Məhkəmə qərarları › İş №1(004)-198/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-198/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-198/2024 13.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Azərbayacan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq bir büküm təmiz çəkisi 0,028 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,058 və 0,096 qram ümumi təmiz çəkisi 0,154 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Yasamal rayon X2 əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 21:20 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sol cibindən bir ədəd kibrit qutusunun içərisində 1 ədəd ağ kağıza bükülmüş təmiz çəkisi 0,028 qram ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə bir ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0,058 və bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,096 qram, ümuıjıi təmiz çəkisi 0,154 qram qəhvəyi pəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,655 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 16 oktyabr 2023-cü il tarixdə saat 16:20 radələrində ünvan 5 ünvanının qarşısında Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli klasik şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,655 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmənin iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Belə ki, ibtidai istintaqda təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 1 ildən çoxdur ki, Bakı şəhərində yaşamaqla narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlarda tanımadığı şəxslərdən əldə edib istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin ad və soyadını bilmədiyi şəxsdən 40 manat pul verərək bir kibrit qutusunun içərisində 1 büküm şüşə adlanan metamfetamin və 2 büküm kakos adlanın heroin alıb sonradan istifadə etmək üçün sol cibinə qoymuş və gündəlik işləri ilə məşğul olmuşdur. Həmin gün saat 21:20 radələrində Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində olarkən iki nəfər polis geyimində olan şəxs yaxınlaşmışlar. Üzərində psixotrop maddə olduğundan onlardan yayınmaq istəmiş, lakin fikrindən daşınmışdır. Polis əməkdaşlarının suallarına həyəcanlı cavab verdiyindən onu Yasamal RPİ-nin 29-cu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis şöbəsinə getmişdir. Orada onu xidməti otaqların birinə dəvət etmişlər. Ona hüquqlarını müdafiə etmək üçün vəkil verilmiş, bundan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Polis şöbəsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyi bildirdikdə o, üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli cins şalvarın sol cibində saxladığı kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin kibrit qutusu polis əməkdaşları tərəfindən açılmış və içərisində 3 büküm aşkar edilmişdir. Həmin bükümlərdən ikisinin içərisində qəhvəyi rəngli kakos kimi tanıdığı heroin, digər birində isə ağ rəngli şüşə kimi bildiyi psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 40 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin maddələr zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında üzdən tanıdığı, lakin adını və anket mıəlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə həmin şəxslə görüşüb 20 manat məbləğində psixotrop maddə kimi tanıdığı “patı” adlı psixotrop maddəni əldə etmişdir. Həmin psixotrop maddəni istifadə etmək üçün şalvarının sağ yan cibinə qoymuş və piyada hərəkət edirmiş. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat 16:20 radələrində Yasamal rayonu, X.Mustafayev küçəsi 152 ünvanın qarşısında dayanan zaman iki nəfər şəxs ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirib xidməti vəsiqələrini ona təqdim etmişlər. Üzərində psixotrop maddə olduğundan onlardan yayınmaq istəmişdir. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal rayonu, 29-cu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis şöbəsinə getmişdir. Orada onu xidməti otaqların birinə dəvət edib və barəsində araşdırılması aparılan cinayət işi üzrə axtarışda olduğunu bildirmişlər. Üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyi bildirildikdə əynində olan boz rəngli klassik şalvarın sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş bükümü təqdim edib içərisində psixotrop maddə olan “patı” yəni metamfetamin olduğunu bildirib masanın üzərinə qoymuşdur. Həmin sellofan polis əməkdaşları tərəfindən açılmış içərisində olan maddənin “Patı” yəni metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində təqsirləndirilən şəxsə yaxınlaşmışlar, cinayət işi üzrə axtarışda olmuş, 29-cu Polis Şöbəsinə dəvət etmişlər, orada üzərinə baxış zamanı narkotik vasitə aşkar olunmuşdur. Onunla birlikdə xidmətdə sahə inspektoru Şahid4 idi. Onlar təqsirləndirilən şəxsi ünvan 8 ünvanında saxlamışlar. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iyul ayının 7-də xidmətdə olarkən, 21:30 radələrində, Dadaş Bünyadzadə küçəsində bina 12, blok 7-də, həmin saylı binanın sakinləri bildirmişdirlər ki, blokda tanımadıqları şəxslər var, onlar həmin bloka yaxınlaşmış, şəxs qaçmağa cəhd göstərdi, onlar onu blokda yaxalamış, sorğu-suala tutmuşlar, adekvat cavab verməmiş, səmimi olmamış, həmin binanın sakini olmadığını bildirmiş, onlar onun şəxsiyyətini müəyyən etmək üçün Bölməyə dəvət etmişlər, 29-cu Polis Şöbəsində çəkilişlə üzərinə baxış keçirərkən üzərindən narkotik vasitəyə bənzər bükümlər çıxmış, bükümdə nə olduğuna ekspertiza qərar vemişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmayıb. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 08 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3679 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №169-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza) “ yazısı və imzalar olan zərfdəki, kibrit qutusunun içərisində 1 (bir) bükümdə təmiz çəkisi 0,028 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotop maddə metamfetamindir və 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,058 qram və 0,096 qram, ümumi təmiz çəkisi 0,154 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5435 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №169” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs“ sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,655 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4457 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Yasamal RPİ tərəfindən tutularaq MSY-yə təhvil verilmiş, cinayət işi üzrə icraat təzələnmiş, barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik və psixotrop maddələrin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 08 ay 28 gün (səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,094 qram narkotik vasitə - heroin, 0,008 qram və 0,605 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar