Məhkəmə qərarları › İş №1(004)-199/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-199/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-199/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X3, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs: xx xxxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, orta təhsilli, subay, işsiz, İsmayıllı rayonu, A.Aslanov küçəsi, ev 12 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 yanvar 2021-ci il tarixdə saat 06 radələrində ünvan 2 ünvanın həyətində park edilmiş Zərərçəkmiş şəxs1 məxsus «Hyundai Accent» markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsini avtomobil şamı ilə sındıraraq avtomobilin salonundan Zərərçəkmiş şəxs1 məxsus olan 50 manat dəyərində pul kisəsini və həmin pul kisəsinin içərisində olan 1.800 manat nəğd pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 1.850 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 yanvar 2021-ci il tarixdə saat 02 radələrində Yasamal rayonu A.Abbasov küçəsi 11 ünvanının qarşısıda park edilmiş Zərərçəkmiş şəxs2 məxsus «Mercedes Benz 320» markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini avtomobil şamı ik sındırıraq avtomaşının salonunda arxa oturacağın üzərindən 500 manat dəyərində «Dell» markal İnspiron 15 modelli veb kameralı noutbuk və avtomaşının qabaq alın şüşəsinə yapışdırılmış vəziyyətdə olan 250 manat dəyərində «İphone 7» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 750 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 yanvar 2020-ci il tarixdə gecə saat 04 radələrində ünvan 3 ünvanının qarşısında park edilmiş Zərərçəkmiş şəxs3 məxsus “Vaz 21014” markalı 45BM-047 dövlət qeydiyyat nişanlı avtomaşının arxa sağ şüşəsini avtomobil şamı ilə sındırıraq avtomaşının salonunda saxlanc yerindən 400 manat nəğd pulu və hədiyyə sellofanı içərisində olan cəmi 111 manat 20 qəpik dəyərində 01 ədəd dəyəri 13 manat 80 qəpik manat olan «Gelnettoyant fracheur flacon 390 ml», 01 ədəd dəyəri 26 manat 60 qəpik olan « 48 H NON STOP hydrating X14 50 ml», 01 ədəd dəyəri 11 manat 80 qəpik olan «X10 Bourbon Vanilla FL390 ml», 01 ədəd dəyəri 7 manat 80 qəpik olan «X7 X11 Shower Gel 400 ml», 01 ədəd dəyəri 15 manat 80 qəpik olan «X12 Mist Coconut 100 ml bottle», 01 ədəd dəyəri 10 manat 80 qəpik olan «X9 300 ml», 01 ədəd dəyəri 10 manat 80 qəpik olan «Shampoo Anti-Dandruff Bootle 300 ml», 01 ədəd dəyəri 5 manat 80 qəpik olan «X13 30 ml Tube», 01 ədəd dəyəri 8 manat olan «Deodorant Douceur 48H» kosmetik ləvazimatlar və hər birinin dəyəri 50 manat olan 02 ədəd gödəkcəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 611 manat 20 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Yasamal rayonu 2-ci Alatava 95 G ünvanının qarşısında park edilmiş Zərərçəkmiş şəxs4 məxsus «BMW 525» markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini avtomobil şamı ilə sındırıraq avtomaşının salonunda saxlanc yerindən 630 manat nəğd pul və arxa oturacağın üstündən dəyəri 30 manat olan parça materialdan hazırlanmış gödəkcəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 cəmi 660 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə alüdəçisidir, iki ildir ki, narkotik vasitə olan heroini Bakı şəhərinin müxtəlif yerlərindən alaraq iynəyə çəkməklə damarına vurur. Heç bir yerdə işləmir, narkotik vasitə almaq üçün və gündəlik yeməyə olan təlabatını ödəmək üçün oğurluq edir. 2018-ci ildə oğurluq etdiyinə görə AR CM-nin 177.2.1-ci maddəsi ilə məhkum edilmişdir. 2019-cu ildə həbsdən azad edilmişdir. Həbsdən azad olunduqdan sonra heç bir yerdə iş tapa bilmədiyindən avtomaşın şüşələrini sındıraraq pul və qiymətli əşyalar oğurlayaraq satıb özünü dolandırmış və narkotik vasitə alaraq istifadə etmişdir. Bakı şəhərinin Yasamal rayonu ərazisində eyni üsulla yəni sveça ilə avtomobillərin şüşəsini qıraraq avtomaşınların salonundan oğurluq etmişdir. 02 yanvar 2021-ci il tarixə keçən gecə saat 06:00 radələrində ünvan 5 ünvanın həyətində dayanmış «HYUNDAİ ACCENT» markalı ** SH *** qeydiyyat nişanlı avtomobil diqqətini cəlb etmiş, həmin zaman o, ətrafa nəzər salaraq ətrafda heç kəsin olmamasını görüb, üzərində olan avtomobillərə məxsus «şamın» arxası ilə həmin avtomobilin qarşı sol yan şüşəsini (sürücü tərəfdə yerləşən şüşəni) vuraraq sındırmışdır. Bu vaxt o, avtomobilin sürücü tərəfdən qapısının «cibinə» qoyulmuş qara rəngli pul kisəsini görmüşdür. Həmin pul kisəsini götürüb oradan uzaqlaşmışdır. Avtomobilin salonundan digər hər-hansı bir əşya götürməmişdir. Bir qədər kənarda həmin pul kisəsinin içərisinə baxdıqda orada müxtəlif əskinaslardan ibarət 1.800 (min səkkiz yüz) Azərbaycan manatının olduğunu görüb, həmin pulu götürərək cibinə qoymuş, pul kisəsininin içərisində başqa heç nə olmadığı üçün kənara - xatırlamadığı yerə tullamışdır. Oğurladığı 1.800 manat pulu həmin gün və ondan sonrakı müddətdə Bakı və Sumqayıt şəhərlərində müxtəlif ərzaq məhsullarına, siqaret və spirtli içkilərə xərcləyərək bitirmişdir. Ona etmiş olduğu həmin cinayət əməli ilə bağlı heç kəs köməklik göstərməyib və ya sair şəkildə digər şəxsin bu barədə məlumatı olmamışdır. O, hadisə yerinə tək olaraq «20 YANVAR» dairəsindən piyada gəlmiş və eyni qaydada da oranı tərk etmişdir. Oğurluq nəticəsində əldə etdiyi pulu da tək olaraq qeyd etdiyi şəkildə xərcləmişdir. Bundan başqa 09 yanvar 2021-ci il tarixdə saat 02 radələrində ünvan 6 ünvanda dayanan avtomobillərin şüşələrindən salonlarına baxdığı zaman “Mercedes Benz 320” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda notbuk olmasını görmüş və həmin avtomaşından oğurluq etmək qərarına gəlmişdir. Əlində olan avtomobil şamı ilə avtomaşının sağ yan şüşəsini sındırıb arxa oturacaqda olan «Dell» markalı notbuku götürdükdən sonra alın şüşəsinə yapışdırılmış vəziyyətdə olan “iPhone 7” markalı mobil telefonu da götürüb hadisə yerindən uzaqlaşmışdır. Əldə etdiyi Dell markalı notbuku kirayə qaldığı evin sahibi Sevinc adlı qadına girov olaraq verib ondan 100 manat pul borca almış, lakin Sevincə olan borcunu qaytarmadığından notbuk həmin qadında qalmışdır. «İPhone 7» markalı telefonu isə tanımadığı şəxsə həmin gün saat 15 radələrində İnşaatçılar metrosunun üzərində 200 manata satmışdır. Bundan başqa 19 yanvar 2020-ci il tarixdə gecə saat 04 radələrində ünvan 3 ünvanının qarşısından tək keçərkən Vaz 21014 markalı 45BM-047 dövlət qeydiyyat nişanlı avtomaşının tam nəzarətsiz vəziyyətdə olmasnı görüb həmin maşına yaxınlaşaraq özü ilə gətirdiyi «sveça» ilə maşının arxa sağ balaca şüşəsini sındırmış və şüşə qırıntılarını təmizlədikdən sonra qapını açaraq maşının salonuna daxil olmuşdur. Avtomaşının salonunda olan saxlanc yerlərinə baxarkən maşında olan 400 manat pulu və hədiyyə sellofanın içərsində olan kosmetik əşya və geyim əşyalarını da götürmüşdür. Sonra isə həmin ərazidən uzaqlaşmışdır. Əldə etdiyi pulu narkotik vasitələrin alınmasına xərcləmiş, sellofanda olan kosmetik əşyaları, geyim əşyalarını isə bir neçə məhəllə getdikdən sonra zibil qabına atmışdır. Bundan başqa 25 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Yasamal rayonu 2-ci Alatava ərazisinə gələrək eyni qayda ilə avtomobillərin salonuna baxmış, BMW 525 markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda gödəkçə olduğunu görüb oğurlamaq qərarına gəlmiş və həmin gödəkçəni götürmək üçün avtomaşının sağ yan şüşəsini sındırmışdır. Salonda olan gödəkcəni götürüb saxlanc yerinə baxmış və orada olan 630 manat pulu götürüb hadisə yerindən uzaqlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, həmin cinayətləri tək törətmiş və oğurladığı pulların hamısını şəxsi ehtiyacları üçün xərcləmişdir. Gödəkcəni isə tanımadığı şəxsə sataraq əldə etdiyi pula narkotik vasitə alaraq istifadə etmişdir.Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 11, mənzil 108-də yaşayır, mülkiyyətində olan “Mercedes Benz 320” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobili hər gün yaşadığı evin qarşısında saxlayır. 08 yanvar 2021-ci il tarixdə saat 20 radələrində işdən gəldikdən sonra avtomobili yaşadığı binanın həyətində saxlayaraq evə qalxmışdır. 09 yanvar 2021-ci il tarixdə saat 15 radələrində avtomobilə yaxınlaşan zaman görmüşdür ki, avtomobilin sağ yan şüşəsi naməlum şəxs tərəfindən sındırılmış və salonda arxa oturacağa qoyduğu 02 il bundan qabaq 1200 manata aldığı Dell markalı nootbuku və 04 il bundan qabaq 1000 manata aldığı içərisində nömrə olmayan, kaburasız iPhone 7 markalı telefonu oğurlanmışdır. Baş vermiş hadisə barədə dərhal DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı ona 2200 manat maddi ziyan dəymişdir. Oğurlanmış həmin notbuk və telefon onun şəxsi əmlakıdır yəni öz pulu ilə almışdır. Oğurluq hadisəsi ilə əlaqədar şübhələndiyi yaşadığı ərazidə ədavət və düşmənçiliyi olan heç kəs yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 02 yanvar 2021-ci il tarixə keçən gecə saat 00:50 radələrində o, etibarnamə əsasında idarə etdiyi «Hyundai Accent» markalı **-SH-*** qeydiyyat nişanlı avtomaşını ilə işdən çıxıb yaşadığı evə gəlmişdir. Bu zaman həyətdə avtomobil saxlamaq üçün yer olmadığından o, avtomobilini yaşadığı binanın həyətində deyil, əks tərəfdə yerləşən binanın arxa tərəfində saxlamışdır. Həmin vaxt o, üzərində olan 1.800 manat müxtəlif nominallı Azərbaycan manatı pulunu özünə məxsus olan 50 manat dəyərində qara rəngli, markası olmayan pul kisəsinin içərisinə yerləşdirib, sürücü tərəfdən qapının cibinə qoymuşdur. Sonra o, yaşadığı evə qalxmışdır. 02 yanvar 2021-ci il tarixdə saat 10 radələrində o, evdən çıxıb avtomobilə yaxınlaşdıqda avtomobilinin qabaq sol yan şüşəsinin sınmış vəziyyətdə olduğunu görmüş və həmin anda avtomobilindən oğurluq olduğunu başa düşmüşdür. Pul kisəsini qoyduğu yerə nəzər saldıqda həmin pul kisəsinin içərisində olan pullarla birlikdə yerində olmadığını aşkar etmişdir. Sonra o, bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş və o baş verənlərlə bağlı Yasamal RPİ-nin 28-ci PB-ya ərizə və izahat vermişdir. Hadisə vaxtı avtomobilindən digər hər-hansı bir əşya oğurlanmamışdır. Əlavə olaraq bildirmişdir ki, baş vermiş cinayət hadisəsi ilə bağlı mən heç kəsdən şübhələnmir,həmçinin bildirmişdir ki, oğurlanmış 1.800 manat pul onun özünə deyil, işlədiyi şirkətə məxsus olsa da o, həmin şirkətə məxsus olan pulu öz vəsaiti hesabına qaytarmışdır. Avtomobilinin şüşəsinin sınması nəticəsində ona 20 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 18 yanvar 2021-ci il tarixdə saat 23:00-da yaşadığı evə gəlib idarə etdiyi avtomobili yaşadığı evin qarşısında saxlayaraq evə getmişdir. 19 yanvar 2021-ci il tarixdə saat 10:00-da işə getmək məqsədi ilə yaşadığı evdən çıxaraq özünə məxsus «Vaz 21014» markalı 45BM047 dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşarkən görmüşdür ki, maşının sağ arxa şüşəsi sındırılmış və arxa qapısı açıq vəziyyətdədir. Avtomobilinin salonuna baxdığı zaman saxlanc yerində olan 400 manat nəqd pul və cəmi 200 manat dəyərində kosmetik ləvazimatlar, bir ədəd uzunqol, bir ədəd qısaqol gödəkcəsinin oğurlanmasını aşkar etmiş, əvvəlcə 102 xidmətinə məlumat vermiş və Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət etmişdir, ilkin ərizəsində səhvən 200 manat pulunun oğurlanmasını bildirsə də, sonradan hesabat aparmış və avtomaşınında olan pul vəsaitinin 200 deyil 400 manat olmasını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Belə ki, ona məxsus hədiyyə sellofan torbada 100 manat dəyərində kosmetik ləvazimatlar və Çin istehsalı olan «Zilli» markalı hər birinin dəyəri 50 manat olan 2 ədəd gödəkcəsi və 400 manat nəqd pulu oğurlanmışdır. Əlavə olaraq bildirmişdir ki, avtomaşınından 103 manat 26 qəpik dəyərində 01 ədəd dəyəri 13 manat 80 qəpik manat olan «Gelnettoyant fracheur flacon 390 ml», 01 ədəd dəyəri 26 manat 60 qəpik olan « 48 H NON- STOP hydrating X14 50 ml», 01 ədəd dəyəri 11 manat 80 qəpik olan « X10 Bourbon Vanilla FL390 ml», 01 ədəd dəyəri 7 manat 80 qəpik olan «X7 X11 Shower Gel 400 ml», 01 ədəd dəyəri 15 manat 80 qəpik olan «X12 Mist Coconut 100 ml bottle», 01 ədəd dəyəri 10 manat 80 qəpik olan «X9 300 ml», 01 ədəd dəyəri 10 manat 80 qəpik olan «Shampoo Anti- Dandruff Bootle 300 ml», 01 ədəd dəyəri 5 manat 80 qəpik olan «X13 30 ml Tube», 01 ədəd dəyəri 8 manat olan «Deodorant Douceur 48H» markalı kosmetik vasitələr oğurlanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Yasamal rayonu 2-ci Alatava ev 95G-də yaşayır, mülkiyyətində olan “BMW 525” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobili hərgün yaşadığı evin qarşısında saxlayır. 25 yanvar 2021-ci il tarixdə saat 12 radələrində məhləyə gəldikdən sonra avtomobili yaşadığı binanın həyətində saxlayaraq evə qalxmışdır. Həmin gün saat 21 radələrində evdən çıxıb gedən zaman avtomobilə yaxınlaşanda görmüşdür ki, avtomobilin sağ yan şüşəsi naməlum şəxs tərəfindən sındırılmış və salonda arxa oturacağa qoyduğu hazırda 30 manat dəyərində qara rəngli parça materialdan olan gödəkçəsi və avtomobilin saxlanc yerinə qoyduğu 630 manat pulu naməlum şəxs tərəfindən oğurlanmışdır. Baş vermiş hadisə barədə dərhal DİN-in 102 zəng xidmətinə məlumat vermişdir.Əlavə olaraq bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi ona 660 manat maddi ziyan dəymişdir. Oğurlanmış həmin gödəkçə və pul onun şəxsi əmlakıdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən keçən ilin oktyabr ayının əvvəllərində yaşadığı ünvana bir nəfər cavan oğlan gələrək kirayə qalmaq üçün ev istəmişdir. O da həyətində olan evin 1 otağını kirayə qalması üçün ona vermişdir. Otağı kirayə verdikdən sonra həmin şəxsin «Malış» təxəllüsü ilə çağırıldığını və adının Qabil olmasını bilmişdir. Kirayədə yaşadığı vaxtdan həmin şəxslə aralarında heç bir münasibət olmamışdır. Sonuncu dəfə o, bu ilin yanvar ayının ortalarında ona yaxınlaşaraq ondan borca 100 manat pul istəmiş və pulun əvəzində girov olaraq əlində saxladığı «Dell» markalı notbuku verərək bildirmişdir ki, anasına baş çəkib gəldikdən sonra ona 100 manatını qaytararaq həmin notbuku geri alacaqdır. Lakin Qabil verdiyi vədə əməl etməmiş və geri qayıdaraq ondan aldığı 100 manat pulu qaytarmamış və həmin notbuk bu səbəbdən bu vaxtadək onda qalmışdır. O, həmin notbukun Qabilə məxsus olmadığını, notbukun oğurluq yolu ilə əldə edilməsini bilməmiş, bu barədə Qabil ona heç bir məlumat verməmişdir. O, həmin notbuku almamış yalnız 100 manat pul borcunun qaytarılması üçün girov olaraq qəbul etmişdir. Həmin əşyadan başqa Qabil tərəfindən ona heç bir əşya verilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Səbail Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 04 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 06.10.2020-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün, qeydiyyatdan çıxarılmışdır. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Lakin CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar hesidivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan əlavə iş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərin ziyanları tam ödənilməmişdir. İş materiallarında olan 21.04.2021-ci il tarixli teleqrammaya əsasən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, şikayətçidir, Təqsirləndirilən şəxs tərəfindən ona 2000 manat məbləğində dəyən ziyan hələ də ödənilməyib. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə 03.02.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01.02.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd “Dell” markalı notbuk zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 175 manat (yüz yetmiş beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Maddi sübut kimi tanınmış 01 ədəd “Dell” markalı notbuk zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X1 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar