Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-192/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: Məmmədov Famil Böyükağa oğlu Məmmədov Famil Böyükağa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məmmədov Famil Böyükağa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, X1 rayon Məhkəməsinin Qətnaməsinə əsasən, şikayətçi olduğum şəxs Məmmədov Famil Böyükağa oğlu ilə 6 ildir ki, ayrılmışam. Birgə nikahdan iki övladım var və uşaqlar Məhkəmə Qətnaməsinə əsasən mənim himayəmə verilib və hər iki uşaq üçün 108 (yüz səkkiz) manat miqdarında aliment təyin edilib. Onların ayrıldığı tarixdən bu günə qədər Məmmədov Famil Böyükağa oğlu bir dəfə olsun belə aliment ödəməyib. Ümumiyyətlə heç vaxt uşaqları ilə maraqlanmayıb. Bir iki dəfə gəlib mən evdə olmadığım ərəfədə uşaqları mənim icazəm olmadan götürüb aparıb. Onun tək məqsədi uşaqlarımı mənə qarşı öyrədib məndən uzaqlaşdırması və bu səbəblədə aliment verməməsi olmuşdur. İcraçılar tərəfindən dəfələrlə onun barəsində tədbirlər görülüb, hətta yekunda 1 il həbs cəzası çəkib. Həbsdən çıxdıqdan sonra belə yenədə öz əməllərindən geri qalmayıb, qanuna tabe olmayıb və alimenti qərəzli şəkildə ödəməkdən yayınıb. Onun bu günə qədər yığılmış aliment borcu 8000 (səkkiz min) manat təşkil edir. Şikayətçi olduğu şəxs alimenti ödəməməklə yanaşı, ona dəli deyir, dəfələrlə böhtan ataraq şərəf və ləyaqətini cəmiyyət içərisində alçaldır. Ona bu söz söhbətin yığışdırılmasını və ondan şikayət edəcəyini bildirsə də, o, öz dediyindən geri dönməmişdir. Onun etdiklərindən bezərəkdən hətta “Space” kanalına çıxmış və o, həmin gün televiziyaya zəng edərək onu 10 milyon Azərbaycan xalqı qarşısında, dediklərinin yalan olduğunu bilə-bilə təhqir edərək özünü haqlı hesab etmiş, onun şərəf və iəyaqətini ləkələmiş, cəmiyyət içərisində biyabır etmişdir. Bu səbəbdən də, hazırkı şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin icraata qəbul edilməsini və Məmmədov Famil Böyükağa oğlunun cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayət vermiş şəxs və barəsində şikayət verilən şəxs haqqında məlumatlar (təvəllüdü, doğulduğu yer) göstərilməmişdir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; Bundan əlavə şikayətin məzmunundan da görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin konkret hansı cinayətin törədilməsində böhtan atdığı, hansı əməlin (söz, ifadə və s.) təhqir hesab edildiyi dəqiqləşdirilməmişdir. Barəsində şikayət verilən şəxsin böhtan və təhqir hesab edilən cinayətin harada, nə vaxt, hansı formada, hansı şəraitdə, hansı üsulla, hansı ifadə və ya hərəkətlə, hansı formada xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən törədilməsi, yəni xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin böhtan və təhqir hesab etdiyi və onun tərəfindən törədilməsinə dair barəsində şikayət verilən şəxs tərəfindən yayılması iddia edilən məlumatı özündə əks etdirən konkret əməlin harada, nə vaxt, necə, hansı şəraitdə törədilməsinə (nə vaxt, harada, hansı formada yayılma, yayılmanın nədə ifadə edilməsi) dair məlumat dəqiqləşdirilməmişdir. Hansı cinayəti törətməkdə böhtan atıldığı və hansı ifadəni işlətməklə təhqir edildiyi (həmçinin hansı hərəkətlə təhqir edildiyi) şikayətdə göstərilməmişdir. Şikayətdə ümumi sözlərlə qeyd edilmişdir ki, təhqir edilib və böhtan atılıb. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği). Qeyd edilənlərə əsasən şikayət əsassızdır. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məmmədov Famil Böyükağa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-192/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-192/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver