Məhkəmə qərarları › İş №1(004)-210/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-210/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-210/2025 19.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə saat 23:40 radələrində ünvan 3 ünvanında yerləşən blokda şəxsi münasibətlərin pozulması zəminində keçmiş arvadı Zərərçəkmiş şəxs qollarından yapışıb itələyib yıxaraq Zərərçəkmiş şəxs sol bazunun qançırı, sol diz oynağının sıyrığı, sol budun hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında ifadə vermiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Günay onu əsəbləşdirib, buna görə aralarında mübahisə başlayıb, uşağını ona göstərmirmiş, o da əsəbləşib. Hadisə günü onun evinə gedib niyə uşağı ona göstərmədiyini soruşub, o isə evi tərk etməyini tələb etmişdir. O, bu zaman qapını itələyib içəri girmişdir. Qolundan dartmağının tək səbəbi onu sakitləşdirmək və biyabrçılığın qarşısını almaq idi. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onlar boşansa da, o uşağı bəhanə edib onu təqib edir. Hətta uşağı ona təhvil verəndə belə baxa bilməyəcəyini qeyd edir. Evinə zorla girmiş, onu və uşaqlarını qorxuzmuş, hətta uşağın dili qatlanmışdır, psixoloji təsirə məruz qalmışdır. Həbs olunmağını istəmir, lakin layiqli cəza verilməsini istəyir ki, ondan əl çəksin. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 135 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən X3 almış olduğu xəsarətlər, sol bazunun qançırı, sol diz oynağının sıyrığı, sol budun hematoması küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cinayət tərkibi vardır, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət qanunu ilə nəzərdə tutulmuş əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Xətai Rayon Məhkəməsinin 1(011)-125/2020 saylı, 30 iyul 2020-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 29, 200.2.2, 29,200.2.3, 205-1 və 308.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çəkilmiş hesab edilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya idarəsinin 3-16- 21-1/2-14931/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs barəsindəki Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmişdir. Qeyd olunan cəza müddəti başa çatdığından o, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar