Məhkəmə qərarları › İş №1(004)-205/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-205/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-205/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin nümayəndəsi: Nümayəndə Təqsirləndirilən şəxs: xx.xx.1978-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə, saat 14:25 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti ilə Tibilisi prospektinin kəsişməsi, H.Zərdabi prospekti 96 ünvanında yerləşən Respublika Ailə Sağlamlıq Mərkəzinin giriş qapısının yan tərəfindəki səkinin üzərində mobil telefonla danışan Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncuya nə üçün həmin yerdə dayanıb mobil telefonla danışması, yanında olan avtomobil ehtiyyat hissəsinin nədən ibarət olması kimi «yersiz» suallar verib söyməklə mübahisə edərək səs-küy salıb, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər edərək ətrafda olan insanların narahatçılığına əsas olan, istirahətlərinin müəyyən müddət pozulması, yol ilə hərəkət edən avtomobillərin hərəkətlərinə mane olması ilə müşayiət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs zor tətbiq edib üzərində olan silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşicı xassəyə malik olan turist bıçağı ilə qəsdən vuraraq ona sol bud nahiyyəsində bir ədəd, sol sağrı nahiyyəsində iki ədəd deşilmiş-kəsilmiş yaraları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid, həmçinin əl zərbəsi ilə vuraraq sağ gicgah nahiyyəsinin şişkinlik halında əzilməsi ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “XİAOMİ S2” markalı mobil telefonunun ekranını zədələyib ona 150 manat dəyərində maddi ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, hazırda ailəsi ilə birlikdə Yasamal rayonunda yaşayır. 21 yanvar 2022-ci il tarixdə evdən çıxıb iş axtarmaq üçün 20 yanvar metrosundan Tbilisi prospekti istiqamətinə doğru hərəkət edirmiş. Yolda tərk edilmiş halda salafana bükülmüş radiatr olduğunu görmüş, maddi imkanları zəif olduğuna görə düşünmüşdür ki, satıb pul qazanar. Radiatrı götürüb gedirmiş ki, bir nəfər əvvəllər tanımadığı, sonradan adının Nurlan olduğunu bildiyi şəxs onu arxadan çağırmışdır. Radiatrı hara apardığını soruşmuş, əşyanın ona məxsus olduğunu deyərək onunla kobud şəkildə danışıb onu söymüşdür. Bu zaman ətrafda tanımadığı çoxlu sayda insanlar olmuşdur. Həmin vaxt o, sərxoş olduğuna görə meyvə və sair kəsmək üçün üzərində cibində saxladığı bir ədəd qatlanıb açılan kiçik ölçülü bıçağı cibindən çıxarıb sağ əli ilə bıçağın dəstəyindən tutub həmin tanımadığı şəxsin üstünə gedib xatırladığı qədərincə 3 dəfə sonuncunun sol bud nahiyəsindən vurmuşdur. Həmçinin o, qeyd edilən şəxsin bədəninin müxtəlif nahiyələrindən əl və ayaq zərbələri ilə vurmuşdur. Bu zaman ətrafda olan insanlardan bir nəfər, əvvəllər tanımadığı, təxminən 20 yaşlı kişi cinsli şəxs ora yaxınlaşaraq, onun hər ikisini intizama dəvət edib aralaşdırmaq istədiyi zaman, onun bıçaqla xəsarət yetirdiyi şəxs həmin şəxsi də söymüş, bu səbəbdən də qeyd edilən tanımadığı şəxs sonuncuya xəsarət yetirmədən sağ əli ilə itələyərək niyə söyüş söydüyünü, özünün onları aralamaq istədiyini bildirib bir kənara çəkilmişdir. Sonra o, özü də sakitləşib kənara çəkilmişdir. Hadisə yerində olan şəxslərin köməkliyi ilə bıçaqla vurduğunu, sonradan adı ona Nurlan kimi məlum olan şəxs oradan tibb müəssisəsinə yola salınmışdır. O, araşdırma zamanı cinayət əməli törədərkən istifadə etdiyi bıçağı könüllü olaraq təhqiqata təqdim etmişdir. Əlavə olaraq, hadisə vaxtı ətrafda çoxlu sayda insanlar olmuş, həmin şəxslər, yəni təxminən 10-15 nəfər dayanıb münaqişəyə tamaşa etmişlər. Sonradan adını bildiyi Nurlan adlı şəxsə xəsarət yetirməkdə hər-hansı bir məqsədi olmamışdır. Sadəcə olaraq o, sərxoş olduğu üçün öz hərəkətlərinə «nəzarət» edə bilməmişdir. Əməlindən səmimi peşman olmağını, ailəli olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə saat 14 radələrində qohumu Pərvizin xahişi ilə sonuncuya avtomobil üçün radiator almaq məqsədi ilə tək olaraq Xırdalan şəhərindən Bakı şəhəri Yasamal rayonu «20 YANVAR» dairəsi ərazisinə gəlmişdir. O, həmin ərazidən Pərvizin avtomobili üçün 200 manata radiator alıb, radiatoru sonuncuya çatdırmaq üçün taksi sifariş etmək istəmişdir. Bu zaman o, «20 YANVAR» dairəsində, Respublika Ailə Sağlamlıq Mərkəzinin giriş hissəsinin yan tərəfində yerləşən səkinin üzərində dayanıb taksi sifariş etmək üçün mobil telefonu ilə danışarkən bir nəfər tanmadığı kişi cinsli, təxminən 40-45 yaşlı şəxs ona yaxınlaşıb, ona «yersiz» suallar verməyə başlamışdır. O, həmin şəxsin sərxoş olduğunu sonuncunun ağzından spirtli içki qoxusu gəlməsindən hiss etmişdir. Belə ki, həmin şəxs ondan kiminlə mobil telefonla danışdığını, həmin avtomobil radiatorunun nədən ibarət olduğunu ondan soruşduğu üçün o, sonuncunun «yersiz» suallar verdiyini başa düşmüşdür. Bu zaman o, həmin şəxsdən onu narahat etməməsini xahiş etmişdir. Həmin vaxt kənardan ora yaxınlaşan digər bir tanımadığı kişi cinsli, təxminən 20-25 yaşlı şəxs ondan həmin şəxslə nə üçün mübahisə etdiyini soruşub ona bu barədə irad tutmuş, həmçinin onu əlləri ilə geri itələmişdir. Elə bu zaman ilk olaraq ona yaxınlaşan şəxs üzərində olan əlamətlərini görmədiyi bıçaqla onun üstünə hücum etmiş, həmçinin onların hər ikisinin ünvanına nalayiq ifadələr işlətmişlər. O, özünü müdafiə etmək üçün divara söykənən zaman əlində bıçaq olan şəxs bıçaqla onun sol ayağından 3 dəfə bir- birinin ardı ilə zərbə vuraraq ona xəsarət yetirmişdir. Həmçinin ikinci olaraq ora yaxınlaşan şəxs isə yumruqla onun sağ sifət nahiyəsinə, həmçinin burun nahiyəmə, bundan başqa bədəninin xatırlamadığı nahiyələrinə bir neçə dəfə yumruqla zərbələr vurmuşdur. Həmçinin onu bıçaqla vuran şəxs daşın üzərində olan avtomobil radiatorunu götürüb kənara atmışdır. Ona məxsus olan «XİAOMİ S2» markalı mobil telefonu isə münaqişə vaxtı cibində zədələnərək ekranı çatlamışdır. Sonra həmin şəxs yenə də əlində olan bıçaqla onun üstünə hücum edərək onu nalayiq ifadələrlə təhqir etdikdə o, yaxınlıqda olan avtomobilin ətrafında dövrə vuraraq özünü müdafiə etmişdir. Sonra ora yaxınlaşan polis əməkdaşı həmin şəxsləri polis bölməsinə aparmış, onu isə ilkin tibbi yardım almaq üçün Bakı şəhəri KTM-ə müraciət etmişdir. Ona KTM-də ilkin tibbi yardım göstərilmiş və o, evə buraxılmışdır. O hadisə barədə qohumu Pərvizə məlumat vermiş, hadisə nəticəsində ona məxsus olan «XİAOMİ S2» markalı mobil telefonun ekranının sınmasına görə ona 150 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsini məhkəmənin mülahizəsinə uyğun həll edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi vəzifəsində polis mayoru xüsusi rütbəsi ilə xidmət edir. 21 yanvar 2022-ci il tarixdə saat 14:30 radələrində o, Yasamal rayonu Tbilisi prospekti ilə H.Zərdabi prospektinin kəsişməsində yerləşən Respublika Ailə Sağlamlıq Mərkəzinin yaxınlığında xidmətdə olarkən həmin əraziyə çoxlu sayda insanların toplaşdığını, avtomobillərin hərəkətinin qismən məhdudlaşdığını görmüşdür. Bu zaman o, həmin yerə yaxınlaşdıqda sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs adlı şəxsin sol ayaq nahiyəsindən bıçaqlandığını bilmişdir. Bu zaman o, həmin şəxsin bir qədər əvvəl mübahisə etdiyi digər şəxsin - sonradan adı məlum olan Təqsirləndirilən şəxs da orada olduğunu görmüşdür. Belə ki, bu barədə ona Zərərçəkmiş şəxs bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs digər bir şəxsin də ona zor tətbiq edərək vurduğunu ona bildirmişdir. Həmin şəxsin adı isə ona sonradan X1 məlum olmuşdur. O, hadisənin necə və ya hansı şəraitdə baş verməsini görməsə də, dərhal həmin iki nəfər şəxsin yəni, Təqsirləndirilən şəxsla, X5 RPİ-nin 29-cu PŞ-yə aparılmasını təmin etmişdir. Bundan başqa, hadisə vaxtı xəsarət almış Zərərçəkmiş şəxs də aldığı xəsarətlərlə bağlı KTM-ə aparılması təmin edilmişdir. Hadisə vaxtı o, Zərərçəkmiş şəxs bədən səthində yalnız sol ayaq nahiyəsində bıçaq və üz nahiyəsində şişkinlik kimi xəsarət olduğunu xatırlayır. Həmçinin hadisə yerində olan Zərərçəkmiş şəxs məxsus olan avtomobil radiatorunun onun özünə qaytarılması üçün tədbir görülmüşdür. Əlavə olaraq ifadəsində qeyd etmişdir ki, o, hadisə vaxtı oraya toplaşan şəxslərdən heç birini tanımır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur. Zərərçəkmiş şəxs anası ilə birlikdə Xırdalan şəhərində yaşayır. Onun avtomobilinin radiatoru xarab olduğu üçün 21 yanvar 2022-ci il tarixdə o, dayısı oğlu Nurlandan xahiş etmişdir ki, Bakı şəhəri Yasamal rayonu Tibilisi prospektində yerləşən işlənmiş avtomobil hissələrinin satışı dükanından bir ədəd «BMW» markalı avtomobilin radiatorunu alıb Bakı şəhəri Nərimanov rayonunda yerləşən avtotəmir sexinə onun üçün gətirsin. Nurlan da həmin gün, günorta saatlarında göstərilən yerdən qeyd edilən bir ədəd 200 manat dəyərində «BMW» markalı avtomobil üçün işlənmiş radiator aldığını ona telefon vasitəsi ilə bildirmişdir. Təxminən 40-45 dəqiqə sonra, yəni saat 15 radələrində Nurlan mobil telefonu ilə onun mobil telefonuna zəng edərək «20 YANVAR» dairəsi ərazisində bıçaqlandığını, hazırda Bakı şəhəri KTM- ə aparıldığını bildirmişdir. O, isə təcili qeyd edilən tibb müəssisəsinə getmiş, orada ona məlum olmuşdur ki, Nurlan sol ayağından 3 ədəd bıçaq yarası, həmçinin sağ gicgah nahiyəsindən şişkinlik kimi bədən xəsarətləri almışdır. Tibbi yardımdan sonra Nurlan evə buraxılmışdır. Həmin vaxt Nurlan ona bildirmişdir ki, sonuncu radiatoru alıb taksi sifariş vermək üçün «20 YANVAR» dairəsindəki körpünün kənarında - səkinin üzərində dayanan zaman əvvəllər tanımadığı, bir nəfər kişi cinsli, təxminən 40-45 yaşlı şəxs sərxoş vəziyyətdə ona yaxınlaşıb, «yersiz» suallar verərək onunla səbəbsiz olaraq mübahisə etmiş, həmçinin kənardan onlara yaxınlaşan digər bir tanımadığı 20-25 yaşlı kişi cinsli şəxs də onunla mübahisə etmiş, həmin vaxt ilk olaraq oraya yaxınlaşmış şəxs bıçaqla Nurlanın sol ayağına 3 dəfə vuraraq xəsarət yetirmiş, həmçinin sonradan gələn kişi cinsli 20-25 yaşlı şəxs də yumruqla Nurlanın müxtəlif nahiyələrindən vuraraq ona bədən xəsarəti yetirmişdir. Həmçinin hadisə nəticəsində Nurlana məxsus olan «XİAOMİ S2» markalı mobil telefonun ekranı sınaraq yararsız vəziyyətə düşmüşdür. Lakin ona məxsus olan radiator isə zədələnmədən işlək vəziyyətdə olmaqla Nurlan tərəfindən özünə qaytarılmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 3/60 saylı, 30.03.2022-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol bud nahiyyəsində bir ədəd, sol sağrı nahiyyəsində iki ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, sağ gicgah nahiyyəsinin şişkinlik halında əzilməsi isə küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 21.01.2022ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə, sol budun, bir ədəd, sol sağrının iki ədəd deşilmişkəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ gicgah nahiyyəsinin şişkinlik halında əzilməsi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 221.3-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli hökmünə əsasən CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin cəzasını çəkib qurtarmadan Ağcabədi Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən təqsirli bilinərək 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində 25.01.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23.01.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Yasamal Rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd turist bıçağı məhv edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il 6 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23.01.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Yasamal Rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar