Məhkəmə qərarları › İş №1(004)-191/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-191/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-191/2023 03.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,942 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 03 noyabr 2022-ci il tarixdə saat 16:50-də Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 3 ünvanının qarşısında saxlanılaraq 29-cu PŞ-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,942 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 8-9 aydır ki psixotrop maddələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan yerə getmiş və orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə yaxınlaşaraq 18 manat pul verib şəxsi istifadəsi üçün bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetamin almış və cibinə qoyaraq üzərində saxlamışdır ki, axşam saatlarında istifadə etsin. Həmin gün saat 16:50-də yaşadığı ünvanın qarşısındakı küçədə olduğu zaman ünvan 3erləşən “Brend House” mağazasının yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişdirlər. Polis şöbəsinə gətirildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət etmişlər və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişdirlər. O, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin psixotorp maddə metamfetamin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, psixotrop maddə aldığı şəxsi sadəcə üzdən görmüş, həmin şəxslə heç bir münasibəti yoxdur və anket məlumatlarını bilmir. Onun əldə etdiyi psixotrop maddəni satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış, həmin maddəni özü qəbul etmək üçün alaraq üzərində saxlamışdır. O, sadəcə 18 manatı psixotrop maddə satan şəxsə verərək ona metamfetamin verməsini bildirmişdir. Sözügedən şəxs də həmin pula düşən miqdarda ona həmin maddədən vermişdir. Psixotrop maddəni alarkən çəkisini ölçməmiş və aldığı zaman psixotrop maddə bükülmüş formada olmuşdur. Əməlini etiraf etməsini və səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun rəhbərliyi altında Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə tərəfindən 03 noyabr 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 16:50-də o,əməliyyat qrupunun digər iştirakçısı Şahid2la birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 3 ünvanında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq həmin şəxsə özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib sonuncunu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman içərisində ağ rəngli, kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sözügedən şəxsin təqdim etdiyi gümüşü rəngli kağıza bükülmüş bir büküm metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisindəki maddənin nə olması və həmin maddəni haradan əldə etməsi soruşulduqda Hüseyn bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli, kristallik hissəciklərdən ibarət “şüşə” kimi bilinən psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 18 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlanılması, daşınması və dövriyyəsi ilə məşğul olması barədə onlara məlumat daxil olmuşsa da, Təqsirləndirilən şəxs barəsində tərəflərindən sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərindən yalnız psixotrop maddə metamfetamin aşkar olunmuş, lakin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir fıziki zor və ya psixi təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslər də təsdiq edə bilərlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6397 nömrəli rəyindən görünür ki, üzərində “...(imza) Təqsirləndirilən şəxs... ” sözləri olan zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 1,942 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin Amblator X1 xx.xx.2022-ci il tarixli, 7818 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət - Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 03 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, həmçinin narkomaniyadan məcburi müalicə təyin edilmişdir, cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarının 2.4-cü bəndi tətbiq edilmiş, “amnistiya” qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilmiş, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(007)-934/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs məcburi müalicəsi ləğv edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən həmin Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilirlər. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci hissəsinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Beləliklə, həmin qərara əsasən məhkumluq götürülmüşdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, məhkumluğu olmasa da, ona təyin edilmiş əvvəlki cəzadan nəticə çıxarmamışdır. Azadlığa çıxdığı vaxtdan qısa müddət sonra yenidən qəsdən cinayəti törətmişdir. Məhkəmə göstərilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə bu cür xarakterizə edilən təqsirləndirilən şəxsə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 03 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat (səksən bir manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,892 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı DVD-R formatlı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar