Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-211/2021 18.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X12, Tərcüməçi: X3 Təqsirləndirilən şəxs: xx.xx.1996-cı ildə Türkiyə Respublikası Çorum şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 2, mənzil 7-də pasport qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, H,B.Zərdabi küçəsi, ev 77A, mənzil 7-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Canın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Can 11.01.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdən şəxsiyyəti istintaqa məlum olmayan “İlqar” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bağlamada təmiz çəkisi 50,488 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixunanı əldə edərək üzərində saxlamaqla daşımış və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 12 yanvar 2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli idman şalvarın sağ arxa cibindən həmin narkotik vasitə, yəni 01 ədəd sellofan bağlamada təmiz çəkisi 50,488 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Can ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikası vətandaşıdır. Təxminən 6 il əvvəl Bakı şəhərinə Mədəniyyət və İncəsənət Universitetində təhsil almaq üçün tələbə kimi gəlmişdir. Hal-hazırda Mədəniyyət və İncəsənət Universitetində təhsilini başa vurmuş, lakin kəsr imtahanları qaldığı üçün Türkiyə Respublikasına gedə bilməmişdir. Qeydiyyatı ünvan 3 ünvanı olsa da, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4a kirayə yaşayır. Təxminən 1 aydır narkotik vasitə olan marixuana qəbul edir. Ona narkotik vasitə olan marixuana lazım olduqda Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan əraziyə getmişdir. Papanin adlanan yerdə tanışı olan İlqar adlı şəxsdən alır. 11.01.2021-ci il tarixdə narkotik vasitə olan marixuanaya ehtiyacı olduğu üçün İlqar ilə əlaqə saxlamış, ondan 80 manat pul müqabilində marixuana almışdır. 12.01.2021-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 5 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı olduqlarını bildirib təqdim edərək, onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər, o da, heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək ona hüquq və vəzifələri izah olunmuşdur, həmiçinin ona tərcüməçi və müdafiəçi təqdim olunmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş tərcüməçi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməyini bildirmişlər. O da, gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli idman şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin büküm açıldıqda içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin şəffaf sellafan elektron tərəziyə qoyularaq çəkilmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş narkotik haradan aldığını soruşanda, o, həmin marixuananı 1 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanışı İlqardan 80 manat pulun müqabilində aldığını bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, tərcüməçinin, müdafiəçinin və orada olan şəxslərin iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar da öz imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Ona narkotik vasitə olan marixuananı satan İlqar adlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə yaşayır, təxminən 45-50 yaşı olan, balaca boylu, arıq bədən quruluşlu və ağ saçlıdır. ***-***-**-** mobil telefon nömrəsindən istifadə edir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. Əməlini səmimi etiraf etməsini, peşman olmasını, Azərbaycanda 6 ildən artıq müddət daimi yaşamasını, Mədəniyyət və İncəsənət Universitetinin sonuncu kursunda təhsil aldığını, müxtəlif vaxtlarda Azərbaycan Respublikasında keçirilmiş fərqli tədbirlərdə musiqi konserti ilə çıxışlar etməsini, bir neçə dəfə bununla bağlı Fəxri Fərmanlar aldığını, təhsilini davam etdirmək üçün azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 yanvar 2021-ci il tarixdə xidmət etdiyi BNMİ-nə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs Can narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal tərəfindən raport əsasında idarənin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs Canın cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və BNMİ-nin əməkdaşı polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, 12 yanvar 2021-ci il tarixdə polis əməkdaşı Şahid2 ilə birlikdə inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin gün saat 19 radələrində əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs Can Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 77A ünvanının qarşısında piyada hərəkət edən zaman dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətən də o, xx.xx.1996-cı il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Candır. Təqsirləndirilən şəxs Canı saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumatlarının olduğunu bildirərək ondan onlarla Yasamal RPİ-nin 29-cu PŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs Can da razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Canın saxlanılaraq idarəyə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi BNMİ-nin təhqiqatçısı Vüsal Həsənquliyevə həvalə olunmuşdur. Bununla bağlı, X14 Sinan Canın üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl tərcüməçi X4 dəvət etmişdir. Həmçinin müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu ona izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs Can hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri Mərkəz Vəkil Bürosnun vəkili Müdafiəçi tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Vüsal Həsənquliyev vəkil Müdafiəçi şöbəyə dəvət etmişdir. Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs Can 12 yanvar 2021-cu il tarixdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video yazan texniki vasitə kimi «SONY» markalı video aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs Canın üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs Can da həmin təklifi qəbul edərək özü əynindəki qara rəngli idman şalvarın sağ arxa cibindən bir ədəd sellofan bağlamada bükülmüş narkotik vasitə olan marixuananı könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içindəki maddə narkotik vasitə olan marixuanadır. Həmin narkotik vasitəni tutulmamışdan 01 gün əvvəl Bakı şəhərində yerləşən “Papanin” adlanan yerdə, adını “İlqar” kimi bildiyi şəxsdən aldığını, həmin İlqar adlı şəxsi 2-3 ay olar ki, tanıdığını, özünün narkotik maddələrin istifadəçisi olmadığını, narkotik maddəni satan şəxslərdəndən nifrət etdiyi üçün həmin maddəni İlqar adlı şəxsdən alaraq polis əməkdaşlarına gətirmək istədiyərkən əynində olan qara rəngli idman şalvarın sağ arxa cibinə qoymuş və 12.01.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu H.ünvan 1 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmişdir. Həmin büküm açıldıqda içərisində narkotik maddə hesab olunan marixuanaya oxşar maddə aşkar edilmişdir. Bundan sonra Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs Canın üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs Candan aşkar olunub-götürülməsi ilə bağlı Vüsal Həsənquliyev tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin maddə zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. O da, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «SONY» video aparatı vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Cana narkotik vasitəni satan şəxsi müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs Can saxlanılarkən və ondan əvvəl də narkotik vasitə satması ilə məşqul olması müəyyən edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs Cana narkotik vasitəni satan şəxsi müəyyən etmək istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 13.01.2021-ci il tarixli, 7/60 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Türkiyyə Respublikası vətəndaşı X18....yazıları və imzalar olan kağız paketdəki bir ədəd sellofan bağlamada təmiz çəkisi 50,488 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq 50,438 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bağlamaya qoyularaq möhürlənib qaytarılmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 31.01.2021-ci il tarixli 909 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Canda çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs Canda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin S.C.Akar tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.2-ci miaddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Can ilk dəfə az ağır cinayət törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf edib, əməlindən peşmandır. Təqsirləndirilən şəxsin uzun müddətdir ki, Azərbaycanda yaşayır, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2/130 saylı tələbə biletinin surətindən görünür ki, 2016-cı ildə həmin Universitetə daxil olmuşdur, bu il həmin Universitetin 5-ci, yəni sonuncu kurs tələbəsidir. İş materiallarında olan seriyası MYİ olan 0279190, 0330710, 0373287, 0385161, 0418410, 0461981, ******* saylı Azərbaycan Respublikasının Ərazisində Müvəqqəti Yaşamaq üçün İcazə Vərəqələrinin surətlərindən görünür ki, o 2016-cı ildən hazırkı vaxtadək Bakı şəhərində yaşamışdır. İş materiallarında olan 651 saylı Hərbi Hissənin Komandiri tərəfindən verilmiş Fəxri Fərmana əsasən Təqsirləndirilən şəxs Can “Novruz Bayramı” münasibətilə həmin hərbi hissədə keçirilən tədbirlərdə, şəxsi heyətin mədəni-asudə vaxtının təşkilində fəal iştirak etmişdir. İş materiallarında olan Sertifikatın surətinə əsasən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 29.05.2018-ci il tarixdə keçirilmiş Xarici Tələbələrin konsertində Təqsirləndirilən şəxs Can iştirak etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş Sertifikatın surətinə əsasən Təqsirləndirilən şəxs Can X2 iştirak etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına vaxtlı-vaxtında gəlmişdir. Barəsində olan qətimkan tədbirinin şərtlərini pozmamışdır. Məhkəmə yuxarıda sadalanan bütün halları iş üzrə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxsin məhkəmə iclasındakı davranışı hakimdə həmin şəxsin barəsində daha ciddi cəza təyin etmədən də onun islah olunmasının mümkünlüyünə inam yaradır. Belə ki, CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunun mövcudluğunu nəzərə alaraq, məhkəmə şəxsin təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə ona cəza təyin edərkən, CM-nin qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərini təmin etmək üçün onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqinin mümkünlüyünü nəzərdən keçirir. Məhkəmə törədilmiş cinayətin məqsədi və motivini, yuxarıda göstərilən müstəsna halların mövcudluğunu, sadalanan yungulləşdirici halların məcmusunu nəzərə alaraq hesab edir ki, qeyd olunanlar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Göstərilən halların mövcudluğu şəraitində təqsirləndirilən şəxsin CM-nin 62-ci maddəsinin imkanlarından istifadə etmək hüququ təmin edilməlidir. Belə bir vəziyyətdə CM-nin 62-ci maddəsinin tətbiqi cəzanın təyin edilməsi prinsiplərinə və məqsədlərinə hər hansı bir zidiyyət yaratmır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, № 4 saylı Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 8-ci bəndində CM-nin 62-ci maddəsinin tətbiqi məsələləri barədə qeyd edilmişdir ki, cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb, təqsirləndirilən şəxsə cəza təyin etmə məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər və ona təqsirli bilindiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməklə də islah edilməsi mümkündür. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi üzrə CM-nin 62-ci maddəsinin tətbiq edilməklə cərimə cəzası təyin etmək qərarına gəlir. Təqsirləndirilən şəxs 12.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun 14.01.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. 14.01.2021-ci il tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Can Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 2000 (iki min) manat cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 78,82 manat (yetmiş səkkiz manat 82 qəpik) Təqsirləndirilən şəxs Candan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 50,438 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Canın üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Cana məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X8 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-211/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-211/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver