Məhkəmə qərarları › İş №1(004)-200/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-200/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-200/2021 27.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, X1, X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu Firdovsi küçəsi ev 9-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 fevral 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 9, mənzil 27 saylı ünvanında hadisənin mahiyyətini anlamaq qabiliyyətinə malik olmayan 2010-cu il təvəllüdlü Şahid1 qapını açmasından istifadə edib mənzilə qanunsuz daxil olaraq mənzilin giriş hissəsində olan dolabın üzərindən 260 manat pulu, 210 avro və 150 ABŞ dollarını həmin vaxtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə ümumilikdə 944 manat 74 qəpik pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, vaxtaşırı müxtəlif narkotik vasitələrdən istifadə edir. O işləmədiyi və heç bir yerdən gəliri olmadığı üçün müxtəlif banklardan kredit götürmüşdür. Həmin kreditləri ödəmək üçün pul əldə etmək məqsədi ilə 08.02.2021-ci il tarixdə saat təxminən 17-18 radələrində yaşadığı mənzildən çıxıb, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 9 saylı binanın qarşısına gəlmişdir. Fikirləşmişdir ki, mənzillərin qapısını döyərək həmin binanın sakinlərindən müəyyən məbləğdə pul yığa bilər. İlkin olaraq o həmin binanın 2-ci blokuna daxil olub liftlə 8-ci mərtəbəyə qalxmışdır. Həmin mərtəbədə olan iki mənzilin qapısını döysə də qapını açan olmamışdır. Bundan sonra o pilləkənlərlə aşağı mərtəbəyə doğru hərəkət etmiş və bir mərtəbə aşağıda, liftdən çıxan kimi sol tərəfdə yerləşən qapını döymüşdür. Həmin mənzilin qapısını təxminən 10 yaşlı bir qız açmışdır. O həmin qıza adının Əli olduğunu bildirib, atası və anasının evdə olub olmadığını soruşmuşdur. Onun bu sualına cavab olaraq qız valideynlərinin evdə olmadığını bildirmişdir. Bunu eşitdikdən sonra o həmin mənzildən oğurluq etmək qərarına gəlmiş və bu məqsədə mənzilə daxil olmaq üçün qapını açan qızdan icazə istəmişdir. Həmin qız onu mənzilə dəvət etmişdir. Bundan sonra o həmin mənzilə daxil olub, daha sonra isə mənzilin giriş qapısının solunda yerləşən yataq otağına keçərək, orada olan stolun üzərinə və çantanın içərisinə baxmışdır. Lakin yataq otağında pul tapa bilmədiyi üçün oradan çıxaraq yenidən dəhlizə qayıdıb mənzilin çıxış qapısının yanında olan dolaba baxan zaman, dolabın yuxarı hissəsində yerləşən rəfdə şüşə balonun içərisində qəpiklərin olduğunu görmüşdür. Həmin qəpikləri götürmək üçün evdəki qız uşağından mətbəxdən bir stul gətirməsini xahiş etmişdir. Uşaq stulun arxasınca gedən zaman o, ayağını dolabın rəfinə qoyub yuxarı qalxaraq orada olan bankanı götürmək istəyən zaman orada müxtəlif valyutalardan ibarət olan topa kağız pulu görüb onları götürmüş və qəpiklərə əl vurmamışdır. Qız mətbəxdən stulu gətirən zaman o, artıq pulu götürüb gödəkcənin sol cibinə qoymuşdur. Bundan sonra o sağollaşıb oradan uzaqlaşaraq yaşadığı mənzilə gəlmişdir. Evdə olan zaman götürdüyü pullara baxmış və 210 avro, 150 ABŞ dolları və 260 manat pul olduğunu görmüşdür. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərərin ödənildiyini, cavan olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 08 fevral 2021-ci il tarixdə səhər saatlarında işləri ilə əlaqədar yaşadığı evdən çıxmışdır. Həmin vaxt evdə həyat yoldaşı Gülarə qızları Cavahir, Xədicə və Nərgiz olmuşlar. Saat 17 radələrində həyat yoldaşı Gülarə böyük qızı Cavahirlə birlikdə xəstəxanaya getmiş və evdə digər qızları Xədicə və Nərgiz qalmışlar. Həmin gün axşam saatlarında evə gəldikdə evdə ona ailə üzvləri bildirmişlər ki, bir nəfər cavan oğlan mənzilin qapısını döymüş və evdə olan qızı Xədicədən pul istəmiş, daha sonra isə mənzilə daxil olub azyaşlı uşaqlarının evdə tək olmasından istifadə edərək dolabın üsütndə olan 210 Avro, 150 ABŞ dolları və 260 manat pulu oğurlayıb evi tərk etmişdir. Bunu eşitdikdən sonra o, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan polis idarəsində ona məlum olmuşdur ki, mənzilindən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Nəriman qızı ifadəsində göstərdi ki, 08 fevral 2021-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Zərərçəkmiş şəxs işləri ilə əlaqədar evdən çıxıb getmişdir. Evdə o, qızları Cavahir, Xədicə və Nərgiz qalmışlar. Həmin gün saat 17 radələrində o böyük qızı Cavahirlə birlikdə xəstəxanaya getmiş və evdə digər qızları Xədicə və Nərgiz qalmışlar. Təxminən saat 19 radələrində o evə qayıdan zaman qızı Xədicə ona bildirmişdir ki, bir nəfər özünü Əli kimi təqdim edən cavan oğlan mənzilin qapısını döyərək ondan pul istəmiş, daha sonra isə mənzilə daxil olub dolabın üstündən nəsə götürmüşdür. Bundan sonra o evin dəhlizində olan dolabın yuxarı hissəsinə baxdıqda, orada olan 210 Avro, 150 ABŞ dolları və 260 manat pulun yerində olmadığını görmüşdür. Bundan sonra o onların evindən olan oğurluq hadisəsi barədə həyat yoldaşı Zərərçəkmiş şəxs məlumat verdmişdir. Sonradan ona məlum olmuşdur ki, mənzilindən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 08 fevral 2021-ci il tarixdə saat 17 radələrində anası Gülarə böyük bacısı Cavahirlə birlikdə həkimə getmək üçün evdən çıxmışlar. O, və balaca bacısı Nərqiz evdə qalmışlar. Onlar evdə olduqları zaman mənzilin qapısı döyülmüş və o, anasının gəldiyini zənn edib qapını açmışdır. Qapını açan zaman mənzilin giriş qapısında bir oğlanın olduğunu görmüş və həmin oğlan ondan pul istəmiş, daha sonra isə evdə kimlərin olduğunu soruşmuşdur. Həmin oğlanın sualına cavab olaraq o valideynlərinin olmadıqlarını, balaca bacısı ilə birlikdə evdə olduqlarını bildirmişdir. Bundan sonra həmin oğlan adının Əli olduğunu demiş və mənzilə daxil olmuşdur. Həmin oğlan mənzilə daxil olandan sonra əvvəl yataq otağına girmiş daha sonra isə dəhlizə qayıdaraq ondan stul gətirməyini xahiş etmişdir. O, mətbəxə keçib oradan stul götürüb gələn zaman həmin oğlanın mənzilin giriş qapısının yanında olan şkafın qarşısında olduğunu görmüşdür. Bundan sonra həmin oğlan ona sağ ol deyib mənzildən çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 9, mənzil 27-də baş vermiş oğurluq hadisəsi ilə bağlı göstərilən ünvana baxış keçirilmiş. Həmin 9 mərtəbəli binanın, ikinci blokunun, 7-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə daxil olmuşlar. Həmin mənzilin girişinin solunda yerləşən dolabın yuxarıdan birinci rəfində olan pullar oğurlanmışdır. Oğurluq edən şəxs girişin solunda yerləşən yataq otağına daxil olaraq otaqda yerləşən masaya və stolun üzərində yerləşən çantaya baxış keçirmişdir.“(i.v. 11-14) “Maddi sübutun təqdim olunması haqqında” 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 210 (iki yüz on) Avro, 150 (bir yüz əlli) ABŞ dolları və 232 (iki yüz otuz iki) manat məbləğində pul vəsaitini təqdim edərək, həmin məbləğdə pul vəsaitlərini 08 fevral 2021-ci il tarixində saat təxminən 18:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 9, mənzil 27 ünvanının giriş hissəsindəki dolabın içərisindən gizli olaraq talama niyyəti ilə oğurladığını bildirmişdir. (i.v. 21) Azərbaycan respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin 09 fevral 2021-ci il tarixli 333 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda MOP, OPİ (+) müsbət aşkar olunmuşdur. (i.v. 24) AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Şahid1 xx.xx.2010-cu il təvəllüdlüdür. (i.v. 43) İfadənin yerində yoxlanılması haqqında 10 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirdi ki, banklara borcu olduğu üçün 08.02.2021-ci il tarixdə saat təxminən 17-18 radələrində yaşadığı mənzildən çıxıb, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 9 saylı binanın qarşısına gəlmişdir. Fikirləşmişdir ki, mənzillərin qapısını döyüb 10-15 manat pul yığıb oradan çıxıb getsin. Buna görədə həmin binanın 2-ci blokunun giriş qapısınmın kodla olan qapısını düymələri basaraq təsadüfdən açmış və bloka daxil olub liftlə 8-ci mərtəbəyə qalxmışdır. Hənin mərtəbədə olan iki mənzilin qapısını döysə də qapını açan olmamışdır. Buna görədə pilləkanlarla aşağı mərtəbəyə doğru hərəkət etmiş və bir mərtəbə şağıda, liftdən çıxan kimi sol tərəfdə yerləşən qapını döymüşdür. Həmin mənzilin qapısı açılmış və qapını təxminən 10 yaşlı bir qızın açdığını görmüşdür. Həmin vaxt qıza bildirmişdir ki, adı Əlidir. Daha sonra atası və anasının evdə olub, olmadığını soruşmuş və qız valideyinlərinin evdə olmadığını bildirmişdir. Bu zaman həmin mənzildən oğurluq etmək qərarına gəlmiş və qızdan mənzilə daxil olmağına icazə istəmişdir. Həmin qız onu mənzilə dəvət etmişdir. O, mənzilə daxil olmuş və bu zaman digər otaqda çizgi fıliminə baxan təxminən 3 yaşlı bir qız uşağmında olduğunu görmüşdür. Bundan sonra pul axtarmağa başlamış və mənzilin giriş qapısının solunda yerləşən yataq otağına daxil olub, oradakı stolun üzərinə və çantanın içərisinə baxmışdır. Lakin pul tapa bilmədiyi üçün qərara gəlmişdir ki, çıxıb getsin. Buna görədə yenidən çıxışa tərəf hərəkət etmiş və çıxışda yerləşən qapısı açıq olan dolaba baxan zaman, dolabın yuxarı hissəsində yerləşən rəfdə şüşə balonun içərisində qəpiklərin olduğunu görmüşdür. Həmin qəpikləri götürmək üçün evdəki qız uşağına bildirmişdir ki, ona mətbəxdən bir stul gətirsin. Qız stulun arxasınca gedən zaman o, ayağını dolabın rəfinə qoyaraq yuxarı qalxmışdır. Bankanı götürmək istəyən zaman yanında topa kağız pulu görüb pulları götürmüş və qəpiklərə əl dəyməmişdir. Qız mətbəxdən stulu gətirən zaman o, artıq pulu götürüb gödəkcənin sol cibinə qoymuşdur. Uşaqlarla sağollaşıb oradan uzaqlaşaraq yaçadığı mənzilə gəlmişdir. Evdə olan zaman götürdüyü pullara baxmış və 210 avro, 150 ABŞ dlları və 260 manat pul olduğunu görmüşdür. Həmin puldan 30 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. 09 fevral 2021-ci il tarixdə günorta saatlarında Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları onun evimə gəlmiş və o, polis əməkdaşlarına etdiyi oğurluğu etiraf etmişdir. (i.v. 80-81) “Maddi sübut kimi tanınma haqqında” 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvandan oğurlanmış 210 Avro, 150 ABŞ dolları və 260 manat puldan qalıq qalmış 230 manatı iş üzrə maddi sübut kimi tanınmış və həmin 210 Avro, 150 ABŞ dolları və 260 manat puldan qalıq qalmış 230 manat Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 115-116) Azərbaycan Respublikası Mərkəzi Bankının 08.02.2021-ci il tarixli çıxarışından görünür ki, 28.03.2021-ci il tarixdə 1 ABŞ dollarının 1 Azərbaycan manatına rəsmi məzənnəsi 1.7000 səviyyəsində, 1 Avronun 1 Azərbaycan manatına rəsmi məzənnəsi 2.0464 səviyyəsində müəyyən edilmişdir. (i.v. 120-121) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 13.02.2021-ci il tarixli 97 nömrəli rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. (i.v. 127-130) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.03.2021-ci il tarixli, 11/35 nömrəli komisyon məhkəmə-psixoloji ekspertizası rəyindən görünür ki, Şahid1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Şahid1 əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə baş vermiş hadisənin mahiyyətini anlamaq qabiliyyətinə malik olmamışdır. Şahid1 fədi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. (i.v. 130- 133) Sübutların qiymətləndirilməsi haqqında 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Statkeviç Oleq Serqeyeviçin ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1, Şahid2 Nəriman qızının ifadələri, məhkəmə-tibbi ekspertizasının 13 fevral 2021-ci il tarixli 97 №-li və məhkəmə-psixiatrik ekspertizasının 09 mart 2021-ci il tarixli 11/35 №-li rəyləri sübut kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 9, mənzil 27 saylı ünvandan oğurlanmış 210 avro, 150 ABŞ dolları və 260 manat puldan qalıq qalmış 230 manat iş üzrə maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 134-139) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarının 19-cu bəndinə görə yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxsna CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqında 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:05-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 67-68) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 fevral 2021-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 100-104) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 17.02.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 112) Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş zərərin tam ödənilməsini, onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, evdə azyaşlı uşağın tək olmasından istifadə edib yaşayış evinə daxıl olmasını onun şəxsiyyətinin mənfi xarakterizə edən hal kimi giymətləndirilməsini, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmənin əvvəli tutulduğu vaxtdan, yəni 09 fevral 2021-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 210 avro, 150 ABŞ dolları və 260 manat puldan qalıq qalmış 230 manat iş üzrə maddi sübut hesab edilməli və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş kompleks məhkəmə-psixoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan yəni, 09 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 210 avro, 150 ABŞ dolları və 260 manat puldan qalıq qalmış 230 manat iş üzrə maddi sübut hesab edilsin və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxsndan tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X4, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxsna göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ013501**********1944; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar