Məhkəmə qərarları › İş №1(004)-200/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-200/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-200/2022 11.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlandırılan ərazidə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,082 qram, 0, 034 qram, ümumi təmiz çəkiləri 0,561 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 22 yanvar 2022-ci il tarixdə saat 02:00 radələrində Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,082 qram, 0, 034 qram, ümumi təmiz çəkiləri 0,561 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, amma əvvəllər bərbər işi ilə məşğul olmuşdur. 2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1, 2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuş, cəzasını 11 saylı cəzaçəkmə müəssisəsində çəkmiş, cəzasının sonu ilə 2018-ci il tarixdə azadlığa buraxılmışdır. 3-4 aydır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O, 22 yanvar 2022-ci il tarixdə saat 00.30 radələrində özünə psixotrop maddə olan metamfetamin almaq məqsədilə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlandırılan əraziyə getmiş, orada yol kənarında üzdən tanıdığı, lakin adını bilmədiyi narkoman olan bir nəfər şəxsə yaxınlaşıb ona psixotrop maddə olan metamfetaminin olub-olmamasını soruşmuşdur. Həmin şəxsdə psixotrop maddə olan metamfetaminin olmasını öyrəndikdən sonra 30 manat pul verib şəxsi istifadəsi üçün üç ədəd, iki ədəd şəffaf və bir ədəd gümüşü rəngli siqaret kağızı bükümlərdə psixotrop maddə hesab olunan metamfetamini almış və bükümləri əynində olan cins şalvarın sağ yan cibinə qoyaraq oradan ayrılmışdır. Sonradan 22 yanvar 2022-ci il tarixdə saat 02 radələrində piyada və tək şəkildə Yasamal rayonu S.Dağlı küçəsi 35 saylı ünvanın qarşısından keçəndə ona 3 nəfər xidməti geyimdə olan polis əməkdaşları yaxınlaşdıqları zaman o, üzərində psixotrop maddə olan metamfetamin olduğundan özünü itirərək tutulacağı qorxusundan qaçmağa başlamışdır. O, təxminən 20-25 metr aralansada polis əməkdaşlarının onun arxasınca qaçması və ona çatmalarını görüb qaçışı dayandırmışdır. Polis əməkdaşları özlərini ona Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları olduqlarını bildirmiş və polisi görən kimi niyə qaçdığını və gecə vaxtı küçədə olma səbəbini ondan soruşmuşlar. O, üzərində psixotrop maddə olan metamfetamin olduğu üçün müxtəlif sözlər danışdığından dili topuq vurmağa başlamışdır. O, özünü şübhəli apardığı üçün polis əməkdaşlarına narkotik vasitə aludəçisi olduğunu demişdir. Sonra polis əməkdaşları ondan kim olduğunu soruşaraq şəxsiyyət vəsiqəsini göstərməyi istəmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və üzərində şəxsiyyət vəsiqəsinin olmadığını demişdir. Sonradan polis əməkdaşları onun şübhəli danışdığını və qeyri səmimilik nümayiş etdirməyini əsas gətirib, eləcə də üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün onu Yasamal RPİ-nin 26-cı PB-nə getməyi dəvət etmişlər. O, etiraz etmədən həmin polis əməkdaşları ilə birgə Yasamal RPİnin 26-cı PB-nə getmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquqlarının qorunması üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmişdir. Bir qədər sonra ona hüquqlarını müdafiə etməsi üçün vəkil təqdim etmişlər və təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılacağı bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməyi xahiş edilmişdir. O, da əynində olan cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf və bir ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində, cəmi 3 ədəd psixotrop maddə hesab olunan metamfetamini çıxararaq masanın üzərinə qoymuşdur. Həmin hərəkətlər mobil telefon vasitəsi ilə videokameraya çəkilirmiş. İçərisində metamfetamin olan təqdim etdiyi üç ədəd bükümlər ayrı-ayrılıqda hər biri təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və ondan bükümlərin içərisindəki maddənin nə olduğu soruşulmuşdur. O, da üzərindən aşkar edilən maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni 22.01.2022-ci il tarixdə Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəm üçün 30 manata aldığını etiraf etmişdir. Bundan başqa onun üzərindən heç bir dəyərli əşya və pul əskinası çıxmamışdır. Üzərindən aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən bağlanılaraq zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlə möhürlənmiş və həmin zərfə o, digər iştirakçılarla birlikdə imza etmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskində olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin PPXB-nün, polis serjantı Şahid1 ifadəsində bildirmişdir ki, o, 2020-ci il tarixdən Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 22 yanvar 2022-ci il tarixdə saat 02:00 radələrində o, iş yoldaşları Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə Yasamal rayonu ərazisində xidməti geyim formasında xidmət apardıqları zaman Yasamal rayonu S.Dağlı küçəsi 35 saylı ünvanın qarşısında əvvəllər tanımadıqları piyada və tək şəkildə addımlayan 30-35 yaşlı arıq bədən quruluşlu bir cavan oğlanın onları görən kimi tez-tez onlara baxması, eləcə də yolda gah irəli, gah da geri getməsi onlarda müəyyən şübhələr yaratmışdır. Bu baxımdan onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmək istədikdə həmin şəxs qaçmağa başlamışdır. Onlar həmin şəxsi təxminən 15-20 metr qabaqda saxlamış, özlərini təqdim edərək qaçmasının və gecə saatlarında küçədə olma səbəbini soruşmuşlar. Həmin şəxs onlara müxtəlif sözlər, eləcə də bəhanələr danışdığından dili topuq vurmağa başlamış və sonda narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. O, iş yoldaşları ilə birlikdə həmin şəxsdən şəxsiyyətini təqdim edən sənəd təqdim etməsini tələb etdikdə heç bir sənəd təqdim edə bilməmişdir. Bundan sonra onlar həmin şəxsi şübhəli danışdığı, qeyri səmimilik nümayiş etdirməsi və üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığı üçün avtopatrul avtomobili ilə inzibati ərazi üzrə Yasamal RPİ-nin 26-cı PB-nə gətirmişlər. PB-də olarkən həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, uzun müddət narkotikdən istifadə etdiyini bildirib hazırda da üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra o, iş yoldaşları ilə birlikdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması prosesinə cəlb edilmişlər. Sonradan 26-cı PB-nin təhqiqatçı Məhəmməd Cəfərov tərəfindən 22.01.2022-ci il tarixdə saat 03 radələrində onun və iş yoldaşları Şahid3 və Şahid2, eləcə də dəvət edilmiş müdafiəçinin iştirakı ilə PB-də xidməti otaqların birində aparılmış videoçəkilişlə şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlanmışdır. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində saxladığı 02 ədəd şəffaf və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxararaq könüllü olaraq təqdim etmişdir. Həmin hərəkətlər polis əməkdaşları tərəfindən mobil telefon vasitəsi ilə videokameraya çəkilirmiş. İçərisində metamfetamin olan və Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş üç ədəd büküm ayrı-ayrılıqda hər biri təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və sonuncudan həmin maddələrin nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi və üzərindən aşkar edilən maddənin “şüşə” kimi bilinən psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni 22.01.2022-ci il tarixdə Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxıldıqda sonuncudan heç bir dəyərli əşya və pul əskinası çıxmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd büküm bağlanılaraq zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlə möhürlənmiş, həmin zərfə o, digər iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamin olan zərfin ekspertizaya göndəriləcəyi və videoçəkilişin başa çatdığı bildirilərək şəxsi axtarış yekunlaşdırılmışdır. Daha sonra o, iş yoldaşları ilə birlikdə yenidən xidmət yerinə qayıdaraq xidmətə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin PPXBnün, polis serjantı Şahid3 ifadəsində Bakı şəhəri Yasamal RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində işlədiyini bildirmiş və iş yoldaşı Şahid1 Kazım oğlunun dediklərinə uyğun eyni məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Yasamal RPİ-nin PPXB-nün, polis serjantı Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş M.K.Rəhimlinin ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 15-ci vərəqəsində olan 22 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 80-84-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 yanvar 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2022-ci il tarixli 6/410 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN “Zərflər üçün N°43" möhür əksi, "....Təqsirləndirilən şəxs..." və s. sözlər, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,082 qram, 0,034 qram, ümumi təmiz çəkiləri 0,561 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 03 bükümdəki metamfetaminlər kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Həmçinin rəyin tədqiqat prosesinin təsviri hissəsində psixotrop maddə olan metamfetaminin 0,09 qramının tədqiqata sərf edilməsi və qalıq çəki 0,471 qram kimi göstərilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat təşkil etmişdir. Cinayət işinin 142-150-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 28 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,471 qram psixotrop maddə olan metafetamin və 01 ədəd CD diski maddi sübut kimi tanınmış, psixotrop maddə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, CD diski isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 140-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X2 ekspert komissiyasının 28.02.2022ci il tarixli nömrəli 997 nömrəli rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 94-96, 113-117-ci və 121-130 vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25.01.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin 16.08.2010-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə, Bakı Ağır Cinayətlər məhkəməsinin 24.07.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərərk 05 il müddətinə, Sabunçu Rayon Məhkəməsinin 27.08.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərərk 05 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 17.03.2017-ci il tarixli qərarı ilə 01 il 08 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur, Səbail Rayon Məhkəməsindən alınmış 16.08.2010-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, Bakı Ağır Cinayətlər məhkəməsindən alınmış 24.07.2013-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Səbail rayon məhkəməsinin 16.08.2010-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 09 ay çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, Sabunçu Rayon Məhkəməsindən alınmış 27.08.2013-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.07.2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmaqla o, qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 01 ədəd 2022_01_22_09_45_İMG_7660 yazılmış 09 dəqiqə 21 saniyə çəkiliş aparılmış video fayl vardır. Həmin video faylda olan görüntülərdən görünür ki, Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X6 özünü və digər proses iştirakçıları olan Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid3, Şahid2, Şahid1 Kazım oğlunu və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edir və 22.01.2022-ci il tarixdə saat 03.05-də Yasamal RPİ-nin 26cı PB-nin inzibati binasında xidməti otaqda şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində İphone markalı mobil telelfonla videoçəkilişlə şəxsi axtarışın aparılacağını elan edir. Bundan sonra şübhəli şəxsə özünü təqdim etməsi təklif edilir. Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs özünü təqdim edərək xx.xx.1990cı ildə Bakı şəhərində anadan olmasını, əvvəllər məhkum olunmasını, ünvan 6 ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşamasını bildirir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra proses iştirakçılarına, eləcə də Təqsirləndirilən şəxs hər hansı bir vəsatətinin və ya etirazının olub-olmadığını soruşur, sonuncu və proses iştirakçıları heç bir vəsatət və ya etirazlarının olmadığını bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şübhəli əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilir. Həmin zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 03 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Təhqiqatşı tərəfindən bükümlər açılaraq içərisinə baxılır. Bu zaman hər üç bükümün içərisində ağ rəngli, kristal şəkilli kütlələr olan maddələr aşkar edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirir ki, əynində olan cins şalvarın sağ yan cibindən könüllü çıxardaraq təqdim etdiyi 03 ədəd bükümdə olan maddə “şüşə” kimi adlandırılan psixotrop maddə olan metamfetamindir, həmin maddəni 22 yanvar 2022ci il tarixində saat 01.00 radələrində "Kubinka" deyilən ərazidən tanımadığı şəxsdən özünün istifadəsi üçün hər birini 10 manata olmaqla ümumilikdə 30 manata aldığını və 22 yanvar 2022-ci il tarixdə 02:00 radələrində Yasamal rayonu S.Dağlı küçəsi 35 saylı ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Sonradan təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqda başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyularaq qablaşdırılır və möhürlə möhürlənir, həmin zərf Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır. Daha sonra təhqiqatçı içərəsində bükümlər olan zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını və videoçəkiliş olan diskin protokola əlavə ediləcəyini elan edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan video görüntülərlə, digər iş materialları ilə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.08.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.07.2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası həmin hökmlə təyin edilmiş cəzaya qismən toplanmaqla o, qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 17.03.2017-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 01 il 08 gün müddətinə vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq 22 yanvar 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 22 yanvar 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 28.02.2022-ci il tarixli, 997 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,471 qram çəkidə psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 110 manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,471 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar