Məhkəmə qərarları › İş №1(004)-204/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-204/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-204/2023 19.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 24 oktyabr 2022-ci il tarixdə axşam saatlarında “Kubinka” adlanan yerdə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,855 qram narkotik vasitə olan heroini 20 manat pul müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümdə alıb əldə edərək üzərində saxlamaqla yaşadığı ünvan 2 ünvanına daşımış, 25 oktyabr 2022-ci il tarixdə saat 11:10da Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı ünvan 2 ünvanının qarşısında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün həmin polis bölməsinə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,855 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitə heroindən istifadə edir. 24 oktyabr 2022ci il tarixdə axşam saatlarında “Kubinka” adlanan yerə getmiş və narkotik vasitə satıcısı kimi üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb ona yaxınlaşaraq narkotik vasitə kakos lazım olduğunu bildirmişdir. Həmin şəxsdən 20 manat müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir ki, sonra istifadə etsin. Axşam vaxtı yaşadığı evdə heroindən çox az istifadə etmiş və qalan hissəsini şalvarının sağ yan cibinə qoymuşdur. Ertəsi gün, yəni 25 oktyabr 2022-ci il tarixdə saat təxminən 11:10 radələrində yaşadığı H.Cavid prospekti ev 44/66 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və bildirmişlər ki, Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşlarıdır. Narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğumu bildirib onu Yasamal RPİ-nin 27-ci PB-yə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 27-ci PB-nin inzibati binasına getmişdir. 27ci Polis Bölməsində ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 27-ci PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşları, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələrim izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmiş və müdafiəçinin iştirakı ilə qərarla tanış olub onu imza etmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçimin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı, 01 ədəd şəffaf rəngli sellofan bükümdə içində narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 01 ədəd şəffaf bükümü açdıqda içində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd şəffaf rəngli büküm içərisindəki kakos maddəsi ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzərinə möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Narkotik vasitə heroini heç kimə satmamışdır, heç kimə də bağışlamamışdır. Daha sonra özünü təqsirli bilərək, əməlindən səmimi peşman olmasını və xroniki vərəm xəstəsi olmağını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün PB-nin rəhbərliyindən icazə alınmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 25 oktyabr 2022-ci il tarixdə saat 11:10 radələrində Yasamal rayonu, H.Cavid prospekti ev 44/66 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə əlaqədar Yasamal RPİ-nin 27-ci PB-ə gəlmək təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə PB-nin inzibati binasına gəlmişdir. Bundan sonra otaqların birində Fazilə özünü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etmiş və sonra Fazilin narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olması bildirilərək təhqiqatçı tərəfindən müdafiəçi seçmək hüququ izah edilmiş, vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli, şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükümü çıxararaq masanın üzərinə qoymuş. 01 ədəd şəffaf sellofan büküm açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümün içində olan maddə narkotik vasitə heroindir, 25 oktyabr axşam saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul müqabilində öz istifadəsi üçün almışdır və 26 oktyabr saat 11:10 radələrində polis əməkdaşları tərəfindən Yasamal rayonu, H.Cavid prospekti ev 44/66 ünvanının qarşısında saxlanılmışdır. Aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış, “Zərflər üçün 168” möhürü ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun analoji ifadə verərək, onun dediklərini təsdiq etmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 80-82-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsini icra edən Rəşadət Orucovun 26 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, və o, dərhal saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmiş. Cinayət işinin 83-85-ci vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6176 №-li məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 168” dairəvi möhür əksi, “vət.şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, müdafiəçi imza, iki imza...Tərtib etdi: təhqiqatçı N.Seyidzadəimza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 0,855 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil etmişdir. Cinayət işinin 110-117-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,855 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınmaqla ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,805 qramı məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir, 01 (bir) ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 6746 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 88-90 və 92-95-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon xalq məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-in 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib barəsində 02 il müddətinə islah işləri cəzası təyin edilmişdir. Bundan başqa, Yasamal rayon xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan SSR CM-in 226-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.1999-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, barəsində Yasamal RPİ-də Azərbaycan SSR CM-in 93-3-cü maddəsinin 3-cü hissəsi ilə olan cinayət işi məhkəməyə göndərilmişdir. Bundan başqa, Yasamal rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 238.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2004-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Yasamal rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə AR CM-in 76.3.1-ci maddəsi ilə cəzasının çəkilməmiş 01 ay 10 gün çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vərəmli məhkumlar üçün X1 verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ağciyər vərəmi xəstəliyi müşahidə olunur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında həmin bölmənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümün içində olan maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə axşam saatlarında “Kubinka” adlanan yerdə 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və xx.xx.2022-ci il tarixdə saat 11:10 radələrində polis əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanıldığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək, əməlindən səmimi peşman olmasını, yaşlı olmasını və ağciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 25 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X3nın xx.xx.2022-ci il tarixli, 6746 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,805 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 92 (doxsan iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək 01 (bir) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,805 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar