Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-195/2020 25.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Carçalova Nuranə Həsrət qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 5 N ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Papanin" adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,225 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üstündə saxlamaqla daşımış və xx xxxxxx 2020-ci il tarixdə saat 19:30-da ünvan 2 ünvanının qarşısında Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yaşamal RPİ-nin 29-cu Polis şöbəsinin binasına gətirilmiş, inzibati binada onun üstündə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli xəz yaxalıqlı gödəkcənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxx 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx xxxxxx 2015-ci il tarixdə şərti otaraq azadlığa çıxmışdır. Bir müddətdir ki, bədənində ağrılar olduğu zaman iyləmək və iynə ilə damara vurmaq yolu ilə narkotik vasitə hesab olunan heroin qəbul etmişdir. Heroini öz istifadəsi üçün tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Nəsimi rayonundakı Hərbi hospitalın yanında "Papanin" adlanan ərazidə üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən ağrıları olanda istifadə etməsi üçün 10 manata narkotik vasitə olan heroin almışdır. Həmin bir bükümdə olan heroini istifadə etmək üçün əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 19:30-da yaşadığı evə tərəf gedərkən Yasamal rayonu, Salamzadə küçəsi 7 ünvanının qarşısında mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan narkotik vasitə istifadə edib-etməməsini və üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin vaxt üstündə gümüşü siqaret kağızına bükülmüş bir büküm heroin olduğundan həqiqətən üstündə heroin olduğunu və narkotik vasitə qəbul etməsini səmimi olaraq etiraf etmişdir. Polis əməkdaşları onu 29-cu Polis şöbəsinə dəvət etmiş, o razılaşaraq onlarla birlikdə 29-cu Polis şöbəsinə getmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün dövlət büdcəsi hesabına müdafiəçi dəvət olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təktif olunmuş, o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı bir büküm gümüşü siqaret kağızına bükülmüş heroini çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin həmin vaxt üzərindən başqa bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükülü zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol tərtib edildikdən sonra ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən yazan texniki vasitələrdən yəni "İphone 7" markalı mobil telefondan istifadə edilmişdir. Çəkiliş bir ədəd DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra müvafiq olaraq əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, şöbə rəhbərliyinin əmri əsasında əməliyyat qrupu yaradılmışdır. O, qrupun rəhbəri olmuş, üzvü isə Yasamal RPİnin 29-cu Polis şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsidə xx xxxxxx 2020-ci il tarixdə 19:30 radələrində Təqsirləndirilən şəxs Yasamal rayonu, A.Salamzadə küçəsi 7 ünvanının qarşısında saxlamış və özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin istifadəsində şübhəli olmasını bildirib onu Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Yaşamal RPİ-nin 29-cu polis şöbəsinə getmişdir. Araşdırmanın davam etdirilməsi Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin təhqiqatçısına həvatə edilmiş, təhqiqatçının xidməti otağında onun, Şahid2, vəkil X4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürülümə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxladığı bir büküm siqaretin gümüşü kağızına bükülmüş maddəni könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü təhqiqatçı tərəfindən açılan zaman içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərində başqa bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması soruşulmuş, sonuncu onun sağ yan cibindən aşkar edilərək götürülmüş gümüşü siqaret kağızına bükülmüş maddənin narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni özünün istifadə etməsi üçün xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında "Papanin" adlanan yerdə üzdən tanıdığı bir nəfər şəxsdən 10 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarkən yazan texniki vasitələrdən, yəni "İphone 7" markalı mobil telefondan istifadə edilmişdir. Çəkiliş 01 ədəd DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, iştirakçılar tərəfindən protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş və Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1, həmin Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxsvə müdafiəçi X7 tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülümə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxladığı bir büküm siqaretin gümüşü kağızına bükülmüş maddəni könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. O, həmin gümüşü siqaret kağızına bükülmüş maddənin narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni "Papanin" adlanan yerdə anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən 10 manata almasını və istifadə etmək məqsədilə üzərində saxladığını, xx xxxxxx 2020-ci il tarixdə saat 19:30-da Bakı şəhəri Yasamal rayonu Salamzadə 7 ünvanının qarşısında Yasamal rayon Polis İdarəsi 29-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 29-cu PŞ-nin inzibati binasına gətirilməsini bildirmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən açılan zaman içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə zərfə qoyularaq qablaşdırılmış və DİN-nin zərflər üçün olan 169 saylı möhürü ilə möhürləndikdən sonra zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarkən texniki vasitədən, yəni “İphone 7” markalı mobil telefondan istifadə edilmiş və həmin mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə videogörüntüyə qeydə alınmış, çəkiliş bir ədəd “DVD” diskə köçürülmüş və protokola əlavə edilmişdir. Protokol tərtib edilmiş, iştirakçılar tərəfindən heç bir irad və əlavələr olmadığı üçün imzalarla təsdiq edilmişdir (i/v 30-31). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2840 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,225 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 0,225 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 0,175 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil etmişdir (i/v 40). İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,225 qram olan narkotik maddə - heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq – 0,175 qram narkotik maddə heroin iş üzrə maddi sübut kimi tanınmışdır (i/v 250-262). İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş bir ədəd DVD-R diskin və rabitə və digər texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən üst hissəsi qırmızı rəngli üzərində “Bakcell” “bax nələr mümkündür” yazısı olan və 6256/2020 rəqəmləri qeyd olunmuş bir ədəd “CD” diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i/v 250-262). İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxladığı bir büküm siqaretin gümüşü kağızına bükülmüş maddəni könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü təhqiqatçı tərəfindən açılan zaman içərisində narkotik vasitəyə bənzər maddə olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərində başqa bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 619 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 125-126). İşdəki Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir (i/v 113-115). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx xxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır (i/v 22, 88-89,143-144). İş materiallarına əlavə olunmuş AZE seriyalı 12668449 nömrəli və AZE seriyalı 11858313 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, iki yetkinlik yaşına çaymayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 22 (iyirmi iki) gün müddət bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, həmin cəzası çəkilmiş hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,175 qram narkotik maddə - heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd DVD-R və 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(004)-195/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06 (altı) ay 22 (iyirmi iki) gün həbsdə saxlanıldığı nəzərə alınaraq 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,175 qram narkotik maddə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd DVD-R və 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-195/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-195/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver