Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-191/2022 22.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs: xx.xx.1977-ci tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 oğlu Ruslan Yusifovu polis nəfəri kimi işə düzəldilməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya R.Yusifovu polis nəfəri kimi işə düzəldəcəyini bildirib əslində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 2019-cu ilin iyul ayında Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi 14 saylı yataqxananın 8 saylı otağında sonuncunun Şahid3 vasitəsilə göndərdiyi 10000 (on min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, tanışı Zərərçəkmiş şəxs1 oğlu Ruslan Yusifovu polis nəfəri kimi işə düzəltmək adı ilə ona verdiyi pulları geri qaytarmasını tələb etməsi səbəbindən təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 lotoreya təşkil etməsini, özünündə həmin lotereyada iştirakçı olacağını və beləliklə əldə edilmiş pulun hesabına ondan aldığı pulları qaytaracağına dair yalandan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 təklifi ilə 10 yerlik, aylıq 500 manatdan lotoreya oynamaq barədə razılığa gəlmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 Adil oğlu və X3 ilk ayda toplanan 5000 manat pulu özü götürəcəyi, növbəti aylarda isə həmin şəxslərin nəfinə hər ay 500 manat olmaqla pul ödəyəcəyini yalandan bildirib əslində həmin şəxslərə məxsus pulları ələ keçirmək niyyəti ilə onları aldadaraq 2019-cu ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu Z.Xəlilov küçəsi 14 saylı yataqxananın 14 nömrəli otağında zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 məxsus 1,000 manat, Zərərçəkmiş şəxs5 məxsus 500,0 manat, Zərərçəkmiş şəxs3 məxsus 1,000 manat, Zərərçəkmiş şəxs6 məxsus 1,000 manat, Sara Rüstəmovaya məxsus 500 manat və Zərərçəkmiş şəxs2 məxsus 500 manat olmaqla ümumilikdə 4.500 (dörd min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan alıb ələ keçirərək təkrar törədilməklə dələduzluq etmişdir. Həmin əməlin törədilməsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmiş, barəsində Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X11 tərəfindən 14.03.2022-ci il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Yasamal rayon prokuroru tərəfindən 19.03.2022-ci il tarixdə təsdiq edilmişdir, cinayət işinin nömrəsi ********* olmuşdur. Cinayət işi məhkəməyə 31.03.2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi şifahi vəsatətlə məhkəməyə müraciət edərək göstərdi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müdafiə hüququ pozulmuşdur, formal xarakter daşıyırdı, müdafiəçinin təyin edilməsi ilə eyni anda istintaq qurtarmış, həmçinin ittiham aktı düzgün tərtib edilməyib. Çünki ittiham aktında 2-ci epizod üzrə verilmiş ittihamda zərərçəkmişlərə 500 manat ziyan vurmada təqsirləndirilərsə, bu əməl CM-nin 177-ci maddəsinin qeydinə əsasən cinayət sayılmır. Çünki dələduzluq əməli 500 manatdan yuxarı ziyan vurduqda yaranır. Həmçinin həmin adları qeyd edilən şəxslər zərərçəkmiş şəxs kimi tanınmışlarsa, onda onların hər birinə ayrılıqda vurulmuş zərər göstərilməlidir. Lakin ittihamda göstərilib ki ümumilikdə zərər vurulmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində toplanmış cinayət işinin materialı üzrə kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işi üzrə işin yenidən obyektiv, hər tərəfli araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-nin tələblərini kobud pozuntularla yol vermiş müstəntiq Samid Şabanov və Yasamal rayon prokuroru barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında vəsatəti müdafiə etdi və bildirdi ki, o, ibtidai istintaq dövründə müdafiəçi kimi ona təyin edilmiş X14 adlı şəxsi ümumiyyətlə görməmişdir, həmin şəxsi tanımır. Onun vəkili X9 olubdur, həmin vəkillə istintaqda olubdur. Həmin vəkildən başqa hər hansı bir vəkili olmamışdır. Fevral ayının sonlarında müstəntiq ona zəng edib bildirib ki, vəkil dəyişib, gəlib müəyyən sənədlərə qol çəkmək lazımdır. O da müstəntiqin çağırışı ilə istintaqa gəlmiş və müstəntiq ona bir neçə sənədə qol çəkdirmişdir. Müstəntiqin yanında sənədlərə qol çəkəndə orada hər hansı bir vəkil olmamışdır, həmçinin Hüseyn Yavər adlı şəxs də orada olmamışdır, onu görməmişdir, tanımır. Bundan sonra da ona məhkəmədən bildiriş gəlmişdir ki, iş məhkəmədədir, iclasa gəlmək lazımdır. Buna görə də hesab edir ki, istintaq tələm-tələsik aparılıb, iş məhkəməyə göndərilib. Heç bir cinayət törətməmişdir. Ona görə də işin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı vəsatətin əsassız olmasını, iş materiallarında vəkilin istintaqda iştirak etdiyini, imzalarının olduğunu, ona görə də vəsatətin təmin edilməməsini, təqsirləndirilən şəxsin CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X6 və Zərərçəkmiş şəxs5 prokurorun fikri ilə razı olduğunu, təqsirləndirilən şəxsin artıq onların ziyanlarını ödədiyini, işin məhkəmə baxışına təyin edilməsini, ədalətli qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edildi. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmin pozuntular aşağıdakılardan ibarətdir. Belə ki, iş üzrə aşağıdakılara əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Çünki işdən görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüququ formal olaraq təmin edilmişdir, müdafiə hüquqununun təmin edilməsi görüntüsü yaradılması üçün, sadəcə müdafiəçi təyin edilmişdir. Belə ki, cinayət işi 16.04.2021-ci il tarixdə başlanılmışdır. 29.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, həmin tarixli qərarla vəkil X.X1 müdafiəçisi təyin edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi dindirilmiş, bundan sonra 30.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxsç qismində cəlb kdilmiş və bu statısda dindirilmişdir. 30.07.2021-ci il tarixdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən Yasamal rayon prokurorluğu tərəfindən imtina edilmişdir. həmin tarixdə təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bir çox istintaq hərəkətləri keçirilmiş, 25.02.2022-ci il tarixli qərarla vəkil X4 müdafiəçisi kimi işdə iştirakına xitam verilmişdir. Bundan sonra müstəntiq Samid Şabanovun 25.02.2022-ci il tarixli qərarı ilə və 25.02.2022-ci il tarixli orderlə X14 təqirləndirilən şəxsin müdafiəçisi təyin edilmiş və həmin tarixdə də müdafiəçiyə və təqsirləndirilən şəxsə “ibtidai istintaqın qurtarması barədə məlumat verilməsinə dair” protokol tərtib edilmişdir. 25.02.2022-ci il tarixdə də zərərçəkmiş şəxslərdən sonuncu dəfə Zərərçəkmiş şəxs1 “ibtidai istintaqın qurtarması barədə məlumat verilməsinə dair” protokol tərtib edilmişdir. Artıq 01.03.2022-ci il tarixdə müdafiəçi və təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olması barədə protokol tərtib edilmişdir. Protokola əsasən müdafiəçi və təqsirləndirilən şəxs 315 səhifəlin cinayət işi materialları ilə saat 15:30-dan saat 16:45dək, yəni 01 saat 15 dəqiqə tanış olmuşlar. 14.03.2022-ci il tarixdə isə artıq ittiham aktının tərtibinə başlanılmışdır. Göründüyü kimi yeni vəkil kimi X14 müdafiəçi təyin edildiyi gün də istintaq yekunlaşmışdır. Cinayət işinin tanışetmə barədə protokoldan görünür ki, müdafiəçi ilə təqsirləndirilən şəxs cəmisi 01 saat 15 dəqiqə iş materialları ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməmişdir. Bununla da faktiki olaraq işə buraxılmış yeni müdafiəçi ilə ümumiyyətlə heç bir istintaq hərəkəti aparılmamış, müdafiəçinin işdə iştirakı ona sadəcə “istintaqın yekunlaşmasının elan edilməsi” və “iş materialları ilə tanış etmə barədə” protokolları imzalatmaqdan ibarət olmuşdur. Bu cür formada müdafiəçi hüququnun təmin edilməsinin ağlabatan olması və bu halın təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi kimi qəbul edilməsi inandırıcı deyildir. Müdafiəçi hər hansı bir şəxsə sual verməmiş, hər hansı bir vəsatəti olmamış, şəxsin müdafiə hüquqununu təmin edilməsi üçün faktiki olaraq müdafiəçiyə hər hansı bir şərait yaradılmamışdır. Bu hal onu göstərir ki, müdafiəçinin işdə iştirakı formal təmin edilmişdir. Müdafiəçi ilə formal təmin edilmək isə təqirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs verilmiş ittiham aktındakı 2-ci epizod üzrə, yəni ittihamda yazılan “ümumilikdə 4.500 (dörd min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncudan alıb ələ keçirərək təkrar törədilməklə dələduzluq etməsi” əməlini törətməsi qeyd edilmişdir. Həmin epizod üzrə verilmiş ittiham qeyri müəyyəndir. Çünki CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməli üzrə ittiham verilirsə, həmin ittiham üzrə etibarından sui-istifadə edilən və ya aldadılan şəxsin kim olması, əmlakı ələ keçirilən şəxsin kim olması dəqiq göstərilməlidir. CM-nin 177-ci maddəsinin qeydinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. İttihama əsasən Zərərçəkmiş şəxs5, Sara Rüstəmova və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi tanınmışdır. Lakin həmin şəxslərin hər birinin 500 manat məbləğində pul vəsaiti ilə lotoreya oynadığı qeyd edilmişdir. Belə olduğu təqdirdə 500 manat miqdarında zərər vurma əməli dələduzluq sayılmır. Həmçinin ittihamda ümumilikdə 4500 manat pulun ələ keçirilməsi qeyd edilsə də, məhz 4500 manat məbləğdə kiməsə ziyan vurulduğu və ya ayrı-ayrı zərərçəkmiş şəxslərin hər birinə nə qədər zərər vurulduğu dəqiq göstərilməmişdir. Ümumilikdə 4500 manat zərərvurmaya görə ittiham verilmişdirsə, həmin 4500 manat müəyyən hissələrlə ayrı-ayrı şəxslərə məxsusdursa, onda həmin hissələrin məxsus olduğu şəxslərin etibarından sui istifadə edilmə və ya aldadılma hadisəsinin baş verməsi dəqiq göstərilməlidir. Belə olduğu halda hazırkı ittihamda göstərilən həmin 2-ci epizod üzrə verilmiş ittiham qeyri müəyyən olmuşdur. Bununla da verilmiş ittiham CPM-nin 7.0.20-ci maddəsində müəyyən edilmiş tələblərə zidd olaraq konkretləşdirilməmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəllənin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Göründüyü ki, cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Bu da müstəntiq tərəfindən cinayət qanunvericiliyi tələblərinin kobud surətdə pozulması deməkdir. Qeyd olunan hallar həm təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həm də ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Bu hal CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Belə ki, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarəmbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Cinayət qanunun müvafıq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasma səbəb olur. Belə ki, “İnsan hüquqlarının və X7 haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Bununla da cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, şəxsə verilmiş ittiham dəqiq deyildir, ittiham aktı cinayət işi üzrə toplanmış materialları əks etdirmir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. CPM 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi qiymətləndirilmişdir. CPM-nin 301.1.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, həmçinin CPM-nin 301.1.2-ci maddəsinə əsasən ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə və CPM-nin 301.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparıldıqda, məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Lakin hazır cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular olduğundan, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Çünki yuxarıda sadalanan maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntuya yol verildikdə CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs barəsində 30.07.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, həmin qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.5, 303, 306-cı maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-191/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-191/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver