Məhkəmə qərarları › İş №1(004)-206/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-206/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-206/2022 11.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi 22 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,003 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 12:40-da Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis idarəsini inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,003 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o uzun müddətdir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, əvvəllər iki dəfə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sonuncu dəfə 2011-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirli bilinib 2 il, 2 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2013-cü ildən isə azadlığa buraxılmışdır. Həmin vaxtdan indiyə kimi müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. O, uzun müddətdir narkotik vasitə istifadə etdiyi üçün artıq həmin maddələrdən asılı vəziyyətə düşmüşdür. Bu səbəbdən ağrıları olan zaman pisixotrop maddə olan metamfetamin alıb çəkmək yolu ilə qəbul edir. 26.02.2022-ci il tarixdə də ağrıları olduğu üçün yaşadığı evdən çıxıb saat 10 radələrində Nəsimi rayonu, “Papanin” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün ağ rəngli kağıza bükülmüş ağ rəngli kristallardan ibarət “patı” kimi bilinən psixotrop maddə metamfetamin alıb əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O, həmin psixotrop maddə metamfetamin bükümünü cibinə qoyub bir qədər şəhərdə ləngidikdən sonra yaşadığı evə doğru gəlmişdir. Həmin gün yəni 26.02.2022-ci il tarixdə saat 12:40 radələrində o yaşadığı Yasamal rayonu, 2-ci Alatava ev 22X ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nə getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. Oda həmin an üzərində olan psixotrop maddəni gizlətməyin mümkün olmadığını görüb əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman bükümün içərisində ağ rəngli kristal halında maddə aşkar edilmişdir. Bu zaman polis əməkdaşları həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini ondan soruşduqda o bildirmişdir ki, həmin bükülüdə olan maddə psixotrop maddə olan metamfetamindir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun rəhbərliyi altında Yasamal NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə tərəfindən 26 fevral 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 26.02.2022-ci il tarixdə saat 12:40-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatav 22 X ünvanının qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib şəxsiyytini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib sonuncunu Yasamal RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Natiq Xudauliyevə hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman içərisində ağ rəngli kristallardan ibarət spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi ağ rəngli kağıza bükülmüş bir büküm metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və həmin maddəni haradan əldə etməsi soruşulduqda Natiq bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli krisatllardan ibarət maddə psixotrop maddə metamfetamindir, həmin psixotrop maddə metamfetamini 26.02.2022-ci il tarixdə saat təxminən saat 10 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və dövriyəsi barədə onlara məlumat daxil olsada Natiq saxlayan zaman sonuncunun üzərindən yalnız psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən həmçinin üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun olaraq analoji ifadə vermişdir. Cinayət işinin 23-cü vərəqəsində olan 26 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 76-80-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.02.2022-ci il tarixli, 6/1203 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,003 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114 manat təşkil etmişdir. Cinayət işinin 107-113-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 23 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 1,003 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə – 0,953 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübüt kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir, 1 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator X2 ekspert komissiyasının 02.03.2022-ci il il tarixli, 1015 nömrəli rəyindən görünür ki, müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-95-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış 11.03.2022-ci il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsin 08.06.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək 15.03.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə əks edilmiş 26 fevral 2022-ci il tarixdə saat 14:05-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Əli Məmmədovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, baş təhqiqatçı Əli Məmmədovun qarşısında daha sonra sol tərəfində masa arxasında əyləşmiş şəxs, “22 saylı” vəkil bürosunun müdafiəçisi Müdafiəçidur. Xidməti otaqda olan masanın yanında - əynində tünd boz rəngli cins şalvar və qara rəngli papaqli siviter olan, iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslər – adları video çəkiliş zamanı baş təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2dur. Video çəkilişin davamında baş təhqiqatçı Əli Məmmədov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ əlini əynində olan tün boz rəngli cins şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kağız bükülü iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülüdə ağ rəngli kristallardan ibarət maddə olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa hər hansı bir qeyri qanuni əşya aşkar olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 26 fevral 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 02.03.2022-ci il tarixli, 1015 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza nəticəsində qalıq qalmış təmiz çəkisi 0,953 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və N.N.Rəhmanovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və N.N.Rəhmanovaya hər birinə görə 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,953 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 22 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X5 hər birinə görə 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar