Məhkəmə qərarları › İş №1(004)-192/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-192/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-192/2021 18.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı hüquq məsləhətxanasının vəkili X3, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi: Müdafiəçi1 Təqsirləndirilən şəxs: xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, orta təhsilli, subay, gözəllik salonunda saç ustası işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2a yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 01 yanvar 2021-ci il tarixdə, saat 17:30 dəqiqədə, “xxxx” MMC-dən 27 dekabr 2020-ci il tarixli müqavilə əsasında icarəyə götürməklə “B” kateqoriyalı, AD 221859 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X4 məxsus “Hyundai Elantra” minik markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ilə üzü A.M.Şərifzadə küçəsi istiqamətində hərəkətdə olarkən “X19” Azərbaycan Respublikasi Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı və hərəkətin təhlükəsizliyini təmin etməli, mövcud şəraitdə hərəkət hissəsinin sağ kənarı ilə piyadanın düzünə hətəkətdə olmasını nəzərə almalı və əvvəlcədən hərəkət hissəsinin sağ kənarı ilə düzünə hərəkətdə olan piyada ilə təhlükəsiz yan məsafəni təmin etmək üçün zəruri tədbir görməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə əməl etməmiş, hərəkətdə olduğu yolun ünvan 3 ünvanda “Form İstanbul” mağazasının qarşısından keçən hissəsində hərəkət hissəsinin sağ kənarı ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq sonuncuya ehtiyatsızlıqdan sol bazu sümüyünün orta 1/3-nin qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsini törətmiş, bundan sonra idarə etdiyi avtomobillə hadisə yerini tərk edib getməklə “X19” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs X11 ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bildiyini, yəni CM-nin 263.1-ci maddəsi ilə təqsirli bildiyini, CM-nin 264-cü maddəsi ilə təqsirli bilmədiyərək, ifadəsində göstərmişdir ki, o, «Hundai-Elantra» markalı avtomobildə rəfiqəsi Zümrüd və rəfiqəsinin qardaşı Mehmanla birlikdə hərəkətdə olarkən aşağı surətlə hərəkət edərkən bir nəfər şəxs onun idarə etdiyi avtomobilə dəymişdir.o dərhal avtomobili saxlayıb həmin şəxsə yaxınlaşmış, həmin şəxsə kömək etmək istəsə də həmin şəxs qışqırmışdır və onun hərəkətlərindən və davranışından məlum olmuşdur ki həmin şəxs nitqində və hərəkətillərində fiziki qüsurlar vardır. Sonra digər şəxslərin köməkliyi ilə həmin şəxs uşaq yelləncəyində oturmuş, uşaq sol qolunu tutmuşdur. Rəfiqəsi, rəfiqəsinin qardaşı və o uşağı xəstəxanaya aparmaq istəsələr də bu mümkün mümkün olmamışdır. Uşağa su alıb vermişlər. orada olan bir nəfər bildirmişdir ki, anası gəlsə sizi biabır edəcək, o da uşağın cibinə telefon nömrəsini yazıb qoymuş və oradan çıxıb getmişdir. Hadisədən sonra zərərçəkən şəxsə hərtərəfli köməklik göstərməsini, zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin qanuni nümayəndəsinin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü CM-nin 263.1-ci maddəsi üzrə təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasını və həmin hissədə cinayət təqibinə xitam verilməsini, həmçinin CM-nin 264-cü maddəsi üzrə özünü təqsirli bilmədiyi üçün, barəsində həmin maddə üzrə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq X11 ibtidai istintaqda verdiyi və iş materiallarında olan ifadəsində, ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 aprel 2020-ci il tarixdən 10 il müddətinə olmaqla “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. X1 ilə birlikdə 27 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən «999» Rentekarından **-TF-*** nömrə nişanlı, qırmızı rəngli «Hundai-Elantra» markalı avtomobili günü 50 manat ödəməklə 7 gün, yəni 27 dekabr 2020-ci ildən 03 yanvar 2021ci il tarixədək götürüb idarə etmişdir. Avtomobil saz vəziyyətdə olmuşdur. 01 yanvar 2021ci il tarixdə, saat 16 radələrində idarə etdiyi həmin «Hundai-Elantra» markalı avtomobillə rəfiqəsi Zümrüdün bacısını həkimə aparmaq üçün Yasamal rayonu, Yeni Yasamalda yerləşən «Bizim market»in qarşısında avtomobilin arxa oturacağında Zümrüd və qabaq oturacağında qardaşı Mehman əyləşmişlər. Həmin yerdən avtomobili Ə.Əhmədov küçəsi ilə təxmini 100 metr məsafə idarə etdikdən sonra qəfildən ani bir vaxtda tapıltı səsi eşitmiş və yolun sağ hissəsində cavan bir oğlanın yıxıldığını görmüşdür. Həmin vaxtı kəmərini taxdığına görə fikri yayındığından yolun, yəni hərəkət istiqamətinin sağ hissəsində yuxarıya doğru düzünə piyada hərəkət edən oğlanı görə bilməmişdir. Oğlanı vurduğundan tappıltı səsi eşidən kimi avtomobili təxmini 3-4 metr kənarda saxlamış və avtomobildən düşmüşdür. Həmin vaxt avtomobildə olan Zümrüd və Mehman da avtomobildən düşüb onun yanına gəlmişlər. Sonradan polisdə adını öyrəndiyi Zərərçəkmiş şəxs adlı oğlan əli ilə ona yaxın gəlməməyinin işarəsini verib qışqırmışdır. Avtomobili yolun orta hissəsində saxladığından orada olan insanlardan bir neçəsi digər avtomobillərin yoluna maneçilik etməsinə görə avtomobilini kənara çəkməsini dedikdə, yenidən avtomobilə əyləşib avtomobili 5-6 metr kənarda yolun sağ hissəsində saxlamış və yenidən Zərərçəkmiş şəxs yanına gəlmişdir. Samir sol qolunu tutub qışqırdığına görə onun sol qolundan xəsarət aldığını bilmişdir. Samirin fiziki qüsurlu olduğundan danışa bilmədiyini görmüşdür. Zümrüd və Mehman ilə Samirə kömək edib onu həkimə aparmaq üçün avtomobilə mindirmək istəyəndə Samir avtomobilə əyləşməmişdir. Orada olan tanımadığı adamlardan kimsə onlara “onun valideyinlərini tanımırıq sən çıx get” dedikdən sonra, avtomobilə əyləşmiş və avtomobili sürməklə Zümrüd və Mehman ilə oradan getmişdir. Sonradan səhvini başa düşərək, ətrafda toplaşan insanların sözünə nahaq qulaq asıb oradan getdiyinə peşman olmuşdur. Sonradan, gərək orada dayanıb Samirin valideyinlərini gözləməsini ya da hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verməli olduğunu başa düşmüşdür. Hadisədən sonra avtomobillə vurduğu Zərərçəkmiş şəxs maddi köməklik üçün anası Müdafiəçi1 2000 manat notariat vasitəsilə vermiş, hazırda həmin şəxslərin ona qarşı heç bir şikayətləri olmadığını bildirmişdir. Hadisə barədə 103 və 102 xidmətlərinə zəng etməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi dindirilmiş Müdafiəçi1 ifadəsində göstərmişdir ki, 2000-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs uşaqlıqda xəstəlik keçirdiyinə görə Yasamal rayon İcra Hakimiyyətinin və məhkəmənin qərarı ilə oğlu Zərərçəkmiş şəxs qəyyum təyin edilmişdir. Zərərçəkmiş şəxs danışa və yaza bilmir. 01 yanvar 2021-ci il tarixdə saat 16:00 radələrində oğlu Zərərçəkmiş şəxs ilə Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən “Bazarstore” mağazasına bazarlıq etmək üçün getmiş, Samiri mağazanın qarşısında saxlamışdır. Təxminən 10 dəqiqədən sonra mağazadan çıxdıqda Samiri mağazanın qarşısında axtarsada tapa bilməmiş, Samiri axtardıqda mağazanın sağ hissəsində təxmini 100 metr aralıda yelləncəkdə oturub sol qolunu tutaraq qışqırdığını görmüş, orada toplaşan tanımadığı insanlar ona, təxmini 3-4 dəqiqə əvvəl qırmızı rəngli «Hyundai Elantra» markalı avtomobili idarə edən 20-22 yaşlarında bir qız sürücü idarə etdiyi avtomobillə oğlanı yolun kənarında vurduğunu və bu səbəbdən oğlanın xəsarət aldığını bildirmişlər. Toplaşmış tanımadığı insanlardan həmin sürücünün harada olduğunu soruşduqda, insanlar sürücünü tanımadıqlarını, oğlanı o vəziyyətdə qoyub getdiyini demişlər. Bu barədə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonradan oğlu Samirin yolun kənarı ilə piyada üzü yuxarıya doğru getdiyini və həmin istiqamətdə hərəkət edən avtomobil tərəfindən Samirin vurularaq xəsarət yetirildiyini, hadisəni törədən sürücünün hadisədən sonra yerə düşərək Samiri gördüyünü və onu həmin vəziyyətdə qoyaraq hadisə yerindən getdiyini öyrənmişdir. Sürücü heç kəsə əlaqə telefon nömrəsi verməmiş, hadisə barədə polisə və xəstəxanaya bildirməmişdir. Hadisədən bir neçə gün sonra polis əməkdaşlarının axtarışları nəticəsində həmin avtomobil aşkar edilmiş və hadisəni törədən sürücünün Çinarə adlı qız olduğu məlum olmuşdur. 22 fevral 2021-ci il tarixdə oğlu Samirin xəstəxana xərclərinə görə Çinarə ona 2000 manat pul ödəmişdir. Pulu alması barədə həmin tarixdə notarial qaydada ərizə yazmışdır. Oğlu Samirin hadisə zamanı xəsarət alması ilə əlaqədar ona dəymiş maddi ziyanı sürücü Çinarə ödədiyinə görə ona qarşı şikayəti yoxdur. Oğlunu avtomobillə vurub xəsarət yetirən sürücünün adının Çinarə Əliyeva olduğunu polisdə olduğu vaxt öyrənmişdir. Hadisə baş verdikdən təxminən 3-4 dəqiqədən sonra alış-veriş etdiyi marketdən çıxıb hadisə yerinə gəlmiş, ancaq orada hadisəni törədən sürücü Çinarə Əliyevanı görməmişdir. Hadisə yerində toplaşan tanımadığı adamlardan sürücünün kim olduğunu uca səslə soruşduqda, tanımadığı adamlar, xanım sürücü tərəfindən idarə etdiyi avtomobillə oğlunun vurduğunu, sonradan avtomobilinə əyləşib sürüb getdiyini, sürücünü tanımadıqlarını, sürücünün özü barədə heç nə bildirmədiyini demişlər. Orada olan insanlardan heç kim ona sürücünün telefon nömrəsini Samirin cibinə qoyduğunu deməmişdir. Hadisədən sonra oğlu Samirin paltarlarını xəstəxanada dəyişdikdən sonra evdə yumazdan əvvəl ciblərinə baxmış, onun ciblərində kağıza yazılmış telefon nömrəsi olmamışdır. Oğlu Samirin müalicəsi ilə əlaqədar Çinarə ona 2000 manat verdikdən bir neçə gün sonra, məsuliyyətdən azad edilməsi üçün guya onun telefon nömrəsini oğlu Samirin cibində olduğunu aşkar etdiyini polisdə deməsini bildirmişdir. Çinarəyə yalan danışa bilməyəcəyini, oğlu Samirin cibində heç bir telefon nömrəsi aşkar etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbnin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir neçə ildir özünə məxsus “Mercedes” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 01 yanvar 2021-ci il tarixdə saat 16 radələrində idarə etdiyi taksi ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində dayanıb sərnişin gözlədiyi vaxt, həmin küçə ilə qırmızı rəngli «Hyundai Elantra» markalı avtomobilin “Günəş Petrol” yanacaq doldurma məntəqəsinə doğru hərəkət etdiyini və həmin istiqamətdə piyada gedən təxminən 20-25 yaşlarında bir oğlanın avtomobilin sağ hissəsi ilə vurduğunu, hadisədən sonra sürücü qadının avtomobili bir qədər irəlidə saxladığnı gördüyünü, bildirmişdir. Xəsarət almış həmin oğlanı oradakı oturacaqda əyləşdirmişlər və onun aldığı xəsarətlərin ağrısından qışqırdığını, danışa bilmədiyini və sağlamlığında problem olmasını görmüşdür. Hadisəni törətmiş avtomobilin sürücüsü olan cavan bir qız və avtomobildə sərnişin olan başqa bir qız və cavan oğlanla avtomobildən düşərək hadisə yerinə gəlmiş, sürücü qız xəsarət yetirdiyi oğlanın qışqırmasını görmüş, heç nə demədən, oğlana heç bir yardım təklif etmədən, ona yardım göstərmədən orada qalmayıb dərhal, heç nə olmamış kimi qayıdaraq avtomobilinə əyləşib sürüb oradan getmişdir. Hadisə həmin küçədəki “Form İstanbul” mağazasının qarşısındakı avtomobil yolunda baş vermişdir. Təxminən 2-3 dəqiqədən sonra hadisə yerinə gəlmiş tanımadığı qadının, xəsarət almış həmin oğlanın anası olduğu aydın olmuşdur. Qadın nə hadisə baş verdiyini soruşduqda, tanımadığı bir nəfər qadına xanım sürücünün idarə etdiyi avtomobillə oğlunu vurduğunu, sonra avtomobili saxlayıb oğlanın yanına qayıtdığını və heç bir yardım etmədən avtomobilinə əyləşərək sürüb getdiyini bildirmişdir. Həmin qadın xəsarət almış oğlunu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında sorğu-sual zamanı Şahid1 bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verəndən, xəsarət alan uşağın anası ora gələnə qədər hadisə yerində olmuşdur. Hadisə yerində oğlanı avtomobili ilə vurmuş qızın oğlanın cibinə telefon nömrəsi yazılmış kağız qoymasını görməmişdir. Əgər hadisə törədən qızın və ya digər bir şəxsin telefon nömrəsi yazılan kağızı oğlanın cibinə qoyulsaydı, o bunu mütləq görərdi, lakin belə bir hal olmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Cinarənin idarə etdiyi avtomobildə, Cinarə, o və qardaşı Mehmanla birlikdə hərəkətdə olarkən bir nəfər şəxs avtomobilə tərəf gəlib avtomobilə dəyib yerə yıxılmışdır. Çinarə avtomobili saxlamış, onlar avtomobildən düşüb həmin oğlana yaxınlaşmışlar. Oğlana kömək etmək istəsələr də, oğlan qışqırmış və oğlanın fiziki qüsuru olduğunu başa düşmüşlər. Ətrafdakı adamların köməkliyi ilə oğlan orada olan uşaq yelləncəyində oturmuşdur. Oğlana su alıb vermişlər. Uzun müddət gözləsələr də oğlanın valideyinini orada olmadığını görmüşlər, buna görə də Çinarə telefon nömrəsi yazılmış kağızı oğlanın kurtkasının sağ cibinə qoymuş və onlar bundan sonra oradan çıxıb getmişlər. Məhkəmə iclasında sorğu-sual zamanı X13 bildirmişdir ki, Çinarə telefon nömrəsi yazılmış kağızı oğlanın boz rəngli gödəkcəsinin, yəni kurtkasının sağ yan cibinə qoydu. Lakin kağızda məhz Çinarənin telefon nömrəsinin dəqiq yazıldığını öz gözü ilə görməmişdir, o yalnız kağızın oğlanın kurtkasının sağ yan cibinə Çinarənin qoyduğunu görmüşdür. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq X8 ibtidai istintaqda verdiyi və iş materiallarında olan ifadəsində göstərmişdir ki, o, 27 dekabr 2020ci ildə axşam saatlarında, rəfirəsi X11 ilə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən «999» Rentekarından **-TF-*** nömrə nişanlı «Hyundai Elantra» markalı avtomobili günü 50 manatdan ödəməklə Çinarənin sürücülük vəsiqəsi olduğu üçün onun adına götürnüşlər. 01 yanvar 2021-ci il tarixdə saat 16 radələrində xəstə bacısını həkimə aparmaq üçün Çinarənin onları yaşadıqları evin yaxınlığından götürməsi barədə aralarında razılıq olmuşdur. Həmin vaxt Çinarənin idarə etdiyi «Hündai-Elantra» markalı avtomobilinə qardaşı Mehman qabaq oturacaqda, o, isə arxa oturacaqda əyləşmişdir. Avtomobilə əyləşdikləri yerdən təxminən 100 metr uzaqlaşdıqdan sonra yolun sağ hissəsi ilə düzünə təxmini 20-25 yaşlarında piyadə gedən oğlanı, Çinarə idarə etdiyi avtomobilin sağ hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və oğlan yerə yıxılmışdır. Çinarə avtomobili bir qədər qabaqda saxlamış və oğlana kömək etmək üçün avtomobildən yerə düşmüşlər. Həmin oğlanın sol qolunu tutub qışqırdığını, oğlanın fiziki qüsurlu olduğunu onun adi yerişində hiss etmiş və danışa bilmədiyini bilmişdir. Oğlanı avtomobilə əyləşdirib həkimə aparmaq istədikdə oğlan yüksək səslə qışqıraraq onları yaxın buraxmamışdır. Oraya toplaşan tanımadığı adamlardan kimsə onlara «çıxın gedin anası gəlib sizi biyabır edəcək» dedikdən sonra, Çinarə ilə avtomobilə əyləşib oradan getmişlər. Hadisə barədə o, qardaşı Mehman, nədəki sürücü Çinarə hüquq mühafizə orqanlarına məlumat verməmişlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Cinarənin idarə etdiyi avtomobildə, Cinarə, o və bacısı Zümrüdlə birlikdə hərəkətdə olarkən bir nəfər oğlan avtomobilə tərəf gəlib avtomobilə dəyib yerə yıxılmışdır. Çinarə avtomobili saxlamış, onlar avtomobildən düşüb həmin oğlana yaxınlaşmışlar. Oğlana kömək etmək istəsələr də, oğlan qışqırmış və oğlanın fiziki qüsuru olduğunu başa düşmüşlər. Ətrafdakı adamların köməkliyi ilə oğlan orada olan uşaq yelləncəyində oturmuşdur. Oğlana su alıb vermişlər. Uzun müddət gözləsələr də oğlanın valideyinini orada olmadığını görmüşlər, buna görə də Çinarə telefon nömrəsi yazılmış kağızı oğlanın şalvarının sol tərəfindəki cibinin yuxarısında olan üst balaca cibinə qoymuş və onlar bundan sonra oradan çıxıb getmişlər. Məhkəmə iclasında sorğu-sual zamanı Şahid3 bildirmişdir ki, Çinarə telefon nömrəsi yazılmış kağızı oğlanın şalvarının sağ tərəfindəki cibin üstündəki balaca cibinə qoyduğunu görmüşdür, Çinarə nömrəni özü yazmışdır kağıza. Kağızdakı yazını görməmişdir. Amma Çinarə həmi kağızı telefon nömrəsi yazılmış kağız kimi oğlanın cibinə qoyduğunu başa düşmüşdür. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Şahid3 ibtidai istintaqda verdiyi və iş materiallarında olan ifadəsində göstərmişdir ki, o, 27 dekabr 2020ci ildə axşam saatlarında, bacısı Zümrüd və bacısının rəfiqəsi Çinarə ilə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən «999» Rentekarından **-TF-*** nömrə nişanlı «Hyundai Elantra» markalı avtomobili günü 40 manatdan ödəməklə götürnüşlər. Bacısının sürücülük vəsiqəsi olmadığı üçün avtomobili Çinarə öz adına sənədləşdirib götürmüşdür. 01 yanvar 2021-ci il tarixdə saat 16 radələrində bacısı Çinarə ilə əvvəlcədən danışıb razılaşdı ki, xəstə bacılarını həkimə aparmaq üçün onları yaşadığı evin yaxınlığından götürməli və həkimə aparmalı idi. Həmin tarixdə bacısı Zümrüdlə birlikdə «Hündai- Elantra» markalı avtomobilə əyləşiblər, o qabaq oturacanda, bacısı Zümrüd isə arxa oturacaqda əyləşib. Avtomobili Çinarə idarə edirdi. Avtomobilə əyləşdikləri yerdən təxminən 100 metr uzaqlaşdıqdan sonra yolun sağ hissəsi ilə düzünə piyada gedən təxmini 18-20 yaşlarında oğlanı Çinarə idarə etdiyi avtomobilin sağ hissəsi ilə ehtiyatsızlıq nəticəsində vurdu və həmin oğlan yerə yıxıldı. Çinarə avtomobili bir qədər qabaqda saxlamış və onlar avtomobildən yerə düşmüşlər ki, oğlana kömək eləsinlər. Həmin oğlan onları görüb qışqırmağa başladı, o, sol qolunu tutub qışqırırdı, hiss olunurda ki, həmin oğlan qüsurludur və bu onun adi yerişində də hiss edilirdi, danışada bilmirdi. Onlar üçü də həmin oğlanı həkimə aparmaq üçün avtomobilə əyləşdirmək istəyiblər, lakin o yüksək səslə qışqıraraq onları yaxın buraxmırdı. Oraya tanımadıqları çoxlu adamlar yığışmışdır. Toplaşan adamlardan kimsə onlara «çıxın gedin anası gəlib sizi biyabır edəcək» dedikdən sonra, Çinarə ilə avtomobilə əyləşib oradan getmişlər. Hadisə barədə o, bacısı Zümrüd, nədəki sürücü Çinarə hüquq mühafizə orqanlarına məlumat verməmişlər. Məhkəmə təqsirləndirilən şəxsə qarşı CM-nin 264-cü maddəsi ilə bağlı verilmiş ittiham üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahid ifadələrinə qiymət verərək, qeyd edir ki, təqsirləndirilən şəxsin və şahidlərdən X13 və Şahid3 ifadəsindəki, Çinarənin telefon nömrəsi yazılmış kağızı Zərərçəkmiş şəxs cibinə qoylması ilə bağlı ifadəsi Çinarə Əliyevanın CM-nin 264-cü maddəsi ilə məsuliyyətdən azad olması məqsədi daşıyır və həmin ifadə həqiqətə uyğun deyildir, öz təsdiqini tapmır, yalan ifadədir. Belə ki, ifadənin özünə qiymət verilməsi üçün, ilk əvvəl nəzərə alınmalıdır ki, həmin ifadəki kim-kimə qarşı verir, ifadə verən şəxs ifadə verməkdə hər hansısa bir marağı var, ya yox, digər ifadələrlə öz təsdiqini tapır ya yox. Bununla bağlı qeyd edilməlidir ki, bu ifadələri vermiş şəxslər özləri də qed edirlər ki, onlar Çinarə Əliyeva ilə tanışdırlar, hətta Zümrüd Həsənova ilə Çinarə Əliyeva rəfiqədirlər, Şahid3 isə Zümrüd Həsənovanın qardaşıdır və o da Çinarə Əliyeva ilə tanışdır. Bununla da müəyyən edilir ki, ifadə vermiş şəxslər təqsirləndirilən şəxslə yaxın münasibətdədirlər. Bundan əlavə ifadələr arasında zidiyyətlər vardır. Belə ki, Zümrüd Həsənova sərbəst ifadəsində özü bildirir ki, Çinarə telefon nömrəsi yazılmış kağızı oğlanın kurtkasının sağ cibinə qoymuşdur. Lakin Şahid3 bildirir ki, Çinarə telefon nömrəsi yazılmış kağızı oğlanın şalvarının sol tərəfindəki cibinin yuxarısında olan üst balaca cibinə qoymuşdur. Bununla da bir şahid deyir kurtkasının cibinə qoyub, digər şahid deyil şalvarının balaca cibinə. X20 şalvarın cibinin yerini də göstərir. Bir şadi deyir sol tərəfdəki cibə, digər şahid deyir sağ tərəfdəki cibə qoyulub. Bununla belə hər iki şahid kağızda məhz Çinarənin telefon nömrəsinin yazıldığını öz gözləri ilə gördüklərini bildirmirlər. Onlar bildirirlər ki, kağıza Çinarə telefon nömrəsini yazıb, Zərərçəkmiş şəxs cibinə qoyub, lakin kağızda nə yazıldığını dəqiq öz gözləri ilə görməyiblər. Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Müdafiəçi1 bildirir ki, oğlu Zərərçəkmiş şəxs paltarlarının cibində heç bir telefon nömrəsi yazılmış kağız olmamışdır, o oğlunun paltarlarını dəyişəndə ciblərinə baxmışdır. Həmçinin bildirir ki, Samirin müalicəsi ilə əlaqədar Çinarə ona 2000 manat verdikdən bir neçə gün sonra, Çinarə ona məsuliyyətdən azad edilməsi üçün guya onun telefon nömrəsini oğlu Samirin cibində olduğunu aşkar etdiyini polisdə deməsini bildirmişdir. Çinarəyə yalan danışa bilməyəcəyini, oğlu Samirin cibində heç bir telefon nömrəsi aşkar etmədiyini bildirmişdir. Bundan əlavə digər şadi Şahid1 tərəflərdən heç biri ilə tanışlıq əlaqəsi yoxdur. Həmin şahid bildirir ki, hadisə baş verməzdən əvvəl, Çinarənin oradan çıxıb getməsinə qədər olan müddətdə hadisə yerində olmuşdur. Çinarə telefon nömrəsi yazılmış kağızı zərərçəkən oğlanın cibinə qoymamışdır, çünki belə bir kağızı oğlanın cibinə qoysaydı o bunu görərdi. Beləliklə də müəyyən edilir ki, Çinarə Əliyevanın CM-nin 264-cü maddə üzrə məsuliyyətdən azad olunması üçün Çinarənin zərərçəkənə 2000 manat verdikdən sonra zərərçəkənin qanuni nümayəndəsinə bu cür ifadə vermək barədə təklifin edilməsi, istintaqın ilk mərhələlərində belə bir halın ifadələrdə öz əksini tapmaması, bu cür ifadə verən şəxslərin təqsirləndirilən şəxslərin tanışları olduğu, həmin şahidlərin ifadələrinin bir biri ilə zidiyyət təşkil etdiyi, digər iş üzrə heç bir marağı olmayan şahidin ifadəsi ilə bu ifadələrin təkzib edildiyini məhkəmə qeyd edirək, hesab edir ki, Çinarənin telefon nömrəsi yazılmış kağızı Zərərçəkmiş şəxs cibinə qoylması ilə bağlı təqsirləndirilən şəxs və şahidlər X13 və Şahid3 ifadələri Çinarə Əliyevanın CM-nin 264-cü maddəsi ilə məsuliyyətdən azad olması məqsədi daşıyır və həmin ifadələr həqiqətə uyğun deyildir, öz təsdiqini tapmır, şahidlərin məhkəmə iclasında verdiyi yalan ifadələrdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 10/30 saylı 23.02.2021-ci il tarixli rəydən görünür ki, 1. Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol bazu sümüyünün orta 1/3-nin qapalı sınığı küt əşya (alət) təsirindən törənmişdir, 01.01.2021-ci il piyada qismində olarkən hərəkətdə olan avtomaşının hissələrinin dəyməsindən törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. 2. Zərərçəkmiş şəxs xəsarət alarkən ilkin zərbə anın təyin etmək mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 8/132 saylı, 05.02.2021-ci il tarixli rəyindən görünür ki, «Hyundai Elantra» markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “X19” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Ç.A.Əliyeva hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən qaçdığından onun hərəkətlərində “X19” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Ç.A.Əliyeva tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə üzrə cinayət təqibinə xitam verilməlidir. Bununla belə məhkəmə hesab edir ki, həmin maddə üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Yasamal Rayon Məhkəməsinin 1 (004) - 192/2021 saylı 18.06.2021-ci il tarixli qərarı ilə həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Lakin təqsirləndirilən şəxs X6 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə isə ittiham hökm çıxarılmalıdır. Belə ki, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin CM-nin 263.1-ci maddəsi üzrə cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, cavan olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs X11 barəsində 15.03.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan «Hyundai Elantra» markalı 99TF267 dövlət qeydiyyat nişanlı avtomobilin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılmasından ötrü müvafiq olaraq sahibi X4 qaytarılması və “xxxx” MMC-də saxlanılması nəzərə alınmalı, bir ədəd hadisəni özündə əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il (bir il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X6 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınan “Hyundai Elantra“ markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi X4 qaytarılması nəzərə alınsın. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 manat (yüz manat) X5 tutulub dövlət nəfinə keçirilsin. X9 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X2 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar