Məhkəmə qərarları › İş №1(004)-189/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-189/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-189/2025 26.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, usta işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 49da yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 yanvar 2025-ci il tarixdə, saat 23:20 radələrində yaşadığı ünvan 1 ünvanında, qeyri rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbləşərək sonuncuya əlləri və ayaqları ilə vuraraq ənsə nahiyyəsində şişkinlik halında əzilməsi, üst dodağın içəri səthinin əzilmiş yarası, boyunun sol saidin və sağ budun qançırları, sağ əlin birinci barmağının şişkinlik halında əzilməsi kimi xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında ifadə vermiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun zərərçəkmiş Zərərçəkmiş şəxs ilə aralarında faktiki ər-arvad münasibəti var. Birgə övladları da var. Amma rəsmi nikahları yoxdur. 17 ildir ki, bir yerdədilər. Özü usta işi ilə, fərdi əməklə məşğuldur. Sentyabr ayından axşam evə gəlirmiş. Uşağı məktəbdən götürüb evə çatıb. Yorğun idi. Paltarını ütüləyirdi. Bu zaman Təranə ona gəlib deyib ki, niyə evə ərzaq almırsan? Niyə evə baxmırsan? Bir az mübahisə ediblər. Onu özündən çıxarıb. O da əlindəki ütünü ona tərəf fırladıb. Ütünün arxa tərəfi ona dəyib. Sonra otaqdan keçib, qapıdan çıxmaq üçün əynini geyinməyə başlayıb. O, bu vaxt da ona tərəf gəlib əl-qol atmağa başlayıb. O da artıq özündən çıxıb, ona şillə vurmağa başlayıb. Sonra isə oradan uzaqlaşıb. Kirayə qalmaq üçün həmin binada başqa mənzil tutub. Ondan sonra barışıqları da olub. Ayın 25-də olan hadisəyə gəldikdə isə yenə çay içib oturub. Yenə işdən gəldiyindən yorğun halda televizorda xəbərlərə baxırmış. Təranənin anası onlarda idi, əməliyyat olmuşdu. Onun bir dostu var, ona pul lazım olmuşdu. O da ona 500 manat vermişdir. Xanım da deyinirdi ki, evin ehtiyacları var. Evin pulu var. Amma o, gedib ona-buna pul paylayır. Bu söhbət qurtarıb, başlayıb ki, nə qədər qazandı? O da 50 manat ayırıb kommunal pulu üçün. Yəni o söhbət, bu söhbət onu yenə hiddətləndirmək üçün bəhanə axtarıb. O, mühafizə xidmətində işləyib uzun illər. Səbrli adamdır. Onu özündən çıxartmaq asan məsələ deyil. Gördü ki, heç nə alınmır. Qolundan tutub qayıdasan ki, çıx evdən. Bir dəfə, iki dəfə. Artıq o, affektə düşüb. Buna bir şillə, iki şillə dalaşıblar. Həmçinin Təranə ona “it kimi sülənir” ifadəsini demişdir. Zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir, amma istəyir, xanım ona çox əsəbidir, ona görə narahat etmək istəmir. Əməlindən peşmandır. Hazırda da zərərçəkmiş şəxslə münasibətlərini davam etdirir. Yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs döydüyü ilk qadın o deyildir. 29-cu polis şöbəsindən soruşa bilərlər. Bu illərdə harada kirayə yaşayıblarsa, onu döyüb. Bir çox dəfə olub onu döyməsi. Polisə dəfələrlə şikayət etmişdir, amma məhkəməyə gələnədək imtina etmişdir. Onu bağışlamışdır. Anasının, qardaşının və bacısının sözünə görə İlhamı məhkəməyə vermək istəməmişdir. Amma döymək şəxsin təbiətində də var. O, hələ öz qardaşının arvadını da döymüşdür. Bu dəfə onu bağışlamaq fikri yoxdur. Hadisə belə olub ki, 3 ay olar Şərur MTK-dan mənzil alıblar. Ev özünün adınadır. Özü salonda işləyir. Aylığı ödəyə bilmirdi. Ona ofisdən zəng gəldi ki, ya evi boşaldın, ya da cərimə olunacaqsız. Ona görə İlhama deyib ki, qonşulara verdiyi pulu evin aylığına ver. Onu narahat edirlər. O isə deyib ki, kimə hara nə pul verdiyini özü bilər. O, ona qarışa bilməz. Bu söz onu özündən çıxardıb. Uşaqlar da yatmışdı. Anası da əməliyyat olunması ilə bağlı onlarda qalırdı. Başlayıb onu vəhşicəsinə döyməyə. O vəziyyət yaranıb ki, təcili tibbi yardım çağırmalı olub. O, xəstəxanada özündə olmamışdır. Polisi həkimlər çağırıb. Çünki bədəninin hər tərəfi göm-göy idi. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 80 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ənsə nahiyyəsində şişkinlik halında əzilməsi, üst dodağın içəri səthinin əzilmiş yarası, boyunun sol saidin və sağ budun qançırları, sağ əlin birinci barmağının şişkinlik halında əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixatiriya Xəstəxanası” X9 təqdim edilmiş, xx.xx.2025-ci il tarixli 3-28-29/2-1080/2025 saylı məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixatiriya Xəstəxanasında müalicədə olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cinayət tərkibi vardır, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət qanunu ilə nəzərdə tutulmuş əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında 5 növ cəza yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 3131-21/2A-195xx/xx/2025 saylı xx.xx.2025-ci il tarixli arayışından və BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, həmin Nazirliyin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyətinin 56 saylı MİKS-nin 31 saylı, xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və barəsində MKİS-ə yazılı və ya şifahi şikayət daxil olmamışdır. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü X3 adlı qızı, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, 3 övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar