Məhkəmə qərarları › İş №1(004)-192/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-192/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-192/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 12:55 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən və məlum olmayan tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlamış, 06.11.2021ci il tarixdə, saat 23:55-də Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən Bakı Metropoliteni QSC-nin “Koroğlu” stansiyasına gəlməklə daşımış və həmin vaxt sərxoşluq halında olduğu üçün Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı Metropolitenində Polis Şöbəsinə gətirilmiş, 07.11.2021-ci il tarixdə, saat 00:30-da Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış və baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağız kəsiyində olan bükümdə ümumi çəkisi 0.166 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ümumilikdə 5-6 dəfə psixotrop maddə hesab edilən el arasında “patı” kimi tanınan metafetamin istifadə etmişdir. Təxminən 8 ay bundan əvvəl Balaxanı kəndində olan zaman onunla bir məktəbdə oxuyan sinif yoldaşı Kazımı görmüş, Kazım da ona psixotrop maddə olan metamfetamin qəbul etdiyini demişdir. Sonra o, Kazımdan qəbul etdiyi maddəni, kimdən, haradan, hansı qiymətə aldığını soruşmuşdur. Kazım ona xarici ölkəyə məxsus olan mobil nömrə verərək, həmin nömrə ilə əlaqə saxlayaraq psixotrop maddə metamfetamin əldə edə biləcəyini demişdir. O, həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs ona 25 manat müqabilində yarım qram psixotrop maddə metamfetamin verə biləcəyini demişdir. Bundan sonra həmin şəxs onun istifadə etdiyi mobil nömrədə “WhatsApp” proqramına hesab nömrəsi göndərmiş, o, hesab nömrəsinə emanat vasitəsi ilə 25 manat pul göndərmişdir. O, pulu hesaba köçürtdükdən sonra həmin şəxs ona psixotrop maddə metamfetaminin olduğu yerin şəkilini göndərmişdir. 05.11.2021ci il tarixdə o, həmin şəxsin göndərdiyi yerə gedib sifariş etdiyi psixotrop maddə metamfetamini götürmüşdür. 06.11.2021-ci il tarixdə, saat 23:45 radələrində “Koroğlu” stansiyasına daxil olduqdan sonra bir nəfər polis formasında olan polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək ondan özünü təqdim etməyini xahiş etmiş, o, üzərində şəxsi istifadəsi üçün psixotrop maddə metamfetam olduğuna görə polis əməkdaşına özünü təqdim etmək istəməyib getmək istəmişdir. Lakin onun hərəkətləri və verilən suallardan yayınmağı polis əməkdaşlarında şübhə yaratmışdır. Polis əməkdaşları onun şəxsiyyətini müəyən etməkdən ötrü polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində ona təyin olunmuş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş və polis əməkdaşlarına həmin bükümün içərisində şəxsi istifadəsi üçün olan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 06.11.2021-ci il tarixdə saat 23:55 radələrində Bakı Metropoliteni QSC-nin “Koroğlu” stansiyasında xidmətdə olmuşdur. Həmin vaxt metronun sərnişin qismində bir nəfər şəxs daxil olmuşdur. Həmin şəxsin hərəkətləri onda şübhə yaratdığı üçün həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişdir. Lakin həmin şəxs özünü təqdim etməkdən yayınmağa başlamışdır. O, həmin şəxsin şəxsiyyətini dəqiqləşdirməkdən ötrü onu Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişdir. Polis Şöbəsində olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bakı X1 zaman narkotik və psixotrop maddələrdən istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Daha sonra Bakı Metropoliteni Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində olan bütün əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoyaraq həmin siqaretin gümüşü kağız kəsiyinin içərsində psixotrop maddə olan metmafetamin, olduğunu bildirmişdir. Polis əməkdaşının sualına cavab olaraq Sübhan həmin psixotrop maddə metamfetamini 05.11.2021-ci il tarixdə tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlunun təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs oğlu və vəkili X5 həmin zərfi imzalamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 81-83-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 30.09.2003-cü ildən DİO-da, 03.12.2012-ci ildən isə Bakı X2 xidmət edir. 06.11.2021-ci il tarixdə Bakı X2 işdə olmuşdur. Həmin vaxt PŞ-nin rəhbərliyi tərəfindən mənə təklif edildi ki, polis əməkdaşları tərəfindən PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçiriləcəkdir. Ona deyilmişdir ki, şəxsi axtarış və götürülməni telefonu ilə lentə alsın. PŞ-nə dəvət olunmuş vəkilin, PŞ-nin əməkdaşlarının və videoçəkiliş vasitəsi ilə həmin şəxsin üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində olan bütün əşyalarını masanın üzərinə qoymaq təklif olunmuşdur. Sonuncu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoyaraq həmin siqaretin gümüşü kağız kəsiyinin içərsində “patı”, yəni psixotrop maddə olan metmafetamin, olduğunu bildirmişdir. Həmin psixotrop maddə metamfetaminin ona məxsus olmasını, həmin psixotrop maddəni 05.11.2021-ci il tarixdə tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü kağız kəsiyinə bükülmış 01 ədəd büküm açılmışdır. Həmin bükümün içərisində şəffaf rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və vəkili X5 həmin zərfi imzalamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “07 noyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə” protokolundan görünür ki, həmin tarixdə Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasının xidməti otağında dəvət olunmuş müdafiəçi iştirakı və videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən o könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülümüş büküm masının üzərinə qoyaraq siqaretin gümüşü rəngli bükümün içərsində “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu və metamfetaminin ona məxsus olmasını, həmin psixotrop maddəni 05.11.2021-ci il tarixdə tanımadığı şəxsdən 25 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində ağ rəngli, kristal şəklində, psixotrop maddə metamfetamin olan büküm zərfə qoyularaq qablaşdırılmış, 37 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 21-22) Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2021-ci il tarixli, 6/4944 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №37” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.166 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop-maddə-metamfetamindir. (i.v. 31-35) “DVD” diskə baxış keçirilməsi haqqında 07.11.2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis Şöbəsinin PPXBnün əməkdaşları tərəfindən saxlanılaraq Bakı Metropolitenində Polis Şöbəsinə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən üzərində 01 ədəd gümüşü rəngli siqaret kağızı kəsiyinə bükülümş bükülünü masanın üzərinə qoyaraq bükülülərin içərsində “patı”, yəni psixotrop maddə olan metamfetamin olmasını, həmin metamfetaminin ona məxsus olmasını, həmin psixotrop maddəni 05.11.2021-ci il tarixdə internet sosial şəbəkəsində tanımadığı şəxsdən 25 manat aldığını bildirmişdir. Siqaretin gümüşü kağız kəsiyinə bükülmüş 01 ədəd büküm açılmış, bükümdə şəffaf rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olundu. (i.v. 39) Məhkəmə-narkoloji ekspertizasının 13 noyabr 2021-ci il tarixli, 6/4445 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 85-86) “Sübutların qiymətləndirilməsi haqqqında” 10.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.166 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmalı tədqiqat və istintaq zamanı aparılmış kimyəvi eskpertizası nəticəsində metamfetaminin 0.116 qram qalığı, Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, təqsirləndirilən şəxsin üzərinə “şəxsi axtarış keçirilməsi və götürülmə barədə” protokol və həmin protokola əlavə edilmiş 1 ədəd CD formatında disk, məhkəmə-kimyəvi eskpertizasınm 6/4445 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının rəti sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 89-97) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin metafetaminin təmiz çəkisi 0.166 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 07 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 19) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 08 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. (i.v. 62-66) “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 67-68) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 84) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 noyabr 2021-ci il tarixdən 08 noyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı şəhər BPİ-nin Təhcizat şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.116 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 07 noyabr 2021-ci il tarixdən 08 noyabr 2021-ci il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Təhcizat şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.116 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar