Məhkəmə qərarları › İş №1(004)-198/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-198/2021

16.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-198/2021 16.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, 30 avqust 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,328 qram olan ağ kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 24.03.2021-ci il tarixdə, saat 13.00 radələrində Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 0,328 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 mart 2021-ci il tarixdə səhər saatlarında yaşadığı ünvandan çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerə gəlmiş və orada üzdən tanıdığı, adını, eləcə də barəsində başqa hər hansı məlumatının olmadığı şəxsdən 20 manat pul verməklə bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetamini alaraq özünün istifadəsi üçün əynindəki göy rəngli cins şalvarımın sağ yan cibində gizlədib yaşadığı ünvana qayıtmışdır. Həmin gün saat 13.00 radələrində ünvan 5 ünvanının qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etməklə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deməklə onlarla birlikdə xidmət etdikləri Yasamal RPİ-nin 26-ci PB-nə getməyini təklif etmişlər. Üzərində psixotrop maddənin olmasına dair polis əməkdaşlarının məlumatlı ola bildikdlərini və artıq ifşa olduğunu anlayaraq heç bir müqavimət göstərmədən və qaçmağa meyl etmədən əməkdaşların təklifi ilə Yasamal RPİ-nin 26-cı PB-nə getmişdir. Orada onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilməklə hüquq və vəzifələri izah olunmuş, polis bölməsinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş və üzərində qanunsuz saxladığı hər hansı əşya, narkotik maddə vardırsa onları könüllü təqdim etməsi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra əynindəki cins şalvarının sağ yan cibində gizlətdiyi bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş, içərisində psixotrop maddə metamfetamin olan bükümü çıxarıb könüllü olaraq təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, təqdim etdiyi bükümdən başqa maddə və ya əşya aşkar olunmamışdır. Polis əməkdaşı həmin bükülünü açıb iştirakçılara göstərmiş və həmin maddənin nədən ibarət olduğu soruşulduqda o, bükülüdəki psixotrop maddənin metamfetamin olduğunu, özünün istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirmişdir. Onun təqdim etdiyi bükümə baxış keçirilmiş və daha sonra qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, həmin möhürlənib bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirildikdən sonra izahat alınmış və o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi, himayəsində ikisi azyaşlı, biri isə yetkinlik yaşına yatmayan olmaqla üç övladının olmasını nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 24 mart 2021ci il tarixdə bölməyə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş X4 qanunsuz olaraq narkotik vasitələr əldə edib dövriyyəsi ilə məşğul olduğuna dair əməliyyat məlumatı daxil olmuşdur. Vüqar İsrafılov adlı şəxsin dərhal cinayət başında yaxalanması və ifşa olunması məqsədilə daxil olmuş mötəbər məlumat barədə tərəfindən raportla 26-cı PB-nin rəisi Faiq Bədəlova məruzə edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat qrupu yaradılmaqla təxirəsalınmaz tədbirlərin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilmiş, qrupa rəhbərlik ona həvalə edilməklə bölmənin əməliyyat müvəkkili Şahid2 qrupa daxil edilmişdir. 24 mart 2021-ci il tarixdə saat 13 radələrində qrupun üzvü Şahid2lə birlikdə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində X11 ünvan 7 ünvanının qarşısında aşkar edilərək saxlanılmışdır. X19 saxlayarkən özlərini ona təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirib ondan Yasamal RPİnin 26-cı PB-nə gəlməsini təklif etmişlər. Vüqar İsrafılov təkliflə razılaşıb onlarla birlikdə oradan Yasamal RPİ-nin 26-cı PB-nə gəlmişdir. Bundan sonra, Vüqar İsrafılovun saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilməsi barədə dərhal raport əsasında bölmənin rəisinə məruzə edilmiş və zəruri təhqiqat hərəkətlərinin keçirilməsi şöbənin təhqiqatçısı Ramil Qafarova həvalə olunmuşdur. X7 üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını təqdim etmişdir. Bundan sonra X4 üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqularını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşya və ya maddə vardırsa könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir bükümü çıxararaq təqdim etmişdir. Həmin büküm təhqiqatçı Ramil Qafarov tərəfindən açılaraq iştirakçılara göstərilmiş və Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni 24 mart 2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün alıb əynindəki şalvarının sağ yan cibində saxladığını bildirmişdir. Həmin bükülü açıldıqda içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Daha sonra keçirilmiş şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuş və Vüqar İsrafılovdan aşkar olunmuş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. O, da şəxsi axtarışda iştirak edərək bütün iştirakçılar kimi həmin protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən «iPhone» markalı telefon vasitəsilə video çəkiliş aparılıb qeydə alınmış görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 24 mart 2021-ci il tarixli raportlar, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 bölmənin rəisi Faiq Bədəlova müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin rəisi Faiq Bədəlov tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə bölmənin əməliyyat müvəkkili Şahid2 daxil edilməklə, qrupa rəhbərliyin əməliyat müvəkkili Şahid1 həvalə edilməsinə dair Ə17- 092-21 nömrəli əmr verilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Yasamal RPİ-nin 26-cı PB-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində 24 mart 2021-ci il tarixli 249 nömrəli daxil olma ştampı olan, əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə saat 13:00 radələrində Yasamal rayonu, Cəfərov Qardaşları küçəsi 45 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs həmin gün Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Ramil Qafararov tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 24 mart 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız bükümünü çıxararaq təqdim etmiş, həmin bükülü açılan zaman içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 170 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “iPhone” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında 24 mart 2021-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 25 mart 2021-ci il tarixli 5(004)-289/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Odur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən materiallar məhkəmə tərəfindən sübut kimi qəbul edilir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 mart 2021-ci il tarixli 6/1169 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 170” dairəvi möhür əksi olan adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd kağız bükümdə təmiz çəkisi 0,328 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Rəydən həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 0,278 qram metamfetamin qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 08 aprel 2021-ci il tarixli 1030 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə psixotrop maddə hesab edilən metamfetamin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0,328 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli 24 mart 2021-ci il saat 13:00-dan hesablanmışdır. 26 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru Elman Süleymanovun 26 mart 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiq Elnur Vəliyevin 26 mart 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş 26 mart 2021-ci il tarixli qərardan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 3(004)-915/2021 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 ay 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 02 aprel 2021-ci il tarixli tələbnamədən və Yasamal Rayon Məhkəməsinin 10 iyul 2014-cü il tarixli, 1(004)-103/2014 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 17 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 iyun 2011-ci ildə Qaradağ Rayon Məhkəməsinin 28 iyun 2011-ci il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 02 ay 09 gününü çəkməkdən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 10 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 may 2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Tələbnamədən və iş materiallarından müəyyən edilir ki, hazırda Təqsirləndirilən şəxs üzərində məhkumluğu yoxdur. İş materiallarından həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan övladı vardır: 23.04.2005-ci il təvəllüdlü X9, 25.08.2016-cı il təvəllüdlü X6, 30.06.2020-ci il təvəllüdlü X12. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdən 26 mart 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 16 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 3(004)-915/2021 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə 01 ay 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini və həmin tənbeh tədbirinin 16 may 2021-ci il tarixdə başa çatacağını nəzərə alaraq hesab edir ki, həbs qətimkan tədbiri ilə bağlı hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,278 qram psixotrop maddə olan metamfetamin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65,0 (altımış beş) manat təşkil edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,278 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 65,0 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X10 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat, X10 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdən 26 mart 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,278 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat, X10 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Həbs qətimkan tədbiri ilə bağlı hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar