Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-203/2020 30.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1981-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu Abdallı kəndində doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 47, mənzil 55 ünvanında müvəqqəti qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən 33 kv/m ölçüdə olan qeyriyaşayış sahəsinə çıxarış alınmasında köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizmai rayonu, Q.Qarayev küçəsi, 115/9-da yerləşən 52 nömrəli Notariat Kontorunun qarşısında 5000 manat, daha sonra eyni adla xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi 115/9-da yerləşən 52 nömrəli Notariat Kontorunun içərisində 5000 manat, daha sonra isə eyni adla xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 27 ünvanında yerləşən 53 saylı Notariat Kontorunun qarşısında 6250 manat olmaqla ümumilikdə 16250 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olmuş, lakin rəsmi olaraq heç bir yerdə işləməmişdir. 2018-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs adlı şəxslə təsadüfən tanış olmuş, sonuncu ona yaşadığı evin qarşısında 33 kv/m torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini öz adına sənədləşdirmək istədiyini bildirmişdir. Həmçinin məlumat vermişdir ki, həmin torpaq sahəsini sənədləşdirmək üçün yerli icra hakimiyyətindən sərəncam alsa da xüsusi mülkiyyətçi kimi rəsmiləşdirə bilməmişdir. Həmin dövrdə maddi sıxıntı çəkdiyindən Zərərçəkmiş şəxs pulundan istifadə etmək qərarına gəlmişdir. Buna görə də, o, Zərərçəkmiş şəxs guya yüksək vəzifədə işləyən bir tanışı vasitəsilə belə işləri dəfələrlə həll etdiyini deyib ondan bu məsələnin həlli üçün 20000 (iyirmi min) manat pul istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qeyd olunan məbləğə imkanının çatmadığını, lakin ümumilikdə 15000 (on beş min) manat pul tapa biləcəyini demişdir. O, əlavə olaraq xidmət haqqı üçün 1000 (min) manat, yol və digər xərclər üçün isə 250 (iki yuz əlli) manat pul istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs razılaşaraq pulları hissə-hissə verə biləcəyini və onunla yaxın vaxtda əlaqə saxlayacağını bildirmiş, bir müddət keçəndən sonra ona zəng edərək 52 nömrəli Notariusun inzibati binasının yaxınlığında görüşməyi təklif etmişdir. Həmin gün, yəni xx xxxxxx 2018-ci il tarixdə onlar Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi 115/9-da yerləşən 52 nömrəli Notariat Kontorunun qarşısında görüşmüş, həmin vaxt Sədaqət ona ilkin olaraq 5000 (beş min) manat pul vermiş və razılaşdırılmış məbləğin qalan hissəsini qısa müddət ərzində verəcəyini vəd etmişdir. Həmin vaxt o, Sadəqətə pulu guya tanışına çatdıracağını bildirmişdir. Bundan 5 gün sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs yenidən ona zəng edib əvvəlki ünvanda görüşməyi təklif etmiş, görüş zamanı sonuncu aldanılmaqdan ehtiyat etdiyini bildirdikdə, o, etibar qazanıb inandırmaq üçun verilən pulla bağlı borc müqaviləsi bağlamağı təklif etmişdir. Beləliklə onun öz təklifi ilə 52 nömrəli Notariat Kontorunda 5000 manat pulun borc alınmasına dair müqavilə bağlanmışdır. Həqiqətdə onun niyyəti borc almaq və hər hansı bir işin həll edilməsi olmamışdır. Zərərçəkmiş şəxs razılaşdırılmış məbləğdən qalıq qalan 6250 (altı min iki yüz əlli) manatı isə xx xxxxx 2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 53 saylı Notariat Kontorunun qarşısında onunla görüşüb vermişdir. Həmin vaxt o, yalandan Zərərçəkmiş şəxs rəsmiləşdirmə işinin qısa müddət ərzində həll olunacağını demişdir. Bundan bir müddət keçəndən sonra Zərərçəkmiş şəxs ona dəfələrlə zəng edərək işin gedişatı barədə maraqlandıqda onu inandırmaq üçün yalandan işlərin qaydasında olduğunu, tanışının problemləri olduğuna gorə işin həllinin bir qədər gecikdiyini deyib yola vermişdir. Halbuki o, kiməsə işin görülməsi müqabilində pul verməmiş və ya verəcəyi barədə vəd etməmişdir, ona bu işdə heç kim köməklik etməmiş və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra öyrənib bilmişdir ki, Zərərçəkmiş şəxs Xətai Rayon İcra və Probasiya xidmətinə müraciət etmiş və bağlanmış 5000 (beş min) manatlıq borc müqaviləsinə görə icra qeydi verilmişdir. Hansı ki, o, həmin 5000 manat pulu vahid niyyətlə aldığı ümumilikdə 16.250 manat məbləğində pulun bir hissəsi kimi əldə etmişdir. Qeyd olunan məbləğlərdə pulları 3 dəfəyə alan zaman onların yanında heç kim olmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsə vurulmuş zərərdən 5800 (beş min səkkiz yüz) manat pul ödəmiş, lakin qalan məbləği maddi imkanı olmadığından ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə evli olmaqla himayəsində iki azyaşlı övladının olması, ailədə yeganə qazanc gətirən şəxs olmasını, əvvəllər məhkumluğunun olmamasını və vurulmuş maddi zərərin bir qisminin ödənilməsini nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evin qarşısında 33 kv/m ölçüsündə qeyri-yaşayış sahəsinin ona verilməsinə dair Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir. Lakin həmin yeri özəlləşdirə bilməmiş, bu məsələnin həlli üçün bəzi tanışlarına müraciət etsə də mümkün olmamışdır. 2018-ci ilin fevral ayının əvvəllərində ev alqı-satqısı ilə məşğul olan Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs adlı şəxslə təsadüfən tanış olmuş və onunla danışıqlar zamanı öz istəyini ona da bildirmişdir. Həmin vaxt Samir bir nəfər yüksək vəzifəli şəxslə tanışlığının olduğunu və bu işi qısa müddət ərzində ümumilikdə 20.000 (iyirmi min) manat pul müqabilində həll edə biləcəyini bildirmişdir. O, Samirdən həmin vəzifəli şəxsin kimliyini soruşanda məlumat verə bilməyəcəyini dediyinə görə bu haqda əlavə sual verməmişdir. Həmin vaxt o, Samirə qeyd olunan məbləğdə pulunun olmadığını, yalnız 15.000 (on beş min) manat pul düzəldə biləcəyini demişdir. Samir həmin məbləğlə razılaşsa da, ondan əlavə olaraq xidmət haqqına görə 1000 (min) manat, digər zəruri xərclərə görə isə 250 (iki yuz əlli) manat, ümumilikdə 16250 manat pul istəmişdir. O, Samirin sonuncu təklifi ilə ümumi məbləği hissə-hissə vermək şərtilə razılaşmışdır. Beləliklə, razılaşmaya görə o, ilkin olaraq xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev kuçəsı 115/9-da yerləşən 52 nömrəli Notariat Kontorunun qarşısında Samirə 5000 (beş min) manat pul vermişdir. Samir də ona həmin pulu tanışı olan vəzifəli şəxsə çatdıracağını və bu ödənişdən sonra sənədləşmə işlərinə başlanacağını demişdir. Həmin vaxt o, Samirə inanmışdır. İkinci dəfə, yəni xx xxxxxx 2018-ci il tarixdə yenidən Samirlə əvvəlki ünvanda görüşəndə ona aldanıla biləcəyinə dair öz narahatlığını bildirmişdir. Samir isə əvvəllər də dəfələrlə bu cür işlər həll etdiyini, ehtiyat üçün onunla borc müqaviləsi bağlaya biləcəyini demişdir. O, da etibarlı olacağını düşünərək özü ilə gətirdiyi 5000 manat pulu Samirə 52 nömrəli Notariat Kontorunda verib borc müqaviləsi ilə rəsmiləşdirmiş, lakin həqiqətdə həmin pul da torpaq sahəsinin özəlləşdirilməsi üçün verilmişdir. Kontordan çıxanda Samir ona razılaşdırılmış məbləğdən qalan 6250 manat pul da veriləcəyi təqdirdə işin qısa müddət ərzində öz həllini tapacağını demişdir. Buna görə də o, Samirə inanmış və məsələnin tezliklə həll olunacağını düşünmüşdür. Qalan 6250 manat pulu olmadığından o, müxtəlif səxslərə borc üçün müraciət etmiş, lakin borc verən olmadığından işin tez həlli üçün məcbur qalıb müxtəlif banklardan kreditlər götürmüşdür. Kreditlə düzəltdiyi 6250 (altı min iki yüz əlli) manat pulu xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 27 ünvanında yerləşən 53 saylı Notariat Kontorunun qarşısında Samirə vermişdir. Beləliklə o, 3 dəfəyə Samirə torpaq sahəsinin özəlləşdirilməsində köməklik etməsi niyyəti ilə, ümumilikdə 16250 manat pul vermişdir. Bundan sonra o, dəfələrlə Samirdən maraqlandıqda sonuncu onu inandırıb qısa müddət ərzində məsələnin həll olunacağını və gözləməsini demişdir. Pulun verilməsindən uzun müddət keçməsinə baxmayaraq hər hansı bir sənədləşmə işləri aparılmadığından o, aldadıldığını anlayıb Samirdən pulunu geri qaytarmasını tələb etmişdir. Lakin Samir müxtəlif bəhanələr gətirərək gah dediyi tanışının işində problemlər olduğuna görə işin alınmadığını, gah da işin qısa müddət ərzində həllini tapacağını demişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq bir nəticə əldə olunmamışdır. Kredit borclarına görə məcbur qalıb borc kimi rəsmişləşdirilmiş müqavilə ilə bağlı Xətai Rayon İcra və Probasiya Xidmətinə müraciət etmişdir. Müqavilə əsasında icra qeydi verilməsinə və həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə Samir inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq onun pulundan hər hansı bir ödəniş etməmiş, dəfələrlə yalan vədlər verib onu aldatmışdır. Samirin əməlində dələduzluq cinayətinin tərkibi olduğundan onun barəsində müvafiq tədbir görülməsi üçün o, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş, yalnız bundan sonra cinayət işi başlandığından istintaq müddətində Samir ona ümumilikdə 5800 (beş min səkkiz yüz) manat pul ödəmiş, qalan pulu ödəyəcəyini vəd etməsinə baxmayaraq sonradan bu vədinə də əməl etməmişdir. Hazırda ona dəymiş zərərdən ümumilikdə 10450 manat məbləğində pul ödənilməmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, sonuncu verdiyi pulu bankdan kredit götürdüyündən hazırda çətin vəziyyətə düşmüş, belə ki, kredit ödənişlərini vaxtında həyata keçirə bilmədiyindən bank tərəfindən onun barəsində məhkəməyə mülki iddia verilmişdir. Ona görə də Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini tələb etdir və ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə çıxışlarına başlandıqdan sonra mülki iddia ərizəsi ilə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş 16250 manatdan qalıq qalan 10450 manat məbləğində maddi zərərin cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs hadisə yerində ifadəsində göstərilən xüsusatları əyani olaraq göstərməklə təsdiq etmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2005-ci il tarixli sərəncamına əsasən Z.Xəlilov küçəsi 52 və 54 saylı evlərin arasında həyətdə yerləşən 14 kv.m yardımçı sahənin Zərərçəkmiş şəxs məxsus olması və onun tərəfindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi faktı təsdiqlənmişdir. İş materiallarında olan Xətai rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri 52 saylı Notariat Kontorunun 8İ-1386 nömrəli icra sənədinə əsasən icraata başlanılmış, həmin icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs 5000 manat pul vəsaitinin və 10 manat dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarış elan edilmişdir. Həmçinin iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(011)-330/2020 nömrəli qərarından görünür ki, Bakı şəhəri 52 saylı Notariat Kontorunun 8İ-1386 saylı xx xxxxxx 2018-ci il tarixli icra qeydinə əsasən Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq borclu olduğu 5010 manat borcunu ödəməməklə icra vərəqəsini qəsdən icra etməmişdir. Qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxila bilər. Qərarın 5-ci maddəsində qeyd edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs inam və etimadını qazanmaq məqsədilə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev küçəsi 115/9-da yerləşən 52 nömrəli Notariat Kontorunda 5000 manat pul barəsində formal olaraq borc müqaviləsi bağlamaqla əsas niyyətinin hər hansı bir öhdəlik yerinə yetirmək olmadan zərər çəkmiş şəxsin pulunun ələ keçirilməsi olması sübut edilmişdir. Buna görə məhkəmə belə nəticəyə gəlir ki, həmin müqavilə əsasında icra qeydinin verilməsinə baxmayaraq qeyd olunan məbləğ düzgün olaraq istintaq orqanı tərəfindən ittihama daxil edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırilması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, hazırki cinayət işi xx xxxxxx 2019-cu il tarixdə başlanmasına baxmayaraq Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlməkdən yayındığına görə xx xxxxxx 2020-ci il tarixdə onun məcburi gətirilməsinə dair qərar qəbul edilmişdir. xx xxxx 2020-ci il tarixdə o, şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə MSYdən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, xx xxxx 2020-ci il tarixdə isə ona yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 008372 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2014-cü il tarixdə Samir X1 arasında nikah bağlanılmışdır. İş materiallarında olan AZ-İ seriyalı 938681 nömrəli və AZ-İİ seriyalı 111458 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, xx xxxxxxx 2006-cı il təvəllüdlü Məmməd Məmmədovun və xx xxxxx 2008-ci il təvəllüdlü Müsabir Məmmədovun valideynləri Təqsirləndirilən şəxs və Çiçək Əcəmovadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il, xx xxxx 2020-ci il və xx xxx 2020-ci tarixli protokollardan görünür ki, həmin tarixlərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 16.250 manat məbləğində vurulmuş ziyandan 2000 (iki min), 2100 (iki min yüz) və 1700 (bir min yeddi yüz) manat olmaqla, cəmi 5800 (beş min səkkiz yüz) manat ödəniş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, evli olaraq himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, zərər çəkmiş şəxsə vurulmuş ziyanın bir qismini ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, onun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Hazırki işin halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini 2018-ci ilin fevral-mart aylarında törətməsinə baxmayaraq o, barəsində Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla X2 və Təhqiqat İdarəsində cinayət işi başlanıldıqdan və məcburi gətirmə haqqında qərar qəbul edildikdən sonra vurulmuş ziyanın bir qismini ödəmişdir. İstintaq müddətində o, hətta çağırışlardan yayınmışdır. Hətta onun hazıradək ziyanı tam şəkildə ödəməməsi səbəbindən Zərərçəkmiş şəxs barəsində bank tərəfindən kredit borcuna görə məhkəməyə mülki iddia ərizəsi verilmişdir. Bununla da, təqsirləndirilən şəxsin bilavasitə əməli nəticəsində zərərçəkmiş şəxsin maddi vəziyyəti daha da ağırlaşmışdır. Bundan başqa məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs anasına məxsus torpaq sahəsini satıb zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək niyyətində olduğunu bildirmiş, buna görə məhkəməyə dəfələrlə ona möhlət verilməsinə dair vəsatətlər verib məhkəmə araşdırmasını lüsumsuz şəkildə uzatmışdır. Məhkəmə tərəfindən təqsirləndirlən şəxsə kifayət qədər vaxt verilməsinə və şərait yaradılmasına baxmayaraq bu müddət ərzində ziyandan hər hansı bir məbləğdə ödəniş həyata keçirilməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə Xətai rayon İcra və Probasiya şöbəsində açılmış icraat zamanı da Təqsirləndirilən şəxs barəsində axtarış verilmiş, həmçinin məhkəmə qərarı ilə barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, o, öhdəliklərindən mütəmadi olaraq yayındığına görə barəsində qanunla müəyyən edilmiş məcburiyyət tədbirlərinin tətbiq edilməsinə baxmayaraq islah olunmamışdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu ümumilikdə 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla cəzasından çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməklə onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün, o, hazırki hökmlə təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 184-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında məhkəmə istintaqı yekunlaşdırılaraq dövlət ittihamçısı çıxış etmişdir. Lakin Zərərçəkmiş şəxs mülki iddia ərizəsi məhkəmə çıxışları başlandıqdan sonra, yəni xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə rəsmi qaydada daxil olmuşdur. Göründüyü kimi, mülki iddia ərizəsi qanunla müəyyən edilmiş qaydada vaxtında verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməkdən imtina edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 61 (altımış bir) saata görə 366 (üç yüz altımış altı) manat və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafqi olaraq 16 saylı və Bakı şəhəri “Mərkəz” Vəkil Bürolarının hesablarına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddətin bir günü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X4 məhkəməyədək icraat zamanı iştirak etdiyi 61 (altımış bir) saata görə 366 (üç yüz altımış altı) manat və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altımış) saata görə 360 (üç yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq 16 saylı və Bakı şəhəri “Mərkəz” Vəkil Bürolarının hesablarına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-203/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-203/2020
30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver