Məhkəmə qərarları › İş №1(004)-197/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-197/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-197/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1996-cı ildə Kürdəmir rayonu Qarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Qarabucaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşaması, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayıb ələ keçirərək oğurluq etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən yaşadığı mənzildə istilik sistemini təmir etmək üçün gəlmiş, mənzilin yataq otağına keçərkən ev sahibi Zərərçəkmiş şəxs onu görmədiyinə əmin olub otaqda olan dolabın üzərindəki 01 ədəd 6.1 qramlıq, 585 əyarlı 701 manat dəyərində qızıl qolbağı, 01 ədəd işlənmiş vəziyyətdə, 583 əyarında, üzərində brilyant qaşları olan 2.5 qram çəkidə 900 manat dəyərində qızıl üzüyü və 01 ədəd işlənmiş vəziyyətdə, üzərində qaşları və əyyarı olmayan 800 manat dəyərində qızıl üzüyü tamah məqsədi ilə özgənin əmlakını gizli talayaraq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2401 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, həyat yoldaşı X5 Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi 2 nömrəli binada xadimə işləyir. Yoldaşının vasitəsilə həmin binanın komendantı Emin adlı şəxslə tanış olmuş və komendant onun nə işlə məşğul olduğunu soruşduqda, bildirib ki, ustadır, mənzillərdə təmir və santexnik işləri görür. Emin ona bildirib ki, onların binasında bəzən təmir işləri olur, əgər lazım olsa onu çağırar gəlib təmir edər və zəhmət haqqını ev sahibləri ödayəcəklər. Bundan sonra komendat Emin onu bir neçə dəfə həmin binada təmir işləri görmək üçün çağırıb və o həmin binaya gedib orada təmir işləri aparmışdır. xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, B.Bağırov küçəsi ev 2 saylı binanın komandantı Emin ona zəng edərək mənzillərin birində təmir işi olduğunu bildirmişdir. Eminin yanına getmiş, Emin ona bildirib ki, həmin binanın 10-cu mərtəbəsində təmir işləri vardır. Ona 10-cu mərtəbəyə qalxıb ev sahibi ilə danışıb təmir işləri görməyini və sonra çıxıb getməyini bildirmişdir. O 10-cu mərtəbəyə qalxıb ev sahibi ilə görüşüb Eminin onu göndərdiyini demişdir. Ev sahibi ona bildirib ki, evdə olan sanitar qovşağının sifonunun pompası xarab olubdur, onu dəyişmək lazımdır. Ev sahibi ona 50 manat pul vermiş, gedib sifona yeni pompa alıb dəyişməli imiş. Pulu götürüb gedib yeni sifon pompası alıb dəyişən zaman Emin ona zəng edib bildirib ki, həmin binanın 12-cı mərtəbəsində istilik qurğusunun borusu partalayıb, təcili yuxarı qalxıb kömək etmək lazımdır. O işi yarımçıq qoyub Eminin dediyi ünvana qalxmışdır. Eminlə birlikdə partlamış su borusunu təmir etmişlər. Emin ona deyib ki, həmin evdəki sanitar qovuşağında olan qurutma sisteminin havalandırmasını təmir etmək lazımdır. Sanitar qovuşağına keçib havalandırma sistemini də təmir etmişdir. İşini bitirib 10-cu mərtəbəyə enmiş və yarımçıq işini bitirib zəhmət haqqını almışdır. Daha sonra binadan çıxıb parka getmişdir. Parkda olarkən Emin yenidən ona zəng edib bayaqkı binanın 12-ci mərtəbəsində istilik qurğusunun havasını almaq lazım olduğunu, ona görə də ona geri qayıtmağını demişdir. O da təkrarən həmin binaya getmiş, komandant olan Emin binaya gəlib gedənlərə nəzarət etdiyi üçün onunla qalxa bilmədiyini və onun 12-ci mərtəbəyə tək qalxmağını bildirmişdir. O da 12-ci mərtəbəyə qalxıb adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin mənzilinə daxil olmuşdur. Həmin vaxt xx.xx.2024-cü il tarix, saat 18 radələri imiş. Mənzildəki yataq otağında olan qurğusuna doğru gedərkən dolabın üzərində 02 ədəd açıq vəziyyətdə qızıl üzük və 01 ədəd qolbağ qızıl zinət əşylarının olduğunu görmüşdür. Həmin vaxt ev sahibi qapını bağlayıb onun arxası ilə otağa daxil gəlirmiş. Ev sahibi otağa daxil olana kimi cəld şəkildə dolabın üzərində olan qızıl əşyalarını götürərək əynində olan qararəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Qızıllları götürən zaman ev sahibi Zərərçəkmiş şəxs onu görməmişdir. Daha sonra otaqda olan istilik qurğusunun havasını düzəltmiş və evdən çıxıb birbaşa üzərindəki qızıl əşyaları ilə birlikdə qızıl alış verişi həyata keçirilən mərkəzi univermağa getmişdir. Oradakı dükanlardan birinə daxil olub şəxsiyyəti vəsiqəsini və qızıl qolbağını tanımadığı şəxsə təqdim etmişdir. Həmin şəxs ona alış aktına imza çəkdirmiş və qolbağın 494 manat etdiyini bildirib həmin pulu sayıb ona vermişdir. O da pulu götürüb qızıl qolbağı həmin şəxsə vermişdir. Dükandan çıxıb digər iki ədəd qızıl üzüyü satmaq üçün başqa qızıl dükanına yaxınlaşmışdır. Şəxsiyyət vəsiqəsi və 02 ədəd qızıl üzükləri tanımadığı qızıl alış verişi ilə məşğul olan şəxsə təqdim etmişdir. O da qızıllara baxıb ikisini birlikdə 1200 manata ala biləcəyini demişdir. O da onunla razılaşmış və qalan iki ədəd qızıl üzüyü də 1200 manata həmin şəxsə satmışdır. Qeyd edir ki, o qolbağ və qızıl üzükləri satarkən hər iki şəxsə qızılların özünə məxsus olduğunu demişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, himayəsində uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənildiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş X6 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 46-47-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə evində istilik qurğusu işləmirmiş. O da bu səbəbdən evə istilik sistemini təmir etmək üçün usta çağırmışdır. Tanımadığı usta həmin tarixdə axşam saatlarında yaşadığı mənzilə gələrək evdə təxminən 10-15 dəqiqə işlədikdən sonra işini bitirib çıxıb getmişdir. Usta getdikdən sonra yataq otağına keçərkən otaqdakı dolabın üzərinə qoyduğu özünə məxsus 02 ədəd qızıl üzük və 01 ədəd qızıl qolbağın yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə binanın komendantına məlumat vermişdir. Evində işləyən usta Təqsirləndirilən şəxs komandantın çağırışı ilə yaşadığı evə geri qayıtmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən götürdüyü qızılları geri qaytarmasını bildirmişdir. Lakin ilkin olaraq Şəhriyar həmin qızılların onda olmadığını bildirmişdir. Şəhriyara dəfələrlə qızıllarını geri qaytarmağını desə də o geri qaytarmamışdır. Hadisədən iki gün sonra məcbur olub bu barədə 102 xidmətinə məlumat vermişdir. Polis bölməsində olarkən ona bildiriblər ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə onun yaşadığı evdən oğurluq etdiyini etiraf edibdir. Əlavə olaraq alınmış ifadəsində qeyd etmişdir ki, məhkəmə əmtəəşunsalıq ekspertizasının rəyində göstərilən qızıl qolbağının qiyməti ilə razıdır, 01 ədəd işlənmiş vəziyyətdə, 583 əyarında, üzərində brilyant qaşları olan 2.5 qram çəkidə qızıl üzüyün qiyməti 900 manat, digər üzük isə işlənmiş vəziyyətdə, üzərində qaşları və əyyarı olmadığına görə onun dəyəri isə 800 manatdır. Ona görə də evindən qızıl-zinət əşyalarının oğurlanması nəticəsində ona ümumilikdə 2401 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, mərkəzi univermaqda yerləşən dükanda qızıllarının alınıb satılmasını təşkil edir. Dəqiq xatırlamadığı tarixdə dükanda olarkən tanımadığı şəxs dükana yaxınlaşaraq ona satmaq məqsədilə qızıl qolbaq təqdim etmişdir. Həmin qızıl qolbaq 585 əyyarında olmuşdur. O, həmin qolbağı 494 manat pul müqabilində sonradan adının Şəhriyar olduğunu bildiyi şəxsdən almışdır. Sonradan Polis İdarəsinə çağırıldığı zaman alınan qolbağın oğurluq olduğu ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, mərkəzi univermaqda yerləşən dükanda zərgər kimi çalışır. Dəqiq xatırlamadığı tarixdə dükanda olarkən tanımadığı şəxs dükana yaxınlaşaraq ona satmaq məqsədilə iki ədəd qızıl üzük təqdim etmişdir. Həmin qızıl üzüklərdən biri 583 əyyarında, digəri isə üzərində əyarsız olmuşdur. O həmin üzükləri 1200 manat pul müqabilində sonradan adının Şəhriyar olduğunu bildiyi şəxsdən almışdır. Sonradan Polis İdarəsinə çağırıldığı zaman alınan üzüklərin oğurluq olduğu ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək evində istilik qurğusunun xarab olduğunu bildirmiş, o da usta kimi işləyən Şəhriyarı Zərərçəkmiş şəxs yaşadığı mənzilə çağırmışdır. Şəhriyar mənzilə gələrək istilik qurğusunu düzəltmiş, sonra isə işini bitirib çıxıb getmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs yenə də istilik qurğusunun xarab olduğunu bildirdiyi üçün o, təkrarən Şəhriyara zəng edərək onu geri çağırmışdır. Şəhriyar yenidən həmin mənzilə gəlmiş, daha sonra işini bitirib çıxıb getmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs ona zəng edərək, evindən qızıl-zinət əşyalarının oğurlandığını və oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu düşündüyünü bildirmişdir. Bundan sonra Şəhriyar barəsində polisə şikayət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə, yəni ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs onun həmin ünvanda yerləşən yaşadığı mənzilin yataq otağını və otaqdakı qızıl-zinət əşyalarını qoyduğu yeri göstərmiş, bununla əlaqədar fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 6-9) “Baxış keçirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi “Alış Aktı” bir vərəqədən ibarətdir, xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir, həmin alış aktının yuxarı sağ küncündə fiziki şəxs kimi fəlaiyyət göstərən X3 anket məlumatları vardır. Cədvəl hissəsində isə satıcı Təqsirləndirilən şəxs adı, vəsiqə nömrəsi olan AA ******* yazılmışdır. Alınmış qızıl qolbağa dair məlumatlarda isə 01 ədəd qızıl qolbağın, 585 əyarda, 6.1 qram çəkidə olduğu və 494 manat məbləğində olduğu məlum olur. Baxış keçirilən bir ədəd “Alış Aktı” iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülərək protokola əlavə olunmuşdur. (i.v. 51-52) “Baxış keçirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 01 ədəd “Qızıl və Brilyantların alqı-satqısı” kitabına baxış zamanı Təqsirləndirilən şəxs anket məlumatlarının olduğu “Alqı-satqı” qəbzinin olduğu səhifə bir vərəqədən ibarətdir, xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir, həmin alış qəbzinin yuxarı sağ küncündə xx.xx.2024-cü il tarixdə tərtib edildiyi, satan şəxsin Təqsirləndirilən şəxs olduğu, vəsiqə nömrəsi isə AA ******* kimi yazıldığı məlum oldu. Alınmış qızıl üzüklərə dair məlumatlarda isə 02 ədəd qızıl üzük olduğu və 1200 manat dəyərində alındığı müəyyən edilmişdir. Baxış keçirilən bir ədəd “Alqı satqı qəbzi” iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün sürəti çıxarılaraq protokola əlavə olunmuşdur. (i.v. 57-59) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 fevral 2025-ci il tarixli 9/232 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 6.1 qram kütləli, 585 əyar qızıl qolbağının orta bazar qisyməti nəzəri hesablama yolu ilə təxminən 701.00 manat müəyyən edilir. Qərarda qeyd edilən digər 02 adda qızıl-zinət əşyalarının əyarı, üzərindəki qaşların istehsal yeri, mənşəyi, keyfiyyəti, saylı, ölçüsü və sair barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. (i.v. 85-88) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 22 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il tarixdə saat 18:32-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 33) “Qətimkan tədbirinin seçilməsi barədə” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 71-72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 80) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli notarial təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Cəza təyin edilən zaman nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə təyin edilmiş ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 22 dekabr 2024-cü il tarixdən 24 dekabr 2024-cü il tarixədək olan 02 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 22 dekabr 2024-cü il tarixdən 24 dekabr 2024-cü il tarixədək olan 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar