Məhkəmə qərarları › İş №1(004)-189/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-189/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-189/2023 11.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Yusifov Tofiq Nadir oğlu və onun müdafiəçiləri Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Şahmarov Məzahir Turab oğlunun iştirakları ilə, 27 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Yusifov Tofiq Nadir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yusifov Tofiq Nadir oğlu satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlamış, 05 noyabr 2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasına gəlməklə daşımış, həmin tarixdə saat 11:30 radələrində Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nün əməkdaşı tərəfindən saxlanılaraq şəxsiyyəti portal sistemi vasitəsi ilə yoxlanılan zaman Qaradağ RPİ-si tərəfindən mülki öhdəlikdən boyun qaçırdığı üçün borclu fiziki şəxs və cabdeh qismində axtarışda olması müəyyən edilərək aidiyyəti üzrə təhvil verilməsi üçün ünvan 2 ünvanında yerləşən Bakı Metropolitenində Polis Şöbəsinə gətirilərək xidməti otaqda həmin gün saat 12:10 radələridə üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən metal parçasından hazırlanmış qutunun içərisində 13 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,146 qram, 0,230 qram, 0,093 qram, 0,053 qram, 0,074 qram, 0,064 qram, 0,043 qram, 0,062 qram, 0,067 qram, 0,066 qram, 0,062 qram, 0,068 qram, 0,069 qram ümumi çəkisi 1,097 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Yusifov Tofiq Nadir oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, uzun müddətdir ki, heç bir yerdə işləmir, psixotrop maddə olan metamfetamini çəkmək qəbul edir. 05 noyabr 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxsə yazaraq şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs ona hesab nömrəsi göndərmiş və o, “Milliön” elektron ödəmə aparatı vasitəsi ilə həmin hesaba 60 manat pul ödəmişdir. Pulu ödədikdən bir müddət sonra həmin şəxs ona psixotrop maddə metamfetaminin olduğu yerin şəklini göndərmişdir. O, həmin şəkilə baxan zaman sifariş etdiyi psixotrop maddə metamfetaminin Bakı şəhəri, Babək prospektində olduğunu görmüşdür. O, dərhal həmin ünvana gedərək sifariş etdiyi psixotrop maddə metamfetamini götürmüşdür. Həmin gün yəni, 05 noyabr 2022-ci il tarixdə saat 11:30 radələrində o, Bakı Metropolitenin QSC-nin “Gənclik” stansiyasına daxil olmuşdur. Həmin vaxt metronun “Gənclik” stansiyasında xidmət aparan polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. O, polis əməkdaşına üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirib ad soyad və ata adını polis əməkdaşına demişdir. Bundan sonra Polis əməkdaşı portal sisteminə baxıb onun Qaradağ RPİ-si tərəfindən fiziki-borclu şəxs kimi axtarışda olduğu müəyyən etmiş və onu Bakı Metropolitenində Polis Şöbəsinə gətirmişdir. Polis Şöbəsində olan zaman o, polis əməkdaşlarının sualına cavab olaraq bildirmişdir ki, psixotrop maddə metamfetamin istifadəçisidir və hazırda üzərində şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin var. Bundan sonra polis əməkdaşları onun seçdiyi vəkili Polis Şöbəsinə dəvət etmişlər və müdafiəçinin iştirakı ilə ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etməyi təklif etmişlər. O polis əməkdaşının bu təklifindən sonra o əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 39 ədəd 10 manatlıq saxta pul əskinazını və həmin gödəkçənin sol yan cibindən bir ədəd içərisində 13 büküm psixotrop maddə metamfetamin olan qutunu çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra o həmin qutunu açaraq içərisində on üç büküm metamfetamin olduğunu və həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün aldığını və heç kəsə satmaq niyyəti olmadığını polis əməkdaşlarına bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Namazov Elvin Elxan oğlunu taksi sürücüsü kimi tanımış və heç vaxt Evinə narkotik vasitə və ya psixotrop maddə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Namazov Elvin Elxan oğlu ifadəsində göstərmişdir ki, idarə etdiyi “Renault Meqane” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2022-ci ilin oktyabr ayının əvəllərində Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində sonradan adının Yusifov Tofiq Nadir oğlu olduğunu bildiyi şəxs müştəri qismində onun idarə etdiyi avtomobilə əyləşmişərək onun Sumqayıt şəhərinə aparamağını xahiş etmişdir. O, Tofiqlə razılaşıb onu Sumqayıt şəhərinə aparmışdır. Yolda olan zaman o Tofiqlə söhbət etməyə başlamışdır. Tofiq Abşeron rayonu Saray kəndi yaxınlığında yerləşən daş bazarının yanında maşından düşüb onu gözləməyini xahiş etmişdir. Təxminən 10-15 dəqiqə sonra Tofiq yenidən maşına əyləşmiş və o, Tofiqi Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayonun ərazisinə aparmış və Tofiq maşından düşürdən zaman onun mobil nömrəni istəmişdir. Bundan 2-3 gün sonra Tofiq ona zəng edərək onu Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayondan Bakı Metropoliteni QSC-nin “Memar Əcəmi” stansiyasına aparmasını xahiş etmişdir. Onlar yolda olan zaman Tofiq ona narkotik vasitələrin istifadəçisi olduğunu demiş və ona bir yerdə narkotik vasitədə istifadə etməyi təklif etmiş o isə razılaşmamışdır. Bundan təxminən təxminən 2-3 gün sonra o, yenidən Tofiqlə götürərək onu dəqiq ünvanını xatırlamadığı ünvana apmışdır. Yolda olan zaman Tofiq yenidən ona narkotik vasitə istifadə etməyi təklif etmiş, o Tofiqin bu təklifi ilə razılaşmış və Tofiq ona marixuanna vermiş, onlar bir yerdə onu çəkmək yolu ilə qəbul etmişlər. Bundan bir müddət sonrada eyni qaydada Tofiq ona marixuanna vermiş və onlar onu bir yerdə çəkmək yolu ilə gəbul etmişlər və bu zaman o Tofiqə 10 manat vermişdir. Həmin marixuananı Tofiq ona satmamış o sadəcə Tofiqə 10 manat vermişdir ki, həmin marixuananın əldə edilməsinə Tofiqin sərf etdiyi xərci ödəsin. Tofiq ona heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Həsənov Sənan Həsən oğlu ifadəsində göstərmişdir ki, o, Bakı Metropoliteni Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyündə xidmət edir. Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasında təhlükəsizliyin təmini məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində stansiyaya daxil olan bəzi sərnişinlər tərəfindən portal vasitəsi ilə yoxlanılmışdır. Həmin vaxt stansiyaya daxil olmuş bir nəfər sərnişinə yaxınlaşaraq özünü təqdim etdikdən sonra onun şəxsiyyət məlumatlarını soruşmuş və onun sualına cavab olaraq həmin şəxs Yusifov Tofiq Nadir oğlu olduğunu bildirmişdir. O həmin məlumatları portal sisteminə daxil etmiş və müəyyən etmişdir ki, T.Yusifov Qaradağ RPİ tərəfindən fiziki borclu şəxs kimi axtarışdadır. Bundan sonra o, Yusifov Tofiq Nadir oğlunu Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmiş və Tofiq onunla razılaşaraq Polis Şöbəsində getmişdir. Orada olan zaman polis əməkdaşlarının sualına cavab olaraq Tofiq bildirmişdir ki, üzərində şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin vardır. Bundan sonra Tofiq Yusifova təqdim edilmiş vəkilin iştirakı ilə üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etməsi təklif edilmiş, Tofiq isə əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli qutunu və həmin gödəkçənin sağ yan cibindən 39 ədəd 10 manatlıq pul əskinazını çıxardaraq masanın üzərinə qoymuşdur. Yusifov Tofiq Nadir oğlunun təqdim etdiyi qara rəngli metaldan hazırlanmış qutu açılan zaman içərisində 13 ədəd büküm olduğu müəyyən edilmişdir. Yusifov Tofiq Nadir oğlu həmin kütlələrin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni tutulmamışdan 4-5 gün əvvəl tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Yusifov Tofiq Nadir oğlunun təqdim etdiyi 39 ədəd 10 manatlıq pul əskinazlarını özü printer vasitəsi ilə çap etdiyini, həmin pulları istifadə etmədiyini bildirmişdir. Bundan sonra Tofiq Yusifovdan götürülmüş psixotrop maddələr qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Yusifov Tofiq Nadir oğluna qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında dindirilmiş Sadıqov Murad Yaşar oğlu və Şıxəliyev Vüsal Şıxəli oğlu da Həsənov Sənan Həsən oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Yusifov Tofiq Nadir oğlunu bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Yusifov Tofiq Nadir oğlu əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən içərisində 10 ədəd ağ kağız kəsiyinə bülükmüş, 2 ədəd şəffaf salafan kəsiyinə bükülmüş və 1 ədəd gümüşü rəngli siqaret falqasının kəsiyinə bükülmüş, ümumilikdə 13 ədəd bükümlər olan qara rəngli dəmir qutunu təqdim etdi. Həmin bükümlərə baxış zamanı bükümlərin içərisində ağ rəngli kristal şəkilli narkotik maddəyə oxşar kütlələr aşkar edildi. Tofiq Yusifov həmin bükümləriniçərisində olan maddələrin el arasında patı kimi tanınan metanfitamin olduğunu və həmin 33 maddələri 4-5 gün bundan əvvəl instqaram sosial şəbəkədə tanış olduğu adını bilmədiyi şəxsdən onlayn ödəniş etməklə 65 manata aldığını bildirdi. Bundan əlavə dediyinə görə yaşadığı ünvanda printer vasitəsilə aboy kağızı üzərinə çap etdiyi 39 ədəd 10 manatlıq kağız əskinazları təqdim etdi. Yusifov Tofiq nadir oğlunun üzərindən aşkar edilmiş kütlələr və 39 ədəd 10 manatlıq əskinazlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən hər biri ayrı-ayrılıqda 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 37 saylı möhürü ilə möhürlənərək götürüldü. Əlavə şəxsi axtarış zamanı Yusifov Tofiq Nadir oğlunun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. (i.v. 32-33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 05 noyabr 2022-ci il tarixli 6/6430 saylı rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN zərflər üçün №37” dairəvi möhür əksi və “Şübhəli şəxs Yusifov İmza, iştirakçılar –iki-imza, Müdafiəçi-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 13 (on üç) ədəd bükümlərdə təmiz çəkiləri -0,146 qram, -0,230 qram, - 0,093 qram, -0,053 qram, -0,074 qram, -0,064 qram,-0,043 qram, -0,062 qram, -0,067 qram, -0,066 qram, 0,062 qram, 0,068 qram, -0,069 qram, ümumi təmiz çəkisi 1,097 qr ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyavi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. (i.v. 39-43) “Diskə baxış keçirilməsi haqqında” 06 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Yusifov Tofiq Nadir oğlu Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq Bakı Metropolitenində Polis Şöbəsinə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axratış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Yusifov Tofiq Nadir oğlunun üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuşdur. Şübhəli şəxs Yusifov Tofiq Nadir oğlu əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli metaldan hazırlanmış qutunu və həmin gödəkçənin sağ yan cibindən 39 ədəd 10 manatlıq pul əskinazını çıxardaraq masanın üzərinə qoyaraq təqdim etdi. Əlavə axtarış zamanı şübhəli şəxs Yusifov Tofiq Nadir oğlunun əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir qutu siqaret aşkar edildi. Şübhəli şəxs Yusifov Tofiq Nadir oğlunun təqdim etdiyi qara rəngli metaldan hazırlanmış qutu açılan zaman içərisində 13 ədəd büküm olduğu müəyyən edildi. Həmin bükümlərdən 10 ədədi ağ rəngli kağız kəsiyi, 02 ədədi gümüşü rəngli kağız kəsiyi və 01 ədədi şəffaf rəngli sellofan kəsiyi bükümlərində olmuşdur. 02 ədəd gümüşü rəngli kağız kəsiyi sıra ilə açılan zaman birinin içərisində ağ rəngli kristal şəkilli kütlə, digər gümüşü rəngli kağız kəsiyi açılan zaman isə içərisində şəffaf rəngli sellofan kəsiyi olmuşdur. Həmin şəffaf rəngli sellofan kəsiyi açılan zaman isə onunda içərisində ağ rəngli kristal şəkilli kütlə olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Yusifov Tofiq Nadir oğlunun təqdim etdiyi şəffaf rəngli sellofan kəsiyi açılan zaman içərisində ağ rəngli kristal şəkilli kütlə olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Yusifov Tofiq Nadir oğlunun təqdim etdiyi 10 ədəd ağ rəngli kağız kəsiyi bükümlərində olan bükümlər açılan zaman onlarında içərisində ağ rəngli kütlələr olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Yusifov Tofiq Nadir oğlu həmin kütlələrin el arasında “şüşə” kimi tanınan metamfetamin olduğunu, həmin maddəni 4-5 gün bundan əvvəl tanımadığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (i.v. 47) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2022-ci il tarixli 6768 nömrəli rəyindən görünür ki, müayinə zamanı Yusifov Tofiq Nadir oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 110-111) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sənədlərin məhkəmə texniki ekspertizası, sənədlərin materiallarının tədqiqi, pul nişanlarının və qiymətli kağızların tədqiqi eskpertizasının 12 dekabr 2022-ci il tarixli 5/1422-5/1441 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunan 13 ədəd A seriyalı 28164052 nömrəli, 11 ədəd A seriyalı 31781362 nömrəli, 15 ədəd A seriyalı 44705159 nömrəli 10 nominal Azərbaycan manatı pul əskinasına oxşar tədqiqat obyektləri fizikikimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmamışdır, Mərkəzi Bankın tədavülə buraxdığı 10 Azərbaycan manatı pul əskinası ilə eynilik təşkil etmir. Həmin tədqiqat obyektləri Mərkəzi Bankın tədavülə buraxdığı müvafiq seriyalı və nömrəli pul əskinasından surələri qurğuda (çoxaldıcı qurğu və sair) çıxarılaraq axınlı çap üsulu ilə çap qurğusunda (printer, çoxaldıcı qurğu) hazırlanmışdır. Tədqiqata təqdim olunmuş 13 ədəd A seriyalı 28164052 nömrəli, 11 ədəd A seriyalı 31781362 nömrəli, 15 ədəd A seriyalı 44705159 nömrəli 10 nominal Azərbaycan manatı pul əskinasına oxşar tədqiqat obyektlərinin kağızının materialı fiziki xassələrinə və kimyəvi tərkibinə görə həqiqi pul əskinasının hazırlanmasında istifadə olunan kağızdan fərqlənir. Həmin tədqiqat obyektləinin rəngləyici maddəsi kimyəvi tərkiblərinə görə həqiqi pul əskinaslarının hazırlanmasında mətbəə çap qurğularında istifadə olunan rəngləyici maddələrə aid deyildir. (i.v. 113-117) “Sübutların qiymətləndirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Yusifov Tofiq Nadir oğlu barəsində Azərbaycan Respublikası CM-nin 204-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş üzrə təqsirləndirilən şəxsin ifadəsi, təqsirləndirilən şəxsin üzərinə “şəxsi axtarış keçirilməsi və götürülmə barədə” protokol və həmin protokola əlavə edilmiş 1 ədəd CD formatında disk, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji eskpertizasının rəyi sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs Yusifov Tofiq Nadir oğlunun üzərindən aşkar edilərək götürülmüş 1,097 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmalı və aparılmış kimyəvi ekspertiza nəticəsində metamfetaminin 0,967 qram qalığı və təqsirləndirilən şəxs Yusifov Tofiq Nadir oğlunun üzərindən aşkar edilmiş 30 ədəd 10 manatlıq pul əskinazları saxlanılması üçün Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinə təhvil verilmişdir. (i.v. 137-144) Məhkəmə, təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitələri satmaq niyyəti olmamasına dair ifadəsini cinayət işi üzrə irəli sürülmüş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakteri daşımaqla cinayət işi üzrə mötəbər sübutlarla təkzib edildiyinə görə ittihamın həlli üçün kifayət edən sübut növü kimi qəbul edilə bilməz. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, şahid qismində dindirilmiş Namazov Elvin Elxan oğlunun Tofiq Yusifov tərəfindən ona narkotik vasitə verilməsi və onun Tofiqə müəyyən məbləğdə pul verməsi barədə ifadəsini, təqsirləndirilən şəxsin üzərində daşıdığı narkotik vasitə olan heroinin 13 bükümdə olmasını nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, təqsirləndirilən şəxs Yusifov Tofiq Nadir oğlunun əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Yusifov Tofiq Nadir oğlu tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Yusifov Tofiq Nadir oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 24) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 noyabr 2022-ci il tarixli qərarına əsasən Yusifov Tofiq Nadir oğlu barəsində həbsetmənin əvvəli 05 noyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 71-75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Yusifov Tofiq Nadir oğlu Abşeron Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarı ilə vaxından əvvəl şərti azad edilmişdir. 22 oktyabr 2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (i.v. 84- 86). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 1(001)-140/2021 saylı hökmünə əsasən Yusifov Tofiq Nadir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbsetmənin əvvəli 22 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 87-93) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 7(003)-765/2021 saylı qərarına əsasən 27 dekabr 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olan - məhkum Yusifov Tofiq Nadir oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 03 mart 2020-ci il tarixli qərarına göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş materiallarından göründüyü kimi, Yusifov Tofiq Nadir oğlunun az ağır cinayət əməlinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 1(001)- 140/2021 saylı hökmünə əsasən Yusifov Tofiq Nadir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Yusifov Tofiq Nadir oğlunun məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 22 oktyabr 2021-ci il tarixdən hesablanır. Yusifov Tofiq Nadir oğlu 09 mart 2021-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Təqsirləndirilən şəxs Yusifov Tofiq Nadir oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Yusifov Tofiq Nadir oğlunun əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Yusifov Tofiq Nadir oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Yusifov Tofiq Nadir oğluna məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.3-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Yusifov Tofiq Nadir oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Yusifov Tofiq Nadir oğlundan aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.967 qram çəkisi olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 242 (iki yüz qırx iki) manat pul vəsaiti Yusifov Tofiq Nadir oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Yusifov Tofiq Nadir oğlunun CM-in 234.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Yusifov Tofiq Nadir oğlu CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 05 noyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Yusifov Tofiq Nadir oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Yusifov Tofiq Nadir oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Şahmarov Məzahir Turab oğlu dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Yusifov Tofiq Nadir oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Şahmarov Məzahir Turab oğlu məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Yusifov Tofiq Nadir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 05 noyabr 2022-ci il tarixdən hesablansın. Yusifov Tofiq Nadir oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yusifov Tofiq Nadir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.967 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 242 (iki yüz qırx iki) manat Yusifov Tofiq Nadir oğlundan tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Yusifov Tofiq Nadir oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Şahmarov Məzahir Turab oğluna məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar