Məhkəmə qərarları › İş №1(004)-206/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-206/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-206/2020 18.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Şuşa rayonu, Xanalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində inşa edilmiş yeni tikilidə yaşayan və “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxsözgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində rəsmi olaraq satıcı işlədiyi ünvan 1 ünvanında yerləşən «xxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus mağazanın iş vaxtının tamamlanmasından istifadə edərək tamah niyyəti ilə mobil telefon və aksessuarların satışı şöbəsində olan piştaxtanın aşağı rəfindən hər birinin qiyməti 280 manat olan 7 ədəd 2-ci seriyaya məxsus «Apple AirPods» markalı «A2031, A2032 və A1602» modelli mobil telefon qulaqcıqlarını gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs «xxxxxxxxxxxxxxxxx» MMC-yə ümumilikdə 1960 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək müqavilə əsasında rəsmi qaydada «xxxxxxxxxxxxxxxxx» MMC-nin ünvan 2 ünvanında yerləşən mağazasında satıcı işləmişdir. Bundan əvvəl isə, yəni 2019-cu ilin sentyabr ayında yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində «Playstation» oyun klubu açarkən maddi imkanı az olduğundan məcbur olub bir neçə tanışlarından 12000 manat miqdarda borc pul almışdır, lakin sonradan klubu bir neçə ay işlətsə də, ziyana düşdüyündən klubu bağmalı olduğundan tanışlarına olan borcunu qaytara bilməmişdir. Xeyli vaxt iş axtardıqdan sonra xx.xx.2020-ci il tarixdə müqavilə əsasında «xxxxxxxxxxxxxxxxx» MMC-nin ünvan 3 ünvanında yerləşən mağazasında satıcı kimi işə qəbul olunmuşdur. İşə qəbul olandan sonra fikirləşirmişdir ki, alacağı aylıq zəhmət haqqının bir hissəsini tanışlarına olan borcunu hissə-hissə qaytarar. Lakin həmin tanışları ondan pullarını dərhal qaytarmağını tələb etməyə başlamış və buna görə də, çıxılmaz vəziyyətə düşdüyündən işlədiyi mağazadan kreditlə satış qiyməti 329 manat olan 2-ci seriyaya məxsus “Apple AirPods” markalı A2031, A2032 və A1602 modelli qulaqcıqları oğurlayıb satmaqla bir qədər pul əldə etmək qərarına gəlmişdir. Bu səbəbdən də, xx xxxxxx 2020-ci il tarixdə axşam saat 21 radələrində mağazanın iş vaxtı tamamlandığından işdən çıxmağa hazırlaşarkən özü ilə işə nahar gətirməkdən ötrü yaşadığı evdən götürdüyü sellofan torbanın içərisinə mağazada işlədiyi telefon və aksessuarların satışı şöbəsində piştaxtanın alt rəfindən gizli olaraq 7 ədəd 2-ci seriyaya məxsus “Apple AirPods” markalı A2031, A2032 və A1602 modelli qulaqcıqları götürüb həmin sellofan torbaya yığmaqla oğurlamışdır. Bu kimi oğurluğu edərkən onun bu hərəkətini ətrafda olan işçilər və ya hər hansı bir başqa şəxslər müşahidə etməmişdirlər. Bununla da, həmin qulaqçıqları sellofan torbaya yerldəşdirdikdən sonra mağazada olan paltardəyişmə otağına gəlmiş və orada əynini dəyişdikdən sonra sellofan torbanı içindəki qulaqcıqlarla birlikdə özü ilə götürüb mağazadan çıxaraq getmişdir. Bundan sonra o, həmin gün axşam saatlarında “Neftçilər” metrostansiyasının yeraltı çıxışının yaxınlığında yerləşən mobil telefon satışı mağazasında işləyən əvvəllər tanımadığı və adı sonradan ona məlum olan Rauf adlı satıcıya yaxınlaşmış və guya özü Dubay şəhərindən 7 ədəd 2-ci seriyaya məxsus “Apple AirPods” markalı A2031, A2032 və A1602 modelli qulaqcıqları gətirdiyini bildirib, həmin qulaqcıqların hər birini 200 manata satdığını təklif etdikdə Rauf ona həmin qulaqcıqların hər birini yalnız 160 manatdan ala biləcəyini söyləmişdir. O da, bir qədər tərəddüddən sonra Raufun təklif etdiyi qiymətlə razılaşaraq 4 ədəd qulaqcığı ona satmağa razı olmuşdur. Bu yolla da, oğurladığı həmin qulaqcıqlardan 4 ədədini Raufa təhvil verməklə əvəzində ondan 640 manat miqdarda pulu almışdır. Daha sonra elə həmin vaxt Raufun işlədiyi mağazadan üç mağaza aralıda yerləşən digər mağazaya daxil olmuş və orada da işləyən əvvəllər tanımadığı və adı sonradan ona məlum olan Ruslan adlı satıcıya da eyni olaraq guya özü Dubay şəhərindən 7 ədəd 2-ci seriyaya məxsus “Apple AirPods” markalı A2031, A2032 və A1602 modelli qulaqcıqları gətirdiyini və cəmi 3 ədədinin qalmasını bildirib, həmin qulaqcıqların hər birini 200 manata satdığını təklif etmişdir. Lakin, həmin Ruslan adlı oğlanda bu qiymətlə razılaşmayaraq yalnız həmin qulaqçıqların hər birini 160 manatdan ala biləcəyini bildirmişdir. O da, Ruslanla razılaşaraq özündə olan həmin 3 ədəd oğurladığı qulaqcıqları Ruslana təhvil verməklə əvəzində ondan 480 manat miqdarda pulu almışdır. Bununla da o, Rauf və Ruslan adlı oğlanlara həmin qulaqcıqları işlədiyi mağazadan oğurlamağı barədə bildirməyib, yuxarıdan göstərilən qaydada apardıqları alqı-satqı nəticəsində onlardan cəmi 1120 manat miqdarda pulu əldə edə bilmişdir. Sabahısı gün isə o, əldə etdiyi pulların təxminən yarısını borcunun bir qismini ödənilməsinə, qalan pulları isə öz yaşayışına, yeməyinə və digər xırda tələbatlarına sərf etmişdir. Bundan sonra bir neçə gün ərzində o, mağazaya işə gəlib-getmiş, xx.xx.2020-ci il tarixdə mağazada olan malların hesabatı aparılmış və qulaqcıqların əskik gəlməsi səbəbindən xx.xx.2020-ci il tarixdə mağazanın rəhbərliyi mağazada quraşdırılan müşahidə kameralarının qeydə aldığı görüntülərə baxdıqda onun oğurluq etdiyini müəyyən etmişlər. Buna görə də o, artıq çıxılmaz vəziyyətdə olduğu üçün məcbur olub özü törətdiyi əməli etiraf etmişdir. Bununla bağlı, mağazanın rəhbərliyi vurduğu ziyanın ödəməsini təklif etmişlər, lakin o, maddi vəziyyəti ağır olduğundan, həmçinin oğurladığı həmin 7 ədəd qulaqcıqların satışından əldə etdiyi bütün pulları tamlıqla xərclədiyindən mağazanın ziyanını ödəyə bilməmişdir. Bu səbəbdən də, MMC-nin rəhbərliyi onun hərəkətləri barədə Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə məlumat vermişlər. Hal-hazırda də həmin ziyanı imkanı olmadığından MMC-yə ödəyə bilməmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsininəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxstəqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2015-ci ilin fevral ayından halhazıradək «xxxxxxxxxxxxxxxxx» MMC-də hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Belə ki, xx.xx.2020-ci il tarixdə «xxxxxxxxxxxxxxxxx» MMC-nin Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki 162 ünvanda yerləşən “Yasamal Filialı”-nın müdiri Şahid2 ona zəng edərək bildirmişdir ki, o, bir neçə gün əvvəl mağazada malların qalığına aid sayımhesabat apardıqda aksessuar şöbəsindəki mallardan 7 ədəd 2-ci seriyaya məxsus “Apple AirPods” markalı “A2031, A2032 və A1602” modelli qulaqcıqların əksik gəlməsini müəyyən etmiş və bununla bağlı mağazada quraşdırılmış video kamera görüntülərinə baxdıqda xx.xx.2020-ci il tarixdə saat 21 radələrində mağazanın aksessuar şöbəsində satıcı işləyən Təqsirləndirilən şəxs işdən gedərkən piştaxtanın rəfindən 7 ədəd həmin, yəni hər bir ədədinin şatış qiyməti 329 manat olan 2-ci seriyaya məxsus “Apple AirPods” markalı “A2031, A2032 və A1602” modelli qulaqcıqları götürüb selofan torbaya yığmaqla götürüb oğurlamasını aşkar etmişdir. Bu kimi məsələ və bilavasitə hadisə ozünün səlahiyyətinə daxil olduğu üçün o dərhal həmin filiala gedib özü müşahidə kameralarının videogörüntülərinə baxaraq görmüşdür ki, həqiqətəndə aksessuar şöbəsində əyninə arxa tərəfində ağ rəngli “İrşad” sözü yazılmış qara rəngli köynəkdən ibarət olan forma geyinmiş Təqsirləndirilən şəxs əlindəki sellofan torbaya pistaxtanın arxa tərəfindən olan rəfdən mobil telefon qulaqcıqlarını yığır, sonra isə qulaqcıqları yığdığı selofan torbanı özü ilə götürərək paltardəyişmə otağına gətirib öz əl çantasına qoyaraq işdən çıxıb gedir. Daha sonra o, həmin gün saat 12:30 radələrində Təqsirləndirilən şəxs yanına çağıraraq onu sorğu-sual etdikdə Nurlan həqiqətən də borclu olduğundan həmin tarixdə mağazadan 7 ədəd, hər bir ədədinin satış qiyməti 329 manat olan 2-ci seriyaya məxsus “Apple AirPods” markalı mobil telefon qulaqcıqları oğurladığını və həmin gün bir ədədini 160 matanta satdığını və pulları borcunun ödənilməsinə xərclədiyini etiraf etmişdir. Buna görə də o, «xxxxxxxxxxxxxxxxx» MMC-nin səlahiyyətli nümayəndəsi kimi Təqsirləndirilən şəxs «xxxxxxxxxxxxxxxxx» MMC-nin vurduğu ziyanın ödəməsini təklif etmiş və törədilmiş cinayət barəsində xx.xx.2020-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə məlumat verdiyi üçün orada həmin məlumatına dair şifahi ərizə protokolu tərtib edilmişdir. Bundan sonra, həmin Polis şöbəsində aparılan araşdırma prosesində iştirak etmək üçün o, «xxxxxxxxxxxxxxxxx» MMC-nin direktoru Azad Məmmədov tərəfindən MMC-nin nümayəndəsi kimi təyin edildiyi üçün bu barədə müvafiq məktub əsasında 29-cu PŞ-nə rəsmi məlumat verilmişdir. Sonra aparılan araşdırma zamanı o, hadisə ilə bağlı ifadə vermiş və həmçinin, Təqsirləndirilən şəxs tərəfindən mağazadan oğurlanmış 2-ci seriyaya məxsus “Apple AirPods” markalı A2031, A2032 və A1602 modelli qulaqcıqların eynisindən bir ədədini nümunə kimi təhqiqatçı T.Abdullayevə təqdim etmişdir. Təhqiqatçı T.Abbdullayev də həmin nümunəni təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına təqdim etdikdən sonra onun özünə qeyri qaytarmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxx” MMC-ti tərəfindən həmin mağazada olan mallar kredit şərtləri ilə satılır və buna görə də hər bir malın üstünə müəyyən faizlər əlavə olunaraq kreditlə satış qiyməti bir qədər yüksək müəyyən olunur. Bu səbəbdən də, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 2-ci seriyaya məxsus «Apple AirPods» markalı A2032, A2031, A1602 model simsiz qulaqcıqlarının 1 ədədinin oğurlandığı dövrdə orta bazar qiymətinin 280,00 manat müəyyən edilməsi ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır, ona görə ki, həmin qulaqcıqların pərakəndə satış qiymətləri həqiqətəndə təxminən 280 manat civarındadır. Bu səbəbdən də, 7 ədəd həmin qulaqcıqların Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi nəticəsində MMC-tə vurulmuş maddi ziyanın miqdarının 1960 manat təşkil edilməsinə etirazı yoxdur. Həmin cinayət hadisəsinin törədilməsində Təqsirləndirilən şəxs başqa digər şəxslər iştirak etməmişdir, ona görə ki, videogörüntülərdə yalnız Təqsirləndirilən şəxs özünün tək halda həmin oğurluğu törətməsi əks olunmuşdur. Həmin hadisədən sonra hal-hazıradək olan müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən mağazaya vurulmuş maddi ziyandan cəmi 460 manat ödənilmişdir, qalıq olan 1500 manat isə hal hazıra kimi ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “xxxxxxxxxxxxxxxxx” MMC-nin Yasamal filialının baş meneceri vəzifəsində işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq etməklə bildirmişdir ki, o, 2019-cu ilin fevral ayından «xxxxxxxxxxxxxxxxx» MMC-nin Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 162 ünvanda yerləşən “Yasamal Filialı”-nın baş meneceri vəzifəsində işləyir. Belə ki, işlədiyi filialının mağazasında yerləşən şöbələrində hər ayın 20-də bir qayda olaraq satışda olan malların sayı-hesabatı, yəni inventarizasiyası keçirilməklə malların qalıqları müəyyən edilir. Bununla əlaqədar olaraq, xx.xx.2020-ci il tarixdə mağazada növbəti sayım-hesabat keçirildikdə aksessuarların satışı şöbəsində olan mallardan 2-ci seriyaya məxsus “Apple AirPods” markalı A2031, A2032 və A1602 modelli 7 ədəd qulaqcıqların əksik olması müəyyən olunmuşdur. Buna görə də o, həmin malların hansı şəraitdə yoxa çıxmasının müəyyənləşdirməkdən ötrü mağazada quraşdırılmış müşahidə kameralarına baxış keçirilməsi üçün mağazanın nəzarət şöbəsinə müvafiq tapşırıq vermişdir. Nəticədə də xx.xx.2020-ci il tarixdə səhər saatlarında nəzarət şöbəsində işləyən işçilər ona məlumat vermişdirlər ki, onlar mağazada quraşdırılmış müşahidə kameralarına keçirilmiş baxış nəticəsində həmin malların hansı qaydada yoxa çıxmasını, yəni oğurlanmasını aşkar etmişdirlər. Bununla bağlı o özü, həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrinə aid olan videogörüntülərə baxaraq görmüşdür ki, mağazanın aksessuar şöbəsində satıcı işləyən Təqsirləndirilən şəxs həmin vaxt işdən evə getməyə hazırlaşarkən piştaxtanın aşağı rəfindən 7 ədəd, hər birinin satış qiyməti 329 manat olan 2-ci seriyaya məxsus “Apple AirPods” markalı “A2031, A2032 və A1602” modelli qulaqcıqları selofan torbaya qoyur və bu yolla da onları oğurlayaraq mağazanı tərk edir. Buna görə də o, bu barədə «xxxxxxxxxxxxxxxxx» MMC-nin hüquq şöbəsinin müdiri işləyən Zərərçəkmiş şəxs məlumat verərək onu mağazaya dəvət etmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs mağazaya gəlmiş və özü də göstərilən videogörüntülərə baxdıqdan sonra həmin vaxt mağazada işdə olan Təqsirləndirilən şəxs yanlarına çağıraraq onu sorgu-sual etməyə başlamış və nəticədə də Təqsirləndirilən şəxs çıxılmaz vəziyyətdə qaldığından törətdiyi əməllərini etiraf edərək bildirmişdir ki, maddi vəziyyəti ağır olduğundan həqiqətəndə xx.xx.2020-ci il tarixdə saat 21:00 radələrinə yuxarıda qeyd olunan 7 ədəd qulaqcıqları oğurlamış və həmin gün də hər birini 160 manata satmışdır. Bununla da, oğurluq cinayətinin baş verməsi müəyyən edildiyi üçün qanuni olaraq müvafiq qaydada rəsmi araşdırmanın aparılmasından ötrü Zərərçəkmiş şəxs mağazanın yerləşdiyi ünvana aid ərazi aidiyyətı üzrə Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə gedərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən 9 il olar ki, ünvan 6 ünvanında yerləşən mobil telefon alqı-satqı mağazasında satıcı kimi işləyir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində işlədiyi həmin mağazada olarkən əvvəllər tanımadığı, sonradan adının Nurlan olduğu ona məlum olan cavan oğlan mağazaya daxil olaraq özündə olan 7 ədəd 2-ci seriyaya məxsus «Apple AirPods» markalı A2031, A2032 və A1602 modelli telefon qulaqcıqları satmaq istədiyini bildirmişdir. O, Nurlandan həmin qulaqcıqların bir ədədini neçəyə satmaq istədiyini soruşduqda, Nurlan qulaqcıqların bir ədədini 200 manata satmaq istədiyini bildirmişdir. O isə, həmin qulaqcıqların bir ədədini 160 manatdan almaq istədiyini bildirmişdir. Nurlan da onunla razılaşmışdır. O, Nurlandan 4 ədəd 2-ci seriyaya məxsus «Apple AirPods» markalı A2031, A2032 və A1602 modelli telefon qulaqcıqlarını alaraq əvəzində ona 640 manat pul vermişdir. Həmçinin, Nurlanın şəxsiyyət vəsiqəsinin surətini Nurlandan götürmüş və bundan sonra sonuncu onun işlədiyi mağazadan çıxıb getmişdir. Sonradan isə həmin qulaqcıqları mağazada satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 10 il olar ki, ünvan 6 ünvanında yerləşən mobil telefon alqı-satqı mağazasında satıcı kimi işləyir. xx.xx.2020-ci il tarixdə saat 22:15 radələrində işlədiyi həmin mağazada olarkən əvvəllər tanımadığı, sonradan adının Nurlan olduğu ona məlum olan cavan oğlan mağazaya daxil olaraq özündə olan 3 ədəd 2-ci seriyaya məxsus «Apple AirPods» markalı A2031, A2032 və A1602 modelli telefon qulaqcıqları satmaq istədiyini bildirmişdir. O, Nurlandan həmin qulaqcıqların bir ədədini neçəyə satmaq istədiyini soruşduqda, Nurlan qulaqcıqların bir ədədini 200 manata satmaq istədiyini bildirmişdir. O isə, həmin qulaqcıqların bir ədədini yalnız 160 manatdan almaq istədiyini bildirdirdikdə, Nurlan onunla razılaşmışdır. Bu yolla da o, Nurlandan 3 ədəd 2-ci seriyaya məxsus «Apple AirPods» markalı A2031, A2032 və A1602 modelli telefon qulaqcıqlarını alaraq ona 480 manat pul vermiş və həmçinin, Nurlanın şəxsiyyət vəsiqəsinin surətini Nurlandan götürdükdən sonra Nurlan mağazadan çıxıb getmişdir. Sonradan isə o, həmin qulaqcıqları mağazada satmişdir. Cinayət işinin 180-181-ci vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan maddi sübütun tanıması barədə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 51-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 5379 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd təzə vəziyyətdə olan 2-ci seriyaya məxsus «Apple AirPods» markalı A2032, A2031, A1602 modelli simsiz qulaqcığın orta bazar qiyməti təxminən 280,00 manat təşkil edir. Cinayət işinin 50-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 67-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, qara rəngli köynəyin arxa tərəfində ağ rəngli “İrşad” sözü yazılmış forma geyinmiş şəxsin əlindəki sellofan torbaya pistaxtanın arxa tərəfindən mobil telefon qulaqcıqlarını yığıb, sonradan isə qulaqcıqları yığdığı selofan torbanı özü ilə götürərək paltardəyişmə otağına gətirib öz əl çantasına qoyur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən səmimi peşmançılıq çəkməsini və əvvəllər məhkum edilməməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və işüzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin və hökmun bu hissəsinin icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy taboruna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar