Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-189/2024 05.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 müdafiəçisi «Prospekt» Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində “Tiktok” sosial şəbəkəsi üzərində Azad TV adlı səhifədə böhtan və təhqir xarakterli məlumatları özündə əks etdirən video-roliklər paylaşılmışdır. “Tiktok” sosial şəbəkəsində “Azad Tv” adlı səhifədə X2 ilə Fərid adlı şəxs yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi informasiya vasitələrində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla və xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atmış və kütləvi informasiya vasitələrində, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında və digər sosial internet şəbəkələri saytlarında barəmdə təhqiramiz ifadələr işlətməklə onun şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, X6 müraciəti əsasında 22 noyabr 2023-cü il tarixdə “Tiktok” sosial şəbəkəsində - kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında “Azad TV” adlı səhifədə Fərid adlı həmin səhifənin nümayəndəsi tərəfindən, “Məmurların özləri azmış kimi birdə övladlarının özbaşınalığı var”, “Qanunların imtiyaz verdiyi “məmur” övladları”, “Kriptovalyuta dəllalları”, “Türkiyənin Ankara şəhərində, X17 Akademiyasında təhsil alan gənclər iş qurmaq adı altında dələduzluq yolu ilə X5 359.000 ABŞ dolları mənimsəmişlər”, “Qanunların imtiyaz verdiyi məmur övladları barədə bu günə kimi qanuni tədbir görən Dövlət Orqanı tapılmayıb”, başlıqları altında yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən, onu nüfuzdan salan məlumatları yaymaqla və ağır cinayət törətməkdə ittiham etməklə mənə böhtan atmış və barəmdə təhqiramiz ifadələr işlətməklə onun şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmışdır. Yuxarıda qeyd olunan kütləvi informasiya vasitələrində, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında və digər sosial internet şəbəkələri saytlarında yayılan məlumatlara dair sübutlar, yəni həmin informasiya vasitələrindən əldə edilmiş vazılı sübutları məhkəməyə təqdim edir. Məhkəməyə təqdim etdiyi yazılı sübutlarla qeyd olunan başlıqlar altında kütləvi informasiya vasitələrində, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında və digər sosial internet şəbəkələrində barəmdə aşağıda qeyd olunan yalan faktların yayılması öz təsdiqini tapmışdır və həmin məlumatları təqdim edir. Yuxarıda qeyd olunanlarla bağlı bildirir ki, X14 adıçəkilən kütləvi informasiya vasitələrində yaydığı məlumatların hamısı yalan və böhtandan ibarətdir. Həmin məlumatların yalan və böhtan olması X10 ilə aramızdakı mübahisə ilə bağlı məhkəmə prosesinin davam etməsi və məhkəmənin yekun qərarının qəbul edilməməsi ilə tam təsdiq olunur. Yuxarıda qeyd edilən məlumatların paylaşılması bilavasitə Azərbaycan respublikası Konstitusiyasının 63-cü maddəsi ilə təsbit olunan Konstitusion hüququmu - təqsirzilik prezumpsiyası hüququnu pozur. Hesab edir ki, X6 yuxarıda qeyd olunan informasiya vasitələrində Sübhan Məmmədovun onu aldadaraq dələduzluq yolu ilə pul vəsaitlərini ələ keçirməsi barədə yayılan məlumatlar Sübhan Məmmədovun şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan böhtan və onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli məlumatlardır və bununla da X10 Azərbaycan Respublikası CM-nin (bundan sonra mətndə CM-nin) 147.2 və 148-ci maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətmişdir və həmin əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Belə ki, yuxarıda qeyd olunan məlumatların təhqir və böhtan xarakterli məlumatlar olmasını onunla izah edir ki, X15 X3 şöbəsinin müdiri Məzahir Məmmədov və Şəmkir RMX-nin ginekologiya şöbəsinin müdiri Cəmilə Məmmədovanın oğludur, onlar kifayət qədər maddi imkana, Respublikada kifayət qədər müsbət nüfuza malik insanlardır. Yayılan məlumatların isə onu izləyən şəxslərdə Sübhan Məmmədovun aldatma və etibardan sui-istifadə etməklə X6 pulunu ələ keçirməsinə dair fikirlər formalaşmasına şərait yaradır ki, bu hallar isə yayılan məlumatların Sübhan Məmmədovun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan böhtan və onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan təhqir xarakterli məlumatlar olmasını təsdiq edir ki, bu hallar ilə də onun əməllərində CM-nin 147.2 və 148-ci maddələrinin tərkib əlamətlərinin olması təsdiq olunur. Belə ki, X6 əməli CM-nin 147.2-ci maddəsi ilə tövsif olunmalıdır, çünki o, Sübhan Məmmədovu xüsusilə ağır cinayət əməlini törətməkdə ittiham etməklə ona böhtan atmışdır. Belə ki, kütləvi informasiya vasitələrində, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında və digər sosial internet şəbəkələri saytlarında X6 müraciəti əsasında yayılmış video-roliklərdə Sübhan X1 dələduzluq yolu ilə 359.000 (üç yüz əlli doqquz min) ABŞ dolları ələ keçirməkdə ittiham olunur ki, bu da Azərbaycan manatı ilə 610.300 (altı yüz on min üç yüz) manata ekvivalentdir. Belə ki, CM-nin 177-ci maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Buradan da təsdiqini tapdığı kimi X6 əməli Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə tövsif olunmalı və onun barəsində həmin maddələrlə Cinayət işi başlanılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi X6 “Sübhan Məmmədovu dələduzluq yolu ilə ümumilikdə 359.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməkdə, yəni ona xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Tiktok sosial şəbəkəsində Azad TV adlı səhifədə paylaşılan video ictimailəşdirilmişdir ki, bu halda həmin təhqir və böhtan xarakterli məlumatların kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi internet informasiya ehtiyatında yayılmasını təsdiq edir. Yuxarıda qeyd olunan Qanun normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarının tələblərindən göründüyü kimi X10 tərəfindən yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan təhqir və böhtan xarakterli, o cümlədən xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaqdan ibarət məlumatları yaymaqdan ibarət olan cinayət əməlləri Bakı şəhəri Yasamal rayonunun ərazisində törədilmişdir ki, bu hallarda ona qarşı CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə qaldırılmış xüsusi ittiham qaydasında şikayət ərizəsinə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasını şərtləndirən amillər kimi çıxış etmiş olur. Göstərilənlərə əsasən İ.T.Kərimlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs S.M.Məmmədovun nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, onun icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs İ.T.Kərimlinin dövlət hesabına təyin edilmiş müdafiəçisi N.M.Əliyev bildirmişdir ki, şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə cavab vermir. Belə ki, şikayət ərizəsində şikayətin verildiyi yer qeyd edilməmişdir. Bundan əlavə şikayətçi İ.T.Kərimlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147.1, hansı əməllərinə görə həmin Məcəllənin 147.2, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifləri icra etmədən, həmçinin şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində şikayətin verildiyi yer qeyd edilməmişdir. Həmçinin şikayət vermiş şəxs İ.T.Kərimlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147.1, hansı əməllərinə görə həmin Məcəllənin 147.2, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs İ.T.Kərimlinin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Prospekt» Vəkil Bürosunun vəkili N.M.Əliyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, İ.T.Kərimliyə göstərilmiş hüquqi xidmətə görə «Prospekt» Vəkil Bürosunun vəkili N.M.Əliyevin məhkəmədə iştirak etdiyi 9 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Prospekt» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X7 göstərilmiş hüquqi xidmətə görə «Prospekt» Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 9 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Prospekt» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-189/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-189/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver