Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-208/2025 10.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xuliqanlıq niyyəti ilə həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 17:30-da Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən “Hind” klinikasının qarşısında sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs ünvansız nalayiq ifadələr işlətdiyini eşidib ona yaxınlaşaraq özünə aid olmadığı və onun ünvanına hər hansı nalayiq ifadə işlətmədiyi halda Zərərçəkmiş şəxsla əsassız mübahisə yaradıb həmin mübahisəni uzadaraq, əslində isə heç bir əsaslı səbəb olmadan mübahisəni daha aktiv münaqişəyə çevirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifətindən və sinəsindən yumruqla vurub ona fiziki ağrı yetirdikdən sonra, hərəkətləri ilə kifayətlənməyərək mübahisəni sonlandırıb gedə biləcəyi halda yaxınlaşaraq ondan mobil nömrəsini istəyən Zərərçəkmiş şəxs yenidən yumruqla sol qulaq nahiyəsindən qəsdən vuraraq ona sol qulağın eşitmənin nəzərə çarpacaq dərəcədə azalması ilə ağırlaşmış və orta qulağın iltihabı ilə müşayiət olunan sol qulaq pərdəsinin cırılması kimi xəsarətləri yetirməklə dərəcəsinə görə həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa Az Ağır zərər vurmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində idmandan evə qayıdarkən yolda Yasamal rayonu, Abdulla Şaiq küçəsi ilə hərəkət edən zaman orada yerləşən “Hind” klinikasının yaxınlığında yolun hərəkət hissəsinin sağ tərəfində ağ rəngli “Toyota Corolla” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin arxa qapısının yanında iki nəfər şəxsin bir-biri ilə mübahisə etdiklərini görmüşdür. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə yüksək səslə ünvansız nalayiq ifadələr işlədirmiş. Həmin vaxt ətrafda yaşayış yeri olduğundan, həm də həmin yerdə qadınlar keçdiyindən onlara yaxınlaşmışdır. O, Ramil adlı şəxsə bir az təmkinli olmasını, nalayiq ifadələr işlətməməsini irad bildirmişdir. Bundan sonra Ramil onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, Ramilin heç nədən onun ünvanına nalayiq söyüşlər söydüyünü görüb sifətinin sol tərəfindən bir dəfə möhkəm sillə vurmuşdur. Həmin vaxt avtomobilin sürücüsü avtomobilə əyləşib oradan çıxıb getmişdir. Bundan sonra o, həmin yerdən yaşadığı evə tərəf hərəkət etməyə başlamışdır. Hərəkət etməyə başladıqda, Ramil arxası ilə gələrək onu saxlamışdır. Ramil ona təkidlə telefon nömrəsini verməyini, sonradan onunla görüşüb bu barədə danışmaq istədiyini demişdir. O, da Ramilin sözlərinə məhəl qoymayaraq yoluna davam etmək istədikdə, Ramil yenə onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, artıq Ramilin ünvanına nalayiq sözlər deməyindən əsəbiləşib yenə də onun sifətinin sol hissəsindən bir dəfə möhkəm sillə vurmuşdur. Həmin zərbədən Ramil müvazinətini itirərək yerə yıxılmışdır. Bundan sonra oradan çıxıb evə getmişdir. Sonradan Ramilin onun barəsində polisə şikayət etdiyini bilmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs ifadəsində taksi sürücüsü Şahid ilə Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən “Hind” klinikasının yaxınlığında yolun kənarında mübahisə edən zaman 3-4 nəfər tanımadığı cavan yaşlı şəxslərin onlara tərəf gəldiyini, həmin şəxslərin onlara yaxınlaşdıqdan sonra sürücü Adili kənarlaşdırıb onu avtomobildən yerə düşürdüklərini, həmin şəxslərlə sözlə mübahisə edən zaman onun yumruqla Ramilin sinə və üz nahiyəsinə bir neçə zərbə vurduğunu bildirməsinə cavab olaraq, hadisə baş verən zaman yanında olan şəxsləri tanımadığını, onun yanında heç kim olmadığını, həmin vaxt ətrafdan keçən şəxslərin səs-küy olduğu üçün onlara yaxınlaşdıqlarını, həmin şəxslərin kənarda dayanıb onlara baxdıqlarını, lakin Ramil ilə onun mübahisəsi olan zaman heç kimin onlara yaxınlaşmadığını, Ramili maşından o, düşürmədiyini, onları görən zaman sürücü ilə Ramilin avtomobilin arxa qapısının yanında mübahisə etdiklərini, sonradan isə Ramilə bir dəfə sillə ilə sifətinə vurduğunu, daha sonra Ramilin onun arxası ilə gəlib yenə də onu təhqir etdiyinə görə sifətinin sol hissəsindən bir dəfə də möhkəm sillə vurduğunu, həmin zərbədən Ramilin yerə yıxıldığını, Ramili yalnız o, sillə ilə vurduğunu, ondan başqa Ramili heç kim vurmadığını bildirmişdir. Onun Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər heç bir tanışlıq, ədavət, düşmənçilik, qərəzli münasibət, mübahisə, bu kimi hadisə baş verməmişdir. İlk dəfədir ki, belə bir hadisə baş vermişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs onun heç bir nahiyəsindən zərbə vurmamışdır. Dalaşma zamanı onun yanında heç kim olmamış, sonradan ətrafdan bir neçə nəfər şəxslər keçmiş, həmin şəxsləri də tanımır. Hadisə xx.xx.2024- cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən “Hind” klinikasının qarşısında yolun hərəkət hissəsinin sağ tərəfində baş vermişdir. Dava-dalaş təxminən ümumilikdə 3-5 dəqiqə davam etmişdir. Dalaşma zamanı orada o, sonradan adını bildiyi taksi sürücüsü Adil, Ramil olmuşdur, sonradan isə ətrafdan 2-3 nəfər tanımadığı şəxslər keçmişdir. Hadisə qısa zaman ərzində baş vermiş, orada Ramili görən zaman taksi sürücüsü Adil adlı şəxslə yüksəs səslə nalayiq ifadələr işlədərək mübahisə etdiklərini görüb onlara yaxınlaşmış, həmin vaxt Ramil ona da söyüş söydüyü üçün sifətindən sillə vurmuş, taksi sürücüsü Adil ona Ramilin sərxoş olduğunu dedikdən sonra aralanıb getmək istəsə də, Ramil onun arxası ilə gəlmişdir. Zərərçəkmiş şəxs zərbə vuran zaman əlində heç bir əşya olmamışdır. Ramili sillə ilə vurmuşdur. O, Zərərçəkmiş şəxsla Şahid adlı şəxslərə yaxınlaşan zaman onların sözlə mübahisə etdiklərini, onların bir-birini vurmadıqlarını, Ramilin yüksək səslə nalayiq ifadələr işlətdiyini, lakin Adilin isə ona heç nə demədiyini gördüyünü bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, "xxxx" MMC-nin təsisçisidir. İşi tikinti sahəsində təmir və təchizat işləri ilə bağlıdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında dostları ilə birlikdə Yasamal rayonu ərazisində adını xatırlamadığı restoranda yemək yeyib bir qədər spirtli içki qəbul etmişlər. Həmin gün saat 17 radələrində o, dostlarından ayrılıb evə getmək qərarına gəlmişdir. Saat 17:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospetki 205 ünvanda yerləşən “Tbilisi” restoranının qarşısında “Bolt” taksi şirkətindən yaşadığı ünvan 4 ünvanına sifariş etdiyi taksi, yəni ağ rəngli “Toyota Corolla” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona yaxınlaşmışdır. O, həmin avtomobilin arxa qapısını açaraq arxa oturacaqda əyləşmişdir. Sonradan adını bildiyi sürücü Şahid o, avtomobilə əyləşdiyi andan onunla aqressiv danışaraq “bura trasın ortasıdır, sifarişi niyə normal yerdən vermirsən, harda gəldi sifariş verirsiz” sözlərini deyərək ona irad bildirmişdir. O, da Adilə “Bolt” tətbiqi proqramında gediş haqqı üçün göstərilən 6 manat 50 qəpik göstərilsə də, ona artıq məbləğdə pul verəcəyini bildirmişdir. Həmin vaxt o, sərxoş olduğu üçün Adilin sözlərinə məhəl qoymamışdır. Lakin Adil adlı sürücü davamlı olaraq aqressiv ifadələr işlədərək ona etirazını bildirirmiş. Təxminən bir qədər hərəkət etdikdən sonra o, artıq Adilin ona göstərdiyi aqressiv davranışlarına adekvat reaksiya verərək sərt şəkildə öz işi ilə məşğul olmasını bildirmişdir. Onun Adilə sərt şəkildə verdiyi cavabdan sonra Adil avtomobili Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən “Hind” klinikasının qarşısında yolun hərəkət hissəsinin sağ tərəfində saxlamış və ondan avtomobili tərk etməyini tələb etmişdir. Saat 17:30 radələri olarmış. Həmin vaxt hava yağışlı olduğu və məsələnin böyüməməsi üçün o, Adilə sakitləşməsini və gediş haqqı kimi 20 manat pul verəcəyini və yoluna davam etməsini təklif etmişdir. Adil isə israrla avtomobilindən düşməyini tələb etməyə davam etmişdir. Onun avtomobildən düşmədiyini görüb Adil sükan arxasından yerə düşərək arxa tərəfdən avtomobilin qapısını açaraq qolundan tutub onu çölə çıxarmağa səy göstərmişdir. Lakin Adil onun qolundan tutub dartaraq çölə çıxarmağa çalışsa da, o, avtomobildən yerə düşməmişdir. Həmin vaxt ara küçədən 3-4 nəfər tanımadığı cavan yaşlı şəxslərin onlara tərəf gəldiyini görmüşdür. Həmin şəxslər yaxınlaşdıqdan sonra sürücü Adili kənarlaşdırıb onu avtomobildən yerə düşürmüşlər. Həmin vaxt həmin şəxslərlə sözlə mübahisə edən zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs yumruqla onun sinə və üz nahiyəsinə bir neçə zərbə vurmuşdur. Həmin vaxt taksi sürücüsü Adil avtomobilinə əyləşərək sürüb getmişdir. Digər şəxslər oradan qaçaraq uzaqlaşsalar da, onların arxası ilə qaçaraq çatmışdır. O, İsmayıldan təkidlə telefon nömrəsini ona verməsini, sonradan onunla görüşüb bu barədə danışmaq istədiyini desə də İsmayıl heç bir söz deməyərək sol qulağından yumruqla bir dəfə möhkəm zərbə vurmuşdur. O, həmin zərbədən müvazinətini itirib yerə yıxılmışdır. İsmayıl isə qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, qalxıb üst-başını təmizlədikdən sonra çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, taksi sürücüsü Şahid və onu vuraraq xəsarət yetirmiş Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər heç bir tanışlıq, ədavət, düşmənçilik, qərəzli münasibət, mübahisə, bu kimi hadisə baş verməmişdir. Həmin şəxsləri ilk dəfədir ki, görürmüş. Hadisə zamanı Şahid onun heç bir nahiyəsindən zərbə vurmamışdır. Dalaşma zamanı Təqsirləndirilən şəxs onun sifət və sinə nahiyəsinə yumruqla zərbələr vursa da, həmin zərbələrdən ciddi xəsarət almamış, lakin sonradan İsmayıl yumruqla sol qulaq nahiyəsindən möhkəm zərbə vurduqdan sonra o, müvazinətini itirib yerə yıxılmışdır. İsmayılın sol qulaq nahiyəsindən vurduğu zərbə möhkəm olduğu üçün həmin nahiyəsindən xəsarət almışdır. O, dalaşma zamanı Təqsirləndirilən şəxs heç bir nahiyəsinə zərbə vurmamış, həmin vaxt sərxoş olduğu üçün İsmayıla zərbə ata bilməmişdir. Dalaşma zamanı Təqsirləndirilən şəxs yanında olan şəxslərin anket məlumatları barədə heç bir məlumatı yoxdur, həmin şəxsləri tanımır, İsmayılın yanında olan şəxslər ona heç bir zərbə vurmamışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 17:30-da Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən “Hind” klinikasının qarşısında yolun hərəkət hissəsinin sağ tərəfində baş vermişdir. Dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Dalaşma zamanı orada o, sonradan adını bildiyi taksi sürücüsü Adil, sonradan onlara yaxınlaşmış İsmayıl və yanında 2-3 nəfər tanışmadığı şəxslər olmuşdur. Hadisə qısa zaman ərzində baş vermiş, orada səs-küy, bir-birinə yüksək səslə söyüş söymə halları baş verməmişdir. Həmin vaxt sərxoş olduğu üçün yüksək səslə kiminsə ünvanına söyüş söyməyini xatırlamadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, hər hansı şikayət və tələbi yoxdur. Buna görə də ədalətli qərar qəbul edilməsini xahiş etmişdir Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, o, fərdi qaydada icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olur. “Bolt” taksi şirkətində sürücü işləyir. Hadisə baş verən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində telefonunda olan “Bolt” mobil tətbiq proqramında ona bir nəfər şəxsin Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 203 ünvanda yerləşən “Əfsanə” kafesinin qarşısından Nərimanov rayonu, Montin qəsəbəsinə sifariş verməsi barədə bildiriş gəlmişdir. O, həmin bildirişi təsdiq edərək idarə etdiyi ağ rəngli, “X4” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sifariş verən şəxsin olduğu, N.Nərimanov prospekti 203 ünvanda yerləşən “Əfsanə” kafesinin qarşısına getmişdir. Avtomobili saxlasa da, tam şəkildə park etmədən yolun kənarında dayanmış iki nəfər şəxslərdən biri digərini avtomobilinin arxa qapısını açaraq oturacağa əyləşdirmişdir. Daha sonra digər şəxs çıxıb getmişdir. Avtomobilə əyləşən şəxs sonradan adını bildiyi Zərərçəkmiş şəxs olmuşdur. O, Ramilə “gözləyərdiz maşını tam park edərdim, sonra əyləşərdiniz maşına” sözlərini demişdir. Ramil adlı şəxs danışmağa başlayan zaman onun sərxoş olduğunu başa düşmüşdür. Onun irad bildirməyini qəbul etməyən Ramil onunla sözlə mübahisə etməyə başlamışdır. Ramil onun ünvanına nalayiq ifadələr işlətsə də, onun sərxoş olmasını, həm də avtomobili hərəkət etdirdiyi üçün Ramilə çox məhəl qoymurmuş. Bir qədər hərəkət etdikdən sonra Ramilin mübahisəni dayandırmadığını və ünvanına dayanmadan nalayiq sözlər deməsini görüb avtomobili Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən “Hind” klinikasının qarşısında yolun kənarında saxlamışdır. O, Ramilə başqa taksi sifariş etməsini, onu apara bilməyəcəyini, lazım gələrsə sərxoş olduğu üçün ona taksi sifariş etməkdə də köməklik edə biləcəyini deyərək avtomobili tərk etməsini xahiş etmişdir. Ramil ona “sənə 20 manat pul verəcəm, ancaq məni sifariş etdiyim ünvana sən aparacaqsan” deyə əmr şəklində bildirmişdir. O, Ramildən nə qədər avtomobili tərk etməsini xahiş etsə də, Ramil avtomobildən düşmürmüş. Bundan sonra o, sükanın arxasından yerə düşmüş və sərnişin kimi arxa oturacaqda əyləşmiş Ramilin əyləşdiyi tərəfdə qapıya yaxınlaşmışdır. Qapını açdıqdan sonra Ramildən avtomobili tərk etməsini israrla tələb etmişdir. Hətta ona düşməsi üçün qolundan tutub köməklik etsə də, Ramil avtomobildən düşmək istəmirmiş. Lakin o, çətinliklə də olsa, Ramili səliqəli şəkildə qolundan tutub avtomobildən düşürmüşdür. Ramil də etiraz etməyərək avtomobildən yerə düşmüşdür. Bundan sonra Ramil əsəbi halda küçədə ünvansız olaraq nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt yaxınlıqda olan bir neçə nələr şəxslərin yanından sonradan adını bildiyi Təqsirləndirilən şəxs onlara yaxınlaşmışdır. İsmayıl yaxınlaşaraq Ramilə “camaatın anası, bacısı var, hamısı yoldan keçir, niyə sözyüş söyürsən” sözlərini irad bildirmişdir. O, İsmayıl adlı şəxsin qabağına duraraq Ramilin sərxoş olduğunu, ona fikir verməməsini demişdir. İsmayıl adlı şəxs isə əsəbi halda Ramil ilə mübahisə etməyə davam etmişdir. O, artıq məsələnin böyüdüyünü görüb, həm də işləməli olduğu üçün idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin vaxt İsmayılın Ramili vurduğunu gördükdən sonra avtomobili hərəkət etdirib oradan uzaqlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, onun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər heç bir tanışlıq, ədavət, düşmənçilik, qərəzli münasibət, mübahisə, bu kimi hadisə baş verməmişdir. İlk dəfədir ki, belə bir hadisə baş vermişdir. Həmin şəxsləri də ilk dəfə həmin gün görmüşdür. Hadisə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun heç bir nahiyəsindən zərbə vurmamışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən “Hind” klinikasının qarşısında yolun hərəkət hissəsinin sağ tərəfində baş vermişdir. Ramil ilə İsmayılın mübahisəsi təxminən ümumilikdə 1-2 dəqiqə davam etmişdir. O, artıq onlardan ayrılıb avtomobilə əyləşən zaman İsmayılın Ramilə əl-qol atdığını görüb oradan çıxıb getmişdir. Hadisə zamanı orada o, sonradan adını bildiyi Ramil və İsmayıl olmuşdur, ətrafda isə 2-3 nəfər tanımadığı şəxslər kənarda dayanıb baxırmışlar. Hadisə qısa zaman ərzində baş vermiş, orada Ramil və İsmayıl bir-birilə yüksək səslə danışsalar da, söyüş söymə halları olmamış, o, Ramili avtomobildən düşürdükdən sonra Ramilin ünvansız olaraq nalayiq söyüşlər söyməsindən sonra İsmayılın onlara yaxınlaşdığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dalaşma xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən “Hind” klinikasının qarşısında küçədə baş vermişdir. (İ/V. 9-11). “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (İ/V. 01). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1161 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1980-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol qulağın eşitmənin nəzərə çarpacaq dərəcədə azalması ilə ağırlaşmış və orta qulağın iltihabı ilə müşayiət olunmuş sol qulaq pərdəsinin cırılması küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər, qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (İ/V. 15-17). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 41). xx.xx.2025-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə deyərək təsdiq etmişlər. (İ/V. 63-67). xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 daxil olmuş 3-28-29/2-765/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 62). xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. (İ/V. 69). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində (saat 18:35 dəqiqədən) şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 9-11). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ/V. 95-96). xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. (İ/V. 110). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, hər hansı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyanla bağlı heç bir iddiası olmamışıdr. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 16-cı bəndinə əsasən, sağlamlığın uzun müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Həmin Qaydaların 17-ci bəndinə əsasən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10 faizdən 33 faizə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs münasibətdə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxslə barışmasını, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli, Bakı şəhəri və Abşeron rayonunun ərazisi hüdudlarını tərk etməməli, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməli, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-208/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun inzibati ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-208/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-208/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver