Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-197/2022 01.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1996-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Bərdə şəhəri H.Əliyev pr. Ev 4, mənzil 5-də qediyyatda olub, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 10-da yerləşən «Antikvar» mağazasında divanın üzərində olan əvvəllər tanıdığı həmin mağazanın sahibi Şahid2 həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus içərisində xx.xx.2021-i il tarixə olan məzənnə ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları, 200 AZN, dekabr ayına olan orta bazar qiyməti 4.25 qram kütləli bir cütünün dəyəri 361 manat qadın sırğası, 3.2 qram kütləli bir cütünün dəyəri 272 manat qadın sırğası, 5 qram kütləli dəyəri 450 manat olan 01 (bir) ədəd qırmızı qaşlı qadın üzüyü, 4.82 qram kütləli dəyəri 410 manat olan 01 ədəd boyunbağı, 1 tay istifadə olunmuş “Airpods” markalı dəyəri 50 manat olan qulaqcıq, içərisində pul vəsaiti olmayan hər birinin dəyəri 10 manat olan «Unibank» və «Express» banka məxsus kredit kartları olan 01 (bir) ədəd dəyəri 15 manat təşkil edən «Forever Best» markalı qırmızı rəngli əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 3478 manat məbləğdə maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, qalayçı işləyir. 30 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Azərbaycan pr.10 ünvanında yerləşən Antikvar dükanına oranın sahibəsi Madinat xanımın verəcəyi qabları düzəltmək üçün getmişdir. Əvvəllər də həmin dükana qırıq gül qablarını, samovarları düzəltmək üçün mütəmadi olaraq getmişdir. Təmir olunası qabları Madinat xanım ona göstərərkən dükana başqa müştəri gəlmiş və Madinat xanım ona biraz gözlədəcəyini, həmin müştəri ilə məşğul olacağını bildirdi. Samir bundan istifadə edərək dükanda olan divanda əyləşmiş və əyləşən zaman divanın küncündə olan qırmızı rəngli əl çantasını görmüş və borcları olduğu üçün onu oğurlamaq qərarına gəlmişdir. Madinat xanımın başı müştəriyə qarışdığından Samir bundan istifadə edərək qırmızı rəngli qadın əl çantasını götürərək oradan uzaqlaşmışdır. Təxminən 500 metr dükandan uzaqlaşdıqdan sonra ara küçələrin birində dayanmış və çantanı açaraq içinə baxmağa başlamışdır. Çantanm içərisində 1000 ABŞ dolları, 200 manat, 2 cüt sırğa, 1 ədəd qırmızı qaşlı üzük, 1 ədəd boyunbağı, bank kartları və 1 ədəd qulaqcıq var idi. Samir borcu olduğu üçün oğurladığı əl çantasından 500 ABŞ dolları və 20 manat götürmüşdür. Borcu olan şəxsə borcunu verib qayıdarkən Yasamal rayonu, Balababa Məcidova küçəsində hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini 26-ci PB-nin əməkdaşları kimi təqdim etdikdən sonra Samiri 26-cı PB-yə dəvət etmişlər. O, PBə çatarkən oğurladığı çantanı içərisində qalan əşyalarla birlikdə polis əməkdaşına təhvil verdiyini bildirmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, evli olmasını, azyaşlı uşağının olmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 dekabr 2021-ci il tarixdə axşam saat 18 radələrində yoldaşı Şahid2 işlətdiyi “Antikvar” dükanına gəlmiş və əlində olan qırmızı rəngli əl çantasını divanın üzərinə qoymuşdur. Axşam saat 20 radələrində mütəmadi olaraq qalayçı kimi tanıdığı Samir adlı şəxs dükana gəlmiş və sınıq nəyinsə olduğunu soruşdu. Bu zaman Zərərçəkmiş şəxs ona sınıq vazanın olduğunu və onu düzəltməsini xahiş etmişdir. Bu zaman dükana gələn başqa müştəri gəldiyinə görə həmin müştəriyə başları qarışdı. O, isə vazanı düzəldəcəyini dedi və vazanı götürərək dükandan çıxıb getmişdir. Samir dükandan getdikdən biraz sonra divanın üzərinə qoyduğu qırmızı rəngli əl çantasının orada olmadığını görmüş və dərhal bu barədə yoldaşı Şahid2lə birlikdə 26-cı polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurlanmış qırmızı rəngli əl çantasının içərisində 1000 ABŞ dolları, 200 manat, 2 cüt sırğa, 1 ədəd qırmızı qaşlı üzük, 1 ədəd boyunbağı, bank kartları və 1 ədəd İphone markalı telefona məxsus “Airdrops” qulaqcıq olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 3400 manat maddi ziyan dəydiyini də bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 11 mart 2022-ci il tarixli 6/1182-9/1337 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən müəyyən edilmişdir - 5 qram kütləli 1 ədəd üzük - 450 manat, 4.25 qram kütləli 1 cüt sırğa - 361 manat, 3.20 qram kütləli 1 cüt sırğa - 272 manat, 4.82 qram kütləli 1 ədəd boyunbağı - 410 manat, 1 tay istifadə olunmuş “Airpods” markalı qulaqcıq-50 manat, 1 ədəd istifadə olunmuş “Forever Best” markalı, qırmızı rəngli, dəri materialından olan kiçik ölçülü əl çantası-15 manat, “Unibank” və “Ekspres banka” məxsus kredit kartları - hərəsi 20 manat. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir, onunla barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, təqsirləndirilən şəxsin ailəli olmasını, himayəsində 01 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 01 gün həbsdə qalmışdır. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, xx.xx.2022-ci il tarixdə tutulmuşdur, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. Beləliklə, o, ibtidai istintaq dövründə və işə məhkəmədə baxıldığı hazırkı vaxtadək ümumilikdə 01 ay 08 gün həbsdə və ev dustağlığında olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 2 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd boyunbağı, 1 ədəd iphone markalı telefona məxsus “Airdrops” qulaqcığı, 500 ABŞ dolları və 114 manat pul, 1 ədəd «forever best» markalı qırmızı rəngli əl çantasının saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 ay 08 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 06 ay 14 gün (altı ay on dörd gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 manat (yüz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə oğurlanmış əşyalardan aşkar edilərək maddi sübut kimi tanınmış əşyaların qalan hissəsinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 500 (beş yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-197/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-197/2022
01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver