Məhkəmə qərarları › İş №1(004)-193/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-193/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-193/2023 05.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 10:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs Hüseynova (Camalova) İradə İsabala qızının, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2016cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay 170 manat, cəmi isə 340 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova (Camalova) İradə İsabala qızına verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-3558/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 7975,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs Hüseynova (Camalova) İradə İsabala qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Hüseynova (Camalova) İradə İsabala qızı ilə birgə nikahdan xx.xx.2016-ci il tarixdə X6 və xx.xx.2017-ci il tarixdə X7 adlı iki uşaqları anadan olmuşdur. Daha sonra münasibətləri pozulmuş, aralarında narazılıqlar olmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olmuş, bundan başqa fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla müxtəlif işlərdə işləmişdir.Qazancı ilə ailəsini dolandırmış, imkanı daxilində uşaqları ilə maraqlanmış və uşaqların böyüdülməsi üçün maddi-mənəvi yardım göstərmişdir. Lakin Zərərçəkmiş şəxs (Camalova) ondan boşanmağa və uşaqların saxlanılmalarından ötrü alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 3558/2020 №-li qətnaməsinə əsasən nikahları pozulmuş, ondan uşaqların, yəni xx.xx.2016-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2020-Cİ il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat, cəmi hər ay 340 manat məbləğində alimentin tutulması qət edilmişdir. O, imkanı daxilində uşaqlarına maddi köməklik etmiş, müəyyən ödənişlər etmişdir. Lakin alimenti tam şəkildə ödəmədiyi səbəbdən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1- ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin bundan sonra heç bir ödəniş etməmişdir. Məhkəmədən törətdiyi əmələ görə səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə olan borcunu hazırda tam ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb, barəsində olan cinayət işi üzrə icraata xitam verməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Hüseynova (Camalova) İradə İsabala qızı ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-3558/2020 №-li qətnaməsinə əsasən nikahları pozulmuşdur. Təqsirləndirilən şəxs uşaqların, yəni xx.xx.2016-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat, cəmi hər ay 340 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olduğu halda, uşaqlarına lazımi maddi köməklik etməmiş, cüzi ödənişlər etmişdir. Bu səbəbdən E. Camalov 31,03.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin bundan nəticə çıxarmamış, heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs açq şəkildə heç bir aliment ödəməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla yaşadığı dövrdə hər gün 20-40 manat qazancı olmuşdur. Ona məlumdur ki, Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən xx.xx.2022- ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı cəmi 7975,00 manat təşkil etmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxs Hüseynova (Camalova) İradə İsabala qızı məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə ona olan aliment borcunu tam şəkildə ödəmişdir, ondan şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yaamal rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3558/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq iki uşağın saxlanması üçün 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment pulun tutularaq Hüseynova (Camalova) İradə İsabala qızına ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdə başlanılmış icraat zamanı sözügedən vəsaitin borclu Təqsirləndirilən şəxs tərəfindən könüllü ödənilməsi təmin edilməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə “Elektron icra” informasiya sistemi vasitəsilə aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs mülkiyyətində aşkar edilmiş “VAZ 21214” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı və “Volkswagen Golf’ markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-259/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuş və aidiyyəti hissədə qərardad icra olunması üçün Azərabycan Respublikası Daxili işlər Nazirliyi Baş X12 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 016- 72507-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən avtomobillərin üzərinə həbs qoyularaq mərkəzi informasiya sistemində müvafiq qeydlər edilmişdir. Eyni zamanda borclu Təqsirləndirilən şəxs şöbəyə dəvət edilərək avtomobillərin təhvil verilməsi tələb olunsada o, bundan imtina etmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs ilə dəfələrlə fərdi söhbətlər aparılmış, lakin o, müxtəlif bəhanələr gətirərək aliment borcunu ödəməkdən yayınmışdır. İcraat zamanı icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə sonuncu 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcraat dövründə Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə qeydiyyata düşməsi tövsiyə olunmuşdur. Lakin işsiz kimi qeydiyyatdan keçməmişdir. İş üzrə Təqsirləndirilən şəxs təqdimat verilən tarixədək 7975,00 manat aliment borcu yaranmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Şahid2 eyni xususuatlar üzrə ifadə verərək şahid qismində dindirilmiş icra məmuru Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)- 3558/2020 saylı, qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi isə 340 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova (Camalova) İradə İsabala qızına verilməsi qət edilmişdir (səh. 13-16). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icraatına daxil olmaqla, qeyd edilən tarixdə icraata başlanılaraq qərar və bildiriş borclu Təqsirləndirilən şəxs göndərilmişdir (səh. 11-12). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur (səh. 17-18, 77). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı Regional Məşğulluq filialının xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Məşğulluq» altsistemində işaxtaran və ya işsiz kimi qeydiyyatda deyil (səh. 82). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir (səh. 78). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs ödənilməmiş aliment borcu 7975,00 manat təşkil edir (səh. 6-7). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 107). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (səh.119-121, 111-112, 138-139). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-193/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı İstintaq təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-3315/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarxdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, 7975 manat aliment borcu tam şəkildə ödənilmişdir, hazırda təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, cinayət işinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə olan borcunu tam ödəməsini, məhkəmə tərəfindən hökm çıxarılanadək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona qarşı cinayət təqibinə xitam verilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oölunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-193/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə, məhkəmə istintaqı zamanı vəsatətlər verməyə, sorğular verib cavab almağa, məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına, təqsirləndirilən şəxslə görüşməyə sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar