Məhkəmə qərarları › İş №1(004)-192/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-192/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-192/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1959-cu il tarixində Ucar rayonu, Qarabörk kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Şahid2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan oğlu Şahid1 semestr imtahanları zaman müvəffəqiyyət qazanmasında ona köməklik göstərməsi üçün müraciət etdikdə sonuncu bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncunun semestr imtahanlarında köməklik edəcəyini bildirib əslində Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin fevral ayının sonunda Yasamal rayonu, Şəfaət Mehtiyev küçəsində yerləşən «LİDER» teleradio şirkətinin inzibati binasının yaxınlığında Şahid1 vasitəsilə göndərdiyi 1200 manat, 2019-cu ilin mart ayının ortalarında Nərimanov rayon ərzisində yerləşən “Marxal” restoranında Şahid1 vasitəsilə göndərdiyi 110 manat, 2019-cu ilin aprel ayının əvəllərindən, 2020-ci ilin aprel ortalarınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ünvan 2 ünvanında yerləşən 158 saylı tam orta məktəbin qarşısında Şahid1 vasitəsilə göndərdiyi cəmi 2423 manat, sonuncu dəfə isə 2020-ci ilin aprel ayının sonunda ünvan 3 ünvanında yerləşən 2 saylı Tibb Kollecinin qarşısında Şahid1 vasitəsilə göndərdiyi 2000 manat pulu alıb Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 5733 (beş min yüz otuz üç) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tərkarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, M.Zərərçəkmiş şəxs1 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan oğlu Ağaxan Məmmədlinin semestr imtahanları zaman müvəffəqiyyət qazanmasında ona köməklik göstərməsi üçün müraciət etdikdə sonuncu bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncunun semestr imtahanlarında köməklik edəcəyini bildirib əslində Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin fevral ayının sonunda Yasamal rayonu Şəfaət Mehtiyev küçəsində yerləşən «LİDER» teleradio şirkətinin inzibati binasının yaxınlığında Ağaxan Məmmədli vasitəsilə göndərdiyi 1800 manat, 2019-cu ilin mart ayının ortalarında Nərimanov rayon ərzisində yerləşən “Marxal” restoranında Ağaxan Məmmədli vasitəsilə göndərdiyi 110 manat, 2019-cu ilin aprel ayının əvvəllərindən, 2020-ci ilin aprel ayının ortalarınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, ünvan 4 ünvanında yerləşən 158 saylı tam orta məktəbin qarşısında Ağaxan Məmmədli vasitəsilə göndərdiyi cəmi 2023 manat, sonucu dəfə isə 2020-ci ilin aprel ayının sonunda ünvan 3 ünvanında yerləşən 2 saylı Tibb Kollecinin qarşısında Ağaxan Məmmədli vasitəsilə göndərdiyi 1500 manat pulu alıb Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 5433 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, səhv edib, pul məbləği son nəticədə ona qaldı. 7500 manat ödəniş edib. Zərərçəkmişlərdən birinə dəyən ziyan 5733 manat, digərinə dəyən ziyan 5433 manatdır. Cinayət işi məhkəməyə daxil olduqdan sonra 2000 manat ödəmişdir. Əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, ziyanın böyük hissəsinin ödənilməsini nəzərə alaraq ona yüngül cəzanın təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlara uşaqların imtahandan keçməsi ilə bağlı söz vermişdi. Onlardan 5 min manatdan çox pul almışdı. Bunun 4000 manatı imtahan üçün idi. Lakin heç bir nəticə olmadı. Onları yalan vəd verərək aldatdı. O, uşaqların universitetdə kəsri ilə əlaqədar Zərərçəkmiş şəxs2la danışıb. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə zəng edib. Pulun kimə çatacağını bilmirdi. Hazırda Təqsirləndirilən şəxs tutulmamasını, cəzasının azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza olmasını, onlara dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onlara dəyən zərər 11166 manatdır. Həmin məbləğdən 8300 manat ödənilmişdir. Hazırda da hər ay 400 manat Təqsirləndirilən şəxs ödəyir. Zərər ödənilmədiyi müddətdə şikayətçidir. Hazırda Təqsirləndirilən şəxs tutulmamasını, cəzasının azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza olmasını, onlara dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdə Zərbad rayonu, Əlibəyli kəndində yerləşən M.Ə Rəsulrza adına olan tam orta məktəbi bitirdikdən sonra, həmin ildə Azərbaycan Dövlə Bədən X1 qəbul oldu. Onunla birlikdə Zərdab rayonu Həsən bəy Zərdabi adını olan 1 saylı tam orta məkətəbini bitirən onun həmyerlisi X2 həmin İdman Akademiyasına qəbul olmuşdur. Bundan sonra həmin ildə o, Ağaxan Məmmədli ilə İdman Akademiyasının 1-ci kursuna qəbul olduqdan sonra onunla Bakı şəhərində kirayə evdə qalmaq üçün Yasamal rayonu Akim Abbasov küçəsi ev 7 saylı ev tutdular. Bundan sonra onun və Ağaxanın 2019-cu ilin yanvar ayında 1-ci kurs üzrə imtahanların sesiyası başlamış və həmin sesiya üzrə onda 4 fənn üzrə və Ağaxanda isə 6 fənn üzrə kəsirləri olmuşdur. Təxminən 2019-cu ilin fevral ayının əvəllərində səhər saatlarında o, Ağaxanla birlikdə Yasamal rayon ərzisində yerləşən kirayə yaşadıqları ünvandan çıxaraq, İdman Akademiyasına imtahana getmək üçün Yasamal rayonu ərzisində yerləşən «İnşaatçılar» metro stansiyasına keçərkən, həmin vaxtı metrostansiyanın girişində təsadüfən atasının dayısı Rasim Teymurov və onun tanışı olan Təqsirləndirilən şəxsla rastlaşdılar. Bu zaman o, Ağaxanla birlikdə onlara yaxınlaşaraq salamlaşdılar. Bir qədər söhbət etdikdən sonra, o, Rasim Teymurova bildirdi ki, Ağaxanla birlikdə İdman Akademiyasının 1-ci kursunda oxuyurlar. Həmçinin imtahanlardan kəsiri olduğunu bildirdilər. Bu zaman Təqsirləndirilən şəxs bunu eşitdi və Rasim Teymurovun yanında onlara həmin imtahanların kəsirlərinə köməklik göstərəcəyini dedi. Həmçinin keçmiş Milli Məclisin deputatı Rəfael Cəbrayılovun vasitəsi ilə İdman Akademiyasının rəhbərliyinə onları tapşıracağını bildirdi. Bundan sonra onlardan ayrılarkən, Elxan ondan öz istifadə etdiyi mobil telefon nömrəsini istədi və o, mobil telefonun nömrəsini ona verdi və onlardan ayrılaraq İdman Akademiyasına getdilər. Təxminən 2019-cu ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək onun Ağaxanla birlikdə Nərimanov rayon ərazisində yerləşən «Marxal» restoranına gəlməklərini və imtanların kəsirlərini həll etmələri üçün danışmaqları zəruriliyini bildirdi. Elə həmin gün o, Ağaxanla birlikdə Elxanın dediyi ünvana gəldilər və orada Elxanı gördülər. O, özü tək idi. Bundan sonra o, Ağaxanla birlikdə bir daha Elxana hansı fənnlərdən kəsirləri olmasını izah etdilər və o, onlara onun tanışı olan keçmiş Milli Məclisin deputatı Rəfael Cəbrayılovun vasitəsi ilə İdman Akademiyasında köməklik edəcəyinə, rəhbərlik ilə sualları həll edəcəyinə, onları tapışıracağına vəd verdi. Bunun üçün, yəni kəsirlərin həlli üçün ondan 4 imtahanın kəsirinin həlli üçün 1200 manat və Ağaxandan isə 6 imtahanın kəsiri üçün 1800 manat pul istədi. Bundan sonra o və Ağaxan onunla razılaşaq oradan ayrıldılar. Həmin vaxtı o bu barədə atası Zərərçəkmiş şəxs2 məlumat verdi, atası isə onunla Bakı şəhərinə gələrək həmin pulları ona verdi. Onu da qeyd edir ki, Ağaxan da valideyninə məlumat vermişdi və onun da atası ona həmin Elxanın dediyi məbləği vermişdi. Təxminən 2019-cu ilin fevral ayının sonunda o və Ağaxan Elxanın onlara dediyi məbləği düzəldərək Elxanla mobil telefonla əlaqə saxlayıb onun bizə dediyi Yasamal rayonu ərazisində yerləşən Avropa otelinin qarşısına gəldilər. Elxan görüş üçün onları ora dəvət etmişdi. Orada Elxanla görüşdülər və oradan Elxanla birlikdə piyada hərəkət edərək Yasamal rayon ərzisində yenəşən «LİDER» TV kanalının yaxınlığında yerləşən yaşayış evlərinin birinin qarşısında onlardan onun dediyi məbləğdə olan pulları istədi. Bundan sonra o, Elxana hamısı 100 manat pul əskinasları olmaqla 1200 manat və Ağaxan isə 1800 manat pul əl-bə-əl sayıb verdilər. Bundan sonra Elxan onları bir daha əmin edərək guya kəsirlərini 1 həftə ərzində həll edəcəyini bildirdi və ərazidən uzaqlaşdı. Təxminən 2019-cu ilin mart ayının əvvələrində Elxan ona zəng edərək onun Ağaxanla birlikdə Nərimanov rayon ərzisində yerləşən Marxal restoranında görüşməklərini bildirdi və elə həmin günü o, Ağaxanla birlikdə həmin restorana gedərək orada Elxanla görüşdülər. Elxan orda tək idi. Bundan sonra Elxan onlara kəsir imtahanların alt qrupu və kəsirə görə ödəmələr üçün hər birindən əlavə olaraq 110 manat pul istədi. O və Ağaxan onunla razılaşdılar. Bundan sonra təxminən 2019-cu ilin mart ayının ortalarında Ağaxanla birlikdə Nərimanov rayon ərzisində yerləşən Marxal restoranında Elxanla görüşərək ona hər biri 110 manat, yəni ümumlikdə 220 manat pul verdilər. Bundan başqa təxminən 2019-cu ilin aprel ayının əvəllərində və 2020-ci ilin aprel ayının ortalarınadək olan müddət ərzində hissə-hissə olmaqla, Bakı şəhəri Yasamal rayonu 158 saylı tam orta məktəbin qarşısında o və Ağaxanla birlikdə Elxanla görüşərək o, Elxana 2423 manat, Ağaxan isə 2023 manat pul vermişlər. Bundan başqa sonuncu dəfə yəni 2020-ci ilin aprel ayının sonunda ünvan 7 ünvanda yerləşən 2 saylı Tibb Kollecinin qarşısında o və Ağaxan Elxanla görüşərək o, Elxana 2000 manat, Ağaxan isə 1500 manat vermişlər. Təqsirləndirilən şəxs guya keçmiş Milli Məclisin deputatı Rəfael Cəbrayılovun vasitəsi ilə İdman Akademiyasının rəhbərliyinə tapşırığı əsasında onların imtahanları tam həll etməsi üçün ondan 4423 manat və Ağaxandan isə 3523 manat pul almışdır. Lakin üstündən bir müddət keçdikdən sonra Elxan onlardan yenidən pul istəmiş və onlar isə ondan onların imtahanlarının kəsirlərini həll etmədiyini bildirərək iradlarını bildirdilər. Elxan isə onları bir daha inandırmağa çalışsa da onlar artıq onun bu hərəkətlərindən şübhələndilər və ona onlarla birlikdə İdman Akademiyasının rəhbərliyinin yanına getməyini istədilər. Elxan isə bundan boyun qaçıraraq mobil telefonu söndürərək onlara cavab vermədi. Bundan sonra artıq oların 2 kurs üzrə kəsirləri daha da artdı. Bundan sonra bu barədə onlar valideynlərinə məlumat verdilər və valideynləri isə Elxanla əlaqə saxlayaraq onların pullarını qısa müddət ərizində qaytarmasına söz versə də, bu günə qədər onlardan, yəni ondan ümumilikdə 5733 manat pulu və Ağaxandan isə ümumlikdə 5433 manat pulu qaytarmamışdır. Artıq o və X3 imtahan kəsirlərinə görə 2-ci kursdan xaric edilmişdirlər. Buna görə də onlar məcbur olub Elxanın barəsində Yasamal RPİ-nə şikayət ərizələri ilə müraciət etdilər. Onun Elxana verdiyi ümumlikdə 5733 manat pul valideyni, yəni atası Zərərçəkmiş şəxs2 məxsusdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 1979-cu il tarixdə Təqsirləndirilən şəxs ilə Bakı şəhərində tanış olmuşdur və o, Bakı şəhərində müxtəlif vəzifələrdə işləmişdir. Onunla heç bir ədavəti və düşmənçiliyi olmayıb. Onun Təqsirləndirilən şəxs ilə 2000-ci il tarixdən 2018-ci il tarixədək əlaqəsi və münasibəti olub. 2018-ci il tarixdən bu günə kimi onun Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi və münasibəti yoxdur. Təxminən 2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrostansiyasında təsadüfən Təqsirləndirilən şəxs ilə görüşdülər. Elə həmin vaxt onun bacısı oğlu Şahid1 metro ilə İdman Akademiyasının 1-ci kurs tələbəsi olduğundan dərsə gedərkən onları görərək onlara yaxınlaşaraq görüşdü. Bundan sonra Təqsirləndirilən şəxs bacısı oğlunun Bakı şəhərində hansı ali təhsil müəssisəsində təhsil aldığını soruşdu və ona İdman Akademiyasının 1-ci kurs tələbəsi olduğunu bildirdi. Həmin söhbət əsnasında bacısı oğlu ona futbol yarışına bilet lazım olduğunu dedi. Bunu eşidən Elxan bu işi özü həll edəcəyini bildirərək bacısı oğluna biletin alınmasına köməklik etmişdir. Bundan sonra onlardan ayrılıb getdi. Lakin o, sonradan bacısı oğlu Nəzərdən və atası Tofiqdən və həmçinin Nəzərlə bir İdman Akademiyasında təhsil alan və birlikdə Bakı şəhərində kirayə qaldıqları Bəhruz adlı şəxsin 4 il müddətinə həmin İdman Akademiyasında təhsil alıb və onların tam btirib imtahanlarına köməklik edəcəyi adı ilə ümumilikdə 16000 manat pul aldığı məlumatını aldı. Elxan tərəfindən həmin pulların alınmasında o iştirak etməmişdir. Lakin o, Nəzər, Nəzərin əmisi Müşviq Elxanla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən kafelərin birində görüşərək tərəfindən ona irad tutularaq Nəzərin və Bəhruzun pullarını qısa müddət ərzində qaytarılmasını tələb etmişdir. Elxan isə onlara söz verərək həmin pulları qaytaracağını bildirmiş, lakin bu günə kimi Elxan onlarla əlaqəni kəsərək Nəzərin və Bəhruzun pullarını qaytarmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, 65 yaşının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə (saat 08:40) tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimatla Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, Bakı Şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimatın müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da həmin müddətdə o, 02 gün həbsdə qalmışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 350 (üç yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar