Məhkəmə qərarları › İş №1(004)-210/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-210/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-210/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 08 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,066 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,072 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 19:30-da Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında, “Prospekt” adlı çayxananın yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,066 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd ağ-qara rəngli kağıza bükülmüş bükümdə şəxsi istehlak miqdarında təmiz çəkisi 0,072 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, Nəsimi rayonu “Kubinka” adlanan ərazidən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün hərəsi 5 manatdan olmaqla, ağ rəngli və ağ-qara rəngli kağızlara bükülmüş iki ədəd bükümdə ağ rəngli, kristal şəkilli “şüşə” kimi bilinən psixotrop maddə metamfetamini və qəhvəyi rəngli, “kakos” kimi bilinən narkotik vasitə heroini alıb əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə saat 19:30-da Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 15/17 ünvanının qarşısında, “Prospekt” adlı çayxananın yaxınlığında piyada şəkildə hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişdirlər. O da polis əməkdaşlarına etiraz etməyib Yasamal RPİ-nin 26-cı polis bölməsinə getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişdirlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçisinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan psixotrop maddəni və narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi içərilərində psixotrop maddə metamfetamin olan 01 ədəd ağ-qara rəngli kağıza bükülmüş büküm və narkotik vasitə heroin olan 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm olmaqla, ümumilikdə 02 ədəd bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini də şəxsi istifadəsi üçün almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, “xroniki HCV fibrotik qaraciyər” xəstəliyinin olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumata əsasən əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq həmin şəxsə özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib sözügedən şəxsi Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd ağ rəngli kağıza bükülmüş büküm və bir ədəd ağ-qara rəngli kağıza bükülmüş büküm olmaqla, ümumilikdə iki ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlər Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülülərdən birində qəhvəyi rəngli, digər bükülüdə isə ağ kristallardan ibarət maddə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunan maddələrin nə olması və həmin maddələri haradan əldə etməsi soruşulduqda Elşən bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddələr “kakos” kimi bilinən narkotik vasitə heroin və “patı” kimi bilinən psixotrop maddə metamfetamindir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 dekabr 2022-ci il tarixli “axtarış və götürmə” aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroin və ağ-qara rəngli kağıza bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (səh. 39-40) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 08 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təhqiqatçı, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ əlini əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd ağ rəngli kağıza bükülmüş büküm və bir ədəd ağ-qara rəngli kağıza bükülmüş büküm olmaqla, ümumilikdə iki ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülər iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülülərdən birində qəhvəyi rəngli, digər bükülüdə isə ağ kristallardan ibarət maddə olması müəyyən olunur. O, həmin maddələrin “kakos” kimi bilinən narkotik vasitə heroin və “patı” kimi bilinən psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən hər bükümü 05 manatdan olmaqla, ümumilikdə 10 (on) manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 19:30-da polis əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında, “Prospekt” adlı çayxananın yaxınlığında saxlanıldığını bildirir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6954 nömrəli rəyi ilə təsdiq olunur ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №170” dairəvi möhür əksi və “...dörd imzalar, təhqiqatçı: Rüfət Mustafazadə-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,072 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 1,066 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (səh. 47-51). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2023-cu il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 1,066 qram narkotik vasitə olan heroin və 0,072 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə – 1,016 qram narkotik vasitə heroin və 0,052 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir (səh. 115-122, 129). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məcburi müalicəyə ehtiyacı olub-olmamısını müəyyən etmək üçün təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il il tarixli, 7745 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimuliyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 112-113). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 daxil olmuş xx.xx.2023-cü il tarixli, 1893 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb (səh. 114). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Əbilov X3 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 69.3 və 66.2-ci maddələri tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Əbilov X2 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 77.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 65.1-ci maddələri tətbiq edilməklə 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 08 ay 07 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs cəza müddəti başa çatmışdır (səh. 94-96). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 dekabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 26-27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 dekabr 2022-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (səh.87-88). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 4(004)-210/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-3552/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 aprel 2023-cü il tarixli tibbi arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs “Xroniki HCV Fibrotik qaraciyər” diaqnozu qoyulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan metamfetamini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, “xroniki HCV fibrotik qaraciyər” xəstəliyinin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 65.1-ci maddələri tətbiq edilməklə 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 08 ay 07 gün müddətinə vaxtından əvvəl şərti azad edilməsi, həmin müddətdən bir ildən çox müddət keçdikdən sonra Təqsirləndirilən şəxs yenidən az ağır kateqoriyasına aid olan cinayət törətdiyi üçün onun məhkumluğu ödənilmiş hesab edilir.Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-1ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı şəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı bir neçə dəfə narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,052 qram psixotrop maddə metamfetamin və 1,016 qram narkotik maddə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-210/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,052 qram psixotrop maddə metamfetamin və 1,016 qram narkotik maddə heroin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Yusif allahverdiyev və partnyorları Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar