Məhkəmə qərarları › İş №1(004)-209/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-209/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-209/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, tərcüməçi – X4, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı Elnur Məmmədov tərəfindən tərtib edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorunun müavini Rəşadət Orucov tərəfindən təsdiq edilmiş 29 mart 2021-ci il tarixli yekun protokol məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə birlikdə mahiyyəti üzrə baxılması üçün 20 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2021-ci il tarixdə saat 15:30 radələrində yaşadığı ünvan 3 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs evin qapısını açmaması və telefona cavab verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə bir neçə dəfə zərbələr vuraraq sonuncuya sağ bazunun, sol saidin, sol baldırın qançırları və sol aşıq baldır oynağının yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunmuş həmin oynağın qançırı-hematoması kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 08.07.2018-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş və birgə nikahdan bir oğlan övladları vardır. 19.03.2021ci il tarixdə saat 14:40 radələrində ailəsi ilə birlikdə yaşadığı ünvan 2 ünvanına gəlib qapını döymüş, lakin arvadı Zeynab qapını açmadığına və onda giriş qapısının açarı olmadığına görə mənzilə daxil ola bilməmişdir. Bu səbəbdən Zeynabın mobil telefonuna dəfələrlə zəng etməsinə baxmayaraq o, telefona da cavab verməmişdir. Təxminən bir saat qapıda gözlədikdən və bir qədər həyətdə gəzdikdən sonra geri qayıdaraq mənzilin qapısını əli ilə itələdikdə qapının açıq olduğunu görüb içəri daxil olmuşdur. Evdə arvadı Zeynab və azyaşlı oğlunun olduğunu görmüşdür. Zeynabdan telefona cavab verməməsinin səbəbini soruşmuşdur. Zeynab cavabında “yaxşı edirəm” dedikdə onun bir az əvvəl qapını açmamasına və telefon zənglərinə cavab verməməsinə görə onda qısqanclıq hissi yarandığından əsəbiləşərək Zeynabın bədəninin müxtəlif yerlərinə əlləri və ayaqları ilə bir nəçə dəfə zərbə ilə vurmuş, daha sonra isə mənzili tərk edib getmişdir. Təqsirləndirilən şəxs hazırda əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş zərəri tam olaraq ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı hazırda heç bir şikayətinin və tələbinin olmamasını bildirərək barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığını və məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 08.07.2018-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahdan bir oğlan övladları vardır və ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 19.03.2021-ci il tarixdə saat 14:30 radələrində azyaşlı oğlu Rauf Mədətzadəni də özü ilə birlikdə götürüb alış-veriş etmək üçün Yasamal rayonu ərazisində yerləşən “Bizim market”ə və digər marketlərə getmiş, mobil telefonunu isə unudaraq evdə qoymuşdur. Həmin gün saat 15:30 radələrində qayıdıb mənzilə gələndə mobil telefonuna baxmış və əri Şahinin bir neçə dəfə ona zəng etdiyini görmüşdür. Lakin azyaşlı oğlu ilə məşğul olduğundan əri Şahinə sonra zəng etməyi düşünmüşdür. Elə bu vaxt əri Şahin mənzilə daxil olub mobil telefonu götürmədiyinə görə ona irad bildirmiş və eyni vaxtda əlləri və ayaqları ilə onun bədəninin müxtəlif yerlərinə zərbələr vuraraq xəsarətlər yetirmişdir. O, isə azyaşlı oğlunu da götürüb çölə çıxmış və qonşu mənzildə yerləşən “Addım” Reabilitasiya Mərkəzinə gedərək oradan DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, onlar arasında yaranmış mübahisə təxminən 10 dəqiqə davam etmiş, mənzildə o, əri Şahin və azyaşlı oğlu olduğundan hadisəni bilavasitə görən hər hansı bir şahid olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs əri Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam olaraq ödənildiyini, ərinə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, ona görə də sonuncu barəsində sadələşdirilmiş icraat materialı üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Yasamal rayon şöbəsinin 19 mart 2021-ci il tarixli 207 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sağ bazunun, sol saidin, sol baldırın qançırları və sol aşıq baldır oynağının yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunmuş həmin oynağın qançırı – hematoması xəsarətləri küt əşya (əşyaların) təsirindən törənməklə qərarda göstərilən şəraitdə və müddətdə, yəni 19 mart 2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş saglamlıga yüngül zərər vurmaya aiddir. (iş vər.: 17-19) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmündən müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən hazırda Təqsirləndirilən şəxs üzərində məhkumluğu yoxdur. İş materiallarında olan 22 mart 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan müəyyən edilir ki, hadisə yeri ünvan 2 ünvanıdır. (iş vər.: 39-41) Beləliklə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi şəxslərin özlərinin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tam olaraq ödəməsini nəzərə alaraq hesab edir ki, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39-40, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun Kapital Bank 1 saylı Yasamal filialı, Bankın kodu 200037, VÖEN ********** Müxbir hesabı AZ37NABZ********************, SWİFT BİK AİİBAZ 2 X, hesablaşma hesabı AZ32AİİB******************** (VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar