Məhkəmə qərarları › İş №1(004)-205/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-205/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-205/2023 11.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, X21 küçəsi, ev 40 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqınla" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarlarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə uzaq qohumu Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Hərbi prokurorluğunda sonuncunun oğlu Mayis Atluxanov barəsində istintaqı aparılan cinayət işinin icraatına xitam verilməsinə köməklik edəcəyinə yalan vəd verib aldadaraq 2019- cu ilin sentyabr ayında Bakı şəhəri "ünvan 3 ünvanda yerləşən “Şərq və Qərb kafesi” adlı restoranda Zərərçəkmiş şəxsla görüşüb 9.000 manat pulunu ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, qohumu Zərərçəkmiş şəxs övladı Mayis Atluxanov barəsində Bakı Hərbi Prokurorluğunda başlanmış cinayət işinə xitam verilməsi məsələsinə köməklik göstərməyini ondan xahiş edən zaman bu məsələni Sumqayıt Şəhər Polis İdarəsinin XTB-nin bölük komandirinin müavini vəzifəsində xidmət etmiş tanışı X6 vasitəsi ilə həll edə biləcəyini ehtimal edərək köməklik göstərəcəyinə söz vermişdir. 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs, onun oğlu Mayis Atluxanov, qohumu Şahid1 ilə Sumqayıt şəhərində görüşmüş, onlar məsələ ilə bağlı köməklik göstərməyini xahiş edərək bu iş üçün 9000 manat pulunun olduğunu demişlər. 2019-cu ilin sentyabr ayının sonlarında Vidadi və Tacir Bakı şəhərinə gələrək onunla telefon əlaqəsi yaradıb Bakı şəhərinə gəlib Yasamal rayonu ərazisində "ünvan 4 ünvanında fəaliyyyət göstərən “Şərq və Qərb kafesi” adlı restoranda onunla görüşmüşlər. Həmin görüşdə 9000 manat pulu Tacir ona vermişdir. O, məsələ ilə bağlı X6 ilə telefon əlaqəsi yaratmağa çalışmış, lakin bu mümkün olmamışdır. Daha sonra onun tanışı Orxan Əliyev kimi tanıdığı şəxsin əlaqə vasitələrini öyrənməyə çalışsa da müsbət nəticə əldə edə bilməmişdir. Belə olan halda Mayıs Bakı hərbi prokurorluğuna çağırıldığı üçün onunla görüşmüş, o da ona məsələnin müsbət həll olunacağını, prokurorluğa getməsini bildirmişdir, çünki fikirləşmişdir ki, məsələni özü həll edər. Mayısdən xəbər çıxmadığını görüb narahat olmuş, hərbi prokurorluğa getmiş və məsələnin həll olunması üçün orada çalışsa da, ona bildirmişlər ki, Mayıs həbs edilərək Nərimanov RPİ-nin MSY-yə yerləşdirilmişdir. Sonradan öyrənmişdir ki, Tural Həsənov müxtəlif şəxslərin böyük məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirərək ölkə ərazisini tərk etmişdir. Sonrakı dövrdə o, pulu Tacirə qaytarmağı qərarlaşdırsa da, onların rayonda olması səbəbindən bu məsələ bir qədər uzanmışdır. Eyni zamanda həmin dövrdə maliyyə çətinlikləri olduğu üçün pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləmişdir. Polis orqanına aparılan İlkin araşdırma dövründə o, 2000 manat, hazırda isə qalan 7000 manat hissəsini toplayaraq onlara istintaq orqanında geri qaytarmışdır. Hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu iyul ayında oğlu Mayis Atluxanov hərbi xidmətdən qayıtmışdır. Mayis Atluxanov hərbi xidmətdən qayıtdıqdan sonra onun barəsində Bakı hərbi prokurorluğunda cinayət işi başlanmışdır. X15 barəsində cinayət işi başlandığını bilib onun işini həll etməsi üçün tanışlar axtarmağa başlamışdır. Qohumları ilə əlaqə saxlayıb Mayisin barəsində cinayət işi başlanması barədə məlumat vermişdir. O cümlədən xalası oğlu Şahid1 da bu barədə bildirmişdir. O da Sumqayıt şəhərində yaşayan qohumu Təqsirləndirilən şəxs bu barədə bildirmişdir. Təqsirləndirilən şəxs da onunla görüşüb söhbət etməyi bildirmişdir. Şahid1 və Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. 2019-cu ilin sentyabr ayında o, oğlu Mayis Atluxanov, qohumu Şahid1 birlikdə Sumqayıt şəhərinə gedib orada Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxtda orada Təqsirləndirilən şəxsla apardıqları söhbət zamanı X15 barəsində olan cinayət işinin icraatına xitam verilməsinə əlaqələrindən istifadə edərək köməklik edə biləcəyini, heç bir problem olmadığını, lakin buna görə müəyyən məbləğdə pul lazım olacağını, pulun miqdarını öyrənərək növbəti günlərdə ona bildirəcəyini demişdir. Dörd gündən sonra Elvin Vidadi ilə telefonla əlaqə saxlayaraq işin həlli üçün 12000 tələb olunduğunu, lakin xahişi ilə məbləği 9000 manata endirdiyini, tez bir zamanda pulu ona çatdırmaqlarını istəmişdir. Təqsirləndirilən şəxs oğlu Mayis Atluxanov barəsində cinayət işinə xitam verilməsi işini həll edəcəyinə inandığı üçün Təqsirləndirilən şəxs həmin miqdarda pulu hazırlayıb verəcəyini demişdir. Özünə məxsus olan avtomobili satıb 9000 manat pul əldə etmişdir. 2019-cu ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxsla əlaqə saxladıqda onları Bakı şəhərinə dəvət etmişdir. O, Vidadi ilə birlikdə Bakı şəhərinə gəlib Yasamal rayonu ərazisində "ünvan 4 ünvanında fəaliyyyət göstərən “Şərq və Qərb kafesi” adlı restoranda Elvinlə görüşərək hər üçünün olduğu şəraitdə 9000 manat pulu Elvinə vermişdir. Təqsirləndirilən şəxs pulu götürüb, oğlu Mayis Atluxanov barəsində başlanmış cinayət işinə xitam verdirəcəyini, heç bir problem olmayacağını bildirərək onları arxayın etmişdir. Bundan təxminən 1 ay sonra Bakı hərbi prokurorluğundan onlara heç bir zəng gəlməmişdir. 23 oktyabr 2019-cu il tarixdə böyük oğlu Mahirin mobil telefonuna zəng gəlmiş və zəng edən şəxs özünü Bakı hərbi prokurorluğunun müstəntiqi, Anar Nəsibov kimi təqdim edib, Mayisin istintaqa gəlməsini bildirmişdir. Oğlu Mayis dərhal Təqsirləndirilən şəxs zəng edib, onu istintaqa çağırılmasını, nə məsələ olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir problem olmadığını bildirmişdir. 28 oktyabr 2019-cu il tarixdə oğlu Mayis Bakı şəhərinə gəlib hərbi prokurorluğa getmiş, hərbi prokurorluqda onun barəsində başlanaraq istintaqı aparılan cinayət işi üzrə tutulmuşdur. Mayisin həmin gün tutulduğunu bilib Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs yenə də ona heç bir problem olmayacağını, 48 saatdan sonra X15 buraxdıracağını bildirmişdir. Oğlu Mahirdə həmin vaxt Təqsirləndirilən şəxsla Bakı şəhərində görüşmüş, Təqsirləndirilən şəxs Mahirə rayona qayıtmasını və Maiysin işini həll edib buraxdıracağını demişdir. Lakin Mayis buraxılmamış və barəsində həbs qətimkan tədbiri seçilib Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Bundan sonra o, dəfələrlə mobil telefonla Təqsirləndirilən şəxsla danışıb ya işi görməsini ya da pulu qaytarmasını tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs hər dəfə ona və oğlu Mahirə müxtəlif bəhanələr gətirib pulu qaytarmamışdır. Oğlu Şahid2 Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazandan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ondan aldığı 9000 manat pulu qaytarmışdır. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Atluxanov X4 Elvin Əkdər oğlu ilə aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı yuxarıda göstərilən məzmunda olan ifadəsində göstərdiyi halları və tam təsdiq etmiş, sonuncu da törətdiyi əməlini etiraf etmişdir (1-ci cild, səh. 234-237). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Hərbi prokurorluğunda istintaq edilmiş Şahid2 və X7 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 332.1, 332.2.2. və 332.2.3- cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktının surətindən görünür ki,həmin cinayət işi xx.xx.2019-cu ildə X8 barəsində başlanılmış, həmin tarixdə də istintaqın aparılması üçün Bakı hərbi prokurorluğuna göndərilmiş, xx.xx.2019-cu il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmiş, xx.xx.2019-cu il tarixdə X8 müstəntiq X9 tərəfindən şübhəli şəxs qismində tutulmuş və xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona 182.2.1, 182.2.2, 332.1, 332.2.2. və 332.2.3-cü maddələri ilə ittham elan edilmiş və barəsində Bakv hərbi məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild, səh. 21-37). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin «X10» sistemində qeydiyyat barədə 05.12.22-ci il tarixli 020-20444- 1222 nömrəli məlumatdan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü X11 xx.xx.2018-ci il tarixdə saat 22:32:44-də “Qırmızı Körpü DSBM”-dan Gürcüstan Respublikasına çıxmaqla Azərbaycan Respubliasının sərhəd hüdudlarını tərk etmişdir. Azərbaycan Respublikasına Daxil olması barədə məlumat yoxdur (2-ci cild, səh. 6) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, səh. 100). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan məlumatlara məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** və Şahid2 istifadəsində olmuş ***-***-**-** simkar nömrələri ilə **********- 519062233 2019-12-01-19:21:54-151, **********-519062233 2019-12-02-11:42:12-38, **********-519062233 2019-12-02-13:51:03-23 tarixlərdə Təqsirləndirilən şəxs atası X3 zənglər olunmuşdur. Təqsirləndirilən şəxs ********* simkart nömrəsi ilə atası Əkdər Ramazanova məxsus ********* simkart nömrəsi arasında mütəmadi əlaqə saxlamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-dən istintaqa daxil olmuş, yuxarıda göstərilən hadisəyə aid məlumatları özündə əks etdirən 1 ədəd CD disk elektron maqnit məlumat daşıyıcısı obyektiv həqiqəti təsdiq etdiyindən iş üzrə tərəfimdən xx.xx.2022-ci İtarixli qərara əsasən maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır (2-ci cild, səh. 14-28). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Şahid2 yazdığı qəbzdən görünür ki, Təqsirləndirilən şəxsdan 2000 manat pulu təhvil almışdır (1-ci cild, səh. 102) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş 9000 manat pulun 2000 manatını ilkin araşdırma zamanı ödəmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs anası X5 ona 7000 manat da ödənilmişdir. Ona vurulmuş 9000 manat maddi ziyanı tam şəkildə ödənildiyini və Təqsirləndirilən şəxs ilə barışdığı üçün onunla bağlı heç bir şikayət və tələbi yoxdur (1-ci cild, səh. 238). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində Yasamal Rayon 27-ci polis bölməsinə könüllü olaraq gəlmiş və Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Başqa yerə getməmək haqqında” iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək məhkəmə zalından azad olunmuş və həmin tarixdə də müstəntiq Vüsal Hadıyev tərəfindən onun barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirin seçilmişdir (1-ci cild, səh. 246-249). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə arasında yaranan mübahisə hal hazırda aradan qaldırılmışdır. Təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 16302 nömrəli "Kapital Bank” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2253,00 manat məbləğində pul Maliyyə Nazirliyi - X1 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 1(004)-205/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqınla” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar