Məhkəmə qərarları › İş №1(004)-204/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-204/2020

04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-204/2020 04.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruBəhrəmova Fəridə Tofiq qızı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» kimi tanınan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaretin kağız bükümündə təmiz çəkisi 0,270 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 12:35-də Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 1də evinin qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sol yan cibində saxladığı pul kisəsinin içərisindəki həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamüzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır heç bir yerdə işləmir, təxminən iki il olar ki, narkotik vasitə olan heroin qəbulu ilə məşğul olur, sonuncu dəfə təxminən 30 gün əvvəl narkotik vasitə olan heroindən istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə üzərində aşkar edilmiş narkotik vasitəni isə həmin gün saat 10:30 radələrində «Kubinka» adlanan yerdən adını, anket məlumatlarını və telefon nömrəsini bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manat müqabilində almış, istifadə etmək üçün əynindəki qara rəngli cins şalvarın sol cibinə qoyduğu pul kisəsində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 12:35-də Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi, «Alatava» marketin yaxınlığında Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq 29-cu PŞ-nə geiməyi təklif etmiş, o etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis əməkdaşlarının müşayiəti ilə Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə getmişdir. Orada təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmaqla üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilərək bu məqsədlə üzərində aparılacaq şəxsi axtarış zamanı iştirak etmək üçün «Mərkəz» vəkil bürosunda fəaliyyət göstərən növbətçi vəkillərin siyahısı təqdim olunmuş, bununla əlaqədar o ərizə yazaraq xahiş etmiş ki, siyahıda adları göstərilən istənilən vəkili dəvət etsinlər. Polis əməkdaşları vəkili dəvət etmiş və vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı polis əməkdaşları ona üzərində hər hansı qanunsuz əşya varsa könüllü surətdə təqdim etməyi təklif etmiş, buna cavab olaraq o əynində olan qara rəngli cins şalvarın cibində olan pul kisəsinin içərisindəki 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə olan narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına könüllü olaraq təqdim etmiş, bu barədə polis əməkdaşları soruşduqda həmin maddənin narkotik vasitə heroin olduğunu, xx xxxx 2020ci il tarixdə saat 10:30 radələrində «Kubinka» adlanan yerdən adını anket məlumatlarını və telefon nömrəsini bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manat müqabilində aldığını demişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm, müdafiəçinin iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, o da müdafiəçi ilə birlikdə həmin sənədləri imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir təzyiq göstərilməmiş, narkoloji və psixo-nevroloji dispanserdə qeydiyyatda deyil, narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış, həmin narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir və qara rəngli cins şalvarının sol yan cibində pul kisəsinin içərisində saxlamış, əvvəllər qəbul etmək məqsədilə narkotik vasitə heroini haradan əldə etməyini xatırlamamışdır. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, ədavət və düşmənçilik olmamışdır. xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi barədə daxil olmuş məlumatın yoxlanılması üçün xx xxxx 2020-ci il tarixdə ondan və iş yoldaşı sahə inspektoru polis kapitanı Şahid2 ibarət əməliyyat qurupu təşkil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 12:35-də ünvan 1-də evinin qarşısında saxlanılmış, ondan narkotik vasitə istifadə edib-etməməsi barədə soruşduqda o səmimi etiraf edərək narkotik vasitə aludəçisi olduğunu demişdir. Onun üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitənin olmasına əsaslı şəkildə şübhələr olduğundan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşdirərək özləri ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. Həmçinin həmin şəxsi Yasamal RPİ-nin 29-cu PŞ-nə aparıb təhqiqatçıya təhvil verib üzərində şəxsi axtarış və götürmə aparılan anadək onu nəzarətsiz buraxmayaraq daim müşayət etdikləri üçün o üzərlərində olan narkotik vasitəni ata bilməmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında təhqiqatçı, polis polkovnik-leytenantı Rahid Xanlarov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, əməliyyat qrupunun tərkibində olan digər polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil Ramiz Mirzəyevin müdafiəçi qismində iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs buna cavab olaraq əynindəki qara rəngli cins şalvarının sol yan cibində saxladığı pul kisəsinin içərisindəki 01 (bir) ədəd siqaretin gümüşü kağız bükümündə olan narkotik vasitə heroini otaqdakı masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamış, ondan qeyd olunan narkotik haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə saat 10:30 radələrində «Kubinka» adlanan yerdən adını anket məlumatlarını və telefon nömrəsini bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manat müqabilində aldığını və özü ilə gəzdirdiyini, həmin gün 12:35-də yaşadığı evin qarşısında saxlanıldığını bildirmişdir. Aşkar olunmuş həmin 01 bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, onun müdafiəçisinin, axtarışda iştirak edən polis əməkdaşının, həmçinin onun iştirakı ilə zərfə qoyulub qablaşdırılmaqla 169 N-li möhürlə möhürlənib götürülmüş, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs imza etmişdir. O da hamı kimi həmin protokolu və zərfi imzalamışdır. Şəxsi axtarış zamanı, habelə protokol tərtib edilərkən heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Yasamal rayonu, 2-ci Alatava, ev 22 “X” ünvanında yaşayır, 4 övladı var, digər övladları ailə həyatı qurub evdən çıxıb o, isə hazırda yaşadığı ünvanda Elsevərlə birlikdə yaşayır. Elsevər iki ildir ki, narkotik vasitə istifadə etsə də həmin narkotik vasitələrin satışı ilə məşqul olmur, Elsevərə dəfələrlə “gedək müalicə al” demiş, lakin o, getməmiş, onun tövsiyyələrinə etiraz etməklə evdən çıxıb getmiş axşam evə dönmüşdür. xx xxxx 2020-ci il tarixdə Elsevər yenə də narkotik almış üzərində gəzdirmiş ki, bədəni tələb edən zaman istifadə etsin, lakin həmin gün 29-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və üzərindən narkotik vasitə çıxmışdır. O, bu barədə Elsevərin özü ilə onun saxlanıldığı Bakı istintaq təcridxanasında istifadə edilən telefonla evdə istifadə etdiyi ***- ***-**-** saylı ev telefon nömrəsi ilə danışan zaman bilmişdir. Həmçinin o, Elsevərin narkotik vasitəni kimdən alması barədə heç bir şey bilmədiyini, Elsevərin onun yanında narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli 6/320 №saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «saxlanılan şəxs Təqsirləndirilən şəxs» sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,270 qr. olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2020-ci il tarixli 1102 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop mad-də-lərin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında gös-tə-rilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bununla da, hazırkı vaxtadək Təqsirləndirilən şəxs 05 ay 08 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli,şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən “həbsdə” saxlanıldığı 05 ay 08 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 01 ay 14 gün (iki il bir ay on dörd gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 109,90 manat (yüz doqquz manat 90 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,220 qram narkotik vasitə olanheroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X2 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar