Məhkəmə qərarları › İş №1(004)-207/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-207/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-207/2025 14.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd qızının sədrliyi, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, ali təhsilli, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib şəxsi əlaqələri vasitəsilə 3540 (üç min beş yüz qırx) manat pul müqabilində Zərərçəkmiş şəxs Binəqədi rayon İcra Probasiya Şöbəsində olan mülki mübahisəsinin həll edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməklə aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində karta köçürmə və əlbbəl vermək üsulu ilə hissə-hissə olmaqla xx.xx.2024-cü il tarixdə 1000 (min) manat, xx.xx.2024-cü il tarixdə 400 (dörd yüz) manat, xx.xx.2024-cü il tarixdə 100 (yüz) manat, xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2024-cü il tarixdə 740 (yeddi yüz qırx) manat, xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manat və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında evdə olan zaman 100 (yüz) manat pulu göndərdikdən sonra ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 3540 (üç min beş yüz qırx) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, həmçinin əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını nəzərə alaraq barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda pasport qeydiyyatdaydır, lakin halhazırda Xətai prospekti ünvan 3 ünvanında yaşayır. Hadisə baş verən zaman o, ünvan 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında ortaq tanışları Arzu adlı şəxs vasitəsilə tanımışdır. Həmin vaxt Daşqın ona məxsus avtomobilin cərimə meydançasından çıxartmaq üçün köməklik etmişdir. Daşqın onunla birlikdə Binəqədi rayon icra şöbəsinə getmişdir. Orada icraçılarla səmimi söhbət etmiş və avtomobili ilə bağlı Binəqədi rayon icra şöbəsində həbs qoyulmadığı ona aşkar olmuşdur. Bundan sonra onunla birlikdə Nizami RPİ-nin DYPŞ-nə getmiş və daha sonra da dayanacaqdan avtomobilini çıxarmışdır. Bu səbəbdən onun Daşqına etibarı yaranmışdır. Onun avtomobili ilə bağlı Binəqədi rayon məhkəməsində mülki mübahisə olduğundan yekun məhkəmə qərarı Binəqədi rayon məhkəməsi vasitəsilə icra şöbəsinə göndərilməli olmuşdur. Lakin onun işlərinin çox olduğundan o, həmin işin dalıyca düşə bilməmiş və yadına düşmüşdür ki, Daşqın adlı şəxsin Binəqədi rayon icra şöbəsində tanışı vardır. Bundan sonra o, Daşqınla əlaqə saxlayaraq həmin şəxsdən köməklik etməsini xahiş etmişdir. Bundan sonra Daşqın problem olmadığını bildirmişdir. O, həmin şəxsin istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə whatsapp mobil tətbiqi vasitəsilə sənədləri pdf. formatında göndərmişdir. Daşqın bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində orda olmalıdırlar. Onlar məhz həmin tarixdə saat 11:00-da Binəqədi rayon icra şöbəsində olmuşlar. İcra Şöbəsinin dəhlizində gözləmiş və Daşqın sənədlərlə birlikdə icraçı Kamranın yanına girmişdir. Daha sonra həmin şəxslər Kamranla birlikdə iki dəfə dəhlizin sonunda yerləşən kabinetə gedib gəlmişdirlər. Bundan sonra onlar çölə çıxmış və həyətdə söhbət etmişdir. Daşqın ona bildirmişdir ki, həmin şəxslər bu işi həll edə bilər lakin bu işin görülməsi üçün pul verməlidirlər. Bundan sonra o, Daşqından verməli olacağı pulun məbləğini soruşmuşdur. Daşqın bildirmişdir ki, 2000 manat pul verməlidir. Əlavə olaraq qeyd etmişdir ki, 2000 manatın 1000 manatını ilkin olaraq verəcək iş həll olub bitəndən sonra isə yerdə qalan 1000 manatı verəcəkdir. O da həmin şəxslə razılaşmışdır. Ertəsi gün yəni xx.xx.2024-cü il tarixdə o, Daşqınla Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən “Araz” supermarketin qarşısında görüşmüş və 1000 manat pulu həmin şəxsə əlbəəl vermişdir. Pulu verən zaman o, həmin şəxsdən xəbərsiz telefonunda səsyazanı qoşub cibinə qoyaraq həmin şəxsin səsini yazmışdır. Daşqın 1000 manat pulu götürdükdən sonra bildirmişdir ki, səhərsi gün yəni xx.xx.2024-cü il tarixdə Binəqədi rayon məhkəməsindən sənədləri Binəqədi rayon icra şöbəsinə göndəriləcəkdir. Lakin ertəsi gün Daşqın ona zəng edərək bildirmişdir ki, guya Binəqədi rayon məhkəməsi həmin işin görülməsi üçün 1500 manat pul istəmişdir. Əlavə olaraq qeyd etmişdir ki, guya Daşqın həmin pulu öz cibindən vermiş və ona xahiş etmişdir ki, axşama kimi həmin 500 manatı Daşqına çatdırsın. Lakin o, həmin gün Daşqına 500 manat pulu tam olaraq göndərə bilməmişdir. O, həmin şəxsin ona Whatsapp mobil tətbiqi vasitəsilə göndərdiyi Leo banka məxsus 4098 5844 9439 2473 nömrəli karta 400 manat pul göndərmişdir. Yerdə qalan 100 manat pulu isə həmin şəxsin ona göndərdiyi “Kapital Bank ASC”-yə məxsus 4169 7388 5854 9730 nömrəli karta xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərli ünvanında yerləşən Milliön ödəmə aparatından saat 12:53-də göndərmişdir. xx.xx.2024-cü il tarixdə o, Daşqınla Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən “Araz” supermarketin qarşısında görüşmüş və geridə qalan 500 manat pulu həmin şəxsə əlbəəl vermişdir. İşlə bağlı hər dəfə həmin şəxsdən soruşduqda Daşqın bildirmişdir ki, məktub yoldadır, məktub gedir, ali məhkəmədən üstü yazılmalıdı və s. bəhanələrlə onu yola vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə o, Nizami rayon icra şöbəsində olan 14000 manat alacağının olduğunu bildirərək həmin şəxsdən köməklik etməsini xahiş etmiş və bildirmişdir ki, iş orada Gültac Sadıxovadadır. O, Gültac Sadıxovanın nömrəsini də Daşqına göndərmişdir. Bundan sonra o, Daşqınla danışdıqda Daşqın bildirmişdir ki, Binəqədi rayon icra şöbəsində işləyən Kamran Ədliyyə Nazirliyində kimləsə danışıb işin həll olunması üçün 1500 manat pul istəmişdirlər. Həmin puldan 700 manatı Ədliyyə Nazirliyində olan adama çatacaq yerdə qalan 800 manat puldan 400 manat pul Kamrana 400 manatı isə özünə çatacaqdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə Daşqın ona Kapital Bank ASC-yə məxsus 4169 7388 4647 4413 nömrəli kartı göndərərək həmin karta Ədliyyə Nazirliyinin işçisinə çatmalı olan 700 manat pulu atmasını bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 19:41-də qeyd olunan karta mobil tətbiq vasitəsilə 700 manat pulu mobil tətbiq vasitəsilə göndərmişdir. Bundan sonra o, hər dəfə işlə bağlı Daşqından soruşduqda Daşqın ona işin getdiyini və narahat olmamasını bildirmişdir. Bundan sonra Daşqın ona bildirmişdir ki, sürətli məktubun getməsi üçün 40 manat pul lazımdır. Bundan sonra o, Daşqının özünə məxsus olan üzərində DASHGİN MAMMADOV sözləri həkk edilmiş “Xalqbank ASC”-yə məxsus 4198 4185 6442 9536 nömrəli karta 40 manat pulu mobil tətbiq vasitəsilə göndərmişdir. xx.xx.2024-cü il tarixdə o, Daşqınla danışdıqda Daşqın bildirmişdir ki, avtomobili ilə bağlı olan məsələnin həlli ilə əlaqədar bankdan heç bir banka borcu olmadığına dair sənəd alıb təqdim etmək lazımdır. Bununla əlaqədar bildirmişdir ki, banka getmişdir və bankda olan hüquqşünas həmin şəxslə tanış çıxmışdır. Bu işin görülməsi ilə bağlı həmin şəxsə şirinlik olaraq 500 manat verməli olduğunu bildirmişdir. Bundan sonra o, həmin gün yəni xx.xx.2024-cü il tarixdə saat 14:44-də Daşqının özünə məxsus olan üzərində DASHGİN MAMMADOV sözləri həkk edilmiş “Xalqbank ASC”-yə məxsus 4198 4185 6442 9536 nömrəli karta 500 manat pulu mobil tətbiq vasitəsilə göndərmişdir. Daşqın ona aprel ayının 17-sinə kimi işin həll olacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, Daşqınla Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Mall” ticarət mərkəzinin qarşısında görüşmüşdür. Onlar qalxıb “Cafecity” restoranında əyləşmiş və orada söhbət etmişdir. Daşqın ona bildirmişdir ki, işlə bağlı bankın işçiləri əlavə olaraq 300 manat pul istəyib və Daşqın üstündə olduğu üçün öz cibindən 300 manat pul vermişdir. O buna əsəbləşmiş və bildirmişdir ki, “sən heç soruşmursan mənim pulum var ya yox elə məndən pul istəyirsən.” Bildirmişdir ki, onun hal-hazırda pulu yoxdur bir müddət sonra həmin şəxsin pulunu verə bilər. Daşqın bununla razılaşmışdır. Lakin axşam evdə olan zaman ona dəfələrlə yazaraq pul lazım olduğunu və pulu verməsini istəmişdir. O, Daşqına hər dəfəsində 100 manat olmaqla iki dəfə Daşqının özünə məxsus olan üzərində DASHGİN MAMMADOV sözləri həkk edilmiş “Xalqbank ASC”-yə məxsus 4198 4185 6442 9536 nömrəli karta 200 manat pul göndərmişdir. Yerdə qalan 100 manatı isə ertəsi gün yəni xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda olan zaman məhz həmin karta göndərmişdir. Bundan sonra onlar danışdıqda Daşqın bildirmişdir ki, 19 aprel 2024-cü il tarixədək bütün məsələlər öz həllini tapacaqdır. Əlavə olaraq bildirmişdir ki, maksimum 22 aprel 2024-cü il tarixədək yekunlaşacaq. Bundan sonra o, özü maraqlandıqda görmüşdür ki, həmin şəxs onu aldadır. Bundan sonra o, Daşqına zəng edərək bildirmişdir ki, Daşqın onu aldadır və onun pullarını geri qaytarsın. Daşqın ona bildirmişdir ki, guya Daşqının özünü də aldadıblar. Bundan sonra Daşqın xx.xx.2024-cü il tarixdə ona zəng edərək pulundan 2000 manatını 25 may 2024-cü il tarixdə qaytaracağını bildirmişdir. Geridə qalanını isə iyul ayının 6-sı verəcəyini bildirmişdir. Bundan sonra o, Daşqına bildirmişdir ki, “səni gözləməyəcəm sən məni dolamısan.” Daşqın isə cavabında “get hara şikayət edirsən et, polis guya mənə nə edəcəkki. Məndən heç kim o pulu ala bilməz” ifadələrini işlətmişdir. Bundan sonra o, Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə, məhkəmə istintaqı zamanı tətqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vəd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tamamilə ödəmiş, hazırda sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 73-1.1.-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar