Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-187/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Bafadir qızı Təqsirləndirilən şəxs: xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokola əsasən təqsirləndirilir ondan ötrü ki, o, 24 fevral 2021-ci il tarixdə saat 12:25 radələrində ünvan 3 ünvanda yerləşən mənzilində şəxsi münasibətlər zəmnində həyat yoldaşı X1 üzərinə hücum edərək sonuncunun üz nahiyəsinə sağ əli ilə bir neçə zərbə vurmuş, onları ayırmağa çalışan qayınanası Zərərçəkmiş şəxs Bafadir qızını əli ilə itələyərək yerə yıxmış, sonuncunun sol əlini əlləri ilə tutub buraraq sol əl barmaqlarında hərəkət məhdudluğu ilə müşayiət olunan, həmin əlin şişkinlik və qançır halında əzilməsi, hər iki bazunun qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat Yasamal RPİ 27-ci PB-nin təhqiqatçısı Fuad Cənnətov tərəfindən aparılmışdır və yekun protokol onun tərəfindən tərtib edilmişdir (işin ibtidai araşdırma orqanındakı nömrəsi ********* olmuşdur). Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Bafadir qızı məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir, Xanimana İsmayılova isə onun qızıdır. Anar son vaxtlan içkiyə qurşandığı üçün Xanımana ilə aralarında tez tez mübahisə olur və buna görə də onlar arasında baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq üçün bir müddət onların yaşadığı Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 558-ci məhəllə, ev 4, mənzil 47A saylı mənzildə olmuşdur. 24.02.2021-ci il tarixində kürəkəni Təqsirləndirilən şəxs yaşadığı həmin mənzildə olan zaman, X1 üzərinə hücum etmiş, sillə ilə onun boğazından və üzündən bir neçə zərbə vurmuşdur. Nəticədə qızı İsmayılova Xanimana boğazından və üzündən xəsarət almışdır. Daha sonra o, qızı ilə kürəkəninin arasına girmiş və münaqişənin qarşısını almağa çalışmışdır. Bu zaman Təqsirləndirilən şəxs onun əllərindən tutub, barmaqlarını geriyə sıxmış və itələmişdir. Anarın onun əllərini geriyə sıxması nəticəsində o, əllərində ağrı hiss etmiş və yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra halı pisləşmiş, qızı və Anar ona köməklik etmişlər. Yerə yıxıldıqdan sonra Anar ona heç bir xəsarət yetirməmişdir. Hadisə nəticəsində o sol əlindən xəsarət almışdır, münaqişə zamanı orada kənar şəxslərin olmadığını qeyd etmişdir. Məhkəmə sorğu sual zamanı Zərərçəkmiş şəxs Bafadir qızı bildirmişdir ki, hadisə Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 558-ci məhəllə, ev 4, mənzil 47A saylı mənzildə olmuşdur. Həmin günü o ümumiyyətlə ünvan 3 ünvanda olmamışdır, həmin ünvanı tanımır, həmin ünvanda ona heç kim heç bir xəsarət yetirməmişdir. Həmçinin Ə.Ələkbərov küçəsi, 558-ci məhəllə, ev 4, mənzil 47A saylı mənzildə olan mübahisə zamanı o yerə yıxıldıqdan sonra ona Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməmişdir, əksinə yerə yıxıldıqdan sonra ona köməklik etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Bafadir qızı onun anasıdır. 2005-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nigahlarından 2 övladı var. Hələ də Anarla evlidir. Lakin boşanma ilə bağlı rayon məhkəməsinə artıq müraciət etmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs, evli olduqları illər ərzində onu dəfələrlə döymüşdür. Mütəmadi olaraq yaşadıqları mənzildə mübahisə və münaqişələr yaradır. 24.02.2021-ci il tarixində saat 12:25 radələrində yaşadığı ünvan 4 ünvanda yerləşən evdə həyat yoldaşı Təqsirləndirilən şəxs, onun üzərinə hücum etmiş, səbəbsiz olaraq sillə ilə boğazından və üzündən bir neçə zərbə vurmuşdur. Nəticədə o, boğazından və üzündən xəsarət almışdır. Daha sonra anası Zərərçəkmiş şəxs Bafadir qızı araya girmiş və münaqişənin qarşısını almağa çalışmışdır. Bu zaman həyat yoldaşı Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxs əllərindən tutub sıxmış və geriyə itələmişdir. Bu zaman anasnın halı pisləşmiş və yerə yıxılmışdır. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra anasına kömək etmişlər, Təqsirləndirilən şəxs isə hərəkətlərini dayandırmışdır. Həmin hadisə nəticəsində anası Zərərçəkmiş şəxs sol əlindən xəsarət almışdır. O, təcili tibbi yardıma və DİN-in 102 xidmətinə zəng edərək bu hadisə barəsində məlumat vermiş, Yasamal RPİ-nin 27-ci PBnə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında sorğu sual zamanı Şahid bildirmişdir ki, hadisə Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 558-ci məhəllə, ev 4, mənzil 47A saylı mənzildə olmuşdur. Həmin günü o, və anası Zərərçəkmiş şəxs ümumiyyətlə ünvan 3 ünvanda olmamışdır, həmin ünvanı tanımır, həmin ünvanda Zərərçəkmiş şəxs heç kim heç bir xəsarət yetirməmişdir. Həmçinin Ə.Ələkbərov küçəsi, 558-ci məhəllə, ev 4, mənzil 47A saylı mənzildə olan mübahisə zamanı anası Zərərçəkmiş şəxs onunla Təqsirləndirilən şəxs arasnıdakı mübahisəni sakitləşdirmək üçün Anarı ayırmağa çalışmış, Anar isə anasının əllərindən tutulb sıxmışdır və itələmişdir, ağrıdan anası yerə yıxılmışdır. Anası yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs tərəfindən anasına xəsarət yetirilməmişdir, əksinə yerə yıxıldıqdan sonra ona köməklik etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı verilmiş ittiham üzrə təqsirli bilməyərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, tez-tez spirtli içki qəbul edir və mütəmadi olaraq yaşadığı mənzildə, ailəsində münaqişələr yaranır. Bu münaqişələrə görə qayınanası Zərərçəkmiş şəxs Bafadir qızı 01 aydır ki, onun mənzilində yaşayır ki, ola biləcək münaqişənin qarşısını alsın. 24.02.2021-ci il tarixində saat 12:25 radələrində yaşadığı ünvan 5 ünvanda yerləşən mənzilində həyat yoldaşı X1 üzərinə hücum etmiş, ona sillə ilə bir neçə zərbə vurmuşdur. Daha sonra həyat yoldaşının anası Zərərçəkmiş şəxs Bafadir qızı onun qarşısına keçmiş və ona mane olmaq istəmişdir. Əsəbiləşərək qayınanası Minarənin əllərindən tutub geriyə itələmiş. Nəticədə Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Qayınanası xəstə olduğu üçün halı pisləşmiş və həyat yoldaşı İsmayılova Xanimana təcili tibbi yardıma, eləcə də DİN-in 102 xidmətinə zəng edərək bu hadisə haqqında məlumat vermişdir. Qaynanası yerə yıxıldıqdan sonra ona heç bir xəsarət yetirməmişdir. Həmçinin ümumiyyətlə o Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 558-ci məhəllə, ev 4, mənzil 27 saylı ünvanda olmamışdır, həmin ünvanda nə arvadı, nə də qaynanası ilə heç bir mübahisə etməmiş, heç kimə xəsarət yetirməmişdir. Həmçinin mübahisə zamanı qaynanası onun üzərinə gələn zaman qaynanası əlləri ilə onu tutub ayırmaq istəmiş, bu zaman qaynanasının əllərini öz yaxasından aralamaq üçün, qaynanasını özündən uzaqlaşdırmaq üçün qaynanasının əlindən tutumuş və geriyə itələmişdir. Qaynanasının əllərindən tutanda və geriyə itələyəndə ona heç bir xəsarət yetirmək istəməmişdir bu barədə niyyəti olmamışdır. Ola bilər ki, qaynanası yerə yıxılanda əli və barmaqları zədələnmişdir. Qaynanası yerə yıxıldıqdan sonra qaynanasına heç bir xəsarət yetirməmiş, əksinə arvadı ilə birlikdə ona köməklik etmişlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 25 fevral 2021-ci il tarixli, 126 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Bafadir qızının almış olduğu xəsarətlər-sol əl barmaqlarında hərəkət məhdudluğu ilə müşayiət olunan həmin əlin şişkinlik və qançır halında əzilməsi, hər iki bazunun qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddət və şəraitdə, yəni 24.02.2021-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən, zərər çəkmiş və şahid ifadələrinə, məhkəmə-tibbi ekspertiza rəylərinə qiymət verərək, aşağıdakılara görə hesab edir ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda Təqsirləndirilən şəxs təqsirləndirildiyi və törədilməsində ittiham edildiyi əməldə təqsirliliyi sübuta yetirilmir. Ona qarşı irəli sürülmüş yekun protokolda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Belə ki, yekun protokolda Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməl kimi göstərilmişdir ki, o, 24 fevral 2021-ci il tarixdə saat 12:25 radələrində ünvan 3 ünvanda yerləşən mənzilində şəxsi münasibətlər zəmnində həyat yoldaşı X1 üzərinə hücum edərək sonuncunun üz nahiyəsinə sağ əli ilə bir neçə zərbə vurmuş, onları ayırmağa çalışan qayınanası Zərərçəkmiş şəxs Bafadir qızını əli ilə itələyərək yerə yıxmış, sonuncunun sol əlini əlləri ilə tutub buraraq sol əl barmaqlarında hərəkət məhdudluğu ilə müşayiət olunan, həmin əlin şişkinlik və qançır halında əzilməsi, hər iki bazunun qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin hadisənin məhz ünvan 3 ünvanda yerləşən mənzilində baş verməsi yekun protokolda bir neçə yerdə, abzasda, səhifədə qeyd edilmişdir. Belə ki, həm yekun protokolun 2-ci səhifəsində “cinayət qanunu ilə nəzərdə tutulmuş əməl haqqında məlumatlar (törədilmə yeri, vaxtı, üsulu, motivi nəticələri və digər məlumatlar)” bölməsində, həmçinin 6-cı səhifədə “cinayət qanununun maddəsi göstərilməklə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hərəkətlərinin tövsifi” bölməsində əməlin məhz ünvan 3 ünvanda törədilməsi qeyd edilmişdir. Lakin məhkəmə araşdırması zamanı həm zərərçəkmiş şəxsin, həm şahidin, həm də təqsirləndirilən şəxsin ifadələrində də birmənalı qeyd edilir ki, ümumiyyətlə ünvan 3 ünvanda hər hansı bir mübahisə olması öz təsdiqini tapmır, həmin tarixdə və saatda qeyd edilən ünvanda təqsirləndirilən şəxsin zərərçəkən şəxsə xəsarətlər yetirməsi öz təsdiqini tapmır, əksinə həmin ünvanda onlar arasında mübahisə olması və xəsarətlər yetirməsi inkar edilir. Bundan əlavə Zərərçəkmiş şəxs Bafadar qızı üzərindəki zəsarətlərin dərəcəsi, hansı şəraitdə və tarixdə yetirilməsinə dair 25.02.2021-ci il tarixli “məhkəmə-tibbi ekspertiza təyin edilməsi barədə” təhqiqatçı Fuad cənnətovun qərarında da göstərilmişdir ki, Zərərçəkmiş şəxs Bafadar qızına xəsarətlər ünvan 3 ünvanda münaqişə zamanı yetirilmişdir. Belə olduğu təqdirdə məhkəmə tibbi ekspertizasının 25 fevral 2021-ci il tarixli, 126 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs Bafadir qızının almış olduğu xəsarətlər qərarda qeyd olunan müddət və şəraitdə əmələ gələ bilərdilər. Bununla da həmin həmin ekspert rəyi ünvan 3 ünvanda yetirilmiş xəsarətlərlə bağlıdır. Bununla həm də, yekun protokoldakı zərərçəkmiş Zərərçəkmiş şəxs Bafadir qızına ünvan 5 ünvanda sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma xəsarətlərinin yetirilməsinə dair ekspert rəyi mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Bundan əlavə yekun protokolda irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs Bafadir qızını əli ilə itələyərək yerə yıxdıqdan sonra zərərçəkmişin sol əlini əlləri ilə tutub buraraq sol əl barmaqlarında hərəkət məhdudluğu ilə müşayiət olunan, həmin əlin şişkinlik və qançır halında əzilməsi, hər iki bazunun qançırları ilə nəticələnən xəsarətlər yetirməkdə təqsirləndirilsə də, məhkəmə istintaqı zamanı zərərçəkmiş, şahid və təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs Bafadir qızının yerə yıxıldıqdan sonra ona Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilmədiyi, əksinə Zərərçəkmiş şəxs Bafadir qızının halı pisləşdiyi üçün ona köməklik etdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs bu əməllərin törədilməsində özünü təqsirli bilmir və qeyd edir ki, onun məqsədi, niyyəti Zərərçəkmiş şəxs Bafadir qızına xəsarət yetirmək olmamışdır, qaynanası onun üzərinə gələn zaman qaynanası əlləri ilə onu tutub ayırmaq istəmiş, bu zaman qaynanasının əllərini öz yaxasından aralamaq üçün, qaynanasını özündən uzaqlaşdırmaq üçün qaynanasının əlindən tutumuş və geriyə itələmişdir. Qaynanasının əllərindən tutanda və geriyə itələyəndə ona heç bir xəsarət yetirmək istəməmişdir, bu barədə niyyəti olmamışdır. Ola bilər ki, qaynanası yerə yıxılanda əli və barmaqları zədələnmişdir. Qaynanası yerə yıxıldıqdan sonra qaynanasına heç bir xəsarət yetirməmişdir, əksinə arvadı ilə birlikdə ona köməklik etmişlər. Belə olduğu təqdirdə zərərçəkmişdə mövcud olan xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən qəsdən yetirilməsi də mübahisə doğurur. Çünki Təqsirləndirilən şəxs məqsədi zərərçəkənə xəsarət yetirmək deyil, onun üzərinə gələn zərərçəkmişi özündən uzaqlaşdırmaq, yəni arvadı Şahid ilə aralarında olan mübahisəyə qarışmasının, onların aralanmasının qarşısını almaq olmuşdur. Halbuki, CM-nin 128-ci maddəsindəki əməl qəsdlə törədilən əməldir. Ehtiyatsızlıqdan sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma əməli CM-nin 128-ci maddəsinin tərkibini yaratmır. Hər bir halda Təqsirləndirilən şəxs ünvan 6 ünvanda, həmçinin Zərərçəkmiş şəxs Bafadir qızı yerə yıxıldıqdan sonra ona xəsarətlər yetirməsi iş üzrə təsdiqini tapmır. Qeyd edilməlidir ki, məhkəmə öz mülahizəsinə əsasən, iş üçün mühüm əhəmiyyət kəsb edən və cinayət əməlinin tərkibini yaradan, şəxsin ittiham edildiyi əməlin törədildiyi yer, vaxt, şərait kimi məhz həmin şəxsə qarşı irəli sürülmüş ittiham aktında və ya məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda göstərilən məlumatları texniki məsələ kimi səhvlik nəticəsində bu və ya digər formada qeyd edilməsini və buna görə də həmin məlumatlardan fərqli məlumatları şəxsin əlehinə istifadə edib, şəxsə qarşı verilmiş ittiham aktındakı və ya məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoldakı əməlin törədildiyi yer, vaxt, şəraitlə müqayisədə fərqli məlumatları onun əlehinə tətbiq edib, şəxsi ona qarşı verilmiş ittihamla müqayisədə fərqli əməlin törədilməsində təqsirli saya bilməz. Məhkəmə istintaqı, şəxsə qarşı verilmiş ittihamdakı və ya məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoldakı əməlin törədilibtörədilməməsinin təqdiq edilib-edilməməsinə xidmət edir. Digər bir yanaşma ittihamdan kənara çıxma kimi və ya şəxsin xeyrinə olan məsələnin onun ziyanına aradan qaldırma və ya şübhələrin və anlaşılmamazlıqların şəxsin ziyanına aradan qaldırma kimi qiymətləndirilər ki, Bunu da CPM qadağan edir. Çünki CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yaranmış vəziyyətdə verilmiş ittihamda göstərilən tarix və saatı, həmçinin şpakellə və yumruqla vurulmuş zərbələrin eyni vaxtda deyil, günün müxtəlif vaxtlarında yetirilməsi formasında dəyişdirib, bununla da “texniki səhv” adı altında verilmiş ittihamı məhkəmənin öz təşəbbüsü ilə dəyişdirib, başqa bir ittihama bıxılmasına dair CPM-də norma yoxdur. Çünki CPM-nin 21.2-ci maddəsində də qeyd edildiyi kimi, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Göründüyü kimi yaranmış hazırkı vəziyyətdə ittihamdakı hadisənin törədildiyi tarix, yer, şəraitlə bağlı məqamların qeyd edilən formada “texniki səhv” adı altında dəyişdirilməsinə dair CPM-nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur mövcud deyildir. Texniki səhv adı altında tarix, yer və şərait dəyişdirildikdə, təqsirləşdirilən şəxsin vəziyyəti ağırlaşır. Məhkəmə həmin tarixi, yeri, şəraiti ittihamdan çıxara bilər. lakin ittihamdan tarix çıxdıqda, digər bir tarix olmadığı üçün, hadisənin törədildiyi tarix artıq mövcud olmur. Həmçinin nəzərə alınmalıdır ki, yekun protokolda bir neçə səhifədə, bir neçə bölmədə tarix məhz 08.03.2021-ci il saat 22 radələri kimi göstərildiyindən, bu məsələ texniki səhv kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, CPM-nin 297.0-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materialları ona daxil olduqdan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 297.0.1. daxil olmuş materiallara dərhal baxmaq və böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayətin baxılması zamanı təhqiqatçının hərəkətlərinin və həmin şikayət üzrə aparılmış məhkəməyədək sadələşdirilmiş icraatın qanuniliyini və əsaslılığını yoxlamaq; 297.0.2. toplanılmış sübutlar və təhqiqat zamanı araşdırılmış hallar ittihamın irəli sürülməsinə imkan verdikdə, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair təhqiqatçı tərəfindən tərtib edilmiş yekun protokolunda ittihamın irəli sürülməsini təsdiq etmək və bütün materialları məhkəməyə göndərmək və gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş yekun protokolu “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə yerləşdirmək; 297.0.3. toplanılmış sübutlar ittihamın irəli sürülməsi üçün kifayət qədər olmadıqda və ya bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda, məhkəməyədək sadələşdirilmiş icraatın materialları əsasında cinayət işinin başlanması haqqında qərar çıxarmaq və ibtidai istintaqın aparılmasını müvafiq istintaq orqanına tapşırmaq; 297.0.4. cinayət təqibini istisna edən hallar mövcud olduqda, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarmaq; 297.0.5. böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materialları ilə tanış olmuş şəxslərə özünün çıxardığı qərar haqqında məlumat vermək. Beləliklə, sadalanan normalara görə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həmin yekun protokola baxılaraq, məhz yekun protokoldakı verilmiş ittiham, yəni məhz həmin konkret əməlin törətməsinin israr edilməsi təsdiq edilir. Protokol təsdiq edildiyi üçün, məhkəmə “texniki səhv” adı altında həmin protokoldakı təsdiq edilmiş ittihama dəyişiklik edə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, yekun protokolda həmin əməllə bağlı təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə tarixinə və şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, ünvan 6 ünvanda, həmçinin Zərərçəkmiş şəxs Bafadir qızı yerə yıxıldıqdan sonra ona xəsarətlər yetirməsi ilə bağlı sübutların olmaması, hazırkı iş üzrə zidiyyətli və şübhəli məqamlar olduğundan, yekun protokolda irəli sürülmüş ittihamdakı təqsirləndirilən şəxsin cinayət törətməsini təsdiq edən sübutlar kifayət etmir. Bununla da təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə yekun protokolda göstərilən ünvan 6 ünvanda, həmçinin Zərərçəkmiş şəxs Bafadir qızı yerə yıxıldıqdan sonra ona xəsarətlər yetirilməsinə dair ifadələrin mövcud olmaması, həmin ünvanda xəsarətin yetirilməsinə dair digər sübut olmadığı halda, verilmiş ittihamdakı hadisə yerinin və şəraitin “ibtidai araşdırma orqanının texniki səhfi adı altında” dəyişdirilməsinin məhkəmənin öz üzərinə götürməsi də CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Həmçinin verilmiş konkret ittihamda xəsarətlərin ünvan 5 ünvanda yetirilməsində Təqsirləndirilən şəxs təqsirləndirilmədiyindən, şahidlərin və zərərçəkənin ifadələrinin, ekspert rəyinin verilmiş konkret və mövcud ittiham üzrə Təqsirləndirilən şəxs əlehinə istifadə edilə bilməz. Təqsirləndirilən şəxs ona qarşı verilmiş konkret ittihamda göstərilməyən əməli törədib-törədilməməsinin araşdırılması yolverilməzdir. Əgər Təqsirləndirilən şəxs ünvan 5 ünvanda baş vermiş hadisə üzrə ittiham verilsəydi, onda həmin konkret əmələ görə də öz müdafiəsini qurardı. Lakin Təqsirləndirilən şəxs qarşı ibtidai araşdırma ünvan 6 ünvanındakı hadisə ilə bağlı aparıldığından və məhz həmin ünvan üzrə ittiham verildiyindən, Təqsirləndirilən şəxs müdafiəsini məhz həmin konkret ünvan üzrə verilmiş ittiham üzrə həyata keçirmişdir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə və ünvana dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-187/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-187/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver