Alatavada yerləşən «Meşə parkı» adlanan parkın içərisi ilə piyada hərəkətdə olan zaman həmin vaxtı parkın içərisində əvvəllər tanımadığı, sonradan adlarının X8, Şahid1 və Şahid2 olduğunu öyrəndiyi şəxslər onun qarşısına çıxmışdır. Həmin vaxt Muqdət ondan yaxınlıqda yerləşən «Əncir» restoranına gedib həmin restoranının internetinə onun telefonu ilə qoşulub «Whatsapp» vasitəsilə zəng etmək məqsədilə onun mobil telefonunu istəmişdir. Həmin vaxt o, qardaşı Aslanı məktəbə yola salmış və Muqdətin onunla sərt danışığından qorxduğu üçün məcbur olub Muqdət ilə birlikdə «Əncir» restoranının qarşısına getmişdir. Restoranın qarşısına çatdıqda ona məxsus «Honor 8A Prime» markalı mobil telefonu Muqdətə vermiş, Muqdət isə onun mobil telefonunu götürərək heç kəsə zəng etmədən parkın içərisində olan skamyaların birində əyləşmiş və ona da əyləşməyi təklif etmişdir. Lakin o, məktəbə gecikdiyini bildirərək əvvəlcə oturmaq istəməsə də, Muqdət ona əgər oturmasa, telefonunu verməyəcəyini bildirmişdir. O da məcbur olub Muqdət, Nurlan və Əlinin oturduqları skamyada oturmuşdur. Bundan sonra Muqdət onun qolunda olan «HK8 Pro Max» markalı sensor tipli qol saatını istəmiş, əgər verməsə, telefonunu qaytmayacağını bildirmişdir. O da məcbur olub saatını Muqdətə vermişdir. Muqdət saata baxdıqdan sonra ondan pulunun olub-olmadığını soruşmuşdur. O üzərində 40 qəpik pulunun olduğunu bildirmiş, lakin Muqdət ona pul verməsə, telefonunu və saatını verməyəcəyini bildirdiyi üçün məcbur olub üzərində 40 qəpik puldan başqa 5 manat pulu Muqdətə vermişdir. Muqdətin ona uzatdığı özünə məxsus mobil telefonu Muqdətdən götürdükdən sonra o, həmin şəxslərdən ayrılaraq avtobusa əyləşmiş və avtobusda anası X2 zəng edərək hadisə barədə məlumat vermişdir. Son olaraq o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 164-166-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, 06 noyabr 2023-cü il tarixdə təxminən saat 04 radələrində o, dostu Əli və Muqdət ilə birlikdə ünvan 2 ünvanda yerləşən «Meşə parkı» adlanan parka gedərək həmin parkda yerləşən «Əncir» restoranının yaxınlığında yerləşən skamyaların birində əyləşib telefonla internedə daxil olmuşdur. 06 noyabr 2023-cü il tarixdə təxminən saat 07 radələrində o, dostları Muqdət və Əli ilə birlikdə həmin parkdan keçən əvvəllər parkda 1-2 dəfə üzünü gördüyü, lakin heç bir münasibəti olmadığı və istintaq zamanı adını bildiyi X10 və sonuncunun qardaşı Şahid3 yaxınlaşmışdır. Həmin vaxt Muqdət Ayxana yaxınlaşıb danışmaq məqsədilə mobil telefon istəmişdir. X17 öz mobil telefonunu verməmişdir. Həmin vaxt Ayxan öz qardaşını yola salmışdır. Bundan sonra Muqdət, Ayxanın mobil telefonu ilə internetə daxil olub, «Whatsapp» tətbiqi vasitəsilə anasına zəng etmək məqsədilə Ayxan ilə birlikdə «Əncir» restoranın qarşısına getmişdir. Əli ilə o, söhbət etdikləri yerdə qalmışlar. Təxminən 3-4 dəqiqə sonra Muqdət və Ayxan onların yanına gəlmişdir. Həmin vaxt Ayxana məxsus mobil telefon Muqdətin əlində olmuşdur. O, Muqdətin mobil telefonu ələ keçirməsini hiss edib Muqdətə telefonu Ayxana geri qaytarmasını demişdir. Həmin vaxt Muqdət Ayxana məxsus sensor tipli qol saatını əlindən almışdır. Bundan sonra Muqdət Ayxandan pul istəmiş və 5 manat pulu aldıqdan sonra mobil telefonunu özünə qaytarmışdır. Bundan sonra Əli Ayxanı oradan uzaqlaşdırmış və Ayxan oradan çıxıb getmişdir. Bundan sonra Muqdət Ayxandan aldığı 5 manat pulu Əliyə vermişdir. Əli ilə o, yaxınlıqda mağazadan siqaret alıb, qalıq 3 manatı Muqdətə qaytarmışdır. Sonradan Muqdət həmin 3 manat pulu ona vermişdir. Hadisədən sonra, yəni həmin gün polis əməkdaşları ilkin olaraq onu, sonra isə Nurlan və Əlini saxlayaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Muqdətin ona təqdim etdiyi 3 (üç) manat pulu istintaqa təqdim etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun, Muqdət və Əlinin üzərində bıçaq olmamışdır. Həmin vaxt Muqdətin əlini bel nahiyəsinə tez-tez aparmasının şahidi olmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 188-190-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, 06 noyabr 2023-cü il tarixdə təxminən saat 04 radələrində o, dostu Muqdət və Nurlan ilə birlikdə ünvan 2 ünvanda yerləşən «Meşə parkı» adlanan parka gedərək həmin parkda yerləşən «Əncir» restoranının yaxınlığında yerləşən skamyaların birində əyləşib telefonla internetə daxil olmuşdur. 06 noyabr 2023-cü il tarixdə təxminən saat 07 radələrində o, dostları Muqdət və Nurlan ilə birlikdə həmin parkdan keçən əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi X10 və sonuncunun qardaşı Şahid3 yaxınlaşmışlar. Həmin vaxtı Muqdət Ayxandan danışmaq məqsədilə mobil telefon istəmişdir. X17 öz mobil telefonunu verməmişdir. Həmin vaxt Ayxan öz qardaşını yola salmışdır. Bundan sonra Muqdət Ayxanın mobil telefonu ilə internetə daxil olub, «Whatsapp» tətbiqi vasitəsilə anasına zəng etmək məqsədilə Ayxan ilə birlikdə «Əncir» restoranın qarşısına getmişdir. Nurlan ilə o, söhbət etdikləri yerdə qalmışlar. Təxminən 3-4 dəqiqə sonra Muqdət və Ayxan onların yanına gəlmişdir. Həmin vaxt Ayxana məxsus mobil telefonun kimin əlində olmasını görməmişdir. Həmin vaxtı Muqdət Ayxana məxsus sensor tipli qol saatını əlindən almışdır. Bundan sonra Muqdət Ayxandan pul istəmiş və 5 manat pulu aldıqdan sonra mobil telefonunu özünə qaytarmışdır. Bundan sonra o, Ayxanı oradan uzaqlaşdırmış və Ayxan oradan çıxıb getmişdir. Sonra o, Muqdət və Nurlanın yanına qayıtmışdır. Həmin vaxtı Muqdət Ayxandan aldığı 5 manat pulu Nurlana vermiş və o, Nurlan ilə birlikdə yaxınlıqda yerləşən mağazaya getmişdir. Nurlan həmin mağazada adını bilmədiyi satıcıya Muqtədin 2 manat borcunu vermiş və 3 manata isə siqaret alıb Muqtədin yanına qayıtmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Ayxanı əvvəllər tanımamış, heç bir tanışlığı, düşmənçilik və ya ədavəti olmamışdır. Muqtəd həmin pulu Nurlana vermişdir. Nurlan həmin mağazada adını bilmədiyi satıcıya Muqtədin 2 manat borcunu vermiş və 3 manata isə siqaret alıb Muqtədin yanına qayıtmışlar. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 62-64-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə2 onun anası, X10 onun qardaşımdır. O, hazırda Bakı şəhəri, Səbail rayonu əarzisində yerləşən metronun «İçəri şəhər» stansiyasının yaxınlığında olan 132-134 nömrəli təhsil kompleksinin 9-cu sinif şagirdidir. Qardaşı Ayxan da həmin məktəbin 11-ci sinif şagirdidir. 06 noyabr 2023-cü il tarixdə, təxminən saat 07:00-da o, qardaşı Ayxan ilə birlikdə yaşadıqları ünvan 3 ünvanından məktəbə getmək məqsədilə çıxıb, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada yerləşən «Meşə parkı» adlanan parkın içərisi ilə piyada hərəkətdə olub qarşı tərəfdə olan ödəmə terminalına «Bakı kart» nəqliyyat kartının balansına pul vurmaq üçün gedirmişlər. Həmin vaxtı parkın içərisində əvvəllər tanımadığı, istintaq zamanı adlarını bildiyi X8, Şahid1 və Şahid2 qəfildən qardaşı Ayxan və onun qabağını kəsmişlər. Həmin vaxtı Muqdət iki həftə əvvəl həmin parkda adam öldürdüyünü, gecəni çöldə qaldığını deyərək, danışıq üçün Ayxandan mobil telefonunda danışıq vəsaitinin olub olmadığını soruşmuşdur. Ayxan isə olmadığını bildirmişdir. Belə olan halda Muqdət Ayxana təklif etmişdir ki, yaxınlıqda yerləşən «Əncir» restoranına gedib həmin restoranın internetinə Ayxanın telefonu ilə qoşulub «Whatsapp» vasitəsilə atasına zəng etsin. Lakin Ayxan məktəbə gecikdiyini bildirərək getmək istəmədiyini demişdir. Muqdət onun üstünə qışqıraraq və Ayxanla sərt danışaraq bir daha bildirmişdir ki, «gəl gedək, sonra gedərsən». Həmin vaxt Ayxan ona bildirmişdir ki, «sən məkətəbə get mən özüm gələcəm». Buna görə də o, oradan çıxıb təhsil aldığı 132-134 nömrəli təhsil kompleksinə getmişdir. Bu səbəbdən o, hadisənin şahidi olmamışdır. Sonradan ona məlum olmuşdur ki, qardaşına qarşı soyğunçuluq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, “Meşə Parkı”nın içərisidir.(i.v. 10-14) “Götürülmə və baxış keçirilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təhqiqata bir ədəd sensor tipli qol saatını təqdim etmiş və həmin saat ondan götürülmüşdür. (i.v. 21) “Götürülmə və baxış keçirilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, istintaq hərəkətlərinin aparılmasından ötrü X3 ona məxsus bir ədəd “Honor 8A Prime” markalı mobil telefon götürülmüş, mobil telefona baxış keçirilən zaman ekran hissəsinin çoxsaylı çatlardan ibarət olması, telefonun işlək vəziyyətdə olması müəyyən olunmuşdur. (i.v. 55) “Əşyanı tanınmaya təqdim etmə haqqında” 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi bir ədəd sensor tipli qol saatı zərərçəkmiş şəxs X7 tanınmaya təqdim edilmiş, sonuncu özünə məxsus əmlakı tanımışdır. Əşyanın tanınmaya təqdim edilməsi barədə protokol tərtib olunaraq iş materiallarına əlvə edlimişdir. (i.v. 58) “İfadənin yerində yoxlanılması haqqında” 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X5 ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərmişdir. İfadənin yerində yoxlanılması ilə bağlı xx.xx.2023cü il tarixli protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. (i.v. 65-68) “Götürülmə və baxış keçirilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi 03 ədəd 01 manatlıq pul əskinasları tərəfimdən sonuncudan götürülmüş və həmin əskinasların B53006813, B16034881 və A98949368 nömrələrindən ibarət olması müəyyən olunmuşdur. (i.v. 91) 06 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, tərəflər istintaqa verdikləri ifadələri bir-birlərinin üzünə qarşı bildirmişlər. (i.v. 104-110) “İfadənin yerində yoxlanılması haqqında” 07 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini hadisə yerində əyani olaraq göstərməklə təsdiq etmişdir. (i.v. 193-196) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, 9/8733 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 140.00 manat müəyyən edilir. O cümlədən: 01 ədəd Çin istehsalı, qara rəngli “Honor” markalı, Jat-LX1 model mobil telefon – 120.00 manat, 01 ədəd “HK 8 Pro Max” markalı elektron qol saatı – 20.00 manat (i.v. 45-48) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2023-cü il tarixli 3175 saylı rəyinə əsasən Nəhmətov Muqdǝt Ələsgər oğlu hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Nəhmətov Muqdǝt Ələsgər oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X8 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X4 məcburi müalicəyə ehtiyacı yoxdur. X8 ona edilən ittihamın mahiyyətini tam həcmdə dərk etmək qabiliyyətinə malikdir. Nəhmətov Muqdǝt Ələsgər oğlunun ǝqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, kobudluq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi fərdi-psixi xusiyyətlərə malikdir. X8 yaş xususiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla etdiyi hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi. Nəhmətov Muqdǝt Ələsgər oğlunun yaş xususiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla başqalarının təsiri altında uydurub danışması muayyan olunmadı, lakin özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz marağına uyğun tərzdə danışa bilər. Nəhmətov Muqdǝt Ələsgər oğlunda başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmadı. (i.v. 54-57) “Sübutların qiymətləndirilməsi haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. İş üzrə 01 ədəd qara rəngli “Honor” markalı, JAT-LX1 model mobil telefon, 01 ədəd “HK 8 Pro Max” markalı elektron qol saatı, B53006813, B16034881 və A98949368 seriyalı 3 ədəd 1 manatlıq pul əskinasları maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır. (i.v. 83-95) X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “Honor” markalı, JAT-LX1 model mobil telefon, 01 ədəd “HK 8 Pro Max” markalı qol satı və 3 (üç) manat pul X7 təhvil verilmişdir. (i.v. 115) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 07 radələrində ünvan 1 ünvanda yerləşən “Meşə Parkı” adlanan parkın içərisində X7 yaxınlaşaraq danışmaq bəhanəsi ilə mobil telefonunu istəmiş, sonuncu buna etiraz etdikdə, Ayxan Abbaslının müqavimət göstərmək imkanını məhdudlaşdırmaq və onda qorxu yaratmaq məqsədi ilə üzərində istintaqa məlum olmayan bıçaq olması barədə görüntü yaradaraq vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə Ayxan Abbaslının əlində olan 370 manat dəyərində “Honor 8A Prime” markalı mobil telefonunu icazəsi olmadan onun əlindən alaraq açıq yolla talamış, bundan sonra cinayət əməlini davam etdirərək həmin telefonu qaytarmaq müqabilində Ayxan Abbaslıdan 5 manat pul və qolunda olan 250 manat dəyərində “HK8 Pro Max” markalı qol saatını açıq yolla alıb ələ keçirərək cinayət əməlini başa çatdırıb X7 625 manat miqdarında maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, 9/8733 nömrəli rəyindən görünür ki, 01 ədəd Çin istehsalı, qara rəngli “Honor” markalı, Jat-LX1 model mobil telefonun qiyməti 120.00 manat, 01 ədəd “HK 8 Pro Max” markalı elektron qol saatının qiyməti 20.00 manat müəyyən edilmişdir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd Çin istehsalı, qara rəngli “Honor” markalı, Jat-LX1 model mobil telefonun qiyməti 370 manat, 01 ədəd “HK 8 Pro Max” markalı elektron qol saatının qiyməti 250 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, 9/8733 saylı rəyində 01 ədəd Çin istehsalı, qara rəngli “Honor” markalı, Jat-LX1 model mobil telefonun qiyməti 120.00 manat, 01 ədəd “HK 8 Pro Max” markalı elektron qol saatının qiyməti 20.00 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı etdiyi soyğunçuluq hərəkətlərinə görə vurduğu maddi ziyanın miqdarının 145 (bir yüz qırx beş) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqında” 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:20-də şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq saat 09:30-dan məhdudlaşdırılmışdır. (i.v. 134) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X9 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 1-2) “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli qərarından görünür ki, X11 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 7-9) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxsdir. (i.v. 78) X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmayan şəxs olaması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onunla baışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdən 07 noyabr 2023-cü il tarixədək olan şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52- 1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatdığı üçün onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə təyin edilmiş kompleks məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Honor” markalı, JAT-LX1 model mobil telefon, 01 ədəd “HK 8 Pro Max” markalı qol satı və 3 (üç) manat pul zərərçəkmiş şəxs X7 qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırlması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 06 noyabr 2023-cü il tarixdən 07 noyabr 2023cü il tarixədək olan 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Honor” markalı, JAT-LX1 model mobil telefon, 01 ədəd “HK 8 Pro Max” markalı qol satı və 3 (üç) manat pul zərərçəkmiş şəxs X7 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar