Məhkəmə qərarları › İş №1(004)-207/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-207/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-207/2024 30.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1998-ci ildə Quba rayonu, Küpçal- Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu, SMU-12 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şövkət Səlimova küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 28 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə N.Hikmət küçəsinin kəsişməsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sol və geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməli və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun həmin tələblərini pozaraq, qarşıdan əks istiqamətdə Zərərçəkmiş şəxs idarə etdiyi Zongshen ZS-150 markalı, 99-B-371 dövlət qeydiyyat nişanlı motosikletin hərəkətdə olmasını nəzərə almalı, idarə etdiyi Toyota Prius markalı avtomobili ilə yolayrıcında sola doğru dönmə əməliyyatı aparmadan Zongshen ZS- 150 markalı motosikletin hərəkətinə üstünlük verərək ona yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola manevr etdirmədən qarşıdan əks istiqamətdə düzünə hərəkətdə olan Zongshen ZS-150 markalı, motosikletlə toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində motosikletin sürücüsü Zərərçəkmiş şəxs sol pəncə və topuq nahiyələrinin hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, sol baldır sümüklərinin aşağı 1/3nin yerdəyişmiş açıq sınığı, sol baldırın aşağı 1/3-i səviyəsində ön qamış və dorsal ayaq arteriyalarının travması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o icarəyə götürdüyü “Toyota Prius” markalı, **- CN-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat 23:45 radələrində idarə etdiyi avtomobil ilə Yasamal rayonu, N.Hikmət küçəsi ilə hərəkət edib A.M.Şərifzadə küçəsinə dönən zaman avtomobilin sol ön hissəsi ilə Musabəyov parkı istiqamətindən gedən Zərərçəkmiş şəxs idarə etdiyi motosikletlə toqquşmuşdur. Hadisə nəticəsində motosikletin sürücüsü Məhərrəm Niftəlizadə xəsarət almışdır. O dərhal Məhərrəmi idarə etdiyi avtomobilə əyləşdirərək xəstəxanaya aparıb orada müayinəsini və yoxlanışını təmin etmiş, müvafiq xərclərini ödəmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, hazırda maddi imkanı olmadığı üçün Zərərçəkmiş şəxs tələb etdiyi məbləği ödəyə bilmədiyini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 28 iyul 2023-cü il tarixdə, saat 23 radələrində idarə etdiyi “Zongshen” markalı, 99-B-371 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Musabəyov heykəli tərəfdən Nazim Hikmət küçəsi istiqamətinə hərəkət edən zaman həmin küçədə əks hərəkət zolağı ilə gələn “Toyota Prius” markalı, **- CN-*** dövlət qeydiyyat nişanlı avtomaşın A.M.Şərifzadə küçəsində onun keçməsini gözləmədən döndüyü üçün idarə etdiyi motosikletlə toqquşmuşdur. Toqquşma nəticəsində o, xəsarət almış və bu səbəbdən həmin avtomobili idarə edən Təqsirləndirilən şəxs onu xəstəxanaya aparıb orada müayinəsini və yoxlanışını təmin etmiş, müvafiq xərclərini ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanın ödəyəcəyini vəd etsə də ödəməmişdir. Yekun olaraq o Təqsirləndirilən şəxs ona dəymiş ziyanın əvəzi olaraq 4000 manat məbləğində vəsaitin ödənilməsini tələb etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 iyul 2023-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə N.Hikmət küçəsinin kəsişməsində baş vermiş, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi Zongshen ZS-150 markalı, 99-B-371 dövlət qeydiyyat nişanlı motosikleti vuraraq ona ağır dərəcəli bədən xəsarəti yetirməklə yolnəqliyyat hadisəsi törətmişdir. (i.v. 5-12) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, “Toyota Prius” markalı, **-CN-*** qeydiyyat nişanlı avtomobilin motosikleti vurması nəticəsində ön sol qanadın zədələnmiş, həmin avtomobilin isə hadisə ərəfəsində saz vəziyyətdə olması aşkar edilmişdir. (i.v. 13-16) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, “Zongshen ZS-150” markalı, 99-B-371 qeydiyyat nişanlı motosiklet zədələnmiş, həmin motosikletin isə hadisə ərəfəsində saz vəziyyətdə olması aşkar edilmişdir. (i.v. 17-19) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi xx.xx.2023-cü il tarixli 2/24416 saylı nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolununun görünür ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqol, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. (i.v. 23) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 23 avqust 2023-cü il tarixli 306 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol baldır sümüklərinin aşağı 1/3-nin yerdəyişmiş açıq sınığı, sol baldırın aşağı 1/3-i səviyyəsində ön qamış və dorsal ayaq arteriyalarının travması, sol pəncə və topuq nahiyələrinin hematomaları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə sol baldır sümüklərinin aşağı 1/3-nin yerdəyişmiş açıq sınığı, sol baldırın aşağı 1/3-i səviyyəsində ön qamış və dorsal ayaq arteriyalarının travması dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər, sol pəncə və topuq nahiyələrinin hematomaları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. (i.v. 34-37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli 8/3076 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Toyota Prius markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən qərarda göstərilən hərəkət üçün təhlükənin yaranma anı real hadisə mexanizminə uyğun olmadığından və həmçinin təhqiqat tərəfindən Zongshen ZS-150 markalı 99-B-371 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsünün hərəkəti üçün təhlükənin yaranma anı, həmin andan Toyota Prius markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə təqdim edilmədiyindən Zongshen ZS-150 markalı 99-B-371 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. (i.v. 52-55) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2023-cü il tarixli 8/3592 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Zongshen ZS-150 markalı 99B371 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Toyota Prius markalı 77CN221 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq oimuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 76-79) xx.xx.2022-ci il tarixli BD seriyalı 605530 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1,B,C1,C” kateqoriyalı sürücüdür. (i.v. 81) “Sübutların qiymətləndirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, “Toyota Prius” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Zongshen ZS-150” markalı 99-B-371 dövlət qeydiyyat nişanlı motosiklet cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin nəqliyyat vasitələri sahiblərinə qaytarılmışdır. (i.v. 111- 115) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi onun və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (i.v. 74) Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının X4 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şövkət Səlimova küçəsində nömrəsiz fərdi yaşayış evində qeydiyyatsız yaşayır. (i.v. 75) Qətimkan tədbirinin seçilməsi barədə 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. (i.v. 107-108) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını və ilk dəfə az ağır cinayət əməlini törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun Bakı Şəhəri Probasiya İdarəsinə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Toyota Prius” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Zongshen ZS-150” markalı 99-B-371 dövlət qeydiyyat nişanlı motosikletin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 256 (iki yüz əlli altı) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmənin hazırlıq iclasında iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Zongshen ZS-150” markalı 99-B-371 dövlət qeydiyyat nişanlı motosikletin sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar