Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-19/2023 13.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxx 1969-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 306.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 cavabdeh kimi ondan 17000,00 ABŞ dolları və 630,00 manat məbləğlərində pul vəsaitləri tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 iyun 2017-ci il tarixli, 2(004)-4683/2017 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərildikdən sonra icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi 25 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolu ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-4006/2020 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 04 fevral 2021-ci il tarixdə xəbərdarlıq təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 02 aprel 2021-ci il tarixədək şəxsi maraq niyəti ilə həmin məbləğdə zərər çəkmiş şəxsə ziyan vuraraq qanuni qüvvədə olan məhkəmə aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, səyyar ticarətlə məşğul olur, aylıq gəliri 400,00 manat təşkil edir. Əlavə olaraq onu da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs 08 avqust 2016-cı ildə 17000,00 ABŞ dolları məbləğində pul vəsaiti qısa müddət ərzində qaytarmaq məqsədilə borc almış, sonradan pulu qaytarmamış, o, isə borcunu tələb edərək 2017-ci ildə Bakı şəhəri Yasamal rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin 20 iyun 2017-ci il tarixli, 2(004)- 4683/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 17000,00 ABŞ dolları və 630,00 manat məbləğlərində pul vəsaitləri tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru qətnamənin icrasının təmin edilməməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 25 noyabr 2020ci il tarixli, 3(004)-4006/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru ona qətnamənin icrasını qərəzli təmin etmədiyi halda məsuliyyəti ilə bağlı xəbərdarlıq təqdim etməklə yeni müddət təyin etməsinə baxmayaraq məhkəmə aktını icra etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs 08 avqust 2016-cı il tarixdə ondan qısa müddət ərzində qaytarmaq məqsədilə 18000,00 ABŞ dolları məbləğində pul vəsaiti borc almış, bir müddət sonra sözünə əməl etməyərək borcu qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmiş, məhkəmənin 20 iyun 2017-ci il tarixli, 2(004)-4683/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 17000,00 ABŞ dolları və 630,00 manat məbləğlərində pul borcu tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcuya bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən imtina etdiyindən həmin məhkəmənin 25 noyabr 2020-ci il tarixli, 3(004)-4006/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra icra məmuru qətnamənin icrası ilə bağlı ona xəbərdarlıq verməsinə baxmayaraq o, məhkəmə aktını icra etməmiş, uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olduğundan kifayət qədər pul qazanmasına baxmayaraq borcunu ödəməyəcəyini bildirmiş olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon İcra şöbəsinin icra məmuru Şahid2 ifadəsində Təqsirləndirilən şəxs 17000,00 ABŞ dolları və 630,00 manat məbləğlərində pul vəsaitləri tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 iyun 2017-ci il tarixli, 2(004)-4683/2017 saylı qətnaməsinin icrası təmin edilməsi ilə əlaqədar Bakı şəhəri Yasamal rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 09 avqust 2017-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edildikdən sonra tələbin 10 gün müddətində könüllü təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmiş, məhkəmə qətnaməsi könüllü icra müddətində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə dəvət olunaraq borcludan izahatlar alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o isə izahatlarında fərdi əmək fəaliyyəti ilə məşğul olmasına baxmayaraq icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməkdən yayınaraq məhkəmə aktını qərzəli icra etmədiyindən həmin məhkəmənin 25 noyabr 2020-ci il tarixli, 3(004)-4006/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş və məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirməklə qətnamənin icrasından qərəzli yayındığını göstərmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində olan eyni xüsusatları qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Müşfiq uzun illərdir səyyar ticarətlə məşğul olur, onlar bir yerdə santexnik avadanlıqlarının pərakəndə satışını təşkil etmişdilər və Təqsirləndirilən şəxs gəlir yeri oradan hər ay 400,00 manat təşkil edir. Hazırda onlara məxsus mənzili satışa qoyaraq Müşviqin borcunu tezliklə ödəyəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində "xxxx" Mənzil Tikinti Koorporetivinin təsərrüfat cəmiyyətinin sədri işlədiyini göstərmişdir. Bundan başqa onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MTK-nın Bakı Şəhəri, Yasamal Rayonu, H.Zərdabi prospekti, ev 77A ünvanında inşa etdirdiyi çox mənsilli yüksək mərtəbəli binanın 75 saylı mənzilndə yaşayır, o uzun illərdir səyyar ticarətlə məşğul olur, yəni santexnik avadanlıqlarının pərakəndə satışını təşkil edir. Cinayət işinin 9-11-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2(004)-4683/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 17000 ABŞ dolları, 600 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin 123-124-cü vərəqələrində olan 25 noyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 86-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 07 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona olan borc tam şəkildə ödənilib və ona görə cinayət işinin xitam olunmasını məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2(004)-4683/2017 saylı qətnaməsini tam icra etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsinin qeyd hissəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili F.H.İsrafilova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili F.H.İsrafilova məhkəmədə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsi tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilsin. X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. X1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 80 saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-19/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-19/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver