Məhkəmə qərarları › İş №1(004)-206/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-206/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-206/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 avqust 1988-ci ildə Qazaxstan Respublikası, Qaraqanda vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,494 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 11:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-nə aparılıb, orada üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 0,494 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, ona təzyiq göstəriblər, qolunu burublar, tutub deyiblər ki, üzərinə götür bunu, yoxsa səni kiloqram ilə tutacayıq, AR CM-in 234.1-ci maddəni boynuna al demişdirlər, hədə-qorxu gəlmişdirlər. Narkotiki əməliyyatçılar üzərimə qoydu. Həmin əməliyyatçıların adlarını bilmirəm. Əvvəllər ona azadlığın məhdudlaşdırılması cəzası veriləndə həmin əməliyyatçılar tutmuşdular onu. Mənim üzərimdə şəxsi axtarış keçirən zaman vəkil iştirakı olmuşdu. Bəli, oradakı imzalar ona məxsusdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2023-cü il tarixində, səhər saatlarında, saat 11:30 radələrində, Şərifzadə 118 ünvanının qarşısında yaxınlaşmışlar, özlərini təqim etmişlər, saxlamışlar, şöbəyə gətirmişlər, Natiq adlı şəxsin bıçaqlanması ilə bağlı, sonradan məlum olmuşdur ki, Fuad Natiqi bıçaqlamayıb, İbrahim adlı şəxs bıçaqlayıb, Fuad özü etiraf eləmişdir ki, narkotik vasitə istifadəçisidir, üzərindən bir büküm narkotik vasitə aşkar olunmuşdur, heroin. Orda bıçaqlanma hadisəsi var idi deyə Qurbanov yaxalanmışdı, sonra da cibindən narkotik vasitə çıxdı. Sonra bölməyə gətirdilər onu, çəkiliş oldu. Xeyr, təqsirləndirilən şəxsi döymək, təzyiq göstərmək olmayıb. Xeyr, təqsirləndirilən şəxsin cibinə narkotik vasitə atmaq kimi bir hal olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023-cü ildə onların ərazisində bıçaqlaşma hadisəsi olmuşdur, onunla əlaqəli 26 oktyabr 2023-cü ildə, 11:30-da Şərifzadə 118 ünvanının qarşısında şəxsə yaxınlaşmışlar, özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxsı Polis Şöbəsinə dəvət etmişlər, Polis Şöbəsində də o bildirmişdir ki, narkotik istifadəçisidir, üzərində də narkotik maddə var, çəkilişlə və vəkilin iştirakı ilə narkotik vasitəni təqdim etmişdir. Xeyr, təqsirləndirilən şəxsə heç bir təzyiq olmayıb. Xeyr, təqsirləndirilən şəxsi heç kim döyməyib, özü və ya başqa əməkdaş. Şəxsin qolunu burmağa ehtiyac yox idi. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı şəxsi qərəzlik olmayıb. Şəxs özü narkotik vasitəni etiraf edib təqdim etdi. Üzərinə baxış keçirərkən vəkil iştirak etmişdi, çəkilişdə görünür, narkotik vasitəni təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin 24 oktyabrında bir nəfər şəxsin bıçaqlanması ilə bağlı məlumat daxil olmuşdur Polis Şöbəsinə, onunla bağlı tərəflərindən əməliyyat məlumatı keçirilmiş və müəyyən olunmuşdur ki, həmin şəxsi bıçaqlayan İbrahim və onunla birlikdə hadisə yerində olan Fuad adlı şəxsdir. Onunla bağlı 25 oktyabrda tərəflərindən əməliyyat tədbiri keçirilmiş, Fuad adlı şəxs Şərifzadə küçəsində saxlanılmış, əməliyyatçılarla birlikdə Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində özü olan cinayət hadisəsi ilə bağlı halları etiraf edib, narkotik istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Narkotik vasitəni özü könüllü baxış zamanı təqdim etmişdir. Xeyr, tutanda onu döyməmişlər, zərbə endirməmişlər, təzyiq göstərməmişlər, qolunu burmamışlar, şəxsiyyətini alçaltmamışlar. Saxlayıb xidməti maşına əyləşdirib Şöbəyə gətirmişik. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 27 oktyabr 2024-cü il tarixli 3-16-16/2-6/5751 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №167” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs aşkar edilmiş..” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,494 qram olan açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 8115 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 09 aprel 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal RPİ 28-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Yasamal RPİ MSY-nin 22 saylı aktından görsənir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs MSY-də olduğu zaman heç bir fiziki zorakılığa məruz qalmamışdır, üzərində xəsarət və şikayət olmamışdır. Yasamal RPİ-nin MSY-nin X2 və X1 qeydiyyatı kitabında Təqsirləndirilən şəxs praktiki sağlam olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaq təcridxanasına daxil olarkən müayinə zamanı onda xəsarət aşkar olunmamış, sol ayağın və sol topuğun içəri səthində köhnə çapıq toxuma müşahidə edilmişdir. xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilməmişdir və X3 müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 699-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə olmaması və polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-471/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Siyəzən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Siyəzən Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs yeni cinayət törətdiyinə görə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün o, Siyəzən rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmamış, bu səbəbdən də məhkumun cəzaçəkmə müddətinin əvvəli hesablanmamışdır. Cəzanın çəkilməmiş hissəsi 02 il 11 ay 26 gün təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, hazırda məhkum Təqsirləndirilən şəxs 02 il 11 ay 26 gün çəkilməmiş cəzası qalmışdır. Bununla da Təqsirləndirilən şəxs çəkilməmiş həmin cəzası nəzərə alınmaqla, ona Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 1(004)-471/2023 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (1 bir il 5 ay 28 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 01 (bir) il 9 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 26 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,394 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 80 manat (səksən manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar