Məhkəmə qərarları › İş №1(004)-201/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-201/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-201/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 02 (iki) il 4 (dörd) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələ dələduzluq etmiş və daha sonra özgənin əmlakını açıq olaraq talamaqla təkrarən soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 17 avqust 2019-cu il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Səbail rayonu Salyan yolu 32 ünvanında yeni yaradılmış ictimai çimərliyə istirahət etməyə gəlmiş xx.xx.2003-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 özünü çimərlikdə olan adsız kafenin sahibinin bacısı oğlu “Ramil” adlı şəxs olduğunu və həmin kafedə xidmət etməsi barədə yalnış məlumatları verib inam və etibarını qazandıqdan sonra sonuncudan istifadəsində olan anası Zərərçəkmiş şəxs1 məxsus içərisində 5 manat dəyərində «xxxx» MMC mobil operator şəbəkəsində istifadə edilən ***-***-**-** simkart nömrəsi, üstünə 19 manat dəyərində üzlük keçirilmiş, 1783 manat dəyərində 1 ədəd «Samsung S9+ 64 GB» markalı mobil telefonu və 25 manat nəğd pulu alıb çimərlikdən çıxıb gələnə kimi saxlayacağına dair yalandan vəd verib aldadaraq zərərçəkmiş şəxs yetkitnlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 istifadəsində və sahibliyində olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1832 manat dəyərində əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 28 oktyabr 2019-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanda yerləşən İzmir parkının yaxınlığında tanışı Zərərçəkmiş şəxs3 icarə əsasında kişi salonunda işləməsinə köməklik edəcəyini yalandan vəd verib sonuncudan dostuna zəng etmək bəhanəsi ilə balansında 3 manat məbləğində danışıq konturu, içərisində 30 manat dəyərində «xxxx» MMC mobil operator şəbəkəsində istifadə edilən ***-***-**-** simkart nömrəsi olan, 731 manat dəyərində “Xiomi mi 9 SE” markalı mobil telefonu götürərək oradan qaçıb getməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 764 manat dəyərində əmlakını açıq talayaraq təkrar törədilməklə soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.1 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsilə birlikdə yaşayır. Binəqədi rayon məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 2019-cu ilin avqust ayında Səbail rayonunda yerləşən «Şıx» çimərliyində adını xatırlmadığı kafedə ofisiant işləmişdir. 17 avqust 2019-cu il tarixdə saat 18 radələrində çimərliyə üç nəfər şəxsin gəldiyini görmüşdür. Həmin şəxslərə yaxınlaşaraq kafeni göstərib dayısına məxsus olduğunu və çimərlikdə ofisiant işlədiyini bildirib onlara kafenin yaxınlığında olan döşəyin üstünə əyləşmələrini, dənizə çimməyə gedəcəklərsə, qiymətli əşyalarını saxlamaq üçün ona vermələrini təklif etmişdir. Onlar da onun sözünə inanmışlar. Sonradan adının Fərid olduğunu öyrəndiyi şəxs üstündə üz qabı olan «Samsung S9+» marka modelli mobil telefonunu və 25 manat pulunu saxlamaq üçün ona təhvil vermişdir. O da, həmin şəxslərin paltarlarını işlədiyi kafenin yaxınlıqda olan kafeni işlədən Ramin adlı şəxsə məxsus nasaz vəziyyətdə olan Mercedes markalı avtomobilin içərisini qoymuşdur. Fərid adlı şəxsin və onun yanında olan şəxslərin dənizə çimməyə girdiyini və başlarının qarışmasından istifadə edib Fəridin ona saxlamaq üçün verdiyi üstündə üz qabı olan «Samsung S9+» marka modelli mobil telefonu və 25 manat pulunu götürüb kafeni işlədən Ramin adlı şəxsin telefonu ilə taksi xidmətinə zəng vurub yol kənarına taksi sifariş etmişdir. Dərhal çimərlikdən təxminən 200 metr məsafədə uzaqlıqda olan yol kənarına getmişdir. Markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə Yasamal rayonu ərazisində yerləşən «20 Yanvar» metrostansiyasının yaxınlığına gəlmişdir. Yolda olarkən Fərid adlı şəxsdən ələ keçirdiyi «Samsung S9+» marka modelli mobil telefonuna xatırlamadığı mobil nömrədən zəng gəldiyini görmüş, telefonu söndürərək içərisində olan mobil simkart nömrəsini çıxartıb tullamışdır. Həmin telefonu üz qabı ilə birlikdə «20 Yanvar» metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 800 manata satmışdır, əldə etdiyi ümumilikdə 825 manat pulu öz ehtiyaclarına xərcləmişdir. həmin hadisəni törətdiyi vaxt nənəsi Natalya Kazımova öz adına ona alıb istifadə etmək üçün verdiyi ***-***-**-** simkart nömrəsindən istifadə etmiş, həmin nömrəni də hadisədən sonra tullamışdır. Hadisə vaxtı sifariş etdiyi taksi avtomobilinin sürücüsünü tanımamışdır. İşlədiyi həmin kafe sahibi «Ramin» adlı şəxsin və taksi sürücüsünün Zərərçəkmiş şəxs2 məxsus telefonu və pulunu ələ keçirməyindən xəbəri və məlumatı, törətdiyi cinayətlə onların heç bir əlaqəsi olmamışdır. Bundan başqa da təkrarən cinayət törətmişdir, belə ki, 28 oktyabr 2020-ci il tarixdə təxminən saat 17 radələrində Yasamal rayonu Şərifzadə küçəsində yerləşən tanışı Zərərçəkmiş şəxs3 işlədiyi bərbər kişi salona gəlmişdir. Zərərçəkmiş şəxs3 təxminən bir il olmuşdur ki, tanımışdır. Zərərçəkmiş şəxs3 işlədiyi saç salonunda icarə haqqı qalxdığından salondan çıxaraq özünə yeni iş yeri axtarmışdır. Ona köməklik göstərmək istədiyindən ona icarə əsasında işləmək üçün salon tanıdığını, həmin yeri dostu işlətdiyini və onunla danışmağı təklif etmişdir. Bəxtiyarla birlikdə Yasamal rayonu İzmir parkın yanına gəlmişlər, orada ona istifadə etdiyi mobil telefonda kontur olmadığını və telefonunu danışmaq üçün ona verməsini xahiş etmişdir. Bəxtiyar etiraz etməyərək özünə məxsus olan «Xiomi mi 9 SE» markalı mobil telefonu ona vermişdir. Lakin həmin vaxt pula ehtiyacı olduğundan Bəxtiyarın telefonunu ələ keçirmək qərarına gəlmişdir. Telefonla danışa danışa Bəhtiyarın gözündən aralanaraq həmin yerdən çıxıb getmişdir. Sonradan Bəhtiyar ozünə məxsus telefon nömrəsinə zəng etmişdir, o ona demişdir ki 10 dəqiqəyə yaxınlaşacaq, lakin bu vədə əməl etməmişdir. Ələ keçirdiyi həmin telefonun içərisində olan mobil nömrəni çıxararaq tullamış və Yasamal rayonu Şərifzadə küçəsində Asan Xidmətin yaxınlığına gələrək orada tanımadığı şəxsə 300 manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Daha sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, törətdiyi cinayət əməllərini CM-nin 178.2.2-ci maddəsinə tövsif edilməsini, psixopatiya xəstəliyindən əziyyət çəkməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, gənc olmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq iş üzrə icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxs2 onun övladıdır. 10.07.2019-cu il tarixdə “Worldtelekom” mağazalar şəbəkəsindən bibisi oğlu X3 adına ilkin 200 manat ödəməklə kredit şərtləri ilə «Samsung S9+» markalı modelli mobil telefonunu almışdır. «Samsung S9+» markalı mobil telefonunun nağd satış qiyməti 1583 manat olmuş, kredit ödənilməsi şərtləri ilə alındığına görə telefonun qiyməti 1783 manat olmuşdur. Həmçinin həmin telefon üçün qiyməti 19 manat olan üzərinə «Paseus» yazısı olan qara rəngli rezin materialdan olan iç qabı almış və həmin telefonun üstünə 5 manata aldığı «xxxx» MMC mobil operator şəbəkəsinə aid ***-***-**-** saylı simkart nömrəsini yerləşdirmiş və oğlu Zərərçəkmiş şəxs2 istifadə etməyə vermişdir. 17.08.2019-cu il tarixdə saat 18 radələrində oğlu Zərərçəkmiş şəxs2 məhəllədə yaşayan Emin və Tofiq adlı şəxslərlə Bakı şəhəri, Səbail rayonu Salyan yolu 32 ünvanda yerləşən “Şıx” çimərliyinə gedəcəklərini bildirmiş və ona çimərliyə getməyə icazə vermiş və həmçinin oğlu Zərərçəkmiş şəxs2 25 manat da pul vermişdir ki, evə qayıdanda mağazadan zəruri ərzaq məhsulları alıb evə gətirsin. Oğlu Zərərçəkmiş şəxs2 da həmin çimərliyə getmişdir. Həmin gün saat 21 radələrində oğlu Zərərçəkmiş şəxs2 evə qayıtmış və Səbail rayonu “Şıx” çimərliyində yeni salınmış çimərlik ərasizində istifadə etmək üçün ona verdiyi “Samsung S9+» markalı mobil telefonu və 25 manat pulu özünü yaxınlıqdakı kafedə ofisant kimi işləyən şəxsə saxlamaq üçün vermiş, dənizdə çimib çıxandan sonra həmin şəxsi orada tapmamış, telefonu və 25 manat pulu götürüb oradan getmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə oğlu Fərid və özü zəng edib hadisə barədə məlumat vermişlər. Ertəsi gün Səbail RPİ-nin41-ci PB-nə dəvət edilmişlər, Bakı şəhəri, Səbail rayonu ərazisində “Şıx” çimərliyində naməlum şəxs oğlu Zərərçəkmiş şəxs2 «Samsung S9+» markalı mobil telefonu və 25 manat pulu saxlamaq adı ilə götürərək oradan getməsi və hadisə nəticəsində ona ziyan dəyməsi barədə ərizə yazmışdır. Hadisə ilə əlaqədar təhqiqatçı onların izahatını almış və həmçinin oğlu Zərərçəkmiş şəxs2 onun iştirakı ilə təhqiqatçıya Bakı şəhəri, Səbail rayonu ərazisində Salyan yolu 32 ünvanda yerləşən “Şıx” çimərliyinə gələrək adsız çayxananın yaxınlığında naməlum şəxsə «Samsung S9+» markalı mobil telefonu və 25 manat saxlamaq üçün verdiyi yeri göstərmiş, bu barədə tərtib edilmiş protokola imza etmişlər. Naməlum şəxs tərəfindən ələ keçirilməsini nəzərə alaraq ona ümumilikdə 1832 manat miqdarında maddi ziyan dəymişdir. hal-hazıra kimi telefonun 1783 manat kredit pulunu “Worldtelekom” mağazasına tam ödəmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05.09.2019-cu il tarixli 21780 nömrəli rəyi ilə talanmış «Samsung S9+» marka modelli mobil telefonun1108,00 manat müəyyən edilməsi ilə razı deyildir. 17 avqust 2019-cu il tarixdə «Samsung S9+» marka modelli mobil telefon oğurlanan vaxt təzə vəziyyətdə olmuşdur, həmin telefona görə 1783 manat pul ödəmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğludur. Baş vermiş dələduzluq cinayət hadisəsi zamanı, 17.08.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu Salyan yolu 32 ünvanda yerləşən “Şıx” çimərliyində faktiki olaraq Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs2 aldadıb, onun etibarından sui istifadə edib dənizdə çimib çıxana qədər saxlaması adı ilə telefon və pulu oğlu Zərərçəkmiş şəxs2 aldadıb almışdır. Həmin telefonun mülkiyyətçisi o özü olsa da, telefonu istifadə etmək üçün oğlu Zərərçəkmiş şəxs2 vermişdir, həmçinin 25 manat pul da onun olmuşdur, həmin pulu oğlu Zərərçəkmiş şəxs2 evə ərzaq almaq üçün vermişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməklə həmin telefondan oğlunun müvəqqəti istifadə etməklə bağlı hüquqlarını ələ keçirmişdir, oğlu Zərərçəkmiş şəxs2 ziyan vurmuşdur, həmçinin telefon və pul onun olduğu üçün həmin dələduzluq cinayəti nəticəsində o da, oğlu Zərərçəkmiş şəxs2 ilə birlikdə zərərçəkmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 17.08.2019-cu il tarixdə saat 18 radələrində tanışları Şahid2 və Şahid1 ilə birlikdə istirahət etmək üçün Bakı şəhəri, Səbail rayonu Salyan yolu 32 ünvanda yerləşən “Şıx” çimərliyinə gəlmişlər. Həmin çimərlik Qaradağ rayonundan Bibi- Heybət qəsəbəsi istiqamətində gedəndə yolun sağ tərəfində kiçik dairəyə çatmamış yerləşir. Çimərliyə daxil olduqda onlara 25-26 yaşında arıq bədən quruluşlu, qarayanız, təxminən 176-180 sm boyu olan, özünü Ramil kimi təqdim edən adını sonradan istintaq zamanı Təqsirləndirilən şəxs olduğunu bildiyi oğlan onlara yaxınlaşıb taxtadan olan tikilini onlara göstərib həmin tikilinin onun dayısına məxsus kafe olduğunu və çimərlikdə ofisiant işlədiyini bildirib onlara kafenin yaxınlığında olan döşəyin üstündə əyləşməyi, onlara dənizə çimməyə gedəcəyiksə, qiymətli əşyalarını məsul saxlanca ona təhvil verməyi təklif etmişdir. Onlar da, Təqsirləndirilən şəxs əlində çaydanları daşıdığını və samovarları qaladığını görüb ona inanmışlar. Onlar özlərinə məxsus geyim əşyalarını Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs həmin əşyaları çimərliyin ərazisində dayanan boz rəngli C klass furqon modelli «Mercedes» markalı avtomobilin salonuna qoyub onların yanına qayıtmışdır. O, anası Şərqiyyə Mirzəyevə məxsus içərisində «xxxx» MMC mobil operator şəbəkəsində istifadə edilən ***-***-**-** simkart nömrəsi, üstünə üzlük keçirilmiş, «Samsung S9+ 64 GB» markalı mobil telefonu və evə ərzaq almaq üçün anası Şərqiyyənin ona verdiyi 25 manat nağd pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də pulu və telefonunu üzərində saxlayacağını, onlar çimib çıxandan sonra isə onlara təhvil verəcəyini bildirdikdə ona inanmışdır. Təxminən 2 saat müddətində dənizdə çiməndən sonra sahilə çıxanda Təqsirləndirilən şəxs tapa bilməmişlər və orada olan kafeyə yaxınlaşıb kafeni işlədən Ramin adlı kişiyə yaxınlaşıb Təqsirləndirilən şəxs adlı oğlanın onların əşyalarını onun avtomobilinə qoyduğunu, telefonu və pulu isə özündə saxladığını bildirmişlər və həmin əşyaları onlara qaytarılmasını xahiş etmişdir. Kafe işlədən Ramin adlı şəxs isə geyim əşyalarını avtomobilindən götürməyə icazə verərək Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirdiyi, ona kafenin fəaliyyəti ilə bağlı köməklik göstərməyi təklif etdiyini və o da etraz etmədiyini, kafesində ofisiant kimi işlədiyini, lakin hazırda harada olması barədə məlumatı olmadığını bildirmişdir. Onlar həmin avtomobildən geyim əşyalarını götürmüşlər. Lakin çimərlik ətrafında Təqsirləndirilən şəxs axtarsalar da, tapa bilməmişlər. Kafe işlədən Ramin adlı şəxsin xatıfrlamadığı telefonundan öz nömrəsinə zəng vurmuş, bir neçə dəfə zəng gedəndən sonra telefon söndürülmüşdür. Həmin vaxt başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onu aldadıb içərisində «xxxx» MMC mobil operator şəbəkəsində istifadə edilən ***-***-**-** simkart nömrəsi, üstünə üzlük keçirilmiş, «Samsung S9+ 64 GB» markalı mobil telefonu və 25 manat nəğd pulu ələ keçirib dələduzluq etmişdir. O, çimərlikdən çıxıb evə gələrək hadisə barədə anası Zərərçəkmiş şəxs1 məlumat verdikdən sonra anası Şərqiyyə Mirzəyevə hadisə ilə bağlı polisə məlumat vermiş, səhəri gün o və anası Şərqiyyə Mirzəyevə hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat verdikdən sonra ertəsi gün o, Şərqiyyə ilə polis bölməsinə gedərək izahat yazmışlar. Daha sonra təhqiqatçı ilə birlikdə həmin çimərliyə gedib hadisə yerini göstərmiş və bu barədə protokol tərtib edilmişdir. Ona və anasına ümumillikdə 1832 manat ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə bildirdi ki, Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödəmişdir, ondan heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanda ailəsi ilə birlikdə yaşayır. O, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən kişi salonunda bərbər işləyir. Təqsirləndirilən şəxs onun müştərisi olmuşdur. Onu təxminən 7-8 ay olar ki, tanımış və aralarında dostluq münasibəti yaranmışdır. Hətta bir dəfə onun yaşadığı evə gedərək çarpayının yığılmağına köməklik etmişdir. O, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən kişi salonundan çıxdığı üçün özünə yeni iş yeri axtarmışdır. Bir gün söhbət əsnasında Ramin nəyə görə kefsiz olduğunu soruşduqda, ona aylıq icarə haqqının qalxdığından salondan çıxacağını bildirmişdir. Ramin icarə əsasında işləməyə salon tanıdığını və dostuna məxsus olduğunu və danışmağı təklif etmişdir. 28 oktyabr 2019-cu il tarixdə təxminən saat 17 radələrində onunla birlikdə ünvan 9 ünvana İzmir parkının yaxınlığına gəlmişlər. Ramin istifadəsində olan mobil telefonunda kontur olmadığını, həmin şəxslə görüşmək üçün zəng edib danışmaq istədiyindən istifadəsində olan mobil telefonu ona verməsini bildirmişdir. O da, istifadəsində olan Xiaomi mi 9 SE markalı mobil telefonunu Raminə təqdim etmişdir. Telefonun içərisində ***-***-**-** saylı simkart mobil nömrəsi olmuşdur. Ramin telefonu götürdükdən sonra ondan bir qədər uzaqlaşaraq telefonla danışa-danışa yanına yaxınlaşıb salonuna baxacaqalrı şəxsin gələcəyini bildirmişdir. Daha sonra ondan dostlarına zəng etməyinə icazə verməyini xahiş etmişdir. O da, razılıq vermişdir. O telefonla danışa danışa birdən birə gözündən yayındı. Bundan sonra yoldan keçən adamdan telefon xahiş edərək özünə məxsus nömrəsinə zəng edərək Ramindən harada olmasını soruşdu. O isə 5-10 dəqiqəyə yaxınlaşmağını bildirdi. Bundan sonra 1 saat gözlədikdən sonra başa düşdü ki, Ramin onu aldadaraq telefonunu ələ keçirdib. Həmin qünü hadisə ilə bağlı polisə gedərək Ramin barəsində şikayət etmişdir. Daha sonra ifadəsində göstərmişdir ki, o, “Kontakt-Home” mağazalar şəbəkəsində yerləşən “xxxx” MMC-nin nümayəndəsi ilə “Xiaomi mi 9 SE» marka modelli **********2134 imei kodlu mobil telefonu nisyə alqı-satqısı ilə əlaqədar 06.09.2019-cu il tarixli müqavilə başlamışdır. Həmin müqavilənin şərtlərinə görə qiyməti 731 manat olan həmin telefonu həmin gün alarkən ilkin ödəniş olaraq 23 manat ödəmiş, qalan 708 manat pulu isə növbəti aydan hər ay 59 manat olmaqla 12 aya ödəməli olmuşdur. 2019-cu ilin oktaybr ayının əvvəllərində 59 manat ödəniş etmişdir. 28 oktyabr 2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs həmin telefonu ondan açıq aşkar talayıb ələ keçirmiş, nisyə aldığı həmin telefona görə mağazaya hal-hazıra kimi ümumilikdə 220 manat pul ödəmişdir. Daha sonra isə maddi imkanı olmadığına görə ödəniş edə bilməmişdir. Telefonun qalan pulunu ödəmək məsuliyyəti onun üzərinə düşür. O, alqı-satqı müqaviləsini və müqaviləyə aid ödəniş cədvəlini itirdiyinə görə bundan əvvəlki izahat və ifadələrində telefonun qiymətini düzgün göstərə bilməmişdir. Təqsirləndirilən şəxs ələ keçirdiyi mobil telefonun üzərində 30 manata aldığı ***-***-**-** simkart nömrəsi, içərisində yaddaş kartı olmamış, həmin simkartın balansında 3 manat dəyərində danışıq konturu olmuşdur. Bu hadisə nəticəsində hadisə baş verən gün mənə ümumilikdə 764 manat miqdarında ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Şahid2 tanıyır, bir-birləri lə dostluq edirlər, onlarla münasibəti normaldır və birlikdə istirahət edib əylənirlər. 17.08.2019-cu il tarixdə saat 18 radələrində birlikdə istirahət etmək üçün Bakı şəhəri Səbail rayonu «Şıx» çimərliyinə getmək qərarına gəlmişlər və həmin vaxt birlikdə həmin çimərliyə yola düşmüşlər. Həmin çimərlik Səbayıl rayonu «Şıx» adlanan ərazidə yerləşmiş. Çimərliyə daxil olduqda onlara 25-26 yaşında arıq bədən quruluşlu şəxs yaxınlaşıb adının Ramil olduğunu deyərək orada taxtadan olan tikilini göstərib həmin tikili onun dayısına məxsus kafe olduğunu və çimərlikdə ofisiant işlədiyini bildirib onlara kafenin yaxınlığında olan döşəyin üstündə əyləşməyi, onlar dənizə çimməyə getsələr, qiymətli əşyaları məsul saxlanca ona təhvil verməyi təklif etmişdir. Həmin oğlanın əlində çaydanların daşıdığını və samovarları qaladığını görüb ona inanmışlar. Onlar geyim əşyalarını əyinlərindən çıxarıb özünü onlara Ramil kimi təqdim edən şəxsə vermişlər. Ramil də həmin geyim əşyalarını çimərliyin ərazisində dayanan boz rəngli C klass furqon modelli Mercedes markalı avtomobilin salonuna qoyub onların yanına qayıtmışdır. Onun və Emilin qiymətli əşyaları olmadığı üçün ona heç bir əşya təhvil verməmiş, Zərərçəkmiş şəxs2 isə istifadə etdiyi telefon qabına yerləşdirilmiş «Samsung S9+» marka modelli mobil telefonu və 25 manat pulu həmin Ramil adlı oğlana təhvil vermişlər. Ramil həmin mobil telefonu və pulu cibinə qoyub demişdir ki, pulu və telefonu üzərində saxlayacaq, onlar çimib çıxandan sonra isə Fəridə təhvil verəcəkdir. Təxminən 2 saat dənizdə çiməndən sonra əşyalarını götürmək üçün həmin oğlanı axtarmışlar, lakin tapa bilmədikdə kafeyə yaxınlaşıb kafeni işlədən hal-hazırda adını xatırlamadığı kişiyə yaxınlaşıb Ramil adlı oğlanın onların əşyalarını onun avtomobilinə qoyduğunu, Fəridin «Samsung S9+» marka modelli mobil telefonu və 25 manat pulu isə saxladığını deyib həmin əşyaları onlara qaytarılmasını xahiş etmişlər, həmin kafeni işlədən şəxs isə geyim əşyalarının avtomobildən götürə biləcəklərini deyib, Ramil adlı oğlanı tanımadığını, tüfeyli həyat tərzi keçirdiyi üçün Ramin adlı şəxsə ona kafenin fəaliyyəti ilə bağlı köməklik göstərməyi təklif etdiyini və ona görə də, Ramin adlı şəxsin onun kafesində ofisiant kimi işlədiyini, lakin hazırda harada olduğunu bilmədiyini demişdir. Paltarlarını həmin maşından götürüb əyinlərinə geyinmişlər Onlar yenə də çimərlik ətrafında Ramil adlı oğlanı axtarsalar da tapa bilməmişlər. Fərid həmin kafeni işlədən kişinin telefonundan öz nömrəsinə zəng vurmuş, lakin cavab verən olmamışdır. Bundan sonra başa düşmüşlər ki, Ramil adlı oğlan Fəridi aldadaraq telefonunu və 25 manat pulunu saxlamaq adı ilə ələ keçirmiş və onların gözündən yayınaraq oradan getmişdir. Bundan sonra çimərlikdən çıxıb evə qayıtmışlar. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs2 və anası Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə zəng etməklə hadisə barədə məlumat vermişdirlər, daha sonra Səbail RPİ-nin 41-ci PB-də həmin hadisə ilə əlaqədar araşdırma aparılmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Worldtelekom” mağazalar şəbəkəsində yerləşən “xxxx” MMC ilə X5 arasında «Samsung S9+» marka modelli **********97789 imei kodlu mobil telefonun nisyə alınması barədə bağlanmış alqı-satqı 10.07.2019-cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı zamanı həmin mobil telefonun qiyməti 1783 manat müəyyən edilmişdir, müqavilənin şərtlərinə görə müştəri ilkin ödəniş 200 manat daxil olmaqla 10 ay 144 manat, sonuncu bir ay isə 143 mana ödəmək şərti ilə toplam olaraq cəmi 1783 manat ödəməli olmusdur. İş materiallarında olan «xxxx» MMC-nin 13 noyabr 2019-cu il tarixli AZF/LGL- 24652/19 məktubunda göstərilmişdir ki, 17.08.2019-cu il tarixdən sonrakı tarixlərdə ***-***- **-** simkart nömrəsi ilə istifadə edilmiş **********97789 imei kodlu mobil telefonda cihazından digər simkart nömrələrindən istifadə olunması aşkar edilməmişdir. İş materiallarında olan «xxxx» MMC-nin 17 okyabr 2019-cu il tarixli 28460 nömrəli məktubunda göstərilmişdir ki, 17.08.2019-cu il tarixdən sonrakı tarixlərdə ***-***-**-** simkart nömrəsi ilə istifadə edilmiş **********97789 imei kodlu mobil telefonda cihazından digər simkart nömrələrindən istifadə olunması aşkar edilməmişdir. İş materiallarında olan «xxxx» MMC-nin 10.01.2020-ci il tarixli BKC/LGL-1223/20 nömrəli məktubunda göstərilmişdir ki, 17.08.2019-cu il tarixdən sonrakı tarixlərdə ***-***-**- ** simkart nömrəsi ilə istifadə edilmiş **********97789 imei kodlu mobil telefonda cihazından digər simkart nömrələrindən istifadə olunması aşkar edilməmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 14 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulub Yasamal RPİ-nin MSY-nə yerləşdirilmişdir. İş materiallarında olan Yasamal rayon məhkməsinin hakimi X4 16 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay 20 gün müddətinə, yəni 04 mart 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına yerləşdirmişdir. İş materiallarında olan Yasamal rayon məhkməsinin hakimi X4 12 mart2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 vəsatəti təmin edilməklə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay, yəni 12 may 2021-ci il tarixədək uzadılıb ona Azərbaycan Respublikası CM-nin 178.1. və 180.2.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilmiş və Təqsirləndirilən şəxs daha ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna qaytarılmışdır. İş materiallarında olan “Kontakt-Home” mağazalar şəbəkəsində yerləşən “xxxx” MMC ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış 06.09.2019-cu il tarixli “Xiaomi mi 9 SE» marka modelli **********2134 imei kodlu mobil telefonun nisyə alınması barədə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, alqı-satqı zamanı həmin mobil telefonun qiyməti 731 manat müəyyən edilmişdir, müqavilənin şərtlərinə görə Zərərçəkmiş şəxs3 ilkin ödəniş də daxil olmaqla 12 ay hər ay 59 manat ödəmək şərti ilə toplam olaraq cəmi 731 manat ödəməli olmusdur. İş materiallarında olan «xxxx» MMC-nin 23 yanvar 2020-ci il tarixli 1749 nömrəli və 06.10.2020-ci il tarixli 18031 nömrəli məktublarında göstərilmişdir ki, 28 oktyabr 2019-cu il tarixdən sonrakı tarixlərdə Zərərçəkmiş şəxs3 məxsus olan **********62134 imei kodlu mobil telefon cihazından digər simkart nömrələrindən istifadə olunması aşkar edilməmişdir. İş materiallarında olan «xxxx» MMC-nin 09.10.2020-ci il tarixli BKC/LGL-20939/20 nömrəli məktubunda göstərilmişdir ki, 28 oktyabr 2019-cu il tarixdən sonrakı tarixlərdə Zərərçəkmiş şəxs3 məxsus olan **********62134 imei kodlu mobil telefon cihazından digər simkart nömrələrindən istifadə olunması aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 04 noyabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 02 il 04 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18avqust 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 02 il 04 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2019-cu il tarixli, 21780 saylı ekspert rəyindən görünür ki, Aparılmış ekspert tədqiqatı nəticəsində, «SAMSUNG» şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan “İNTEGRAL” firmasının məlumatına və Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və işlənmiş mobil telefon alqı-satqı məntəqəqələrində mövcüd olan qiymətlərə əsasən, tədqiq edilən ortada olmayan «Samsung S9 64GB» markalı mobil telefon aparatının işlənmiş vəziyyətdə, 17 avqust 2019-cu il tarixə, istismar olunmasını, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar rakəndə satış qiyməti nəzəri hesablama yolu ilə qiyməti təxminən 1108,00 manat müəyyən olunur. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan AR ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 04 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanılan müddət ərzində müsbət xarakterizə edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “psixopatiya” xəstəliyi müşahidə olunur. İş materiallarında olan “xxxx” ASC-nin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 650 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 mobil telefonunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş və nəticədə sonuncuya 764 manat miqdarında ziyan vurmuşdur. Həmin əməl isə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı yuxarıda qeyd olunan epizod üzrə isə Azərbaycan Respublikasının CM-nin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Lakin, məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs3 öz ifadəsində ona qarşı soyğunçuluq faktının olmadığını, Təqsirləndirilən şəxs ilə əvvəllər dost münasibətində olduğunu, özünə məxsus mobil telefonunu öz razılığı əsasında dostu Təqsirləndirilən şəxs verdiyini va sonradan sonuncu ilə əlaqə saxladığını bildirmişdir. Göstərilənlərlə əlaqədar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı törətmiş olduğu əməli Azərbaycan Respublikasının CM-nin 180.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsüf edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən 8-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlməlidir. İzah edilsin ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Həmin qərarın 20-ci bəndinə əsasən təqsirkar şəxs tərəfindən aldatma və ya etibardan sui-istifadə etmə əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə tətbiq edildikdə və bu halı əmlakın mülkiyyətçisi və ya sahibi müəyyən etdikdən sonra da təqsirkar zərər çəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etdikdə onun əməli bu hərəkətlərin xarakterindən və ictimai təhlükəliliyindən asılı olaraq soyğunçuluq və ya quldurluq kimi qiymətləndirilməlidir (məsələn, şəxsin mobil telefondan zəng etmək adı ilə onu mülkiyyətçidən və ya sahibindən götürməsi, zərərçəkmiş əmlakının geri qaytarılmasını tələb etdikdən dərhal sonra hadisə yerindən qaçması, yaxud da telefonu özündə saxlamaq məqsədi ilə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməsi və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələməsi). Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə yalan məlumatlar verməklə onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxlərdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxslərin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən hər iki zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın 25%-i miqdarını təşkil edən (ümumilikdə 2596 manat) 650 manat məbləğində pul dövlət büdcəsinə ödəniş edilmiş və həmin halı təsdiq edən qəbz iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Y.C.Hüseynə məhkəməyədək icraat dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə 40 saata görə 240 (iki yüz qırx) manat Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1 və 73-1.2-ci maddələri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X6 məhkəməyədək icraat dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar