Məhkəmə qərarları › İş №1(004)-199/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-199/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-199/2025 23.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi, Badam Bağlarında nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə, saat 15 radələrində idarə etdiyi “Tufan” markalı, “M-50” modelli, mühərrik həcmi 49 kubsantimetr olan nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi ilə üzü Sübhi Salayev küçəsi istiqamətində saatda 30 kilometr sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qanunun həmin maddəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yolu soldan sağa düzünə adi yerişlə keçən piyada X4 nəqliyyat vasitəsinin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq, nəticədə X11 açıq kəllə beyin travması, baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, hər iki göz yuvasının, sol qasıq nahiyəsinin və sağ budun qançırları, sağ bazunun, qarının, sağ bud-çanaq oynaq nahiyəsinin və hər iki budun sıyrıqları, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid ölümlə səbəbli əlaqəsi olan xəsarətlər almasına və hadisə yerində ölməsinə səbəb olan nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 267.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, keçən il Türkiyənin Tokat şəhərində yerləşən X21 Universitetinin Dövlət İdarəetmə fakültəsinə daxil olaraq orada əyani təhsil almağa başlamışdır. Bakı şəhərinə yay tətili ilə əlaqədar 2024-cü ilin aprel ayında gəlmişdir. Təxminən 1 aydır ki, “Şaurma nömrə 1” in İnşaatçılar filialında barista (kofedüzəldən) işləyirmiş. xx.xx.2023-cü il tarixdə dostu və Türkiyədə tələbə yoldaşı olan Əliağa Orucov ilə birlikdə 1800 manat müqabilində moped almışlar. Arada o da həmin mopedi sürsə də, əsasən Əliağa sürmüşdür. 2023-cü ilin avqust ayında hər ikisi təhsil üçün Türkiyəyə getdikləri üçün mopedi sürən olmamışdır. Mopedin pulunu Əliağa vermişdir. Təxminən iki ay əvvəl o, Azərbaycana gəlsə də, Əliağa gəlməmiş və o, Əliağadan mopedi alıb kuryer işləməyi təklif etmişdir. Əliağadan mopedi 1300 manata almağa razılaşmışdır. Əliağanın anasına pulu vermiş və mopedi götürüb bir neçə dönərxana üçün kuryerlik edib pul qazanmağa başlamışdır. İki həftə kuryer işlədikdən sonra, hazırki iş yerinə işə düzəlmişdir. xx.xx.2024-cü il tarixdə dostu Şahid də “Şaurma nömrə 1” şəbəkəsinə işə düzəlməsi üçün Xətai filialına getmiş, oradan da Nizami filialına getmişlər ki, o, barmaq izini bassın ki, işə gəlmişdir. Həmin vaxt dostu Şahid də mopeddə onun arxasında oturmuşdur. Saat 15:20 radələrində Nizami metrostansiyası yaxınlığında Cəfər Cabbarlı küçəsi ilə beşmərtəbə istiqamətində hərəkətdə olan zaman Sübhü Salayev küçəsi ilə kəsişməyə çatanda solda hərəkət edən avtomobilin dayandığını görüb o da əl əyləcini yumşaq basmış və anidən soldakı avtomobilin qabağından asta yerişlə bir qadın qarşılarına çıxmış və o mopedin qarşı tərəfi ilə həmin qadını vurmuşdur. Qadın yerə yıxılmış, o və Əli də mopeddən yerə yıxılmışlar. Həmin vaxt Əlinin başında qoruyucu geyim olsa da, onda geyim olmamışdır. Hadisə nəticəsində o, başının sol tərəfindən, sol qolunun müxtəlif yerlərindən xəsarət almışdır. Həmin vaxt öz mobil nömrəsindən təcili tibbi yardım xidmətinə zəng edib məlumat vermişdir. Vurduğu qadına yaxınlaşıb yerdə tərpəndiyini görmüşdür. Təcili tibbi yardım gəlməyə bir-iki dəqiqə qalmış isə artıq tərpənməmiş və öldüyünü başa düşmüşdür. Həmin qadının kim olduğunu bilməmişdir. Yekun olaraq o, əməlindən peşman olduğunu, ilk dəfə ehtiyatsızlıqdan cinayət hadisəsi törətdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, bacısı X15 ərindən təxminən 15 il əvvəl ayrılmışdır. Onun bir oğlu Tofiq olmuşdur. Rəna özü son illərdə ünvan 3 ünvanında oğlu ilə birlikdə yaşamışdır. Sonuncu dəfə Rənanı 2024-cü ilin may ayının sonlarında görmüşdür. xx.xx.2024-cü il tarixdə Rənanın oğlu Tofiq ona zəng edib anasının evə gəlmədiyini demişdir. O, bu barədə 22-ci polis bölməsinə müraciət etmiş, daha sonra Rənanın yaşadığı evin qapısını sındırmış, onun evdə olmadığını görmüşlər. Hadisədən 4 gün sonra 22-ci polis bölməsində ona Rəna Yaradan- Quliyevanın xx.xx.2024-cü il tarixdə mopedin vurması nəticəsində hadisə yerində öldüyünü və meyitinin meyitxanada saxlanıldığını demişlər. Onlar Rənanı meyitxanadan götürüb dəfn etmişlər. Son olaraq təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Faiqin moped alaraq kuryerlik etdiyini və 5-10 manat qazanc əldə etdiyini bilmişdir. Faiq “Şaurma nömrə 1” in İnşaatçılar filialında kofe düzəldən işləməyə başlamışdır. Faiq ona işə düzəlmək üçün kömək təklif etmişdir. Buna görə xx.xx.2024-cü il tarixdə dostu Faiq ilə birlikdə onun idarə etdiyi mopedlə “Şaurma nömrə 1” şəbəkəsinə işə düzəlməyi üçün üçün Xətai filialına getmiş, orada sağlamlıq haqqında arayış üçün lazım olan işləri görmək məqsədi ilə onlara göstəriş vermişlər. Onlar oradan çıxıb Nizami filialına Faiqin barmaq izini basıb işə gəlməsini bildirmək üçün getmişlər. Həmin vaxt o mopeddə arxada oturmuşdur. Saat 15 radələrində Nizami metrostansiyasının yaxınlığında Cəfər Cabbarlı küçəsi ilə Beşmərtəbə istiqamətində hərəkətdə olan zaman Sübhi Salayev küçəsi ilə kəsişməyə çatdıqda solda hərəkət edən avtomobilin dayandığını görüb Faiq əl əyləcini yumşaq basmış və anidən soldakı avtomobilin qabağından asta yerişlə bir qadın qarşılarına çıxmış, mopedin qarşı tərəfi ilə həmin qadını vurmuşlar. Qadın yerə yıxılmış, o və Faiq də mopeddən yerə yıxılmışlar. Həmin vaxt onun başında qoruyucu geyim olsa da, Faiqdə olmamışdır. Hadisə nəticəsində o, sol qolunun dirsəyindən və sağ qolunun dirsəyindən xəsarət almışdır. Faiqin vurduğu qadına yaxınlaşıb onun yerdə tərpəndiyini görmüşlər. Təcili tibbi yardımın gəlməyinə 1-2 dəqiqə qalmış qadın tərpənməmiş, onun öldüyünü bilmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi ilə Fuad İbrahimbəyov küçəsinin kəsişməsində yolun hərəkət hissəsində qeydə alınmışdır. Hadisə yeri asfalt örtüklüdür, düzdür, yolun sağ və sol kənarlarında beton piltə-bardür yerləşir. Hadisə yeri yaşayış zonasına daxildir. Nəqliyyat vasitələrinin sürət həddi 60 km/saat müəyyənləşdirilib. Hava şəraiti açıq aydındır, yol örtüyü qurudur, yolun üzərində heç bir əyləc-sürtünmə izləri yoxdur. Sürücülər üçün görünüş məsafəsi 100 metrdən artıqdır. Yolun hərəkət hissəsinin enliyi 12 metr olmaqla bir istiqamətlidir, 4 zolaqlıdır, piyada qadının vurulduğu yer hərəkət yolunun 10,5 metrliyində qeydə alındı, sürücü həmin yerdə yolu sakit addımlarla keçən yaşlı qadını mopedi qabaq hissəsi ilə vurduğunu bildirdi. Piyada qadın yolun solundan sağına keçərkən hadisənin baş verdiyini bildirdi. Piyada qadının vurulduğu yerdən təxminən 8,0 metr aralıda yəni qarşı hərəkət zolağının ortasında üzü qoylu vəziyyətdə, hərəkətsiz halda aşkar olundu. Ətrafı qan ləkləri idi. Moped qadından 3,0 metr aralıda yıxılmış vəziyyətdə idi (i.v. 5-12); 05 iyun 2024-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış” protokolundan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Tufan” markalı, mopedin ox və təkərlərinin sayı 02, şinlərin vəziyyəti normal, yük yoxdur, sayqac işlək vəziyyətdədir, sürət ötürməsi normal, sükan mexanizmi normal, işlək vəziyyətdə, əyləc sistemi normal, işlək vəziyyətdə, işıq sistemi mopedin qabaq işığının şüşəsi sınıq vəziyyətdə, təkərlərin havası normal, başqa aqreqatlar normaldır, hadisədən sonra avtomaşın Yasamal RPİ-nin avtodayanacağında saxlanılır (i.v. 13-21); 05 iyun 2024-cü il tarixli, 2/30363 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur (i.v. 23); 05 iyun 2024-cü il tarixli, 2/30358 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə günü Şahid ayıq vəziyyətdə olmuşdur (i.v. 24); “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış X5 yaxın qohumu qardaşı X6 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (i.v. 54); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli, 3-13-11/2-7410/2024 nömrəli məktubdan görünür ki, Yasamal RPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-53/2-38419/2024 nömrəli məktub vasitəsi ilə, xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 38 saylı binanın qarşısında yol nəqliyyat hadisəsi nəticəsində 65-70 yaşlarında olan naməlum qadın meyiti faktı ilə əlaqədar çıxarılmış əl-barmaq əksləri (daktiloskopik xəritə) xx.xx.2024-cü il tarixdə DİN KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl əkslərini DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində (İAMAS məlumat bankında olan) naməlum qadın meyitinin xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş X2 olması müəyyən edilmişdir (i.v. 63-64); Məhkəmə-Tibb Ekspertiza və X7 X19 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 06 iyun 2024-cü il tarixli, 77 nömrəli rəyindən görünür ki, Vət X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: Açıq kəllə beyin travması, baş beyin toxumasına, yumşaq beyin qİşası altına və yan mədəciklərə qansızmalar, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, hər iki göz yuvasının sol qasıq nahiyəsinin və sağ budun qançırları, sağ bazunun, qarının, sağ bud-çanaq oynağı nahiyəsinin və hər iki budun sıyrıqları. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X1 ölümünə səbəb - almış olduğu açıq kəllə beyin travması nəticəsində sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı ilə müşayiət olunan baş beyin toxumasına, yumşaq beyin qışası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Vət. X3 meyidindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik aşkar edilməmişdir (i.v. 76-79); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 01 noyabr 2024-cü il tarixli, 8/2271 nömrəli rəyindən görünür ki, mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur (i.v. 82-85); Məhkəmə-Tibb Ekspertiza və X7 X19 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 11 iyun 2024-cü il tarixli, 627 nömrəli rəyindən görünür ki, Vət Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol göz yuvası nahiyəsinin qançırı, sol bazunun, hər iki saidin, sol əlin arxa səthinin və həmin əlin 2-3 barmaqlarının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 05.06 2024-cü il tarixdə əmələ gələ bilərdilər. Vət Təqsirləndirilən şəxs adına “X18” X19ndə tərtib olunmuş tibbi yardım haqqında arayış təqdim edildikdən sonra onun almış olduğu xəsarətlərin dərəcəsi müəyyən ediləcəkdir (i.v. 93-94); Məhkəmə-Tibb Ekspertiza və X7 X19 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 11 iyun 2024-cü il tarixli, 626 nömrəli rəyindən görünür ki, Vət Şahid bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol saidin, sağ dirsək oynağının, qarının və sol diz oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Vət Şahid adına “X18” X19ndə tərtib olunmuş tibbi yardım haqqında arayış təqdim edildikdən sonra onun almış olduğu xəsarətlərin dərəcəsi müəyyən ediləcəkdir (i.v. 95-96); Məhkəmə-Tibb Ekspertiza və X7 X19 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 30 yanvar 2025-ci il tarixli, 02/626 nömrəli rəyindən görünür ki, Vət Şahid bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol saidin, sağ dirsək oynağının, qarının sıyrıqları, sol diz oynağının bağlarının gərilməsi və sıyrığı, sol dirsək oynağının bağlarının gərilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər (i.v. 124-126); “sübutların qiymətləndirilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsində olmuş Şahid yüngül dərəcəli bədən xəsarətləri almasında Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından həmin hissədə cinayət təqibinin başlanmasının rədd edilməsi, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamanı təhlükəsizlik kameraları tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış video görüntülərin köçürlüdüyü 1 ədəd diskin maddi sübut qismində tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan həmin hissədə material ayrılaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamanı özünün xəsarət almasında Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından həmin hissədə cinayət təqibinin başlanmasının rədd edilməsi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri və eləcə də digər iş materiallarının ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 129-134). Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsinə əsasən sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır; 267.2-ci maddəsinə əsasən bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzasının məntəqə tipli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 267.2ci maddəsinin əlamətləri olduğundan, göstərilən maddə ilə fakta görə ********* nömrəli cinayət işi başlanmış və həmin cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (i.v. 1); “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs barəsində mötəbər sübutlar müəyyən edilənədək dayandırılmışdır (i.v. 74); “Cinayət işinin icraata qəbul edilməsi və icraatın təzələnməsi haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 267.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (i.v. 86); “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təqsirləndirilən şəxs barəsində mötəbər sübutlar müəyyən edilənədək dayandırılmışdır (i.v. 88); “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 267.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v. 90); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və oan həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 105); “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 121-122); AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 128). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), yetkinlik yaşına çatmadığı dövrdə cinayət törətdiyini (AR CM 59.1.2), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 267.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu və ağırlaşdıran halların müəyyən edilmədiyini, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə hesaba keçirilsin. Maddi sübut - 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar